Dövlət ehtiyatları təhlükəsizliyimizin əsaslarından biridir
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
I hissə. Azərbaycanda dövlət ehtiyatlarını sisteminin tarixi və bu sahədə yeni inkişaf mərhələsinin başlanğıcı
Dövlət ehtiyatlarının yaradılması hər bir dövlətin təhlükəsizliyinin, fövqəladə hallara hazırlığının və müdafiə qabiliyyətinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən strateji sahələrdən biridir. Ölkəmizdə dövlət material ehtiyatlarının yaradılması, saxlanılması və onlardan istifadə məsələləri uzun müddət SSRİ-nin vahid təsərrüfat və planlaşdırma sisteminin tərkib hissəsi kimi aparılırdı. Həmin dövrdə qeyd olunan məsələlər ittifaq səviyyəsində idarə edildiyindən, Azərbaycan SSR-də də bu fəaliyyət mərkəzləşdirilmiş qaydada həyata keçirilirdi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dərin siyasi, iqtisadi və hərbi böhranla üz-üzə idi. Bu vəziyyət dövlət idarəçiliyinin bütün sahələri kimi, dövlət ehtiyatları sisteminə də ciddi təsir göstərmiş, Sovet İttifaqının dağılmasından sonra ehtiyatların idarə olunması mexanizmləri zəifləmiş, onların saxlanılması, yenilənməsi, uçotu və mühafizəsi sahəsində ciddi çatışmazlıqlar yaranmışdı. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkə ərazisinin bir hissəsinin işğalı, bir milyondan artıq qaçqın və məcburi köçkünün sosial təminatı, eləcə də dərin iqtisadi böhran dövlət ehtiyatlarının əhəmiyyətini daha da artırmışdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev tərəfindən dövlət idarəçiliyinin yenidən təşkili istiqamətində köklü və hərtərəfli addımlar atıldı. Həmin dövrdə ölkədə siyasi və iqtisadi qeyri-sabitliyin aradan qaldırılması, dövlət institutlarının fəaliyyətinin bərpa edilməsi, mərkəzi idarəetmənin gücləndirilməsi və hərbi quruculuq əsas prioritetlərdən idi. Dahi öndərin ölkədə həyata keçirdiyi islahatlar dövlət ehtiyatları sisteminin də bərpası və təkmilləşdirilməsi üçün əlverişli zəmin yaratdı. Bu dövrdə dövlət ehtiyatlarının qorunması, uçotunun aparılması, etibarlı saxlanılması və səmərəli istifadəsinin təmini vahid dövlət siyasətinin əsas vektorlarından birinə çevrildi.
2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkənin siyasi, iqtisadi və hərbi qüdrəti əhəmiyyətli dərəcədə möhkəmləndi, beynəlxalq nüfuzu artdı, milli təhlükəsizlik, sosial-iqtisadi dayanıqlılıq sahələrində hüquqi və institusional mexanizmlərin formalaşdırılması uğurla davam etdirildi. Vaxtında atılan uzaqgörən addımların məntiqi nəticəsi olaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı və sonrakı dövrdə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa olundu.
Son dövrlərdə dünya iqtisadiyyatında baş verən proseslər, beynəlxalq logistika zəncirlərinin pozulması, iqlim dəyişikliklərinin təsiri, ərzaq bazarlarında qeyri-sabitlik, pandemiyalar, regional münaqişələr və digər fövqəladə hallar dövlətlərin strateji hazırlıq səviyyəsinə yeni çağırışlar formalaşdırır. Bu da öz növbəsində təhlükəsizlik sisteminin bütün komponentlərinin, o cümlədən dövlət ehtiyatları institutunun əhəmiyyətini daha da artıraraq, hər bir dövlətin milli təhlükəsizlik arxitekturasının ayrılmaz elementi kimi çıxış edir.
İndiki dövrdə dövlət ehtiyatları yalnız maddi sərvətlərin saxlanılması funksiyasını daşımır, həm də iqtisadi təhlükəsizliyin təmin olunması, bazarın sabitliyinin qorunması, fövqəladə halların nəticələrinin aradan qaldırılması və səfərbərlik hazırlığının həyata keçirilməsi baxımından dövlət idarəçiliyinin əsas elementlərindən biri hesab olunur.
Xüsusilə COVID-19 pandemiyası zamanı bir çox ölkələr tibb və dərman vasitələrinin, ərzaq məhsullarının və digər strateji malların çatışmazlığı ilə üzləşdi. Eyni zamanda, geosiyasi gərginliklər və beynəlxalq ticarət marşrutlarında yaranan problemlər bir daha göstərdi ki, daxili ehtiyatların mövcudluğu dövlət təhlükəsizliyin əsas təminatlarından biridir. Bu baxımdan, dövlət ehtiyatları yalnız fövqəladə hallarda istifadə edilən resurs deyil, həm də iqtisadi təhlükəsizliyin idarə olunmasının mühüm alətinə çevrildi.
Məhz bu strateji yanaşmanın nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli Fərmanı ilə dövlət ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradıldı. Bununla dövlət ehtiyatlarının idarə olunması sahəsində yeni idarəetmə modeli formalaşdırıldı, bu istiqamətdə fəaliyyət göstərən strukturların vahid təşkilati çərçivədə birləşdirilməsi təmin edildi. Yeni model dövlət ehtiyatlarının yaradılması, idarə edilməsi proseslərinin daha çevik, şəffaf, sistemli və səmərəli həyata keçirilməsi üçün mühüm zəmin yaratdı. 2022-ci il 10 fevral tarixində imzalanmış Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi bu prosesin mühüm mərhələlərindən biri oldu. Nizamnamə Agentliyin hüquqi statusunu, fəaliyyət istiqamətlərini, vəzifələrini və hüquqlarını, idarəetmə prinsiplərini və digər məsələləri müəyyənləşdirdi.
Yeni qurumun yaradılması ilə bu sahədə mütərəqqi qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində addımlar atıldı, dövlət ehtiyatlarının yaradılması və idarə olunması sahəsində ölkə başçısının tapşırıqlarının icrası ilə bağlı məqsədyönlü və ardıcıl işlərə başlanıldı.
II Hissə. Dövlət ehtiyatları sahəsində hüquqi islahatlar
Dövlət Ehtiyatları Agentliyinin yaradılması dövlət ehtiyatlarının idarə olunmasında yeni mərhələnin başlanğıcını qoysa da, davamlı və səmərəli idarəetmə modelinin formalaşdırılması üçün dövlət ehtiyatlarının dairəsinin müəyyən edilməsi, onların yaradılması, saxlanılması, buraxılması və digər məsələlərlə bağlı münasibətləri vahid hüquqi çərçivədə tənzimləməsi xüsusi əhəmiyyət kəsb edirdi.
Bu baxımdan, Dövlət Ehtiyatları Agentliyi tərəfindən intensiv işlər aparılmış, beynəlxalq təcrübə, o cümlədən qabaqcıl dünya ölkələrinin bu sahədə keçdiyi inkişaf yolu nəzərdən keçirilmiş və aidiyyəti dövlət orqanlarının iştirakı ilə “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi hazırlanmışdı. Qabaqcıl sahə ekspertlərinin və mütəxəssislərin fəal iştirakı ilə keçirilmiş ətraflı müzakirələrdən və təhlillərdən sonra 2023-cü il 19 dekabr tarixində qəbul edilmiş “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət ehtiyatları sahəsində aparılan islahatların mühüm hüquqi nəticəsi oldu. Qanun dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Qanunda ilk dəfə dövlət ehtiyatlarının mahiyyəti və əsas kateqoriyaları sistemli şəkildə müəyyən edildi. Dövlət ehtiyatlarına strateji, fövqəladə və səfərbərlik ehtiyatlarından ibarət olmaqla maddi sərvətlərin xüsusi fondu kimi anlayış verildi, eyni zamanda, dövlət ehtiyatlarının təyinatı və nomenklaturaları, bu sahədə dövlətin vəzifələri, dövlət qurumlarının fəaliyyət istiqamətləri və digər məsələlər tənzimləndi.
Qanunun qəbulundan sonra onun praktiki tətbiqi üçün geniş normativ-hüquqi baza formalaşdırılmasına başlanıldı. Belə ki, dövlət başçısının Qanunun tətbiqi ilə bağlı 2024-cü il 2 fevral tarixli Fərmanı ilə bir sıra mühüm məsələlərin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verildi və Dövlət Ehtiyatları Agentliyinin dövlət ehtiyatları üzrə məsul orqan kimi müəyyən edildi. Bundan irəli gələrək, ötən müddət ərzində Nazirlər Kabineti tərəfindən strateji əhəmiyyətli malların siyahısı, habelə malların adını, ölçü vahidini və tələb olunan minimal həcmini özündə birləşdirən dövlət ehtiyatlarının nomenklaturaları, “Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları”, “Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın forması və təqdim edilməsi Qaydası” və digər mühüm normativ hüquqi aktlar təsdiq edildi. Beləliklə, Qanunun qəbul edilməsi ilə proses başa çatmadı, əksinə, bu sahədə yeni mərhələ başlandı.
Həyata keçirilən islahatlar dövlət ehtiyatlarının idarə olunmasını daha geniş dövlət siyasəti kontekstinə daxil etdi və ehtiyatların yalnız böhran zamanı istifadə olunan resurs kimi deyil, ölkənin dayanıqlı inkişafını və milli təhlükəsizliyini dəstəkləyən strateji mexanizm kimi rolunu gücləndirdi.
Beləliklə, 2021-ci ildə institusional əsasları yaradılan sistem qısa müddət ərzində hüquqi baxımdan inkişaf etdirildi, “Dövlət ehtiyatları haqqında” Qanunun qəbul edilməsi ilə vahid hüquqi çərçivəyə salındı, onun icrası üçün zəruri normativ mexanizmlər formalaşdırıldı. Bununla belə, “Dövlət ehtiyatları haqqında” Qanunun formalaşmış təcrübəyə uyğunlaşdırılması istiqamətində təkmilləşdirmə işləri nəzərdə tutulur.
III Hissə. Dövlət ehtiyatları sahəsində idarəetmənin təşkili
Bu gün dövlət ehtiyatlarının əhəmiyyətini qiymətləndirərkən ilk növbədə ölkənin ərzaq təhlükəsizliyi məsələsinə diqqət yetirmək lazımdır. Ərzaq təminatının dayanıqlılığında yalnız kənd təsərrüfatı istehsalının həcmi deyil, tədarük, saxlama, logistika, daxili bazarın təchizatı və mümkün xarici şoklara hazırlıq kimi bir-biri ilə bağlı çoxsaylı amillər mühüm rol oynayır.
Bu yanaşma dövlət ehtiyatlarının sisteminin iqtisadi təhlükəsizliyin təminində əhəmiyyətini gücləndirir. Belə ki, müasir dünyada iqtisadi təhlükəsizlik yalnız maliyyə və valyuta sabitliyi ilə məhdudlaşmır. Belə ki, ölkənin strateji məhsullarla təminatının davamlılığı, xarici təchizat zəncirlərindən asılılığın idarə olunması və fövqəladə vəziyyətlər zamanı əhalinin və iqtisadiyyatın zəruri resurslarla təmin edilməsi də iqtisadi təhlükəsizliyin mühüm elementlərindəndir.
Azərbaycanın yerləşdiyi geosiyasi və coğrafi mövqe bu məsələyə xüsusi diqqət yetirilməsini zəruri edir. Ölkəmizin mühüm beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin kəsişməsində yerləşməsi yeni iqtisadi imkanlarla yanaşı, qlobal və regional proseslərdən irəli gələn risklərin daim nəzərə alınmasını labüd edir. Son illərdə nəqliyyat marşrutlarının dəyişməsi, qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər və regionda geosiyasi proseslərin gərginləşməsi dövlət ehtiyatların formalaşdırılmasının əhəmiyyətini daha da artırır.
Bu baxımdan, Agentlik tərəfindən strateji əhəmiyyətli malların monitorinqinin aparılması və erkən xəbərdarlıq mexanizmlərinin yaradılması mühüm əhəmiyyət daşıyır. Bazar proseslərinin və onların dəyişmə tendensiyalarının və digər bu kimi amillərin davamlı müşahidəsi dövlətə yalnız mövcud vəziyyəti qiymətləndirmək deyil, potensial riskləri daha erkən mərhələdə müəyyənləşdirmək imkanı verir.
Son dövrün mühüm nəticələrindən biri də dövlət ehtiyatlarının idarə edilməsində dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarının genişlənməsidir. İqtisadiyyatın mühüm hissəsinin özəl sektor tərəfindən formalaşdırıldığı şəraitdə strateji malların idxalını, istehsalını və satışını həyata keçirən bazar iştirakçıları ilə səmərəli əməkdaşlıq dövlət ehtiyatlarının dayanıqlılığını artıran mühüm amildir.
Dövlət ehtiyatlarının çoxşaxəli funksionallığı onların yalnız daxili böhran vəziyyətlərinin, habelə müdafiə və səfərbərlik ehtiyaclarının idarə edilməsində deyil, zəruri hallarda humanitar məqsədlərin həyata keçirilməsində də mühüm vasitə kimi çıxış etməsinə imkan verir. Bu baxımdan, dövlət ehtiyatlarının imkanlarından istifadə edilməklə həyata keçirilən humanitar yardım tədbirləri ölkəmizin həmrəylik və qarşılıqlı dəstək prinsiplərinə sadiqliyinin, eləcə də dövlət ehtiyatlarının sisteminin praktik əhəmiyyətinin növbəti göstəricisidir. Bu çərçivədə, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıqlarına əsasən dost ölkələrə humanitar yardımlar göndərilir.
VI Yeni mərhələnin mühüm institusional addımı: Agentliyə mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi
2021-ci ildə Agentliyin yaradılması ilə başlanan proses sonrakı illərdə “Dövlət ehtiyatları haqqında” Qanunun qəbul edilməsi və onun tətbiqini təmin edən normativ hüquqi mexanizmlərin formalaşdırılması ilə idarəetmənin hüquqi əsasları müasir çağırışlara uyğunlaşdırıldı. Bu islahatlar dövlət ehtiyatlarının idarə olunmasında vahid yanaşmanın tətbiqinə, şəffaflığın artırılmasına, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və təhlükəsizliyin mühüm tərkib hissəsi olan ehtiyat sisteminin daha səmərəli fəaliyyət göstərməsinə əlverişli şərait yaratdı. Bu baxımdan ölkəmizdə 2021–2026-cı illər dövlət ehtiyatları sisteminin yeni əsaslar üzərində formalaşdığı mühüm inkişaf mərhələsi kimi hesab oluna bilər.
Bu sisteminin inkişafında 2026-cı il xüsusi əhəmiyyət daşıyan yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli Fərmanı ilə Dövlət Ehtiyatları Agentliyinə mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilk növbədə möhtərəm cənab Prezident İlham Əliyevin dövlət ehtiyatları sahəsində göstərilən fəaliyyətə diqqət və qayğısının növbəti real təzahürü olmuşdur. Eyni zamanda, dövlət başçısının bu addımı həyata keçirilən institusional islahatların məntiqi davamı olmaqla yanaşı, bu sahənin dövlət siyasətində və idarəçiliyindəki əhəmiyyətini daha da artdığını göstərir.
Agentliyin əvvəlki mərhələdə publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi dövlət ehtiyatlarının idarə olunması sahəsində çevik və müasir idarəetmə mexanizmlərinin formalaşdırılmasına imkan verən model kimi mühüm rol oynadı. Bununla belə, dövlət ehtiyatlarının sosial-iqtisadi, təhlükəsizlik, fövqəladə hallara hazırlıq və səfərbərlik hazırlığı ilə birbaşa əlaqəsi bu sahənin dövlət siyasətində xüsusi koordinasiya və icra səlahiyyətlərinə malik olmasını zəruri edir. Bu baxımdan Agentliyə mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi yalnız təşkilati-hüquqi status dəyişikliyi kimi deyil, dövlət ehtiyatları sahəsinin dövlət siyasətinin priotiet istiqaməti olmasını nümayiş etdirir.
Nəticə
Azərbaycanın son illərdə əldə etdiyi misilsiz siyasi, iqtisadi və hərbi uğurlar, dövlət idarəçiliyində aparılmış islahatlar və milli təhlükəsizliyin təmin olunmasına yönəlmiş ardıcıl siyasət dövlət ehtiyatlarının sisteminin də yeni mərhələdə inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır.
Bu gün qarşıda duran əsas vəzifələr formalaşdırılmış bazanın, eləcə də dövlət ehtiyatlarının həcmi, çeşidi və yerləşdirilməsi üzrə tələblərin, habelə onların yeniləşdirilməsi və əvəzlənməsi prosesində effektiv idarəetmənin daha da təkmilləşdirilməsi, risk əsaslı planlaşdırmanın gücləndirilməsi, rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi, strateji əhəmiyyətli mallar üzrə monitorinq və erkən xəbərdarlıq mexanizmlərinin inkişaf etdirilməsi, habelə dövlət və özəl sektor arasında əməkdaşlığın daha səmərəli qurulmasıdır.
Bununla yanaşı, yaradılmış dövlət ehtiyatlarının etibarlı saxlanılmasının təmini baxımından mövcud infrastrukturun təkmilləşdirilməsi və genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamətdə artıq mərkəzi icra hakimiyyəti orqanı kimi Dövlət Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bundan sonra da dönmədən davam etdirilərək, ölkəmizinin təhlükəsizliyinin və dayanıqlı inkişafının etibarlı təminatına xidmət edəcəkdir.
Zaur Ağapaşayev
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin
Hüquq şöbəsinin müdiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 23 Sentyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















