Dəryada balıqçılıq layihələri
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Gərək torpaq kimi, suyu da becərəsən
Lənkəran rayonunun Balıqçılar qəsəbəsi mavi Xəzərin sahilində yerləşir. Bu yerlər əsrarəngiz təbiəti, zəngin bitki örtüyü, saf dəniz havası, zirək, işgüzar insanları ilə seçilir. Rayon mərkəzindən qəsəbəyə 36 kilometrlik rahat asfalt yol uzanır.
Qəsəbədə ilk həmsöhbətimiz Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlik Abışov deyir ki, bu yol Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yol əsaslı şəkildə təmir olunub.
Qəsəbədə 2 min 575 nəfər əhali, 518 ailə təsərrüfatı var. Rayonun kəndlərində əhalinin çörəyi torpaqdan, bizdə isə dənizdən çıxır. Sakinlər ata-babadan balıqçılıqla məşğul olurlar. Bu çətin, şərəfli peşə atadan-oğula, nəvəyə, beləcə nəsildən-nəslə ötürülür. Dövlətimiz və rayon rəhbərliyi balıqçıların iş şəraitinin yaxşılaşdırılmasına, çətinliklərinin həllinə yüksək qayğı göstərir.
Qeyd edək ki, Lənkəranda balıqçılığın zəngin tarixi, özünəməxsus ənənələri var. Tarixi mənbələrdə hələ eramızdan 8 əsr əvvəl Xəzər sahillərində yaşayanların balıqçılıqla məşğul olduğu qeyd edilib. 1828-ci ildən başlayaraq Lənkəranda kütləvi surətdə balıq ovu, kürü istehsalı, balıq qurudulması və satışı həyata keçirilib.
XIX əsrin ikinci yarısında Lənkəran qəzası təkcə Azərbaycanda deyil, hətta Zaqafqaziyada balıq istehsalında birinci yeri tutub. Qumbaşı və Sarı adasında Mir Əhməd xan Talışinski və Hacı Zeynalabidin Tağıyevə məxsus balıq vətəgələri fəaliyyət göstərib. 1929-cu ildə Lənkəranda ilk balıqçılıq kolxozları yaradılıb. Haqqında söhbət açdığımız Balıqçılar qəsəbəsində də elə o vaxtdan balıqçılıq başlıca fəaliyyət sahəsinə çevrilib.
Kiçik Qızılağac Balıqartırma MMC qəsəbədə yeganə istehsal müəssisəsidir. 1956-cı ildən zavod kimi fəaliyyət göstərib. İlk vaxtlar təbii yolla çəkikimi balıq körpələri yetişdirilərək dənizə buraxılıb. 1980-ci ildə Xəzərin və ölkənin daxili su hövzələrində balıq ehtiyatlarını artırmaq məqsədilə təsərrüfatda inkubasiya sexi istifadəyə verilib. Son illər zavodun fəaliyyəti daha da genişləndirilib.
Müəssisəyə 10 ildən çoxdur ki, təcrübəli mütəxəssis Dadaş Abbasov rəhbərlik edir. O, 1989-cu ildə Həştərxan Balıq Sənayesi və Təsərrüfatı İnstitutunu balıq məhsullarının texnologiyası ixtisası üzrə bitirib. Uzun illər Lənkəran rayonundakı Nərimanabad qəsəbəsindəki balıq kombinatında sex rəisi işləyib. Dadaş Abbasov balıqçılığın inkişafına göstərilən dövlət qayğısından, təsərrüfatın fəaliyyətindən söhbət açaraq deyir:
– Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə balıqçılığın inkişafı ilə bağlı qarşıya konkret vəzifələr qoyulub. Qeyd olunub ki, son 10 ildə ölkəmizdə balıqçılıq məhsullarının istehsalı 2,7 dəfə artıb. Balıqçılıqla əlaqədar akvakulturanın inkişaf etdirilməsi əsas hədəflərdən sayılır. Akvakulturada istehsal olunan balıq həcminin 2030-cu ilə qədər iki dəfədən çox artırılması, eyni zamanda, ilk dəfə balıqçılıq sahəsində subsidiyaların və dövlət güzəştlərinin verilməsi, balıqartırma zavodlarının inşası nəzərdə tutulur.
Həmçinin dövlət başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” qəbul olunub.
Təcrübəli işçilərdən Sadiq Quliyev 20 ildir ki, müəssisədə balıqşünas vəzifəsində çalışır. Prezident İlham Əliyevin balıqçılığın inkişafına göstərdiyi misilsiz qayğının kollektivdə çox razılıqla qarşılandığını, böyük ruh yüksəkliyi yaratdığını bildirir.
Müəssisə təkcə cənub bölgəsində deyil, respublikamızın su hövzələrinə balıq körpələrinin buraxılması, balıq ehtiyatlarının tükənməsinin qarşısının alınması istiqamətində fəaliyyət göstərir. İnkubasiya sexində kütümlə yanaşı, çəki, ağamur, enlialın balıqların körpələri artırılır, 10-40 qram çəkidə yetişdirilərək suya buraxılır.
Ötən illərdə müəssisədə istehsal olunmuş balıq süfrələri Xəzər dənizinə, Mingəçevir, Şəmkir su anbarlarına, Kür çayına, Xanbulançay və Viləşçay dəryaçalarına, işğaldan azad edilmiş Xaçınçay, Həkəriçay, Suqovuşan, bu il isə Qaxdakı su hövzələrinə buraxılıb. Həmçinin Xəzər dənizində və təbii su hövzələrində ovlanmış kütüm balıqlarından inkubasiya olunmuş 2 milyon 92 min kütüm süfrəsi körfəzə və dənizə buraxılıb. 2026-2027-ci illərdə 2 milyon 50 min çəkikimi balıq süfrəsinin su hövzələrinə buraxılması həyata keçriləcəkdir.
Müəssisənin 18 nəfərdən ibarət qabaqcıl, işgüzar kollektivi var. Mövsüm ərzində ana balıqların kürüsü sağılaraq inkubasiya olunur və təbii su hövzələrinə buraxılır. İşçilər qarşıya qoyulmuş vəzifələri bacarıqla, peşəkarlıqla icra edirlər. Müəssisədə çalışanların orta aylıq əməkhaqqı 565 manata çatır.
Qəsəbədə olarkən qocaman, təcrübəli balıqçılarla görüşdük. Onlar balıqçılığın indiki vəziyyətindən, mövcud çətinliklərdən söhbət açdılar. Qəsəbənin yaşlı sakini Tofiq Abdullayev dedi: “Bütün ömrümü balıqçılığa həsr etmişəm. Uzun illər Qızılağac Dövlət Təbiət Qoruğunda işləmiş, dənizdə balıq ovu ilə məşğul olmuşam.
Əvvəllər balıq daha çox olardı. Müəyyən səbəblərdən azalma baş verib. Mühərrikli gəmilərin səs-küyü, dənizin çirklənməsi, şirin su mənbələrinin azalması, balıq ovunda istifadə olunan sintetik torlar balıqçılığın inkişafına təsirsiz ötüşməyib. Bəzi balıqların hətta nəsli kəsilib. Nərə cinsli balıqlar qəhətə çıxıb.
Əvvəllər dənizin sahil hissəsinə yaxın ərazilərdə qamış, yosun bitərdi. Pulcuqlu balıqlar orada qidalanar, kürü tökərdi. Dəniz çirkləndiyindən qamışlıqlar quruyub, balıq daha uzaqlarda özünə yem axtarır. Möhtərəm Prezidentimizin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı ümidlərimizi artırıb. İnanıram ki, rayonumuzda balıqçılığın əvvəlki şöhrəti yenidən qayıdacaq”.
Qocaman balıqçı Ağarza Həsənov qəsəbədə boya-başa çatdığını, əhalinin güzəranının balıqçılıqdan asılı olduğunu deyir. Şirin su hövzələrindən Qumbaşıçay, Boladiçayın mövsüm ərzində quruduğunu, balıqların ərazidən perik düşdüyünü bildirir. Dövlət Proqramının icrası sayəsində balıqçılığın yenidən dirçələyəcəyini, balıqçıların rifah halının daha da yaxşılacağını əminliklə qeyd edir.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” balıqçılığın inkişafı ilə əlaqədar konkret vəzifələr, yeni perspektivlər müəyyənləşdirib. Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin balıq və su bioresurslarının idarə edilməsi və balıqartırma şöbəsinin müdiri Elşad Əhmədov proqramda qarşıya qoyulan vəzifələrdən, gələcək perspektivlərdən danışdı:
– Balıqçılıq və akvakultura sektoru ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin keyfiyyətli zülal mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, regionlarda məşğulluğun artırılması və ixrac potensialının inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Son illərdə həmin sektorda inkişaf imkanları genişlənsə də, balıq ehtiyatlarının qorunması, ekoloji tarazlığın saxlanılması və digər vacib məslələrin həlli istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac var. Dövlət Proqramında balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahəsində qarşıya çox mühüm vəzifələr qoyulub.
Proqramın icrası ilə əlaqədar ölkəmizin su hövzələrində balıq ehtiyatlarının artırılması və biomüxtəlifliyin qorunması məqsədilə il ərzində ümumilikdə 500 min ədəd körpə nərə cinsli, çəkisi 2-10 qram arası olan balıqların təbii mühitə buraxılması nəzərdə tutulur. İlkin mərhələdə 200 min ədəd dövlət-özəl tərəfdaşlığı sayəsində, 300 min ədəd balıq körpəsinin isə dövlətə məxsus Xıllı balıq MMC tərəfindən təbii su hövzələrinə buraxılması planlaşdırılıb.
Layihə dövlət və özəl sektorlarının tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Artıq 50 min ədəd nərəkimilər fəsiləsinə aid balıq körpəsi Neftçala rayonu ərazisində, Kür çayının Xəzər dənizi ilə qovuşduğu hissədə təbii mühitə buraxılıb. Yaxın mərhələdə ümumilikdə 150 min ədəd balıq körpəsinin buraxılması, işlərin ilboyu davam etdirilməsi nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəsli kəsilməkdə olan nərəcinsli balıq ehtiyatlarının bərpasına, ekoloji tarazlığın qorunmasına və su hövzələrinin biomüxtəlifliyinin zənginləşdirilməsinə mühüm töhfələr verəcək.
Dövlət Proqramı çərçivəsində mövcud qanunların təkmilləşdirilməsi, maddi-texniki bazanın modernləşdirilməsi, Xəzərdə və daxili su hövzələrində ekspedisiya su bioresurslarının qiymətləndirilməsi, yerli və xarici mütəxəssislərlə balıq ovuna nəzarət prosesi həyata keçiriləcək. Həm əmtəəlik məhsula, həm də avadanlıqların alınmasına subsidiyalar veriləcək, kadr potensialı, beynəlxalq və yerli qurumlarla əməkdaşlıq daha da gücləndiriləcək.
Bundan əlavə, proqram çərçivəsində iki balıqartırma zavodunun yenidən qurulması, daha ikisinin isə əsaslı təmiri nəzərdə tutulub.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 İyul 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















