Dövlət idarəçiliyində yeni dövr: Azərbaycan beynəlxalq gündəmdə
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində həyata keçirdiyi islahatlar artıq yalnız daxili inkişaf strategiyasının tərkib hissəsi deyil, həm də ölkənin beynəlxalq əməkdaşlıq gündəliyində mühüm yer tutan istiqamətlərdən biridir. Prezident İlham Əliyevin BMT-nin İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına ünvanladığı müraciət də bu baxımdan diqqət çəkir.
Müasir dünyada dövlətlərin inkişaf səviyyəsi artıq yalnız iqtisadi göstəricilərlə deyil, həm də idarəetmə institutlarının çevikliyi, şəffaflığı və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti ilə ölçülür. Azərbaycan da son illərdə dövlət xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıb. Bu proses dövlət-vətəndaş münasibətlərinin yeni prinsiplər əsasında formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın bu sahədə ən diqqətçəkən təcrübələrindən biri ASAN xidmət modelidir. Sözügedən mexanizm dövlət xidmətlərinin vahid məkanda təqdim edilməsi, bürokratik prosedurların sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə yaradılıb. Əslində, ASAN xidmətin əhəmiyyəti yalnız müxtəlif dövlət qurumlarının xidmətlərini bir mərkəzdə birləşdirməsi ilə məhdudlaşmır. Burada əsas yenilik dövlət idarəçiliyinə yanaşmanın dəyişməsidir. Ənənəvi bürokratik modeldə vətəndaş dövlət qurumlarının müəyyən etdiyi mürəkkəb prosedurlara uyğunlaşmalı olduğu halda, müasir xidmət modelində dövlət institutlarının vətəndaşın ehtiyaclarına uyğun fəaliyyət göstərməsi prinsipi ön plana çıxır. Bu baxımdan Azərbaycanın təcrübəsi idarəetmədə institusional yeniliklərin praktik nəticələrini nümayiş etdirən nümunələrdən biri kimi qiymətləndirilə bilər.
Rəqəmsallaşma prosesinin genişlənməsi dövlət idarəçiliyində səmərəlilik məsələsini də ön plana çıxarır. Elektron xidmətlərin inkişafı, dövlət informasiya sistemlərinin inteqrasiyası və məlumat mübadiləsinin sürətləndirilməsi inzibati qərarların daha operativ qəbul olunmasına imkan yaradır. Lakin rəqəmsal dövlət quruculuğu yalnız xidmətlərin elektron formata keçirilməsi demək deyil. Burada əsas məqsəd idarəetmənin keyfiyyətini yüksəltmək, dövlət orqanları arasında təkrarlanan funksiyaları azaltmaq və vətəndaşların inzibati prosedurlara sərf etdikləri vaxtı minimuma endirməkdir. Bu baxımdan Azərbaycanda aparılan islahatların növbəti mərhələsində süni intellekt texnologiyalarından istifadə, məlumatların təhlükəsizliyi və dövlət qulluqçularının rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyacaq.
Prezident İlham Əliyevin müraciətində diqqət çəkən əsas məqamlardan biri Azərbaycan təcrübəsinin beynəlxalq miqyasda yayılmasıdır. Dövlət başçısının qeyd etdiyi kimi, ASAN xidmət təcrübəsi artıq 50-dən çox ölkə ilə paylaşılıb və müxtəlif dövlətlərdə tətbiq olunub. Azərbaycanın bu sahədə əldə etdiyi nəticələrin BMT tərəfindən qiymətləndirilməsi də mühüm əhəmiyyət daşıyır. ASAN xidmətin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə rəqəmsal idarəetmə sahəsində xüsusi mükafata layiq görülməsi ölkənin institusional islahatlarının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Burada mühüm siyasi məqam ondan ibarətdir ki, Azərbaycan artıq yalnız xarici idarəetmə təcrübələrini öyrənən dövlət kimi deyil, özünün formalaşdırdığı institusional həlləri digər ölkələrlə bölüşən tərəfdaş kimi çıxış edir. Bu isə ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsi baxımından əlavə imkanlar yaradır.
Azərbaycanla BMT arasında 2024-cü ildə imzalanmış Töhfə Sazişi də bu siyasətin davamı kimi qiymətləndirilə bilər. Saziş çərçivəsində ASAN xidmət təcrübəsinin dörd qitədə təşviqinin nəzərdə tutulması Azərbaycanın dövlət idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığını daha geniş coğrafiyaya çıxarır. Əslində, bu cür təşəbbüslər müasir beynəlxalq münasibətlərdə yumşaq güc siyasətinin mühüm alətlərindən biridir. Dövlətlər artıq yalnız iqtisadi investisiyalar, enerji layihələri və hərbi əməkdaşlıq vasitəsilə deyil, həm də uğurlu idarəetmə təcrübələrini ixrac etməklə beynəlxalq təsir imkanlarını genişləndirirlər. Azərbaycan üçün də dövlət xidmətləri sahəsində formalaşdırılmış təcrübənin digər ölkələrdə tətbiqi yeni tərəfdaşlıq əlaqələrinin yaranmasına, texnoloji əməkdaşlığın inkişafına və beynəlxalq təşkilatlarla münasibətlərin dərinləşməsinə xidmət edə bilər.
Bütövlükdə, Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi nəticələrin təqdimatı ilə yanaşı, gələcək islahatların istiqamətlərinin müzakirəsi baxımından da əhəmiyyətlidir. Müasir dövrdə dövlət idarəçiliyinin qarşısında duran əsas çağırışlardan biri texnoloji inkişafla institusional çeviklik arasında uyğunluğun təmin edilməsidir. Rəqəmsal transformasiya nə qədər sürətli olsa da, onun real nəticələri vətəndaş məmnunluğu, xidmətlərin keyfiyyəti, şəffaflıq və hesabatlılıq göstəriciləri ilə ölçülməlidir. Azərbaycan üçün qarşıdakı mərhələdə əsas vəzifə mövcud nailiyyətləri qorumaqla yanaşı, rəqəmsal bərabərsizliyin azaldılması, məlumatların qorunması və dövlət qulluqçularının peşəkarlığının artırılması istiqamətində islahatları dərinləşdirməkdir. Bu baxımdan Prezident İlham Əliyevin sammit iştirakçılarına müraciəti Azərbaycanın dövlət idarəçiliyinin modernləşdirilməsi siyasətinin beynəlxalq əməkdaşlıqla əlaqələndirilməsi baxımından mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.
Züriyə Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 06 Noyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















