Icma.az
close
up
RU
Dilimizin qorunması və inkişafı: təşəbbüslər, təkliflər

Dilimizin qorunması və inkişafı: təşəbbüslər, təkliflər

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəmil Sadiq

Filologiya üzrə fəlsəfə doktoru, dosent

İstər ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə, istərsə də yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  səsləndirdiyi fikirlər Azərbaycan dilinin bu günü və gələcəyi ilə bağlı aydın istiqamət göstərən strateji çağırış, daha doğrusu, dövlətin dil siyasətində yeni mərhələyə keçidin anonsu idi.

Jurnalistlərə müsahibəsində: “Dil insanları birləşdirir, xalqı vahid cəmiyyətə çevirir. Dil dövlətçiliyimizin atributlarından biridir - bayraq, gerb və himn kimi. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı dildən fərqlənmir. Bu, böyük nailiyyətdir. Bizim dilimiz zəngindir, melodikdir və hər bir ifadəni özündə əks etdirə bilir”, - söyləyən Prezident İlham Əliyev Azərbaycan dilinin milli birliyin, dövlətçiliyin əsas atributu və xalqın kimliyinin ayrılmaz hissəsi olduğunu vurğulamaqla bərabər, dil məsələsini sırf mədəniyyət və ya filologiya mövzusu olmaqdan çıxarıb milli təhlükəsizlik, dövlətçilik və strateji davamlılıq müstəvisinə daşıyır. Bu yanaşma açıq şəkildə göstərir ki, dilin qorunması artıq yalnız alimlərin, müəllimlərin və ya ədəbiyyat adamlarının işi deyil; bu, dövlətin və cəmiyyətin ortaq məsuliyyət sahəsidir.

Digər bir mühüm məqam isə dövlət başçısının yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin saflığı ilə bağlı narahatlığını açıq və qətiyyətli şəkildə ifadə etməsi oldu. Prezident bu məsələyə emosional yox, strateji prizmadan yanaşaraq açıq şəkildə xəbərdarlıq etdi ki, dilə səhlənkar münasibət milli varlığın özülünü zəiflədir. Dövlət başçısının bu fikirləri xüsusilə diqqət çəkir:

“Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır – damcı-damcı, yavaş-yavaş. Bəlkə də biz bunu hiss etmirik, amma bu proses davam edir. Dil əldən gedəndən sonra milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir”.

Bu sitat Prezidentin mövqeyini son dərəcə aydın şəkildə ortaya qoyur: söhbət sadəcə dil estetikası və ya üslub təmizliyindən yox, milli kimliyin və dövlətçiliyin qorunmasından gedir. Prezident bununla cəmiyyətin qarşısına sadəcə problem qoymur, eyni zamanda məsuliyyət bölgüsünü də açıq şəkildə müəyyənləşdirir. Yəni məsələ yalnız “narahatlıq ifadəsi” ilə bitmir; bu, konkret addımların, sistemli dəyişikliklərin və institusional qərarların tələb olunduğu bir çağırışdır. Bu çağırışdan sonra müxtəlif qurumlarda müzakirələrin başlanması, təkliflərin səsləndirilməsi təqdirəlayiqdir. Bəli, dilin statusu, tədris həcmi, terminoloji siyasət və yanaşma fərqləri bu çağırışın mahiyyətinə uyğun şəkildə yenidən nəzərdən keçirilməlidir.

Azərbaycan dilinə sahib çıxmaq hər bir vətəndaşın vazkeçilməz mənəvi borcudur. Elə bu səbəbdən də mən, bir müəllim olaraq, bu çağırışa cavab vermək üçün özümüzə sual etməyi zəruri sayıram: Biz bu çağırışa necə cavab verməliyik? Hansı addımları atmalıyıq? İllərdir yol verdiyimiz hansı səhvləri açıq şəkildə etiraf edib aradan qaldırmalıyıq?

Aşağıda irəli sürülən təkliflər məhz bu suallara cavab axtarışının nəticəsidir və məqsədi dövlət başçısının müəyyən etdiyi hədəflərə real və işlək mexanizmlərlə çatmaq cəhdidir.

1. Operativ Dil Mərkəzi: Zamanın sürətinə cavab verən dil siyasəti zərurəti

Müasir dünyanın əsas xüsusiyyətlərindən biri sürətdir. Texnologiya, süni intellekt, sosial media və qlobal kommunikasiya hər gün, hətta hər saat yeni anlayışlar, terminlər və sözlər yaradır. Lakin etiraf etməliyik ki, bu sürətə dil baxımından operativ cavab verə bilən institusional və işlək mexanizmimiz yoxdur.

Bu gün Azərbaycan dilinə daxil olan yeni sözlərin rəsmi status alması illərlə vaxt aparır. Bir termin əvvəlcə qeyri-rəsmi şəkildə danışıq dilinə keçir, sonra uzun müddət mübahisəli formada işlədilir, daha sonra isə bəlkə də illər sonra lüğətə düşür: necə yazılacağı, necə səslənəcəyi, qəbul olunub-olunmayacağı aydınlaşana qədər cəmiyyətdə ciddi çaşqınlıq yaranır. Halbuki müasir dil siyasəti reaktiv yox, proaktiv olmalıdır. Əslində olmalı olan budur: yeni söz məişət dilinə, mediaya və ya elmi üsluba daxil olduğu anda onunla bağlı aydın və rəsmi mövqe ortaya qoyulmalıdır. Ya həmin anlayış üçün Azərbaycan dilində qarşılıq təklif edilməli, ya qardaş türk dillərindəki uyğun variant seçilməli, ya yeni söz yaradılmalı, ya da həmin termin olduğu kimi qəbul edilərək yazılış və tələffüz qaydası ictimaiyyətə açıqlanmalıdır.

Bu məqsədlə dövlət dəstəyi ilə rəsmi şəkildə Operativ Dil Mərkəzinin yaradılması zəruridir. Bu mərkəz ölkənin aparıcı dilçi alimlərindən, yazıçılarından, ədəbiyyatşünaslarından və terminoloqlarından ibarət olmalı, müntəzəm-həftəlik və ya aylıq toplantılar keçirməli, dilə daxil olan yeni sözləri müzakirə etməli və qəbul edilən qərarları operativ şəkildə cəmiyyətlə paylaşmalıdır.

Fikrimcə, belə bir qurumun əsas funksiyaları bunlar ola bilər:

- yeni alınma sözlərin Azərbaycan dilində qarşılığını tapmaq;

- ehtiyac olduqda qardaş türk xalqlarının dil təcrübəsindən yararlanmaq;

- dilin daxili imkanları ilə yeni söz yaratmaq;

- yaxud termin olduğu kimi qəbul edilirsə, onun rəsmi yazılış və oxunuşunu təsdiqləmək.

Ən vacibi isə odur ki, bu qərarlar vahid və mötəbər mənbədən açıqlansın. Belə olduqda nə media, nə müəllim, nə də vətəndaş tərəddüd içində qalar; dil mühitində pərakəndəlik və gərəksiz variant bolluğu yaranmaz.

Bu sahədə ən uğurlu modellərdən biri qardaş Türkiyədə fəaliyyət göstərən Türk Dil Kurumudur. Bu qurum yeni terminlərlə bağlı operativ qərarları ilə tanınır. Məsələn, “selfie” sözü türk ictimaiyyətində yeni yayılmağa başlayanda, qurum qısa müddətdə bunun qarşılığı kimi “özçekim” variantını təklif etdi və rəsmi şəkildə elan etdi. Nəticədə termin həm mediada, həm də gündəlik dildə sürətlə qəbul olundu və bu gün də aktiv şəkildə istifadə edilir.

Bu nümunə göstərir ki, vaxtında verilən qərar dili qoruyur, gecikən qərar isə dili xaotik axına buraxır. Dil canlı orqanizmdir, amma bu, onun özbaşına buraxılması demək deyil. Xüsusilə dövlət dili statusu daşıyan bir dil strateji idarəetmə tələb edir. Operativ Dil Mərkəzinin yaradılması Azərbaycan dilinin müasir çağırışlara uyğun inkişafı, terminoloji sabitliyin qorunması və cəmiyyətin dil məsələsində yönləndirilməsi baxımından mühüm addım ola bilər.

Cənab Prezident müsahibəsində bu məsələyə xüsusi toxundu: “Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir... Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən - istər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm”. Bəli, əgər daha çevik bir dil mərkəzi olarsa, bütün bu deyilənləri anından müzakirədən keçirib qərar verərsə, Prezident İlham Əliyevin də dediyi kimi, yersiz və gərəksiz sözlərin həzmi prosesi getməz.

Bəli, zaman çox sürətlidir, dil isə ya bu sürətə uyğunlaşacaq, ya da geridə qalacaq.

2. Azərbaycan dili Tədris dilidir, yoxsa Dövlət dili?

Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilən proqram və dərsliklərdə Azərbaycan dili iki fərqli ad altında təqdim olunur: Tədris dili və Dövlət dili. Halbuki hər iki anlayış eyni dili – Azərbaycan dilini ifadə edir. Sadəcə, tədris başqa dillərdə aparılan bölmələrdə bu fənn “Dövlət dili” adlandırılır.

Bu yanaşma zahirən texniki görünə bilər, lakin mahiyyət etibarilə psixoloji və ideoloji mesaj daşıyır: dil sanki “əsas” və “ikinci” statuslara bölünür. “Dövlət dili” ifadəsi dərslik prizmasından baxıldıqda Azərbaycan dilini faktiki olaraq ikinci dil mövqeyinə salır. Bu isə Azərbaycan dilinə verdiyimiz strateji statusla ziddiyyət təşkil edir. Təklifim isə sadə dillə budur: “Tədris dili” və “Dövlət dili” bölgüsü ləğv edilməli, bütün bölmələrdə fənnin adı yalnız “Azərbaycan dili” (dövlət dili) kimi olmalıdır.

Saat fərqi - bərabərsizliyin institusionallaşması da vacib məqamlardandır.

Məsələnin daha ciddi tərəfi isə tədris saatları ilə bağlıdır. Azərbaycan bölmələrində ibtidai siniflərdə Azərbaycan dili həftədə 8-10 saat tədris olunduğu halda, rus və ingilis bölmələrində bu göstərici 2 saatla məhdudlaşır. Bu, sadəcə metodiki fərq deyil, dilin funksional imkanlarının şagirdlər arasında qeyri-bərabər bölüşdürülməsidir. Düzdür, burda hökmən qeyd etməliyik ki, son zamanlar Elm və Təhsil Nazirliyi bu sahədə çox ciddi addımlar atıb, yuxarı siniflərdə Azərbaycan tarixi, Hərbi hazırlıq, Zəfər tarixi kimi fənlərin bütün bölmələrdə Azərbaycan dilində tədris edilməsi qərarını verib və hər birimiz tərəfindən də alqışlanıb.

Təsəvvür edin: eyni ailədə böyüyən iki uşaqdan biri Azərbaycan bölməsində oxuduğu üçün dili bütün üslubları ilə öyrənir, digəri isə ingilis bölməsində oxuduğuna görə Azərbaycan dilini yalnız elementar səviyyədə mənimsəyir. Bu, artıq fərdi seçim deyil, dövlət dili ilə bağlı sistemli boşluqdur.

Müəllimlər yaxşı bilirlər ki, 2-3 saatla dili nə akademik, nə rəsmi-işgüzar, nə də bədii üslubda öyrətmək mümkündür. Evdə danışılan dil isə ən yaxşı halda məişət üslubu ilə məhdudlaşır. Halbuki dilin elmi, hüquqi, publisistik və estetik qatları yalnız məktəb mühitində formalaşır.

Son vaxtlar xarici təcrübədən misal çəkəndə cəmiyyətimizdə xoş qarşılanmasa da, nə edək ki, biz bir dünyada yaşayırıq, bəzən beynəlxalq təcrübə ilə də tanış olmalıyıq. Bir az araşdıranda görürük ki, bu məsələdə bir çox ölkələr açıq və prinsipial mövqe ortaya qoyur:

- Fransa: Hansı dildə təhsil almasına baxmayaraq, bütün şagirdlər üçün fransız dili eyni həcmdə və eyni proqramla tədris olunur. Fransız dili yalnız “dövlət dili” deyil, respublika dəyəri kimi qorunur.

- Finlandiya: İsveç və fin dillərində təhsil alan məktəblərdə dövlət dilləri bərabər saatla və yüksək akademik səviyyədə tədris edilir.

- İsrail: Tədris dili ivrit olmayan məktəblərdə belə ivrit dili əsas və genişhəcmli fənn kimi qorunur, çünki dil milli birliyin əsas sütunu hesab olunur.

- Türkiyə: Tədris dilinin hansı dil olmasından asılı olmayaraq, MEB qərarı ilə təsdiqlənmiş bütün proqram türkcə tədris edilməldir, nəinki sadəcə türk dili.

Bu ölkələrdə dil məsələsi seçim azadlığı ilə deyil, milli konsensusla tənzimlənir. Azərbaycanda bu fərqləndirmə sovet dövrünün rus bölməsi praktikasından miras qalıb. Bu gün isə həmin boşluğu sürətlə ingilis bölmələri doldurur. Problem ingilis dilinin öyrədilməsində deyil - problem Azərbaycan dilinin zəiflədilməsi bahasına çoxdillilik yaratmaq cəhdindədir. Bu isə uzunmüddətli perspektivdə milli dil şüuruna ciddi zərbə vurur.

Dil siyasətində yarımçıq qərarların zamanı bitib. Bunu isə bizə Böyük Zəfərimizin memarı cənab Ali Baş Komandan deyir, ona görə də düşünürəm ki, gecikmədən qərar almalıyıq:

1. Bütün bölmələrdə fənnin adının qarşısında yalnız “Azərbaycan dili” yazılmalı, tədris və ya dövlət dili ifadələri sadəcə Dövlət dili ilə əvəz edilməldir;

2. Tədris dili fərq qoyulmadan Azərbaycan dili bütün məktəblərdə eyni saatla, tədris edilməlidir;

3. Birinci siniflərdən başlayaraq vahid Azərbaycan dili proqramı və dərsliyi tətbiq olunmalıdır;

4. Digər xalqların ana dillərində təhsil hüququ əvvəlki kimi qorunmalı, lakin bu, dövlət dilinin zəiflədilməsi hesabına olmamalıdır.

Bu addım həm də dövlət büdcəsinə xeyli miqdarda qənaət etmiş olar. Çünki iki ayrı dərslik yazılıb, nəşr edilməz. Azərbaycan dili müəllimləri də iki bölmənin müəllimi kimi bölgüləndirilməz. Azərbaycan dili bizim hamımızın ortaq evidir. O evin divarlarını bölmələrə görə nazik və ya qalın etmək isə gələcəyimizi riskə atmaq deməkdir.

3. Dilin yaşaması üçün strateji mətn siyasəti

Hər hansı bir dilin real gücü və yaşarlılığı onun yalnız gündəlik danışıqda işlədilməsi ilə deyil, elmi, bədii və publisistik mətn istehsalı ilə ölçülür. Əgər bir dildə elmi əsərlər yazılmırsa, bədii ədəbiyyat yaranmırsa, dünya ədəbiyyatı sistemli şəkildə həmin dilə tərcümə olunmursa, o dil zamanla funksional imkanlarını itirir və məişət dili səviyyəsinə sıxışdırılır. Bu, dil üçün tənəzzülün ən açıq göstəricisidir. Bu gün acı reallıq ondan ibarətdir ki, kitabxanalarımızın böyük bir hissəsi müasir Azərbaycan dilli ədəbiyyatla təmin olunmayıb, yeni nəşrlər məhduddur, oxucu kütləsi isə getdikcə rus, ingilis, türk dilli ədəbiyyata yönəlir. Təəssüflər olsun ki, bu, zövq məsələsi deyil, təklif boşluğunun nəticəsidir. Çünki oxucu Azərbaycan dilində keyfiyyətli, aktual və əlçatan mətn tapa bilməyəndə başqa dillərə üz tutur. Əgər bu sahədə konseptual və uzunmüddətli addımlar atılmasa, Azərbaycan dili elm və ədəbiyyat dili kimi yox, yalnız ailə içi ünsiyyətin daşıyıcısı kimi qalmaq riski ilə üz-üzədir. Halbuki söhbət dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlını birləşdirən əsas identitet sütunundan gedir.

Bu sahədə son genişmiqyaslı dövlət təşəbbüslər Azərbaycan Respublikası Prezidentinin 2007-ci ildə imzaladığı “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” və 12 yanvar 2004‑cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları olub. Həmin qərarlarla tərcümə ədəbiyyatımız xeyli yeniləndi. Lakin obyektiv olaraq qeyd etmək lazımdır ki, nəşr olunan əsərlərin mühüm bir qismi sovet dövründə kiril qrafikası ilə hazırlanmış tərcümələrin latın əlifbasına köçürülmüş variantları idi. Üzərindən təxminən 15 ildən çox vaxt keçməsinə baxmayaraq, bu proses sistemli bir mexanizmə çevrilmədi və bu gün əsasən bir neçə özəl nəşriyyatın məhdud imkanları hesabına davam edir. Halbuki dilin inkişafı təsadüfi təşəbbüslərlə deyil, sistemli dövlət siyasəti ilə mümkündür. Sual olunur: Bəs nə etməliyik? Birmənalı şəkildə bu sahədə addımlar epizodik yox, vahid strategiya çərçivəsində atılmalıdır.

Milli ədəbiyyat üçün stimullaşdırıcı proqramlar: Dilin gələcəyinə sərmayə

Milli ədəbiyyatın inkişafı dil siyasətinin ən həssas və eyni zamanda ən həlledici sahələrindən biridir. Xüsusilə uşaq və yeniyetmə ədəbiyyatı bu prosesin təməlini təşkil edir. Çünki dilə sevgi, oxu vərdişi və estetik zövq məhz bu yaş mərhələsində formalaşır. Əgər bu mərhələdə keyfiyyətli Azərbaycan dilli ədəbiyyat təklif olunmursa, sonrakı yaşlarda dilə bağlılıq yaratmaq xeyli çətinləşir. Bu səbəbdən milli ədəbiyyatın inkişafı üçün epizodik tədbirlər yox, dövlət səviyyəsində daimi və davamlı stimullaşdırıcı proqramlar yaradılmalıdır. Bu proqramlar yalnız tanınmış yazarları deyil, yeni qələm sahiblərini də prosesə cəlb etməli, ədəbi mühitdə yenilənməni təşviq etməlidir.

A) Yaş qruplarına görə ədəbi müsabiqələr

Uşaq, yeniyetmə və gənclər üçün ayrıca kateqoriyalar üzrə mütəmadi ədəbi müsabiqələr keçirilməli, müsabiqələr real oxucu tələbinə uyğun janrları – nağıl, hekayə, povest, qısa roman, esse və sairi əhatə etməlidir. Qalib əsərlər yalnız mükafatlandırılmaqla kifayətlənməməli, nəşri və ölkə üzrə yayımı dövlət tərəfindən təmin olunmalıdır.

B) Qrant müsabiqələrinin qalib əsərlərinin dövriyyəyə daxil edilməsi

Bu müsabiqələrin əsas problemi çox vaxt nəticələrin kağız üzərində qalmasıdır. Bunun qarşısını almaq üçün qalib əsərlər:

- məktəb və ictimai kitabxanalara paylanmalı,

- tövsiyə olunan oxu siyahılarına salınmalı,

- elektron formatda geniş oxucu kütləsinə açıq olmalıdır.

Beləliklə, müsabiqələr formal tədbir yox, real ədəbi istehsal mexanizminə çevrilər.

C) Nəşriyyatlar üçün sağlam rəqabət mühiti

Milli ədəbiyyatın inkişafı yalnız müəllifin üzərinə buraxıla bilməz. Nəşriyyatlar üçün şəffaf qrant və sifariş mexanizmləri yaradılmalı, keyfiyyətli layihələr irəli sürən nəşriyyatlar dəstəklənməlidir. Bu, bazarda sağlam rəqabət mühiti formalaşdırar və nəşriyyatları yeni Azərbaycan dilli müəlliflərlə işləməyə təşviq edər.

D) Müəllif-nəşriyyat-oxucu zəncirinin qurulması

Stimullaşdırıcı proqramların əsas məqsədi təkcə kitab çap etmək deyil, tam dövr edən ədəbi ekosistem yaratmaqdır. Müəllif yazmalı, nəşriyyat peşəkar şəkildə təqdim etməli, oxucu isə bu mətni rahatlıqla əldə edə bilməlidir. Bu zəncir işləmədikcə milli ədəbiyyat təsadüfi təşəbbüslər səviyyəsində qalacaq.

Milli ədəbiyyat öz axarına buraxıldıqda inkişaf etmir. Onun inkişafı üçün məqsədli siyasət, ardıcıl dəstək və intellektual mühit lazımdır. Uşaq və yeniyetmə ədəbiyyatına yönələn stimullaşdırıcı proqramlar isə bu siyasətin strateji başlanğıc nöqtəsi olmalıdır. Çünki dili sevən oxucu yetişmədən, dili yaşadan ədəbiyyat da yarana bilməz.

İctimai kitabxanalar: Formal məkandan intellektual mərkəzə

Ölkənin bütün ictimai kitabxanalarının fondu müasir Azərbaycan dilli əsərlərlə sistemli və davamlı şəkildə yenilənməlidir. Kitabxana yalnız divarları, rəfləri və inventar siyahısı olan bina deyil; o, cəmiyyətin intellektual səviyyəsini formalaşdıran canlı bilik məkanıdır. Əgər kitabxananın fondu dövrün tələblərinə cavab vermirsə, oxucu ilə kitab arasında əlaqə qurmaq mümkün olmur.

Bu gün bir çox ictimai kitabxanalarda əsas problem kitabın yoxluğu deyil, aktual kitabın yoxluğudur. Müasir Azərbaycan dilli bədii, elmi-publisistik və uşaq ədəbiyyatı fondlarda yetərincə təmsil olunmur. Nəticədə oxucu kitabxananı bilik mənbəyi kimi deyil, formal dövlət qurumu kimi qəbul edir.

A) Fondların məzmun üzrə yenilənməsi

Kitabxanaların yenilənməsi yalnız köhnə kitabların siyahıdan çıxarılması ilə bitməməlidir.

Müasir Azərbaycan dilli əsərlərin:

- müntəzəm alınması,

- yeni nəşrlərin avtomatik olaraq fondlara daxil edilməsi,

- region kitabxanalarının paytaxtdan geri qalmaması təmin edilməlidir. Bu proses

mərkəzləşdirilmiş şəkildə, Mədəniyyət Nazirliyinin vahid strategiyası əsasında həyata keçirilməlidir.

B) Kitabxananın passiv yox, aktiv rolu

İctimai kitabxanalar yalnız kitab saxlayan deyil, mədəni və intellektual fəaliyyət mərkəzi kimi işləməlidir. Müəllif görüşləri, oxu klubları, müzakirə günləri, yeni kitab təqdimatları kitabxananı cəmiyyətin gündəlik həyatına qaytarar. Əks halda kitabxana statistic hesabatlarda mövcud olar, real həyatda isə görünməz qalar.

Kitabxana formal mövcudluqla yaşaya bilməz. Ya o, müasir düşüncənin, dilin və oxu mədəniyyətinin daşıyıcısına çevriləcək, ya da cəmiyyətin həyatından tədricən silinəcək. Müasir Azərbaycan dilli ədəbiyyatla zənginləşdirilmiş, infrastrukturu yenilənmiş və aktiv fəaliyyət göstərən kitabxanalar dil strategiyasının ayrılmaz hissəsi olmalıdır. Elmi əsərlər üçün kütləvi və effektiv tender mexanizmi: Tiraj yox, təsir əsas götürülməlidir

Elmi əsərlərin yazılması və nəşri ilə bağlı mövcud tender mexanizmləri çox zaman simvolik xarakter daşıyır və real intellektual təsir yaratmır. Bu gün elmi əhəmiyyətinə mgörə mühüm olan bir çox kitabın 100-200 tirajla çap edilməsi onların faktiki olaraq istifadəsiz qalması ilə nəticələnir. Elmi mətn oxunmursa, müzakirə olunmursa və tədrisə daxil edilmirsə, onun nəşri sadəcə hesabat göstəricisinə çevrilir.

Halbuki strateji əhəmiyyət daşıyan elmi əsərlər geniş oxucu və istifadəçi auditoriyası üçün nəzərdə tutulmalıdır. Bu cür əsərlər 5-10 min tirajla nəşr edilməli, ali məktəblərə, elmi-tədqiqat institutlarına, ictimai kitabxanalara paylanmalı, eyni zamanda açıq satışa da buraxılmalıdır. Elmi kitabın satılması onun kommersiyalaşdırılması deyil, cəmiyyətə çıxarılmasıdır.

A) Tenderlərin məqsədi dəyişməlidir

Tender mexanizminin əsas məqsədi “kitab çap etmək” yox, elmi fikri dövriyyəyə

buraxmaq olmalıdır. Bunun üçün:

- mövzu prioritetləri əvvəlcədən müəyyənləşdirilməli,

- elmi və ictimai əhəmiyyəti olan istiqamətlər seçilməli,

- nəticənin real istifadəsi (tədris, istinad, müzakirə) əsas meyar kimi götürülməlidir.

B) Tiraj – strateji qərar kimi

Elmi əsərlərin tirajı təsadüfi rəqəm olmamalıdır. Cəmiyyət üçün əhəmiyyətli olan

tədqiqatlar minlərlə oxucuya çatmadıqca ictimai dəyər qazanmır. 5-10 min tiraj yalnız kitabxanalar üçün deyil, universitetlərdə dərs vəsaiti kimi istifadə, tədqiqatçılar üçün istinad mənbəyi və ümumi oxucu üçün əlçatanlıq deməkdir.

C) Qrant tərcümələri: resursun itməsi yox, dövriyyəyə daxil edilməsi

Bu gün qrant hesabına tərcümə edilən yüzlərlə kitabın 3-5 nüsxə ilə təqdimat mərasimlərindən sonra yoxa çıxması açıq resurs israfıdır. Tərcümə üçün ayrılan vəsait yalnız mətnin çevrilməsinə deyil, onun cəmiyyətə çatdırılmasına xidmət etməlidir.

Bu nəşrlər:

- mütləq şəkildə Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara,

- ali məktəblərin və elmi-tədqiqat mərkəzlərinin fondlarına,

- ehtiyac olduqda məktəb və kollec kitabxanalarına daxil edilməli, istifadəyə açıq olmalıdır.

D) Satış və yayım – elmi nüfuzun göstəricisi

Elmi kitabın satışa buraxılması onun dəyərini azaltmır, əksinə, oxucu ilə əlaqəsini gücləndirir. Satılan kitab oxunan kitabdır, oxunan kitab isə yaşayan elmi fikirdir. Dövlət dəstəyi ilə nəşr olunan əsərlərin kitab mağazalarında, onlayn platformalarda yer alması elmi düşüncənin cəmiyyətə inteqrasiyasını sürətləndirər. Elmi əsərlərin nəşri statistik göstərici yox, strateji təsir aləti kimi dəyərləndirilməlidir. Tirajı az, dövriyyəsi olmayan kitab elmi nəticə yaratmır. Effektiv tender mexanizmi isə elmi fikri kağız üzərindən çıxarıb auditoriyaya daşıyan əsas vasitədir. Bu yanaşma dəyişmədikcə, elmi nəşrlərimiz sayı çox, təsiri az olan formal məhsullar olaraq qalacaq.

Tərcümə ədəbiyyatı: nəzarət, keyfiyyət və milli maraq

Tərcümə ədəbiyyatı hər bir dilin dünyaya açılan pəncərəsidir. Lakin bu pəncərə nəzarətsiz və plansız açıldıqda, dil zənginləşmək əvəzinə, yad sintaksis və üslub təsiri altına düşür. Bu səbəbdən tərcümə fəaliyyəti təsadüfi təşəbbüslərin deyil, məqsədli və dövlət səviyyəli dil siyasətinin tərkib hissəsi olmalıdır.

Bu gün ölkəmizdə hansı əsərlərin hansı prinsiplə tərcümə edildiyi, bu tərcümələrin kimlər tərəfindən həyata keçirildiyi və hansı keyfiyyət meyarları ilə qiymətləndirildiyi cəmiyyət üçün tam aydın deyil. Halbuki bu suallar açıq və şəffaf cavablandırılmadan sağlam tərcümə mühiti formalaşa bilməz.

A) Strateji seçim: nəyi və niyə tərcümə edirik?

Tərcümə olunacaq əsərlərin seçimi planlı şəkildə aparılmalıdır. Dünya elminin, fəlsəfəsinin, ədəbiyyatının və humanitar fikrinin əsas mətnləri prioritet siyahılar əsasında Azərbaycan dilinə qazandırılmalıdır. Bu siyahılar dövrün intellektual tələblərinə uyğun olaraq mütəmadi yenilənməli, tərcümə fəaliyyəti mövsümi kampaniyaya yox, davamlı prosesə çevrilməlidir.

B) Tərcüməçi faktoru və peşəkarlıq meyarları

Tərcümə yalnız dil bilikləri ilə məhdudlaşan texniki fəaliyyət deyil; bu, mədəniyyətlərarası intellektual ötürmədir. Buna görə də tərcüməçilərin seçimi aydın meyarlarla həyata keçirilməli, sahə üzrə ixtisaslaşma prinsipi əsas götürülməlidir. Elmi, fəlsəfi, bədii və publisistik mətnlərin hamısını eyni şəxsin tərcümə etməsi keyfiyyət itkisinə səbəb olur.

C) Keyfiyyətə nəzarət və redaktə mexanizmi

Hər bir tərcümə əsəri müstəqil redaktorlar və sahə mütəxəssisləri tərəfindən yoxlanılmalı, dilin normativlərinə uyğunluğu, üslub dəqiqliyi və terminoloji sabitlik təmin edilməlidir. Nəzarətsiz çap olunan tərcümə kitabları Azərbaycan dilini zənginləşdirmir, əksinə, onu qarışıq və qeyri-səlis dil mühitinə sürükləyir.

D) Dövlət proqramı və institusional yanaşma

Tərcümə fəaliyyəti epizodik qrantlar və təsadüfi layihələrlə məhdudlaşmamalı, dövlət proqramı səviyyəsində həyata keçirilməlidir. Bu proqram çərçivəsində:

- prioritet əsərlərin siyahısı müəyyənləşdirilməli,

- peşəkar tərcüməçi və redaktor bazası formalaşdırılmalı,

- nəşr, yayım və kitabxanalara paylanma mexanizmləri əvvəlcədən planlaşdırılmalıdır.

Keyfiyyətli tərcümə mədəniyyəti olmayan dil dünyanı yalnız izləyir, ona qoşula bilmir. Azərbaycan dilinin qlobal intellektual dövriyyəyə daxil olması üçün tərcümə fəaliyyəti nəzarətli, planlı və milli maraqlara xidmət edən sistemə çevrilməlidir. Tərcümə dili yox, tərcümə siyasəti əsas problemdir – və bu siyasət gecikmədən formalaşdırılmalıdır.

4. Məktəblilərdə oxuyub-anlama

Dil yalnız yazıçıların, alimlərin və ziyalıların daşıdığı yük deyil. Dilin gələcəyi birbaşa məktəblinin oxu vərdişi və oxuduğunu anlama bacarığı ilə formalaşır. Araşdırmalar açıq şəkildə göstərir ki, erkən yaşlarda mütaliəyə alışmayan şagird nə akademik dildə sərbəst yazmağı, nə də mürəkkəb mətnləri dərinliklə qavramağı bacarır. Bu isə son nəticədə dilin intellektual səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır.

Bu səbəbdən məktəblilər üçün sistemli oxuyub-anlama proqramlarının hazırlanması artıq seçim yox, zərurətdir. Oxu vərdişi spontan təşəbbüslərlə deyil, planlı və mərhələli proqramlarla formalaşır.

A) Oxuyub-anlama proqramları və dərslik müntəxəbatları

Hər yaş qrupu üçün uyğunlaşdırılmış oxuyub-anlama proqramları hazırlanmalı, bu proqramlar çərçivəsində məktəblinin oxuması üçün tövsiyə edilən bədii və publisistik mətnlərdən ibarət rəsmi müntəxəbatlar yaradılmalı və təsdiqlənməlidir. Yəni məktəbli kitabxanası ənənəsi genişləndirilməli və yaşadılmaldıır. Bu müntəxəbatlar yalnız klassik ədəbiyyatı deyil, müasir Azərbaycan dilli əsərləri də əhatə etməlidir ki, şagird oxuduğu mətni həyatla əlaqələndirə bilsin.

B) Oxu mədəniyyətinin müsabiqə müstəvisinə çıxarılması

Oxu vərdişi stimulsuz formalaşmır. Bu səbəbdən məktəblərdə bölgələr üzrə və ölkə səviyyəsində mütəmadi kitaboxuma müsabiqələri təşkil edilməlidir. “İlin ən çox kitab oxuyan şagirdi” müsabiqələri simvolik tədbir kimi yox, olimpiadalar səviyyəsində, şəffaf meyarlarla və real qiymətləndirmə mexanizmləri ilə keçirilməlidir. Oxuduğunu anlama, mətn üzrə təhlil, fikir ifadə etmə bacarığı bu müsabiqələrin əsas ölçü vahidi olmalıdır. Bu cür yanaşma oxunu sadəcə say göstəricisinə deyil, keyfiyyət göstəricisinə çevirər və şagirdlər arasında sağlam intellektual rəqabət mühiti yaradar.

C) Məktəb kitabxanaları: formal məkandan canlı mühitə

Bu gün bir çox məktəb kitabxanaları yalnız sənədlərdə mövcuddur. Rəflərdə köhnə, oxunmayan kitablar, istifadəsiz mühit və formal hesabatlar real oxu mədəniyyəti yaratmır. Məktəb kitabxanaları zənginləşdirilməli, müasir Azərbaycan dilli əsərlərlə təmin edilməli və şagird üçün cəlbedici, işlək məkana çevrilməlidir. Kitabxana dərsdənkənar vaxtın keçirildiyi “sakit otaq” yox, müzakirələrin, oxu klublarının, təqdimatların keçirildiyi təhsil mühitinin aktiv elementi olmalıdır. Oxu vərdişi formalaşmayan cəmiyyət yazılı düşüncə istehsal edə bilməz. Yazılı düşüncə istehsal etməyən cəmiyyət isə dilini inkişaf etdirə bilməz. Buna görə də məktəblilərlə bağlı oxu və anlama proqramları yardımçı tədbir yox, dil strategiyasının əsas sütunlarından biri kimi qəbul edilməlidir. Bu sahədə atılacaq ardıcıl və sistemli addımlar yalnız daha çox oxuyan şagird deyil, daha düzgün düşünən, daha səlis yazan və ana dilinə sahib çıxan nəsil formalaşdıracaq.

Dil kitabda yaşayır, elmdə möhkəmlənir, ədəbiyyatda dərinləşir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Azərbaycan dili dövlət dilidir və bu dil məktəblərdə, təhsil müəssisələrində qorunmalı, tədris olunmalı və inkişaf etdirilməlidir”.

Əgər Azərbaycan dili bu sahələrdə güclü mövqeyə sahib olmazsa, onu yalnız rəsmi statusla qorumaq mümkün olmayacaq. Bu səbəbdən Azərbaycan dilli əsərlərin yaranması, nəşri və dövriyyəsi mədəni layihə yox, milli strateji məsələ kimi dəyərləndirilməlidir. Bu yazıda sadalanan təkliflər ayrı-ayrı “fikirlər toplusu” deyil; hamısı bir-birini tamamlayan vahid dil strategiyasının hissələridir. Çünki dil məsələsi yalnız “qayda-qanun”la həll olunmur: dil, eyni zamanda, təhsil, mətn istehsalı, kitab bazarı, kitabxana infrastrukturu, tərcümə siyasəti və oxu mədəniyyəti deməkdir. Bu sahələrdən biri zəifləyəndə digərləri də təsir altına düşür və nəticədə dilin ictimai nüfuzu sarsılır.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması milli məsələdir” fikri yalnız bir narahatlıq ifadəsi deyil, həm də bir tələbdir: dilin saflığını qorumaq üçün operativ idarəetmə, vahid tədris siyasəti, güclü kitab və tərcümə proqramları, yaşayan kitabxanalar, elmi mətnlərin dövriyyəsi və məktəblilərdə oxu mədəniyyətinin olimpiada səviyyəsinə qaldırılması kimi konkret mexanizmlər qurulmalıdır.

Bu gün dünya sürətlə dəyişir: terminlər yenilənir, informasiya axını sərtləşir, qlobal dillər təsir gücünü artırır. Belə bir şəraitdə Azərbaycan dili ya sadəcə “ev dili” səviyyəsinə sıxışdırılacaq, ya da elm, ədəbiyyat, təhsil və ictimai diskurs dili kimi daha da möhkəmlənəcək. Bu, spontan proses deyil; qərar tələb edən dövlət və cəmiyyət seçimidir.

Bizim üçün əsas məsələ bu olmalıdır ki, Ana dilimiz bizi birləşdirən ən böyük dəyərdirsə, onu qorumağın ən doğru yolu da onu oxunan, yazılan, öyrədilən, müzakirə olunan, yaşayan dilə çevirməkdir. Bunu isə Prezident İlham Əliyev ali kürsüdən tələb kimi qarşımıza qoyur: “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri