Dəyərli ənənələri yaşada bilsək… Akif Cabbarlı yazır
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün insanları düşündürən, həyəcanlandıran və narahat edən saysız-hesabsız problemlərdən biri də toy və yas mərasimləri ilə bağlıdır. Hər bir valideynin ən ümdə, ürəyinin başında bəsləyib əzizlədiyi arzusu övladını xoşbəxt görmək, vaxtında əlini başına yığıb yurd-yuva qurmaqdır. Bu arzunun vaxtında reallaşması isə qohum-əqrəbanın, dost-tanışın iştirakı ilə baş tutan toy məclislərindən keçir. Ulularımızın tarixə dönmüş yaddaşında qırx gün-qırx gecənin el-elata səs salan məclisləri yaşayır.
Bu toylara təşrif buyuranlar ozanlarımızın bitib-tükənməz dastanlarına qulaq kəsilər, qara zurnanın şaqraq zənguləsi altında yorulmadan yallı gedərdilər. Otuz-qırx il əvvəl toylar üç gün üç gecə çəkərdi. Bu sətirlərin müəllifi də o illərin toylarını yaxşı xatırlayır. Aşıq Şakirin, Aşıq Pənahın, ustad Əhmədin gecələr səhər üzünədək saz tutub söz deməyi bu gün də müasirlərimizin hafizəsindədir. Sonra kənd toylarına gitara gəldi, sintezator ayaq açdı. Bakıdan çağırılan “estrada ulduzları” məclislərdə əsl tozanaq qopardılar. Cavanlar hansı havaya oynadılarsa, heç özləri də baş açmadılar. Şəhərlərdə tikilən şadlıq saraylarında, nəhəng restoranlarda evlənmək istəyənlərin uzun növbələri yarandı.
Əlbəttə, çadır toyları hara, bu zəngin, geniş salonlar hara?! Şadlıq saraylarının sayı artdıqca stolların üstünə düzülən yemək-içməyin, çərəzlərin növləri də artdı. Çeşid çoxaldıqca, çox təəssüf ki, keyfiyyət unuduldu. Süfrəyə gətirilən təamların al-əlvanlığına yalnız reklam xətrinə fikir verilir desək, yanılmarıq. Toya dəvətlilər təbii ki, ilk növbədə bəylə gəlinə xoşbəxtlik arzulamaq, valideynlərə gözaydınlığı vermək niyyəti ilə gəlirlər. Amma toy sahibi də qonağı alnıaçıq qarşılamaq, razı yola salmaq istəyir. Hər kəsə fərdi qulluq etməyin, qulluğunda durmağın mümkünsüzlüyü isə göz qabağındadır. Xörək paylayanların da məclisə üzqaralığı gətirməyəcəyinə yüz faizlik təminatı indi heç kim verə bilməz. Toyda sağlıq demək istəyənlərin sayının getdikcə azalması əslində alqışlanmalıdır. Bunun iki səbəbi var: birincisi, məclislər o qədər səs-küylü, qatqarışıq keçir ki, sağlıq deyənin səsini yəqin ki, bircə özü eşidir, bəylə gəlin yalnız çıxış edənin dodaqlarının tərpənməsini görür. İkincisi də, evlənən cavanların özlərinin xahişi ilə tamada çalışır ki, məclisdə söz deyən az olsun, imkan daxilində heç kim danışmasın.
Əsas fikir oynamağa, sözün əsl mənasında tulanıb-düşməyə verilir. Bir dəstə adam tapılır ki, hər bir rəqsi eyni şövqlə, eyni templə oynayır, lap əldən düşənədək. Salonlarda qurulan xüsusi işıqlandırma sistemi havaya qalxan tozu bütün çılpaqlığı ilə müşahidə etməyə imkan vermir. İçkinin təsirindən, məclisin ab-havasından xumarlanan cavanlar sintezatorun qulaq dələn gurultusu altında lap nəfəsləri kəsilənə qədər oynayırlar. Tavanı alçaq olan salonlarda bir kəlmə söz eşitdirmək üçün boğazının səs tellərindən xeyli qurban verməli olursan. İndi gəl hansısa “teleulduzun” əcaib xırıltısı, səsgücləndirici qurğuların, işıq-kölgə effektlərinin, toz-dumanın içində rahat bircə tikə çörək kəs, istirahət elə. Bu yerdə xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları yadda düşür: “Restorana gəlmişəm ki, yeyəm-içəm, həzz alım, itmi boğuşdururlar, bu nə səsdir, ay balam?!” Əsəbini, sağlamlığını qorumaq istəyən adam uzağı yarım saat duruş gətirə bilər bu toylarda, o da məclisin əvvəlində. Salamatı odur ki, durub qapının ağzında qoyulan qırmızı örtüklü stola yaxınlaşıb “qeydiyyatdan keçəsən”, bircə dənə konfetlə ağzını şirin edib evinə yollanasan.
Dediklərimizlə indiki toyların ab-havasını tam əks etdirmək fikrindən uzağıq. Ola bilsin hansısa nüansı unutduq, nədəsə ifrata vardıq. Amma gəlin etiraf edək ki, ümumilikdə vəziyyət bu cürdür. Əlbəttə, heç bir valideyn övladının xeyir işinin urvatsız keçməsini, xırdaca narazılığın yaranmasını istəməz. Sadəcə, elə bir arzuolunmaz tendensiya yaranıb ki, toy sahiblərinin heç bir iradı qəbul olunmur, niyyəti baş tutmur. Necə deyərlər, “dəyirman öz işindədir”.
Atalardan qalma bir misal var – deyirlər ki, xeyirlə şər qardaşdır. Elə bu baxımdan müasir dövrün yas məclisləri barədə də sadəcə fikirlərimizi çatdırmaq istərdik. Bu ağrılı və həssas mövzu barədə illər boyu mətbuatda, televiziya və radioda söhbət açılıb, cürbəcür fikir və mülahizələr səsləndirilib. Mötəbər din xadimlərimiz, alimlərimiz, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar yas məclislərinin keçirilmə qaydalarının sadələşdirilməsi, ölü yiyəsinə ciddi maddi ziyan dəyməsinin qarşısının alınması üçün yollar tapılması barədə təkliflərini çatdırıblar. Çox təəssüf ki, bu məsələ hələ də öz həllini tapmayıb. Onsuz da əzizini itirmiş adamlar olduqca iztirablı hallar keçirir, mənəvi sarsıntı ilə üzləşirlər. Vəfat etmişlərin yaxınları, əzizləri qısa vaxtda yüz cür problemi yoluna qoymaq zorunda qalırlar. Doğrudur, dost-tanış, qohumlar dərhal müsəlman ənənələrinə görə köməyə çatır, ölü yiyəsinin qolundan tutmağa çalışırlar. Amma toy məclislərində olduğu kimi, yas mərasimlərində də heç kim, necə deyərlər, qonşudan geri qalmaq istəmir. Gələnləri qarşılamaq, yemək-içmək vermək vəzifəsi digər işləri qabaqlayır. Qəfil ölümlər xüsusilə ciddi problemlər yaradır. Çadır, qab-qaçaq, ərzaq tədarükü, qəbiristanlıqda yer almaq, molla dalınca qaçmaq, məsciddəki vacib rituallar, daha nələr, nələr... Gənc, təcrübəsiz ailələrdə bütün bunlar daha ciddi narahatlıqlar törədir. Kimin hansı işin qulpundan yapışması bəzən müşkülə çevrilir. Bəs bütün bunların asanlıqla həllinə nail olmaq mümkün deyilmi? Yəqin ki, orta və yaşlı nəslin nümayəndələri hələ SSRİ dövründə bir sıra müttəfiq respublikalarda, Moskva və Sankt-Peterburqda dəfn mərasimlərinin necə təşkil olunmasını yaxşı xatırlayırlar.
Bütün problemləri asanlıqla yoluna qoyan xüsusi dəfn büroları vəfat etmiş şəxsin yaxın adamlarını qayğılardan azad edər, onların dərd-sərini xeyli yüngülləşdirərdilər. Yas yiyələri demək olar ki, əllərini ağdan-qaraya vurmazdılar. Baltikyanı respublikalarda bu məsələlər xüsusilə problemsiz həll edilərdi və çox güman ki, indi də belədir. Zənnimizcə, bu sayaq mərasimlərin keçirilməsini dini mənsubiyyətlə heç cür əlaqələndirmək olmaz və hər bir vətəndaşın sağlığında olduğu kimi, dünyasını dəyişəndə də şərəf və ləyaqətinə hörmətin bəşəri duyğularla zənginləşməsinə kiçicik də olsa, töhfə vermək hamımızın doğma vəzifəsinə çevrilməlidir.
Yas mərasimlərinin vara-yoxa baxmadan təntənəli keçirilməsinə cəhd göstərilməsi halları da narahatlıq doğurur. Toylarda olduğu kimi, qonşudan geri qalmamaq naminə borca girmək də varsa, başsağlığı verməyə gələnlərə yüksək səviyyədə qulluq göstərməyə can atanlar özləri də bilmədən cəmiyyətdə disbalans yaradırlar. Bəzən belə adamlar qohum-qonşudakı imkansız, əli heç yerə çatmayan soydaşlarının pis vəziyyətdə qalmasına rəvac vermiş olurlar.
Yas mərasimlərinin çoxmərhələliliyinin aradan qaldırılması barədə də cəmiyyətdə, mətbuatda ara-sıra söhbətlər gedib. Amma hələlik heç bir səmərə vermədiyindən yenidən xatırlatmaq zərurəti ortaya çıxır. Üç, yeddi, qırx məclisləri, hələ üstəlik cümə axşamları və bəzi regionlarda “əlli iki” adlanan mərasimlər. Bütün bu üzüntülü, çoxlu xərc və izafi vaxt tələb edən mərasimlər təziyə sahibini lap əldən salır. Doğrudur, vəfat etmiş əzizlərimizin xatirəsini nə qədər tez-tez yad etsək, ruhuna “Yasin” və dualar oxutdursaq, bunun nə qədər şərəfli olması ölçüyəgəlməzdir. Amma buna görə tez-tez mərasimlər keçirmək, titullu, nüfuzlu din xadimlərini dəvət etmək, hədsiz xərc çəkib, təntənəli süfrə açmaq o qədər vacibdirmi?! Hələ adlı-sanlı adamların, rəhbər işçilərin məclisə gəlməsinə görə harada gəldi öyünmək, belə faktları yada salmaq özü günah deyilmi?! Bütün bunlar insana sağlığında qiymət verməyin bəsirətini xatırladır, əziz adamı öləndən sonra əl-ayağa düşməyin, təntənələr fonunda layiqli varis, canıyanan qohum obrazı yaratmağın heç kimə gərək olmadığını yada salır.
Toy və yas, xeyir və şər. Bu ifadələr insan həyatının ikili xarakterini ehtiva edən çox mühüm məqamlar kimi qəbul edilir. Biz ömür boyu bu məqamlarda qol-boyun, göz-gözə yaşayırıq. Bir yaşantı dövründə nə qədər sevinirik, nə qədər kədərlənir, göz yaşı tökürük. Bu anların yaddaşımızdakı izlərini heç bir barometrik cihaz bütün varlığı ilə ölçə bilməz. Bu hisslər yalnız onu yaşayanlara məxsusdur və çəkisi də, ölçü-biçisi də məhz bu duyğu sahiblərinin özlərinə məlumdur. Ömrü şərəflə, namusla yaşamaq istəyində olan hər kəsin həm də rahat, qayğısız, problemlərdən qismən də olsa uzaq yaşamaq və həyatımızı zinətləndirən adət-ənənələrimizi yaşatmaq səlahiyyəti var. Bu səlahiyyət isə nə poçtla göndərilir, nə də mağazada satılır. Sadəcə, Tanrıdan hər kəsə göndərilən tale payıdır.
Akif Cabbarlı,
yazıçı-publisist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 23 Noyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















