Icma.az
close
up
RU

Diplomlarının “ölüm şəhadətnaməsi”nə çevrildiyi universitetdən REPORTAJ

"Tərk edilmiş bir yerin izdiham içində mövcud olmaq niyyəti yoxdursa, yalnızlıq əbədidir".

Taksi sürücüsünə deyirəm ki, plan dəyişdi. Azərbaycan Beynəlxalq Universitetinə gedirik. 

Ağız əyir. Deyir ki, yolum uzandı.

Sürücü yolun yenidən hesablanmış xəritəsini naviqasiya proqramında iki barmağı ilə bir neçə dəfə yaxınlaşdırıb-uzaqlaşdırır, hiss edirəm ki, nəsə soruşmaq istəyir, amma soruşa bilmir.

Sonda siqaret istəyir, and içirəm ki, yoxumdu.

Sürücü telefonda digər sürücü həmkarı ilə danışır. Qarşı tərəf soruşur ki, hansı tərəfə gedirsən? Bizimki də cavab verir ki, "Tayqa" kafesi tərəfə.

"Tayqa" kafesi tərəf!

Düşünürəm ki, ölkədəki bütün kafelərin, yanında yerləşdiyi universitetə görə tanınmasına baxmayaraq, Azərbaycan Beynəlxalq Universiteti isə tam əksinə, yanında yerləşən kafeyə görə tanınır.

Sürücü naviqasiyanı bir elə barmaqlamağına baxmayaraq, axırda məni ünvandan xeyli aralıda saxlayır.

Nə qədər axtarıram, bir mağaza tapa bilmirəm ki, siqaret alam. Belə bir qənaətə gəlirəm ki, ərzaq mağazaları təhsil ocaqlarının yerləşdiyi ərazilərdə daha sıx mövcud olur.

Ev elanlarının çoxunda da bunu görmək olar. Məktəbə, "Araz" marketə yaxın!

Nəhayət, yolun kənarında kiçik bir mağaza tapsam da, kartla ödəniş mümkün olmadığı üçün yenə siqaret ala bilmirəm. Satıcı deyir ki, kartdan karta göndərmək də mümkün deyil, bizi cərimələyirlər. Universitetə necə gedə biləcəyimi soruşuram və jurnalist olduğumu deyirəm.

Jurnalist olduğumu eşitdiyi an gözlərindən oxuyuram ki, bir az əvvəl "card to card" əməliyyatına razı olmadığı üçün ikiqat xoşbəxtdi.

Yaşlı bir meyvə satıcısına yaxınlaşıb yolu soruşuram:

- Bilmirəm, a bala!

Yol kənarında dayanmış sovet maşını ilə taksi işləyən daha yaşlı bir nəfərə yaxınlaşıram:

- Bilmirəm!
- Məni ora neçəyə apararsınız?
- 20 manat!

Ümumiyyətlə, yol kənarında dayanıb müştəri gözləyən taksi sürücüləri, məsafədən asılı olmayaraq, hər yerə 20 manata aparırlar.

Bu vaxta kimi həmin universitetə girənlər, ümumiyyətlə, ora girmək üçün insanlardan yolu soruşanlar bunu hansı niyyətlə ediblərsə, heç kəs yolu göstərmək istəmir.

Bu dəfə "Mat gedişi" ilə öz həmyaşıdıma yaxınlaşıb yolu soruşuram və o mənə yolu o qədər detallı izah edir ki, sanki, həmin universitetin məzunudu. Hələ məsləhətindən də qalmır, deyir ki, həyətdə itlər çoxdu, ehtiyatlı ol.

Universitetin giriş binasında iki hərfi qopmuş böyük bir yazı diqqətimi çəkir:

K..AB EVİ

Az öncə sürücü "Tayqa" kafesi ilə şüur altıma o qədər nüfuz edib ki, ağlıma ilk gələn şey "Kabab evi" olur. Toz qatı ilə örtülmüş pəncərədən içəri baxanda əsrarəngiz sözün "kitab evi" olduğu aydın olur.

Giriş binasındakı iyirmi səkkiz pəncərənin cəmi biri sınmış (oxu: qəsdən sındırılmış) vəziyyətdə olduğu üçün əvvəlcədən beynimdə cızdığım yol trayektoriyasının başlanğıc nöqtəsi artıq məlumdur. Həmin pəncərədən içəri girirəm.

Belə bir anda hərbi xidmətdə olarkən "Yat" komandasından sonra kazarmanın pəncərəsindən gizlincə içəri girdiyim günləri xatırlayıram. Onda da siqaretim yox idi.

Sökülüb-dağılmış kitab evinin içərisindəyəm və burada maraqlı heç nə olmamasına baxmayaraq, özümü Everesti fəth etmiş qədər qürurlu hiss edirəm. Bircə yaşıl botlarım çatmır!

Universitetin həyətinə girən kimi üstümə saysız-hesabsız it hücum çəkir. Bu təxəyyülümün məhsulu qətiyyən deyil, onsuz da binanın yanından keçəndə də onların səsini eşitmək mümkündür.

Əlimə yerdən taxta parçası götürən kimi hamısı bir tərəfə qaçır və bu dəfə özümü Everestdə irbis öldürmüş qədər qürurlu və güclü hiss edirəm.

İllərdir qeyri-işlək və üstünü toz basmış kameranın bostan müqəvvası kimi qərarlı duruşu mənə ürək-dirək verir və iti addımlarla içəri girirəm.

Birinci mərtəbədə qarşılaşdığım maket məni o qədər ürküdür ki, az öncə fəth etdiyim zirvədən yerə çaxılmış kimi oluram. Düşünürəm ki, kaş, "bostan müqəvvası" burda olardı.

"İşgəncə otağı" filmindəki kimi qapısı taybatay açılmış otaqlar, "Yaşıl yol" filmindəki kimi qapqaranlıq və ucsuz-bucaqsız dəhliz...

İlk girdiyim otaqdakı şkaflardan birinin gözündə onlarla açar var. Təxmin edirəm ki, bunlar, qapıları açıq qalmış həmin otaqların açarlarıdır.

Növbəti otağa girəndə yerə səpələnmiş tələbə biletləri, qiymət kitabçaları, diplomlar, kurs işləri görürəm. Bunların ölüm haqqında şəhadətnamədən nə fərqi var?

Dəhşətli, tükürpədici mənzərədir.

Həmin otaqda 1 tamamda donub qalmış saat diqqətimi çəkir və hazırda saatın həqiqətən 13:00 olduğunu görüb təəccüblənirəm. Dayanmış saatın belə gündə iki dəfə doğrunu göstərdiyi ana təsadüf etmək mənə hazırda ola biləcəyim ən doğru yerdə olduğumu sübut edir.

Qəribə təsadüfdü.

Döşəmədə çoxlu xatirə şəkilləri var. Şəkildəki insanları axtarmaq, onları bir-bir tapıb, şəkilləri sahiblərinə vermək, onlarla söhbət etmək istəyirəm.

Elə fikirləşirəm ki, sanki, onlar burdan qovulublar və bir də heç vaxt gəlməmək üçün and içiblər deyə əllərindən nəsə gəlmir.

Elə fikirləşirəm ki, bu insanların heç biri artıq həyatda deyil, əks halda, mütləq bir yolunu tapıb bura yenidən baş çəkərdilər, bu qədər xatirənin ayaqaltı olmasına göz yummazdılar.

Səsi bir də heç vaxt eşidilməyəcək piano, bir də heç vaxt dinlənilməyəcək "Natali" kaseti...

Bir neçə dəqiqədir davam edən sükutu da elə Natalinin beynimdə səslənən "Bulud" mahnısı pozur.

"Bulud"dan o tərəfə nə var ki? Bu elə zirvədi!

Pilləkənləri təngnəfəs çıxıram və düşünürəm ki, hələ də təngnəfəsəmsə, zirvəni fəth etməkdən söhbət belə gedə bilməz!

Yer doludur bədii kitablarla, dərsliklərlə.

İndiyə qədər bura gələn hər kəsin "Bu qədər kitab var, heç kəs götürüb oxumur" dedikdən sonra əliboş çıxmaqlarına dözə bilmədiyim üçün İmadəddin Nəsiminin ötən əsrdə İraqda çap edilmiş kitabını götürüb Zusak tərəfindən yaxalanmamış otaqdan sivişib çıxıram.

Akt zalına girirəm və buranın vahiməsi məni daha çox öz ağuşuna alır. Bura mənə qətliam törədilmiş qumarxana təsiri bağışlayır.

Bayaq üstümə hürən itlərdən biri gəlib yanımda dayanır.

Üşümürəm, amma özümü Yakutskda çılpaq dayanmış kimi hiss edirəm.

Danışmıram, amma öz səsimin çıxardığı küydən qulaqlarımın tutulduğunu hiss edirəm. 

Aşiq olmamışam, amma mədəmdə kəpənəklər uçuşur.

Yalan danışmaq istəmirəm, amma...

Göte akt zalının tribunasında çıxış edir: 

"Əvvəllər düşünürdüm ki, insanın başına gələ biləcək ən pis şey bir gün yalnız qalmasıdır. Öyrəndim ki, insanın başına gələ biləcək ən pis şey onun yalnız hiss etməsinə səbəb olan insanlarla yaşamasıdır".

Akt zalının terasından Göteyə, sözün əsl mənasında yuxarıdan aşağı baxıram və düşünürəm ki, bu dəfə zirvəni fəth etmişəm.

Siqaret yandırmaq istəyirəm, yadıma düşür ki, siqaretim yoxdu.

seeBaxış sayı:79
embedMənbə:https://lent.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri