Icma.az
close
up
RU
“Dovğa bişirməyi çox sevirəm” Futbol millimizin gəncəli aşpazının ə MÜSAHİBƏSİ

“Dovğa bişirməyi çox sevirəm” Futbol millimizin gəncəli aşpazının ə MÜSAHİBƏSİ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qalib Ələsgərovu Azərbaycan futbolunun ən vacib fiqurlarından biri hesab etmək olar. Çünki o, futbolçularımızın qida rasionuna cavabdeh şəxsdir. Qalib Ələsgərov Azərbaycanının bütün yaş qruplarını əhatə edən futbol yığmalarının baş aşpazıdır. O, milli ilə birlikdə bir çox ölkəni gəzib. Müsahibimiz oyunlardan əvvəl futbolçularımız öz yeməkləri ilə ruhlandırlr, onların sevincinə şərik olur, çətin anlarda isə idmançılarımızı “kulis arxasında” müşahidə edə bilir.

Milli komandadan başqa, Qalib Ələsgərov Azərbaycanın demək olar ki, bütün aparıcı klubları ilə işləyib. Onun şəxsi kartinq (yemək xidməti göstərən) şirkəti var, həmçinin Bakının mərkəzində yerləşən restoranın həmtəsisçisidir.

İdman.Biz-ə müsahibəsində aşpaz öz işi və peşəkar futbolçuların qidalanma prinsipləri barədə ətraflı danışıb.

- Aşpaz kimi fəaliyyətə necə başladınız?

- Karyerama 22 il əvvəl Moskvada başlamışam - o vaxt ofisiant işləyirdim. Zaman keçdikcə mətbəxə marağım artdı və aşpazlardan kömək etməyə icazə istəyirdim. Onlar mənə sadə işlər tapşırırdılar - salat hazırlamaq, tərəvəz doğramaq. Beləcə, yavaş-yavaş bu peşəyə yiyələndim. Hərçənd ixtisasca hüquqşünasam, amma başa düşdüm ki, əsl həvəsim kulinariyadır. Yemək bişirmək və insanları dadlı yeməklərlə sevindirmək həmişə xoşuma gəlib. 14 il əvvəl Bakıya köçdüm, bir neçə tanınmış restoranda işlədim. Artıq 11 ildir ki, bütün yaş milli komandalarımızla əməkdaşlıq edirəm.

- Sizə idmançılarla işləməyi təklif edəndə reaksiyanız necə oldu?

- Dərhal razılaşdım, tərəddüd etmədim. İdman qidalanması ümumiyyətlə adi menyudan çox da fərqlənmir, sadəcə, yağlı yeməklər və şəkər tərkibli məhsullar istisna olunur. Bundan əlavə, mənim dietologiya üzrə biliklərim var: istər arıqlama, istərsə də çəkisalma məqsədi ilə fərqli qidalanma proqramları tərtib edə bilirəm.

- Bu bilikləri harada qazanmısınız?

- Dietologiya kursları keçmişəm. Aşpaz məktəblərində əsasən nəzəriyyə öyrədilir - kalori hesablanması, texnoloji kartların tərtibi və s. Amma əsl peşəkarlıq yalnız təcrübə ilə gəlir - yaxşı restoranda, təcrübəli aşpazlarla işləyəndə.

Yeməklərin kalori dəyərini düzgün hesablamaq üçün məhsulların qida tərkibini bilmək lazımdır. Bu isə səbir və daimi inkişaf tələb edir. Məsələn, Bakının tanınmış restoranlarından biri üçün menyu hazırlamışdım, hər yeməyin altında kalori, zülal, yağ və karbohidrat miqdarı göstərilmişdi. O vaxt, təxminən 6-7 il əvvəl, bu, Azərbaycan üçün yenilik idi. Beləliklə, milli komanda ilə işləmək imkanı yarananda özümə inandım. Əksinə, yeni bir təcrübə qazanmaq mənə maraqlı idi. İşimdən razıyam, çünki bu, mənə zövq verir.

- Azərbaycan futbolçularının gündəlik menyusu necə görünür?

- Futbolçular gündə üç dəfə, müəyyən qrafik üzrə qidalanırlar. Əlavə olaraq, qəlyanaltılar - kofe fasilələri və yüngül qidalar nəzərdə tutulur. Səhər yeməyi çoxçeşidli olur: az yağlı kəsmik, yoqurt, avokado, az duzlu qızılbalıq, zeytun, motsarella kimi az yağlı pendirlər, bibər, omlet, yumurta. Dənli yeməklərdən qarabaşaq, düyü və manna sıyığı. Bəzən kruassan da təqdim edirik, amma bu, daha çox istisna halıdır. Bulka və çörək isə demək olar ki, yeyilmir.

Nahar və şam yeməkləri maksimum balanslı olur. Salatlar mayonezsiz hazırlanır - bəzi hallarda az miqdarda xama istifadə edilə bilər. Ət yeməkləri əsasən az yağlı olur: toyuq filesi, balıq, bəzən yağsız qırmızı ət. Quzu ətini menyuya çox nadir hallarda daxil edirik. Qarnir kimi - düyü, qarabaşaq, spagetti, yüngül kartof püresi olur.

Şorbalar arasında əsasən təmiz toyuq bulyonu üstünlük təşkil edir - üstünə göyərti və toyuq parçası əlavə olunur. Meyvələrdən banan, alma, üzüm yeyirlər. Desertlər isə əsasən ştrudel, krosstata (italyan piroqu) və meyvə salatlarıdır, bunların kremli olmaması vacibdir. Həmçinin quru meyvələr və qoz-fındıq da daim menyuda yer alır.

- İdmançıların qidalanması onların fərdi xüsusiyyətlərinə uyğun şəkildə tənzimlənirmi?

- Əlbəttə. Bəzən həkim bildirir ki, məsələn, kimsədə hemoqlobinin səviyyəsi aşağıdır. Mütəxəssisin tövsiyələrinə əsaslanaraq menyuya daha çox çuğundur, təzə şirələr və enerjini saxlamaq üçün bir qədər şokolad əlavə edirik. Eyni şey çəki yığmaq və ya əksinə, azaltmaq lazım gələndə də tətbiq olunur.

Tibbi amillərlə yanaşı, biz həmişə hər bir idmançının fərdi qidalanma xüsusiyyətlərini də nəzərə alırıq. Bütün təcrübəm ərzində yalnız bir dəfə belə hal olub ki, Azərbaycanın çimərlik futbolu millisinin oyunçusu ciddi şəkildə vegetarian qidalanmasına əməl edirdi. Onun üçün ayrıca menyu tərtib etmişdik - ora lobya, paxlalılar və tərəvəz yeməkləri daxil idi. Mən vegetarian mətbəxini çox sevirəm və doyurucu, balanslaşdırılmış yeməklər bişirməyi bacarıram: əti paxlalılarla asanlıqla əvəz etmək mümkündür və qidalanma baxımından demək olar ki, fərq hiss olunmur.

- Futbolçuların oyun günündəki menyusu nə ilə fərqlənir?

- Oyundan üç gün əvvəl rasiondan tamamilə yağlı və şirin məhsulları çıxarırıq. Əgər toplanış bir həftədən çox davam edirsə, ilk günlərdə bir qədər “rahatlıq” yarada bilərik - menyuya milli mətbəxdən bir yemək, məsələn, dolma əlavə edirik. Vacib olan odur ki, futbolçuların çəkisi sabit qalsın, çünki onlar hər gün çəkilirlər. Bununla yanaşı, orqanizmlərinə lazımi mikroelementləri və kifayət qədər kalori qəbulunu da təmin etməliyik - axı məşqlər azı iki saat davam edir və yedikləri tez şəkildə enerji kimi xərclənir.

Oyun günü rasion daha da ciddi olur: pomidor, tomat sousu, çuğundur, qara gavalı - yəni mədə turşuluğu və ya köp yarada biləcək hər şeyi menyudan çıxarırıq. Matçdan 3-4 saat əvvəl futbolçulara yalnız karbohidratlar veririk - toyuq langeti ilə spagetti, bəzən isə onu qırmızı balıqla əvəzləyirik. Üzərinə pesto sousu(əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur – red) və bir az rəndələnmiş parmezan əlavə edə bilərik.

- Bəs bu menyunu kim tərtib edir?

- Əsas menyunu milli komandanın baş həkimi hazırlayır. Komanda səfərə çıxanda bizdə adətən artıq şablon menyu olur. Lakin menyu həkimin tövsiyələrinə və ya baş məşqçinin razılığına əsasən dəyişdirilə bilər. Məsələn, futbolçuları milli mətbəx nümunəsi ilə sevindirmək istəsəm - deyək ki, düşbərə ilə - mütləq əvvəlcədən həkim və məşqçi ilə məsləhətləşirəm.

Məhsulları baş həkim tərəfindən təsdiqlənmiş standart siyahıdan seçirəm. Məsələn, hansı növ ət və qarnir bişirəcəyimə qərar verirəm. Bu seçim bir gün əvvəl edilir, amma yekun qərar mütləq yenidən həkimlə razılaşdırılır. Təsdiq alındıqdan sonra biz hazırlıqlara başlayırıq və növbəti gün yeməklər bişirilir.

- Heç idmançılarla “kim nə qədər yeyə bilər” məsələsində anlaşılmazlıq olurmu?

- Bizim uşaqlar çox intizamlıdırlar. Mən müxtəlif yerlərdə işləmişəm və görmüşəm ki, bəzi insanlar bufetdə və ya “İsveç masası” özlərinə lazım olandan artıq yemək götürürlər. Bizdə belə hal yoxdur: hər bir futbolçu öz miqdarını dəqiq bilir. Əgər ona iki tikə lazımdırsa, iki tikə götürəcək, artıq yox. Hətta 17-18 yaşlı gənclər belə düzgün qidalanmanın nə qədər vacib olduğunu anlayırlar. Böyüklər isə, təbii ki, onlara nümunə olurlar. Görünür ki, hamı çalışır, öz üzərində işləyir və uğur qazanmaq istəyir.

- Doğrudanmı, heç kim gizlincə otelə çips və s. gətirməyib?

- Xeyr, belə şey bizdə olmur. Futbolçular bilirlər ki, çips zərərli qidadır və qaydaları pozmaq olmaz. Toplanış zamanı onlar demək olar ki, bazadan kənara çıxmırlar. Həmçinin əraziyə kənar şəxslər də buraxılmır.

- Futbolçular nə vaxt istədiklərini yeyə bilirlər?

- Toplanış və yaxın oyunlar olmayanda. O vaxt uşaqlar istədiklərini sifariş edə bilirlər. Hamı kimi onlar da bəzən yağlı yeməkləri sevirlər - burqer, fri kartof və sair. Amma ən çox milli yeməkləri istəyirlər: dolma, şah plov, paxlava. Xüsusən də xaricdə oynayanlara bu qidalar üçün çox darıxırlar. Həmçinin ət yeməklərini şabalıd, zoğal və ya albalı sousu ilə yeməyi çox xoşlayırlar. Bəzən balığı ispanaqlı sousla bişirmişəm, baxmayaraq ki, adətən qaymaqlı məhsullardan uzaq dururuq.

- Uduzduqları oyundan sonra onlara “cəzalı” yemək verildiyi olurmu?

- Xeyr, belə şey bizdə yoxdur. Kimsə qalib gəlir, kimsə uduzur - bu, idmanın bir hissəsidir. Komandamız çox yaxşıdır: son üç oyunda göstərdilər ki, ürəklə oynayırlar. Yeni baş məşqçimiz də çox yaxşı insandır, onunla işləmək xoşdur.

Ümumiyyətlə, mən hesab edirəm ki, futbolçulara “olmaz” demək düzgün deyil. Onları bəzən sevindirmək lazımdır. Axı futbol ölkəmizin simasıdır və vacibdir ki, uşaqlar razı və əhval-ruhiyyəli olsunlar. Xüsusilə də oyun öncəsi pis əhval heç kimə lazım deyil (gülür). Necə deyərlər, ürəyə gedən yol mədədən keçir: insan ac olanda ən yaxşı nəticəsini göstərə bilməz.

- Sizin “tac yeməyiniz” hansıdır?

- Milli yeməklərimiz. Məsələn, mən sacda dana qovurmasına xüsusi diqqət yetirirəm. Özüm gəncəliləyəm və Gəncə üsulunda dovğa bişirməyi çox sevirəm. Həmçinin səbzini qeyd edə bilərəm - bu yemək xüsusi ustalıq tələb edir. Vacibdir ki, ət ağızda “ərisin”, göyərti qaralmasın və ya saralmasın, yüngül turşməzə dad və gözəl görünüş üçün isə zirinc əlavə edirəm (bunu hamı etmir). Xarici yeməklərdən isə Ukrayna borşunu bişirməyi sevirəm. Futbol aləmində isə mən göbələk şorbası ilə tanınıram.

- Komanda xaricə gedəndə aşpazın işi necə olur?

- Adətən komandadan bir gün əvvəl gedirəm. Otelin aşpazı ilə tanış oluram, menyuya baxıram. İlk məsələ - ətin halal olub-olmamasıdır. Çünki uşaqların çoxu namaz qılır. Bəzən halal ət tapmaq üçün əvvəlcədən mağazalarla əlaqə saxlayıb sifariş verməli oluram. Mətbəxin təmizliyini və təşkilatlanmasını da mütləq yoxlayıram.

Adətən səhər saat 4-5-də oyanıb səhər yeməyini hazırlayıram. Xaricdə şorba və düyünü həmişə özüm bişirirəm - bunu yerli aşpazlara etibar etmirəm. Qalan yeməkləri ya onlarla birlikdə bişiririk, ya da prosesi nəzarətdə saxlayıram.

- Özünüzlə hansı məhsulları aparırsınız?

- Bəli, olur. Adətən özümlə Azərbaycan düyüsü, sarıkök və kəklikotu aparıram. Bəzən zoğal və gavalı sousları da götürürəm - bunlar ətə xüsusi dad verir. Qalan məhsullar isə adətən otellərdə tapılır.

- Son sual: futbol millisinin aşpazı futboldan anlamalı və bu oyunu sevməlidirmi?

- Düzünü desəm, futboldan çox başım çıxmır, amma uşaqlarımıza bütün qəlbimlə azarkeşlik edirəm! Bizim millimiz mənim sevimli komandamdır. Hər zaman onları dəstəkləməyə çalışıram, tanışları stadiona dəvət edirəm. Onlar üçün mütəmadi yemək bişirəndə bir növ bağ yaranır və istəyirsən ki, uğur qazansınlar.

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Oktyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see275

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see125

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see124

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see122

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see121

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri