Doğum səviyyəsinin azalması Avropada panika yaradır: Təşviqlər niyə işləmir?
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Uzun illərdir Avropada əhali azalır. Hətta valideynlərə dövlət dəstəyinin təmin olunduğu ölkələrdə belə bu proses dayanmayıb.
Qaynarinfo-nun məlumatına görə, "Washington Post” qəzetində dərc olunan geniş məqalədə bildirilir ki, doğum səviyyəsinin uzunmüddətli enişi fonunda Avropa böyük demoqrafik geriləmə həddinə yaxınlaşıb. Bu vəziyyət bir çox hökumətləri əmək bazarının daralması və gələcəkdə iqtisadi dayanıqsızlıq riski ilə bağlı ciddi şəkildə narahat edir.
Bu səbəbdən hökumətlər doğum artımını stimullaşdırmaq üçün güzəştləri, maliyyə təşviqlərini və ideoloji çağırışları birləşdirməyə çalışırlar. Lakin indiyədək heç bir ölkə bu məqsədə nail ola bilməyib. Hətta ailələr üçün ən səxavətli sosial paketləri tətbiq edən dövlətlərdə belə gözlənilən nəticə əldə olunmayıb.
Xüsusilə Skandinaviya ölkələrində uşaqlı ailələr üçün güclü iqtisadi stimullar mövcuddur. Buna baxmayaraq, bu ölkələrdə doğum səviyyəsinin kəskin enməsinin qarşısını niyə almağın mümkün olmadığına dair yeni strategiyalar hazırlamaq üçün xüsusi komissiyalar yaradılıb.
Son on ildə Fransada doğum səviyyəsi 18 faiz azalıb. Ölkə prezidenti Emmanuel Makron bu tendensiyanın qarşısının alınmasının vacibliyini dəfələrlə vurğulayıb. İtaliya iki və daha çox uşağı olan işləyən analara maliyyə bonusları təqdim edir. Polşa ötən il ailələr üçün aylıq uşaq müavinətini hər uşaq üçün 220 dollara qaldırıb, oktyabr ayında isə iki və daha çox uşağı olan valideynlər üçün ciddi vergi güzəştlərini nəzərdə tutan qanun qəbul edilib.
Maliyyə stimulları ABŞ-da da müzakirə olunur. Donald Tramp administrasiyası ilk siyasi addımlar çərçivəsində yeni doğulan uşaqlar üçün 1000 dollar məbləğində xüsusi hesabların açılmasını nəzərdə tutub. Bu vəsaitdən yalnız 18 yaş tamam olduqdan sonra istifadə etmək mümkün olacaq.
Məqalədə vurğulanır ki, Avropanın təcrübəsi göstərir: hətta irimiqyaslı dövlət proqramları belə cəmi kiçik dəyişikliklərə səbəb ola bilir. Ən yaxşı halda bu tədbirlər əhali azalmasının sürətini zəiflədir, lakin prosesi geri çevirə bilmir.
Cari doğum göstəriciləri
1960-cı illərə qədər Avropanın əksər ölkələrində bir qadına düşən uşaq sayı 2,1-dən yuxarı idi ki, bu da əhali sayının sabit qalması üçün zəruri hesab olunur. Sonradan azalma başladı. Skandinaviya ölkələrində göstəricilər 2010-cu illərin əvvəlinə qədər nisbətən yüksək qalsa da, Şərqi Avropa və Aralıq dənizi regionunda bu eniş daha erkən və daha dərin olub. Hazırda isə demək olar ki, bütün ölkələr eyni səviyyəyə çatıb.
Avropa İttifaqına üzv 27 ölkədən cəmi 5-də doğum səviyyəsi 1,5-dən yuxarıdır və heç biri 1,9-u keçmir. Ümumilikdə Aİ üzrə orta göstərici rekord dərəcədə aşağıdır — bir qadına 1,38 uşaq.
Əhali azalmasına qarşı çıxış yolu kimi immiqrasiya tez-tez gündəmə gətirilir. Lakin yaxın onilliklərdə bu amil də kifayət etməyə bilər. Doğum səviyyəsi Saharaaltı Afrika ölkələri istisna olmaqla dünyanın bütün regionlarında əhalinin təbii artım səviyyəsindən aşağı düşüb.
Çində 2016-cı ildə bir uşaq siyasətinin ləğvinə baxmayaraq doğum səviyyəsi bərpa olunmayıb. Dünyanın ən çox əhalisi olan Hindistanda da kəskin azalma müşahidə edilir. Paytaxt Yeni Dehlidə doğum səviyyəsi Cənubi Avropa ilə eyni, dünyanın ən aşağı göstəricilərindən biridir.
Macarıstanın proqramları
Məqalə müəllifləri uzun illərdir doğumun stimullaşdırılması siyasətini genişləndirən Macarıstanın təcrübəsini də təhlil ediblər. Hazırda ölkədə tətbiq edilən ödəniş və güzəştlər sistemi səxavətinə görə Skandinaviya modellərini xatırladır. Macarıstan ailə siyasətinə ümumi daxili məhsulunun təxminən 5 faizini xərcləyir.
Güzəştlərə nəvələrə baxmaq üçün nənə-babalar üçün məzuniyyət, uşaq sahibi olmağı planlaşdıran cütlüklərə aşağı faizli ipoteka, üç və daha çox uşağı olan ailələr üçün geri qaytarılmayan 30 min dollarlıq kreditlər daxildir. Oktyabrın 1-dən etibarən üç uşağı olan qadınlar ömürlük gəlir vergisindən azad edilib. Gələn ildən isə iki uşağı olan, 40 yaşdan aşağı analar da bu güzəştdən yararlanacaq.
Müəlliflər xatırladırlar ki, Orban hökuməti bu təşviqləri tətbiq etməyə təxminən 15 il əvvəl, əhali sayının ilk dəfə 10 milyon nəfərdən aşağı düşdüyü dövrdə başlayıb. Həmin vaxt Macarıstanda doğum əmsalı 1,25 idi və bu Avropada ən aşağı göstəricilərdən biri sayılırdı.
Növbəti on ildə qlobal miqyasda doğum səviyyəsi azalsa da, Macarıstanda artım qeydə alındı: 2015-ci ildə 1,45-ə, 2021-ci ildə isə 1,61-ə yüksəldi. Lakin daha sonra yenidən eniş başladı və 2024-cü ildə 1,39-a düşdü. Hazırda bu göstərici Aİ üzrə orta səviyyəyə yaxındır.
Bu geriləmə Macarıstan proqramını mübahisəli vəziyyətə salıb. Proqram hələ də uşaqların böyüdülməsi ilə bağlı bir sıra ciddi problemləri həll etməyib. Hökumət doğumun stimullaşdırılmasına fokuslanaraq ailə həyatını dayanıqlı edən dövlət sistemlərini, o cümlədən zəif vəziyyətdə olan təhsil və səhiyyə sahələrini kölgədə qoyub.
Bəzi ekspertlər hesab edir ki, stimullar sadəcə onsuz da uşaq sahibi olmaq istəyən ailələri bunu daha tez etməyə təşviq edib. Son şərhlərdən birində proqramın "uğursuz olduğu” açıq şəkildə bildirilib. Hökumət də etiraf edir ki, 2030-cu ilə qədər əhalinin bərpa səviyyəsinə, yəni doğum əmsalının 2 və ya daha yuxarı olmasına nail olmaq ehtimalı azdır.
Hökumətlərin səylərinin təhlili
Akademik araşdırmalar doğum artımını stimullaşdıran tədbirlərin effektivliyi ilə bağlı ziddiyyətli mənzərə ortaya qoyur. Birdəfəlik ödənişlər adətən qısamüddətli təsir göstərir. Dünyada ən aşağı doğum səviyyələrindən birinə malik olan Cənubi Koreyada uşaq bonuslarından əsasən onsuz da uşaq planlaşdıran valideynlər faydalanıb.
Tədqiqatlar göstərir ki, dayanıqlı nəticələr üçün uşaq baxımı, valideyn məzuniyyəti və digər sosial sahələri əhatə edən uzunmüddətli proqramlar daha təsirli ola bilər.
Finlandiyalı tədqiqatçı Anna Rotkirx bildirir ki, gənclərin valideynliyi təxirə salmasına və ya ondan imtina etməsinə eyni vaxtda bir neçə amil təsir edir: sosial şəbəkələrdə səyahət və fərdiyyətçiliyin ideallaşdırılması, tanışlıq tətbiqlərinin "sonsuz seçim” illüziyası yaratması, eləcə də kiçik ailələrdə böyüyən nəsillərin uşaqlarla həyatın mahiyyətini yetərincə dərk etməməsi.
Vyana Demoqrafiya İnstitutunun direktor müavini Tomaş Sobotka doğum səviyyəsi proqnozlara uyğun davam edərsə, bəşəriyyətin nə vaxt kritik həddə çata biləcəyini modelləşdirən tədqiqatda iştirak edib. Nəticəyə görə bu tarix 3484-cü ildir. O hesab edir ki, hazırda insanlığın daha təcili problemləri mövcuddur.
Bununla belə, inkişaf etmiş ölkələrdə səhiyyə və pensiya sistemləri işlək yaşda olan insanların sayının pensiya yaşlılarından çox olmasına əsaslanırdı. Otuz il əvvəl Qərbi Avropada bir yaşlı insana dörd işlək yaşlı düşürdüsə, indi bu nisbət təxminən 3-ə 1-dir. 2050-ci ilə qədər isə 2-yə 1-dən aşağı düşəcəyi proqnozlaşdırılır.
BMT-nin proqnozlarına görə, 2100-cü ildə Qərbi Avropada 85 yaşdan yuxarı insanların sayı 5 yaşdan aşağı uşaqların sayını ötəcək. "McKinsey & Company” konsaltinq şirkəti bildirir ki, gənclərin çatışmazlığı iqtisadi artımı zəiflədərək cəmiyyətləri "naməlum sulara” sürükləyəcək, çünki gənc nəsillər pensiya xərclərinin əsas yükünü daşımalı olacaq.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 15 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















