Xalq şairinin ölməzlik abidələri
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səməd Vurğun – 120
Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi onun Bakı şəhərində əzəmətli heykəlinin ucaldılmasının 65 illiyi və Fəxri xiyabanda məzarı üstündə abidə qoyulmasının 60 illiyi ilə eyni vaxta düşür.
Səməd Vurğunun zəngin yaradıcılığı və səmərəli ictimai fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının ilk akademiklərindən biri seçilmiş, ona fəxri elmlər doktoru adı verilmişdir. Azərbaycan SSR Əməkdar incəsənət xadimi olan şair 2 dəfə Stalin mükafatı almış, Azərbaycan SSR Ali Sovetinin deputatı və Azərbaycan SSR-in ilk Xalq şairi olmuşdur. Səməd Vurğun Azərbaycan Sovet Yazıçıları İttifaqının məsul katibi, sədri, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti kimi məsul vəzifələr də daşımışdır.
Vəfatından sonra şairin xatirəsinin əbədiləşdirilməsi məsələsi gündəmə gəldi. 1956-cı ilin sonlarında Azərbaycan SSR Mədəniyyət Nazirliyi Xalq rəssamı, heykəltaraş Fuad Əbdürəhmanova Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, memar Mikayıl Hüseynovla birgə Bakı şəhərində Səməd Vurğuna monumental abidənin ucaldılması işini tapşırdı. 1957-ci ilin yanvar ayının sonlarında abidə layihəsinin ilk variantı artıq yekunlaşmışdı. İlkin mərhələdə abidənin 2 metrlik modeli hazırlandı.
Fuad Əbdürəhmanov heykəlin yekun variantı üzərində 3 ildən çox işlədi. Heykəltaraş baş hissəni geniş, ümumiləşdirilmiş üslubda işləyir, boyunun, sinənin, çiyinlərin möhkəm quruluşunu inandırıcı şəkildə canlandırır. Yumşaqlıq və plastikliyə nail olan heykəltaraş, həm də həcmlərin aydınlığını, siluetin möhkəm xəttini qoruyub saxlayır ki, bu da şairə xas olan daxili ruhun gücünü və mənəvi dözümlülüyü bariz şəkildə vurğulayır.
Monumental abidənin rəsmi açılışı 1961-ci il iyulun 8-də oldu. Mərasimdə respublika hökumətinin sədr müavini Ə.H.Kərimov, Yazıçılar İttifaqının birinci katibi Mehdi Hüseyn, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyev, şairlər, yazıçılar, alimlər və ictimaiyyət nümayəndələri iştirak etdilər. SSRİ Xalq artisti Ələsgər Ələkbərov nitqini Səməd Vurğunun "Azərbaycan" şeirindən bir parça oxumaqla başa vurdu.
Sonra isə sözləri Səməd Vurğuna məxsus olan ovaxtkı Azərbaycan SSR Dövlət Himninin sədaları altında şairin adını daşıyan meydanda ucaldılmış abidənin üzərindən ağ örtük götürüldü. Qranit postament üzərində ucaldılmış 5 metrlik tünc heykəli əzəmətlə gözlər önündə canlandı. Onun baxışları uzaqlara dikilib, əli sinəsinə sıxılıb, külək gur saçlarını dalğalandırıb. Səməd Vurğun, sanki, keçmiş Sovetlər ölkəsinin milyonlarla sakininə, respublikamızla sıx tellərlə bağlı olan hər kəsə tanış olan, ürəkdən qopan, doğma Vətənə həsr olunmuş şeirini ilhamla oxuyur:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən…
Ukraynanın tünd qırmızı qranitindən hazırlanmış, səthi pardaxlanmış dairəvi pilləli postament üzərində ucaldılmış, ümumi hündürlüyü 12 metrə çatan monumental abidənin açılışı ümumittifaq miqyaslı hadisə idi. Məşhur sovet şairi Nikolay Tixonov bu hadisəni belə əks etdirmişdi: "Səməd Vurğun bu xalqın içindən çıxmış, onun bütün ağrı-acılarını və çətin inqilabi yolunu onunla bölüşmüş nəğməkardır. Və bu gün mənə necə də qəribə gəlir ki, Bakı şəhərindəki vağzal meydanında, böyük parkın ortasında, uca qranit postament üzərində dostumuz Səməd Vurğun dayanır”.
Abidənin ucaldığı məkan da təsadüfi seçilməyib. Azərbaycan Dəmir Yolu İdarəsinin monumental binasının qarşısında qoyulan abidə, sanki, şəhərin giriş qapısını bəzəyir. Bu gün də abidə şəhər sakinlərinin, qonaqların, çoxsaylı turistlərin diqqətini cəlb edir və paytaxt Bakının rəmzlərindən birinə çevrilib.
Səməd Vurğunun şəxsiyyətini xalqın yaddaşında əbədiləşdirən, yüksək memarlıq-heykəltaraşlıq dəyərinə malik digər bir abidə – Səməd Vurğunun dəfn olunduğu yerdəki memorialdır. Çoxları bilmir ki, şairin bu qəbirüstü monumental abidəsi nə vaxt qoyulub və müəllifi kimdir.
1966-cı il mayın 21-də anadan olmasının 60 illiyi münasibətilə Fəxri xiyabanda Səməd Vurğunun başdaşı abidəsinin təntənəli açılışı oldu. Bu, xalqın öz sevimli, unudulmaz, böyük oğlunun xatirəsinə olan məhəbbətinin təzahürü idi. Xalq şairi Rəsul Rza zamanın Səməd Vurğun poeziyası qarşısında aciz olduğunu, onun "bu gün də bizimlə birlikdə kommunizm qurucularının cərgəsində addımladığını, öz yaradıcılığı ilə bizə ilham verdiyini" söylədi.
Sonra Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Zahid Xəlilov, şairin qardaşı, Pedaqoji İnstitutun dosenti Mehdixan Vəkilov çıxış edərək Səməd Vurğun poeziyasının, yaradıcılığının və ictimai fəaliyyətinin əhəmiyyətindən, ölməz əsərlərinin yüksək humanizmi, dövrün tələblərinə uyğun olaraq "kommunist ideyalarının pafosu" ilə həmişə qəlbləri riqqətə gətirəcəyindən danışdılar. Xalq şairi Süleyman Rüstəm və şairə Mədinə Gülgün ölməz sənətkara həsr olunmuş şeirləri oxudular.
Sonra Xalq rəssamı Cəlal Qaryağdının hazırladığı abidənin üzərindən örtük götürüldü. Qara labrador daşının hamar müstəvisində, qəbirüstü abidənin şaquli qara mərmər lövhə-stelasında Səməd Vurğunun tuncdan tökülmüş barelyefi yerləşdirilib. Rəssam barelyefdə üzün bütün cizgilərini dəqiqliklə verə bilib. Frontonda, barelyefdən sağ tərəfdə, stela üzərində həkk olunmuş və qızılı rənglə örtülmüş geniş imzası – Səməd Vurğunun faksimilesi və 1906–1956-cı illər yaşam tarixləri yer alıb.
Qeyd edək ki, xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Dövlət Rus Dram Teatrına, Kiyevdəki kitabxanaya, Bolqarıstandakı texnikuma, Düşənbədəki orta məktəbə, Bakıda, bölgələrdə, Moskvada küçələrə, Qazaxda qəsəbəyə Səməd Vurğunun adı verilmişdir.
Azərbaycan xalqı şair oğluna böyük ehtiram göstərir, onun yaradıcılıq irsini göz bəbəyi kimi qoruyur və xatirəsinə hörmətlə yanaşır, vaxtaşırı yubiley tədbirləri keçirir. Prezident İlham Əliyevin imzaladığı “Xalq şairi Səməd Vurgunun 120 illiyinin qeyd edilməsi haqqında” sərəncam da xalqımızın sevimli şairinin xatirəsini daim əziz tutduğunun bir daha təsdiqidir.
Nizami AĞAYEV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, araşdırmaçı-publisist
Baxış sayı:97
Bu xəbər 31 Oktyabr 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















