Icma.az
close
up
RU
Donmuş prosesin buzları əriyir

Donmuş prosesin buzları əriyir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Fələstin siyasi sistemi yenidən fəaliyyətə başlayırmı?

Xarici mediada bu həftəsonu İordan çayının qərb sahilində və Qəzza zolağının bəzi bölgələrində yerli özünüidarəetmə orqanlarına səsvermə keçiriləcəyi barədə xəbər yayılıb. Məlumata görə, proses Qəzza müharibəsi başladıqdan sonra qərb sahildə, anklavda isə son iki onillikdə təşkil olunan ilk səsvermədir. Lakin prosesin zamanlaması, coğrafiyası və baş verdiyi geosiyasi kontekst onu böyük siyasi hadisəyə çevirir. Qəzza müharibəsinin davam etdiyi, Fələstin siyasi sisteminin legitimlik böhranı yaşadığı və regional güclərin müharibədən sonrakı idarəçilik modelini müzakirə etdiyi mərhələdə seçki amili gələcək siyasi arxitekturanın elementlərindən biri kimi ortaya çıxır.

Fələstin siyasi sistemində ümumilikdə seçki institutları uzun müddət faktiki donmuş vəziyyətdə idi. Bu baxımdan indiki səsvermə siyasi sistemin hələ işlək olub-olmamasının “isti” sınağı kimi qiymətləndirilə bilər. Seçkiləri xüsusi edən daha bir amil onun məhz müharibə fonunda keçirilməsidir. Müharibə adətən siyasi institutları zəiflədir, seçki proseslərini dondurur, idarəçilik mexanizmlərini iflic edir. Görünür, Fələstin nümunəsində vəziyyət əksinədir. Məhz müharibə siyasi prosesin yenidən hərəkətə gətirilməsi üçün impuls rolunu oynayır ki, bu da hadisəni daha mürəkkəb və analitik baxımdan əhəmiyyətli edir.

Seçkilərin arxasında duran əsas motivlərdən biri müharibədən sonrakı idarəetmə modelinə dair ilkin nümunə formalaşdırmaqdır. Çünki Qəzzada gələcəkdə bu ərazilərin kim tərəfindən və hansı mexanizmlə idarə olunacağı məsələsi gündəmin əsasını təşkil edir. Ona görə də Fələstin Administrasiyası seçki vasitəsilə daxili legitimlik toplamaqdan əlavə, beynəlxalq aktorlara funksional tərəfdaş olduğunu nümayiş etdirməyə çalışır. Çünki müharibədən sonrakı bərpa prosesində siyasi legitimliyi olmayan aktorun donor dəstəyi və beynəlxalq koordinasiya üzərində rol qazanması çətindir.

Sözsüz ki, bu gün Fələstin siyasi sistemində əsas problem siyasi etimadın tükənməsidir. Ona görə də seçkilərin bu fonda ortaya çıxması siyasi sistemin özünü bərpa etmək cəhdi kimi də başa düşülə bilər. Belə olan halda, səsverməyə böhran şəraitində siyasi dayanıqlılıq imtahanı kimi də baxmaq olar. Yəni əsas məsələ kimin qalib gəlməsindən çox, seçki institutunun işləməsidir. Çünki bəzi hallarda institutun mövcudluğunun özü nəticədən daha böyük siyasi məna daşıyır. Seçkilərin görünən tərəfi namizədlər və yerli şuralar uğrunda mübarizə olsa da, FƏTH–HƏMAS rəqabətinin yeni mərhələsi də müşahidə olunur. Mövcud qarşıdurma artıq uzun illərdir paralel idarəetmə modellərinin mübarizəsinə çevrilib. Səsvermənin ikili siyasi arxitekturanı dəyişə bilməsə də, balansa təsir göstərməsi ehtimalı yüksəkdir.

FƏTH üçün seçkilər Qəzzada yenidən institusional mövqe qazanmaq cəhdidir. HƏMAS üçün isə ictimai dayağın real miqyasını qiymətləndirmək vasitəsinə çevrilir. Bu səbəbdən görünən sakitlik fonunda seçki əslində siyasi güc ölçüsüdür.

Maraqlıdır, legitimlik problemi seçkilərlə həll oluna bilərmi? Nəzərə almaq lazımdır ki, Fələstin siyasi sistemində əsas problem seçki ilə legitimlik arasında əlaqənin zəifləməsidir. Ən əsası, cəmiyyətin mühüm hissəsində seçkinin real dəyişiklik yarada biləcəyinə dair skeptisizm var. Aşağı iştirak göstəricilərinin arxasında da məhz bu etimadsızlıq dayanır. Amma legitimlik seçkidən sonra formalaşacaq idarəetmənin real nəticələri ilə möhkəmlənə bilər. Bir nüansı da qeyd edək ki, seçilmiş yerli strukturların formal çərçivədə qaldığı təqdirdə, seçkilər siyasi etimadı artırmaq əvəzinə daha çox simvolik hadisə kimi yadda qalacaq.

Yeri gəlmişkən, səsvermənin regional diqqət çəkməsi onun yalnız daxili məsələ olmadığını göstərir. Misir, İordaniya və Körfəz aktorları üçün Qəzzanın gələcək idarəçilik modeli regional təhlükəsizlik məsələsidir. Bu səbəbdən yerli seçki kimi görünən proses əslində daha böyük geosiyasi hesablamaların tərkib hissəsinə çevrilir. Eyni yanaşma Qərbdə də müşahidə olunur. Vaşinqton və Brüssel prosesi daha çox idarəçilik vakuumunu qismən doldurmaq cəhdi kimi yozur. Həmin yanaşmanın mərkəzində belə bir məntiq dayanır ki, institusional boşluq dərinləşdikcə, radikallaşma və qeyri-sabitlik arta bilər. Bu səbəbdən seçkilər həm də təhlükəsizlik mexanizmi kimi qəbul edilir.

Seçkilər Fələstin liderliyi üçün də ciddi testdir. Uzun illərdir təxirə salınan proses artan narazılıqlar və siyasi elitanın qocalması fonunda yenilənmə modeli kimi təqdim olunur. Model işləsə, mövcud liderlik üçün legitimliyin bərpası üçün imkan yaranması ehtimalı yüksəkdir. Əgər gözlənilən nəticəni verməsə, proses əks-effekt yaradaraq siyasi böhranı dərinləşdirə bilər. Ona görə də seçkiləri həm də mövcud liderliyin siyasi dayanıqlılıq sınağı kimi təhlil etmək düzgün olar.

Sonda onu da qeyd edək ki, siyasi sistemlərdə böyük transformasiyalar bəzən kiçik institusional hərəkətlərlə başlayır. Həftəsonu keçiriləcək seçkilərin də hərəkət potensialı yaratmaq ehtimalı yüksəkdir. Onun real dönüş nöqtəsinə çevrilməsi isə yalnız seçkidən sonrakı siyasi dinamika ilə müəyyən olunacaq. Əgər proses daha geniş siyasi yenilənməyə yol açarsa, indiki səsvermə başlanğıc kimi tarixə düşə bilər. Əks halda, bu, yalnız böhran fonunda simvolik siyasi jest olaraq xatırlanacaq.

Yusif BAĞIRZADƏ,
politoloq

Şübhəsiz, bu seçkilərə, sadəcə yerli, idarəetmənin yenilənməsi kimi baxmaq düzgün olmaz. Seçkilərdən dərhal strateji-siyasi dönüş gözləmək də realist yanaşma deyil. Əslində, iki paralel proses gedir. Bunlardan biri texniki-institusional, digəri isə simvolik və siyasi yükü ağır olan prosesdir. Qəzza zolağı və İordan çayının qərb sahili kimi bölgələrdə yerli seçkilər formal olaraq bələdiyyə və icma idarəçiliyini müəyyən edir. Yəni su təchizatı, infrastruktur, kommunal xidmətlər, yerli vergi və gündəlik idarəetmə məsələləri əsasdır. Bu baxımdan səsvermənin birbaşa dövlət quruculuğu və ya sülh prosesində dönüş yaratması institusional baxımdan mümkün deyil. Amma məsələ yalnız texniki idarəetmə ilə bitmir.

Seçkilərin siyasi çəkisi, bölgədəki uzunmüddətli böhran fonunda daha geniş məna qazanır. Xüsusilə Qəzzada uzun illər davam edən idarəetmə vakuumu, müharibə və dağıntı fonunda keçirilən ilk yerli seçkilər olması onu həm daxili legitimlik, həm də simvolik “yenidən təşkilatlanma” göstəricisinə çevirir. Yəni insanlar üçün səsvermə hələ də siyasi həyat mümkündürmü? sualına cavab axtarışıdır. Digər tərəfdən, proses regiondakı siyasi parçalanmanı da üzə çıxarır. Qərb sahildə və Qəzzada fərqli siyasi idarəetmə modellərinin mövcudluğu artıq uzun illərdir davam edir və seçkilər həmin fərqliliyi ya yumşalda, ya da daha da dərinləşdirə bilər.

Eyni zamanda, bu məsələdə beynəlxalq kontekst də mühüm rol oynayır. Regionda baş verən proseslər İsrail–Fələstin münasibətləri, humanitar vəziyyət və təhlükəsizlik dinamiki ilə sıx bağlıdır. Bu səbəbdən yerli seçkilər daha geniş geosiyasi müzakirələrin tərkib hissəsinə çevrilir. Amma yerli idarəetmə seçkiləri adətən böyük siyasi razılaşmaların yerinə keçmir, mövcud reallığı idarə etməyə xidmət edir.

Seçkilər demokratik iştirakın bərpası və yerli legitimliyin güclənməsi baxımından vacibdir, amma nə münaqişənin fundamental səbəblərini həll edir, nə də regional siyasi düyünləri açır. Daha real yanaşma ondan ibarətdir ki, seçkilər uzunmüddətli prosesin kiçik, amma əhəmiyyətli bir elementi kimi qiymətləndirilə bilər.

Nəzrin ELDARQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see251

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see245

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see239

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see235

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see235

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see231

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see230

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see230

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see230

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see210

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see209

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see208

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see203

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see200

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see196

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see196

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see194

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see184

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see172

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri