Icma.az
close
up
RU
Dondurma şousu kimləri narahat edir?

Dondurma şousu kimləri narahat edir?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Günel Novruzun "Rəqs edən qadınları linçləyən şübhəli trol şəbəkəsi - Dondurma şousu kimləri narahat edir?" yazısını təqdim edir.

Bu günlərdə Bakının mərkəzində yay axşamının ilıq mehi altında sadə bir küçə şousu olur. Türkiyədən gəlmiş və sosial şəbəkələrdə "Çılğın dondurmaçı" kimi tanınan bir adam dondurma satır, ritmik musiqi sədaları altında dondurma təqdim edir, qarşısındakı insanları da bu şouya, bu əyləncəyə qatır. Kimisi gülümsəyir, kimisi dondurmasını alıb keçir, kimisi də uzağı bir dəqiqəlik həyatın gündəlik, yorucu qayğılarını unudaraq musiqinin ritminə qoşulub onunla bərabər rəqs edir. Bir qismi də kənardan onları telefon kamerasına çəkir. ( Sonra paylaşıb linçləmək üçün...)

Bəli, cəmi bir neçə dəqiqəlik küçə sevinci, səmimi bir təbəssüm, zərərsiz bir əyləncə...

Amma bu görüntülər sosial şəbəkələrə düşən kimi, həmin o işıqlı küçə ab-havasının arxasında pusquda duran virtual linç ordusu hərəkətə keçir. Klaviaturanın arxasında gizlənən minlərlə "əxlaq polisi", "namus keşikçisi" və trol şəbəkəsi ağızlarından zəhər tökməyə başlayır. Hədəf isə bəllidir: sadəcə əylənən, rəqs edən, həyat dolu qadınlar və onlara bu şounu təqdim edən bir türk dondurmaçısı.

Bu şərhləri oxuyanda adam dəhşətə gəlir: "Evində kişi yoxdur", "Bunun yiyəsi hara baxır?", "Qadın azadlığının sonu...", "Tükləri qovmaq lazımdır..."

Əvvəla, bu linç psixologiyasının ən çirkin qatından başlayaq. Bir qadının küçədə musiqiyə qol götürüb oynamasını "yiyəsizlik" adlandıran şüur(suz), əslində qadını fərd, insan kimi deyil, sahiblənilən bir əşya, bir mülk kimi görən xəstə təfəkkürün təzahürüdür. Bu, müasir, dünyəvi Azərbaycan cəmiyyətinin deyil, orta əsr cəhalətinin dilidir. Qadının sahibi olmur; qadının şəxsi iradəsi, azadlığı və ən əsası, istədiyi kimi əylənmək hüququ olur.

Maraqlıdır, bu virtual "əxlaq qaziləri" öz anaları, bacıları, xanımları toylarda, el şənliklərində, bayramlarda oynayanda da eyni çirkin arqumentləri ortaya qoyurlarmı? Toyda qol qaldırıb oynamaq halaldır, amma küçədə bir dondurma alarkən ritmə uyğun iki addım atmaq "əxlaqsızlıq"dır? Bu necə bir ikiüzlülük, necə bir riyakarlıqdır? Əgər bir hərəkət sənə xoş gəlmirsə, sən oynamazsan, baxıb keçərsən. Sənin kimi yaşamayanı, sənin kimi düşünməyəni, sənin kimi qaşqabaqlı, zəhər tuluğu sifətində gəzməyəni təhqir etmək, ləkələmək haqqını sizə kim verib? Bizim cəmiyyəti ancaq kədərə, matəmə, qəm-qüssəyə məhkum etmək istəyən bu qaranlıq kütlə nədən bu qədər sevgisiz və bədbəxtdir?

Sosial şəbəkələrdə rəqs edən xanımların ünvanına ən ağır söyüşlər yağdıranlar elə zənn edirlər ki, ekran arxasında oturub anonim qalmaq onları toxunulmaz edir. Qətiyyən belə deyil. Bunlar həm də hüquqi məsuliyyət yaradır. Hər bir vətəndaşın şərəf və ləyaqətinin toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət Məcəlləsi ilə qorunur. İnternet informasiya resurslarında şəxsin şərəf və ləyaqətini ləkələyən, onu təhqir edən, böhtan atan hər kəs qanun qarşısında birbaşa mülki və cinayət məsuliyyəti daşıyır. Küçədə dondurma alıb rəqs edən bir xanıma "yüngül", "əxlaqsız" damğası vurub ağır ifadələrlə söyüş yazmaq sadəcə "fikir azadlığı" deyil, konkret olaraq hüquq-mühafizə orqanlarının müdaxiləsini tələb edən cinayət tərkibli əməldir. Bu gün bu şərhləri yazanlar anlamalıdırlar ki, bircə şikayət ərizəsi ilə həmin o virtual "qəhrəman" məhkəmə zalında xəcalətli üzr istəməyə və cəza çəkməyə çevrilə bilər.

Məsələnin ən təhlükəli və dərin tərəfi isə bu şərhlərin arxasındakı gizli mexanizmdir. Şərhlərə diqqətlə baxdıqda, onların heç də sadəcə "təsadüfi vətəndaş qəzəbi" olmadığı dərhal üzə çıxır. Profil şəkillərinə, istifadəçi adlarına, yazılan mesajların dilinə baxın: standart saxta profillər, süni intellektlə hazırlanmış qondarma fotolar, dini-ideoloji çağırışlar və ən əsası, açıq-aşkar Türkiyə əleyhinə nifrət püskürən şüarlar.

Bu ritorika haradan qaynaqlanır? Təbii ki, Azərbaycanın dünyəvi quruluşunu, xalqımızın müasir həyat tərzini və ən başlıcası, Azərbaycan-Türkiyə qardaşlığını həzm edə bilməyən xarici dairələrdən, xüsusilə də İranın idarə etdiyi xüsusi trol şəbəkələrindən (əksəriyyətin profil fotolarında arxa fonda İran bayrağı qoyulub) Onların məqsədi sadədir: cəmiyyətə aqressiya, qapalılıq, qadın düşmənçiliyi aşılamaq və Türkiyədən gələn hər bir iş adamını, sənətçini, hətta sadə bir dondurmaçını belə hədəfə alaraq "türkləri qovmaq lazımdır" tezisini tirajlamaq. Şərhlərdəki sistemli anti-türk ritorikası təsadüf deyil, məqsədyönlü ideoloji təxribatdır.

Və nəhayət, bu çirkin oyunda alətə çevrilən bəzi yerli sosial media "xəbər səhifələri". Onların dərdi nə ictimai asayişdir, nə mədəniyyət, nə də xalqın mənəviyyatı. Onlar çox gözəl bilirlər ki, belə bir videonu təxribatçı başlıqla paylaşanda həmin o radikal trol sürüsü postun altına axışacaq, minlərlə şərh yazılacaq, baxış sayı və "reytinq" artacaq. Üç-beş bəyənmə və klik xatirinə öz həmvətənlərini, xüsusilə də qadınları kütlənin qarşısına atıb linç etdirmək ən böyük məsuliyyətsizlik və peşə etikası xəyanətidir.

Həyat rəngarəngdir - insanlar gülə də bilər, əylənə də. Və küçənin ortasında bir dondurma bəhanəsi ilə uşaq kimi sevinib rəqs də edə bilər. Bir cəmiyyətin inkişaf səviyyəsi qadınlarının nə qədər qorxu içində büzüşməsi ilə deyil, nə qədər sərbəst və üzündə təbəssümlə yaşaya bilməsi ilə ölçülür.

Küçədə rəqs edən bir qadına nifrət püskürən, ona düşmən kəsilən təfəkkür isə nə bu torpağın milli kimliyinə, nə də Azərbaycanın işıqlı gələcəyinə aiddir.

Təbii ki, "Çılğın dondurmaçı"nın şousu bir gün bitəcək, amma insanların bir neçə dəqiqəlik sevincini söndürmək istəyən qaranlıq zehniyyətlə mübarizəmiz bitməməlidir.

Maddiyyat, yoxsa seçim... - Azərbaycanda evliliklər niyə azalıb? Müəllimləri 200 manat cərimələmək bizə nə verəcək? Kişilər niyə aliment verməkdən imtina edirlər?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Avqust 2026 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri