DİM 9 illik və 11 illik təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi 2026-cı ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını (Azərbaycan və rus dillərində) açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan proqramları ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarında ötənilki imtahan modelləri (o cümlədən xarici dil fənləri üzrə) tətbiq ediləcək.
Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili) imtahanında ötənilki imtahan modeli tətbiq ediləcək.
Hər iki təhsil səviyyəsi üzrə Azərbaycan dili fənnindən buraxılış imtahanı proqramlarında vacibliyi nəzərə alınaraq saxlanılmış feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli) mövzusu ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi dərsliklər göstərilib. Nəzərinizə çatdırırıq ki, əvvəlki illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməmişdir. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlarla isə orta məktəbdə öyrənilənlər təkrar edilə bilər.
Hər iki təhsil səviyyəsi üzrə təqdim edilmiş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.


