DİQQƏT! Uşaqlar arasında yayılan KOKSAKİ VİRUSU HƏKİMDƏN ÇAĞIRIŞ
Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.
Tanınmış pediatr Məhsəti Nəcəfova azyaşlılar, xüsusilə, bağçalarda uşaqlar arasında yayılan koksaki virusu barədə valideynlərin narahatlığına aydınlıq gətirib.
Bu barədə Pravda.az-ın suallarını cavablandıran həkim deyib ki, koksaki virusu enteroviruslar ailəsinə aid olan bir virusdur və daha çox iki növü ilə müşahidə olunur.

""Koksaki A" növü ən çox əl, ayaq, ağız səpkiləri ilə keçir. "Koksaki B" isə daxili orqanları, xüsusən, ürək və beyin qişalarını zədələyə bilər. Bu virus hava damcı yolu, kontakt, məişətdə pis gigiyenik şəraitdə yayıla bilir. Koksaki 0-10 yaş arası uşaqlarda əsasən yaz-yay aylarında müşahidə olunur. Bəzən yüngül keçsə də, ağırlaşma halları da özünü göstərir. Böyüklər nadirən bu virusa yoluxurlar. Virusun A formasında əldə ovucun içi, barmaq arası nahiyələrdə, ayaq altında, ağzın ətrafında, əsnəkdə qovuqcuqlu səpkilər, qızdırma və yorğunluq müşahidə olunur. Səpkilər adətən içərisi mayeli qovuqcuqlar şəklində və ağrılı olur. Bəzən ilk başlayanda qırmızı nöqtələr şəklində, sonra mayeli qovuqcuğa, vezikulaya keçir. Bəzən qopmuş qovuqcuğun yerində xoralar əmələ gəlir, 5-7 gün ərzində heç bir müdaxilə edilmədən özü sağalır. Virus 38-39 dərəcə hərarətlə də müşahidə oluna bilir. Virusun B formasında isə qızdırma, döş qəfəsində ağrılar, bəzən perikardit, miokardit verə bilər. Həmçinin baş ağrıları, qusma və s. Bəzən beyin qişaları iltihablana bilir. Virus mənşəli meningit əmələ gəlir. Xəstəliyin diaqnozu kliniki əlamətlərə və laborator diaqnostikaya əsasən qoyulur. Bir sıra xəstəliklərlə, məsələn, herpes stomatiti, herpangina, su çiçəyi, məxmərək, qızılca və s., differensial diaqnostika aparılır".
Həkim bildirib ki, koksakinin müalicə simptomatikdir:
"Bu xəstəliyə qarşı xüsusi peyvənd yoxdur. Koksakiyə yoluxmamaq üçün belə xəstələrlə təmasdan qorunmaq, gigiyena qaydalarına xüsusi diqqət etmək, oyuncaqları və uşaqların çox istifadə etdikləri əşyaları dezinfeksiya etmək, əhalinin sıx olduğu yerlərdən uzaq durmaq lazımdır. Ağız boşluğu tez- tez yaxalanmalıdır. Bol maye qəbulunu, normal yuxu rejimini təmin etmək lazımdır. İstənilən halda pediatr və infeksionist həkimlə məsləhətləşmək lazımdır. Dediyimiz kimi, nadirən də olsa, bu virus ağırlaşmalar verə bildiyi üçün valideynlər xəstəlik zamanı diqqətli olmalıdırlar. Unutmayaq ki, xəstəlik dövründə itirilmiş məqam qazanılmış ağırlaşma deməkdir".
Aytəkin Qardaşova


