Icma.az
close
up
RU
Diri yüzlükdən savayı bir şey deyilsiniz... Malik Atilay

Diri yüzlükdən savayı bir şey deyilsiniz... Malik Atilay

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kulis.az Malik Atilayın "Mürid-mürşüd oyunları və müasir cibgirliyin əsasları" yazısını təqdim edir.

Bir sabah oyananda artıq 9 saatlıq iş rejiminin sənə uyğun olmadığını anlayıb daha rahat bir gəlir qazanmağın yollarını axtarmağa başlayırsan.

Ölkənin cinayət tarixi ilə maraqlananlar şübhəsiz bilirlər ki, bir dövrün ən prestijli oğurluq növü cibgirlik sayılırdı. Çünki bu oğurluq sahəsi xüsusi bir estetika ilə yanaşı yüksək hissiyat da tələb edirdi. Yəni, bir növ oğurluğun incəsənəti idi.
Zaman keçdikcə, insanlar daha ayıldılar, hər yerdə kamera oldu, bu sahə tarixin dəftərinə düşdümü bəs?

Xeyr, sadəcə şəkil dəyişdirdi. Sizə müasir dövrün cibgirlərindən danışacam - kouçlar... Onlar isə təkcə cibimizdən yox, mənəvi gücümüzdən də əlüstü apara bildiklərini aparırlar.

Amma gəlin, əvvəlcə bir az da Şərq fəlsəfəsinə nəzər salaq.

Bir vaxtlar mürşüd olardı, bir ömür bir söz deyərdi, ton-ton kitablar oxuyub, ariflərdən ürək dolusu irfan götürüb, insanların ruhuna aramlıq gətirər, dünya sınağını yüngülləşdirib, meylə ərşə qaldırardı.

İndi hər saat başı bir “mürşüd” peyda olur – telefon ekranından çıxıb sənə özünü tanıtmağa çalışır, özünü sevmədiyin üçün səni bir-iki ağız danlayıb, ömrü əzab-əziyyətlə keçən valideynlərinin haçansa üstünə acıqlandıqları üçün sənə dərin travma yaşatdıqlarını və indi bütün uğursuzluqlarının onları bağışlaya bilmədiyinə görə başına gəldiyinə inandırır.

Özünü dünyanın sirlərindən xali bilən, ali insan olmağa bir-iki nəfəs qaldığını düşünən müasir dövrün cibgir mürşüdləri nə qırxlar məclisindən mey içiblər, nə çillə görüblər. Tək bildikləri – sənə “enerji-vibrasiya-çakra” qarışığında nəsə desin, sən də ağzın açıq ona baxasan. Qəribə cümlələrlə özünə olan-qalan son inamını da silkələyib səni tora düşmüş ov halına gətirir.

Bu kouçların ən böyük qabiliyyəti danışmaqdır. Danışdıqları sözdə məna olmasa belə "enerji" , "travma", "çakra" kimi sözlərlə səni hipnoz edir hardasa.

Danışa-danışa səni elə bir yerə gətirirlər ki, az qala o bilinən evlərdəki basqın çəkilişləri kimi üzünü tutub, öz dərdinə görə utanırsan.

Guya bütün problem sənlikdi, sən inanmırsan, sən özünü sevmirsən, sən səhv düşünürsən. Əslində isə sən sadəcə realist adamsan – iş tapa bilmirsən, ət almağa pulun yoxdu, uşaqların gözü səndədir.

Həyatdan beş dəqiqə dincəlmək üçün pəncərəyə baxırsan, görürsən ki, insanlar harasa tələsir, hamı fərqində olmadığı bir qaçaqaçda, qovhaqovdadır. Amma pəncərəni bağlayıb telefonun ekranına baxan kimi, bir “kouç” çıxır və deyir:
– Bu gün özünə dəyər verdinmi?

Tam özünə dəyər verməyə hazırlaşırdın ki, marketdən aldığın iki çörəyin, bir kilo kartofun pulunu "1 manatdan kartdan çıxın, qalanını belə verəcəm" deyərkən tutmusan.

Bir də bu müasir dövrün cibgir mürşüdlərinin ən sevimli cümlələri belədir: “Hər şey içindədir.”
Düz deyir, amma insanların “içində olanlar” dediyi – əsəb, kredit və axşam evə çörək aparmaq dərdidir.

Bir də “səhər 5-də durmaq” vəsvəsəsi var. Guya saat 5-də duranda kainat sənə “bravo!” deyir. Ay kouç xanım və bəy, bura Bakıdır. Saat 5-də duran adam ya çörəkçi, ya da baş həkimin növbəsindəki tibb bacısıdı. Onların indi “güc mərkəzini oyatmağa" gücləri yoxdu, sadəcə çörəkpulu qazanmaqla məşğuldurlar.

Ən ağrılısı nədir düşünmüsünüz? Bunlar sənə “inkişaf” adı ilə bir teatr göstərirlər. Səhnədə süni təbəssüm, arxa fonda bej rəngli divar, əlində bir fincan latte, dodağında “tox” bir gülümsəmə. Sənə deyir ki:
– Öz hekayəni özün yaz.
Əzizim, yaşı 45-i keçsə də özünə bir gün ağlaya bilməyib, səndən mədət uman adam uzağı özünə şeir yazar. Onu da başdaşına həkk edərlər...

Sosial şəbəkədə oturub yazırlar:
– Sən kainatsan, kainat sənin içindədir...
Nəsimi "Həqq məndədir" dediyi torpaqlarda indi kainatın səndə olduğuna inanırlar.

Çoxumuzun yadına gəlməz, amma bir vaxt haçansa insanların bir-birinin dərdinə şərik olurdular, qulaq asıb gücü məsləhət verməyə çatanda onu əsirgəmirdilər.

İndi “dərdini danışmaq” üçün sənə link atırlar. “Qeydiyyatdan keç, ödəniş et, ağla.”

Sizin gözyaşlarınızı içə-içə böyüyən, bu boyda olan bu əziz kouç müəllim və müəllimələr üçün sosial şəbəkədə izləyici sayı, pulqabındakı diri yüzlükdən savayı bir şey deyilsiniz.

Hə, onu deyirdim axı...
Bir gün Mövlana öz mürşüdü Şəms Təbrizinin suyun üstündə "Ya Həqq" deyərək yeridiyini görüb, eynisini edir. Boğazına qədər suya batan Mövlanaya Şəms Təbrizi bir cümlə deyir "Sənin üçün Ya Həqq hələ tezdir, sən hələ Ya Şəms deməlisən".

Bu kouçlar içinizdəki dəryalardan sizi ətəyiniz suya dəymədən keçirməyəcəklər, uzağı dəryalar boyda dərd-sərinizin içində ən böyük dərdinizin "ata travması" olduğunu deyəcəklər...

Yaddaşına yaxşı bax, unutduğun yerdәyәm... - Məmməd İsmayılın şeirləri Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi 18-ci İstanbul Biennalisi “Üç ayaqlı pişik”lə başlayacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri