Dövlət Komissiyası: Ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrlə bağlı cinayətlərin sayı 1059 fakt azalıb EKSKLÜZİV
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 26 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasət və sosial-iqtisadi islahatlar ölkəmizi sürətlə inkişaf edən, nüfuzlu dövlətlər sırasına qoşulan bir gücə çevirib. Dövlətimizin çoxşaxəli siyasətinin təməlində insan amili, onun sağlamlığı və rifahının təmin edilməsi əsas yer tutur.
Azərbaycan milli maraqları ön planda tutaraq, narkotiklərə qarşı mübarizədə hər bir dövrün çağırışlarına uyğun şəkildə beynəlxalq səviyyədə fəal iştirak edir. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində böyük uğurlar əldə edilib və bu istiqamətdə davamlı olaraq institusional tədbirlər həyata keçirilir.
Bu barədə 26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan AZƏRTAC-ın sorğusuna verilən cavabda bildirilib.
Qeyd edilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilib və bu istiqamətdə işlərin əlaqələndirilməsi təmin olunub.
Dövlət Proqramı çərçivəsində müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilərək, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, ictimai maarifləndirmə tədbirlərinin genişləndirilməsi, narkoloji və tibbi müəssisələrin gücləndirilməsi, əməliyyat-axtarış fəaliyyətinin intensivləşdirilməsi istiqamətində konkret tədbirlər görülüb.
Eyni zamanda, beynəlxalq təcrübə və tövsiyələrə əsaslanaraq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizəyə dair normativ hüquqi baza davamlı olaraq təkmilləşdirilib.
Göstərilənlərlə yanaşı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda hazırlanıb. Layihə sənədində qısa xülasə, qlobal trendlər, mövcud vəziyyətin təhlili, hədəf göstəricilər, məqsədlər, prioritet istiqamətlər, maliyyələşdirmə mexanizmləri və tədbirlər planı öz əksini tapıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
Dövlət Komissiyasının İşçi Qrupunun məlumatına görə, 2025-ci ilin yanvar-may ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3797 cinayət faktı aşkarlanıb. Aşkarlanmış faktlardan 1139-u narkotik vasitələrin qanunsuz satışı, 2616-sı narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, 40-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 2-si isə bu kateqoriyaya aid digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış cinayət faktları üzrə qanunsuz dövriyyədən ümumilikdə 3 ton 313 kiloqram 859,7 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Onlardan 2 ton 905 kiloqram 356,243 qramı marixuana, 188 kiloqram 156,45 qramı heroin, 76 kiloqram 040,847 qramı tiryək, 33 kiloqram 150,438 qramı həşiş, 21 kiloqram 438,927 qramı digər narkotik vasitələr, 89 kiloqram 716,795 qramı isə psixotrop maddələr olub.
Bundan əlavə, həmin dövr ərzində qanunsuz dövriyyədən 5183 ədəd metadon, 8235 ədəd çətənə, 600 qram xaş-xaş bitkisi, 32 qram, 95 ədəd həb və 39 ədəd kapsul, güclü təsir edən maddələr də götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 97 hektar sahədən 17 min 590 ədəd, 4 ton 94 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə xaş-xaş bitkiləri müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 313 kiloqram 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumi dəyəri 87 milyon 551 min manat məbləğində qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2042 nəfər cəlb edilib ki, onlardan 44-ü xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 447 kiloqram 208,684 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 101 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 1 ton 196 kiloqram 338 qram narkotik vasitə və psixotrop maddə, 5 min 183 ədəd metadon və 13 min 194 ədəd güclü təsir edən maddə müsadirə edilib.
Bundan əlavə, ümumilikdə aşkar edilmiş cinayətlərin 110-u qrup halında törədilib və bu faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 62 kiloqram 775,163 qram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş 872 cinayət faktı qeydə alınıb. Həmin şəxslərdən ümumilikdə 791 kiloqram 291,4 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Həyata keçirilən tədbirlərin nəticəsi
2025-ci ilin yanvar-may ayları üzrə aparılmış təhlillər göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmış cinayət faktlarının ümumi sayında azalma müşahidə olunub. Belə ki, bu dövr ərzində qeyd olunan istiqamət üzrə ümumilikdə 1059 fakt azalıb.
Narkotik vasitələrin qanunsuz satışı ilə bağlı 252, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar 792, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası üzrə 14, bu kateqoriyaya daxil olan digər cinayətlərlə bağlı 1, qrup halında törədilmiş cinayətlər üzrə 16 fakt, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayında isə 892 nəfər azalma qeydə alınıb.
Bununla yanaşı, qaçaqmalçılıqla bağlı aşkarlanmış faktların sayı 15 vahid artıb, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisi isə 485 kiloqram 830,852 qram artıb.
2025-ci ilin ilk 5 ayı ərzində güclü təsirə malik narkotik vasitələrin qanunsuz dövriyyəsindən çıxarılmasında azalma meyilləri müşahidə olunub. Belə ki, heroinin çəkisi 178 kiloqram 698,445 qram (48,7 faiz), tiryəkin çəkisi 4 kiloqram 365,08 qram (5,4 faiz), psixotrop maddələrin çəkisi isə 21 kiloqram 432,421 qram (19,3 faiz) azalıb.
Cari dövrdə qanunsuz dövriyyədən çıxarılmış müxtəlif növ narkotik vasitələrin 2 ton 905 kiloqram 356,243 qramını (89 faiz) marixuana təşkil edib. Həmin marixuananın 2 ton 643 kiloqram 042,268 qramı (90,8 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli, 262 kiloqram 313,975 qramı isə (9,2 faiz) ölkə ərazisində - iqlim şəraitinə uyğun olaraq istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz olaraq kultivasiya edilib.
Narkomanlığa qarşı mübarizədə təbliğat işinin təşkili
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm verib, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilib, həmçinin maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq yarımbəndlərinin icrası məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu tərəfindən narkotik tərkibli bitkilərin yabanı halda inkişafını, yetişməsini və vegetasiyasını əks etdirən yeni formada xəritə, tablo və fotoalbomlar hazırlanıb.
Təqdim olunmuş materiallarda respublikanın fərqli bölgələrində narkotik tərkibli yabanı bitkilərin yeni yayılma yerləri, həmçinin introduksiya olunmuş halda (başqa yerdən gətirilib əkilməsi), o cümlədən vegetasiyaya uyğun olaraq çiçəkləmə dövrü və morfoloji xüsusiyyətləri yer alıb.
Dövlət Komissiyasının İşçi Qrupunun və qeyri-hökumət təşkilatları tərəfindən Bakı şəhəri, Yasamal rayonu üzrə 5 məktəbdə, Qəbələ Peşə Təhsil Mərkəzində, Lənkəran Milli Elmlər Akademiyasının Regional Elmi Mərkəzində və Lənkəran Tibb Kollecində, Masallı Gənclər Evində, Astara Pedaqoji Kolleci və Astara Gənclər Evində, Şirvan Gənclər Evində, Sabirabad Dövlət Sosial İqtisadi Kollecində və Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimi internat tipli gimnaziyada keçirilən birgə maarifləndirmə tədbirlərində ümumilikdə 1000-ə yaxın yeniyetmə və gənc iştirak edib.
Belə ki, gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Dövlət Komissiyasının İşçi Qrupunun 2024-cü ili əhatə edən birgə Tədbirlər Planı çərçivəsində mövzuya dair interaktiv təlimlərin, müxtəlif həştəqlərlə sosial aksiyaların, “Sağlamlıq naminə mübarizədə bizdən biri ol!” devizli marafonun keçirilməsi və televiziyada işıqlandırılması təmin edilib, hesabat dövründə ümumilikdə 16 birgə tədbir keçirilib. Bununla yanaşı, sosial şəbəkələrin bütün seqmentlərində #Narkomaniyayason və #StopNarkomaniya həştəqləri ilə 44 mindən çox poster və videonun yayımlanması, müxtəlif maarifləndirici materialların paylaşılması təmin olunub.
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi, penitensiar müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Dövlət Komissiyasının İşçi Qrupu ilə imzaladığı Tədbirlər Planına uyğun olaraq 11 maarifləndirmə tədbiri təşkil edilib.
Gənclər Fondu ilə antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə imzalanmış birgə Tədbirlər Planına əsasən, 2024-cü ildə gənclər təşkilatlarının könüllülərinə təlimlərin keçirilməsi, inteqrasiya təlimli internat məktəblərində və “Səyyar Gənclər Xidməti” layihələri çərçivəsində müvafiq mövzuda maarifləndirici görüşlərin keçirilməsi təmin edilib. Ümumilikdə 53 birgə tədbirə 9600 yeniyetmə cəlb olunub.
Audiovizual Şura və Dövlət Komissiyasının İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində narkomanlıq, onun fəsadları barədə mediada daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı 20-dən çox audiovizual media subyektinin nümayəndələri üçün 2024-cü il dekabrın 24-də təlim keçirilib.
Bununla yanaşı, narkotik asılılıq probleminə dair biliklərin, bacarıqların və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Mədəniyyət Nazirliyi və Dövlət Komissiyasının İşçi Qrupun tərəfindən Lənkəran, Salyan, Biləsuvar, Cəlilabad, Masallı şəhər və rayonları üzrə mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlimlər təşkil olunub.
Gənclər və İdman Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı Sabunçu Gənclər Evində, Yevlax Gənclər Evində, Lənkəran Gənclər Evində, Şirvan Gənclər Evində, Qaradağ Gənclər Evində ümumilikdə 175 gəncin iştirakı ilə intellektual müsabiqələr keçirilib, fəal iştirakçılar diplom və sertifikatlarla mükafatlandırılıb.
Qurum, həmçinin aidiyyəti təşkilatların mütəxəssisləri cəlb edilməklə Abşeron rayonunun ümumi təhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqları üçün “Orta ümumi təhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mexanizmləri” mövzusunda 400 nəfər cəlb edilməklə treninqlər təşkil edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da gücləndirilməsi və birgə tədbirlərin həyata keçirilməsi məqsədilə narkomanlığa qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının layihə rəhbərləri üçün təlim keçirilib.
Tədbirlərin davamı olaraq Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Avrasiya Kollecində, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində narkomanlıq probleminə dair tələbələr üçün ictimai mühazirə və seminarlar keçirilib.
Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumatlılığın artırılması məqsədilə müvafiq razılaşmaya əsasən, “İki Sahil” qəzetində rubrika açılıb və qrafikə uyğun şəkildə aidiyyəti qurumlar tərəfindən təqdim olunan məqalələr hər həftənin şənbə günləri dərc edilib.
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə ötən il mayın 3-də keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forum çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə” mövzusunda panel sessiya təşkil edilib. Panel çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupunun, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə narkomanlığa qarşı mübarizə və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin ictimai əhəmiyyəti, aidiyyəti dövlət qurumları ilə media subyektləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsinin vacibliyi, eyni zamanda, görülən işlərin auditoriyaya effektiv şəkildə ötürülməsində medianın rolu barədə 30-dan çox media subyektinin iştirakı ilə geniş müzakirələr aparılıb.
Həmçinin narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə ölkə üzrə fəaliyyət göstərən 17 çap və 46 onlayn media subyekti tərəfindən ümumilikdə 5129 maarifləndirici materialın dərc olunmasını təmin edilib.
Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış videoçarx, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de!” adlı sosial roliklərin Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində, metro stansiyalarında uzunmüddətli nümayiş olunub, ölkədə fəaliyyət göstərən bütün televiziya kanallarında isə ümumilikdə 29 min 563 dəfə yayımlanıb.
Bundan əlavə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədilə zəruri əyani təbliğat materialları (bukletlər) İşçi Qrupu tərəfindən təşkil edilən bütün tədbirlərdə aidiyyəti üzrə paylanılması təmin olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə SMS maarifləndirmə layihəsi çərçivəsində 2024-cü il iyunun 20-dən başlayaraq sağlam həyat tərzinin təbliği, narkomanlığın zərəri ilə bağlı “Azərfon”, “Bakcell” MMC və “Azercell Telekom” MMC vasitəsilə ümumilikdə 9,9 milyon aktiv abunəçiyə SMS-bildirişi göndərilib.
Bakı şəhərinin Nəsimi, Nərimanov, Binəqədi, Sabunçu, Qaradağ, respublikanın Abşeron, Ağdaş, Göygöl rayonlarında “Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri”, “Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” və digər mövzularda maarifləndirici görüşlər keçirilib.
Eyni zamanda, yuxarıda qeyd olunan bütün tədbirlər Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və digər media subyektlərində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılıb.
2024-cü il ərzində İşçi Qrupu tərəfindən aidiyyəti dövlət qurumları cəlb olunmaqla ümumilikdə 184 tədbir (95 maarifləndirici və təşkilati tədbir, 71 təlim, 7 sosial layihə, 5 intelektual müsabiqə, 1 marafon və televiziya kanalında 5 verilişdə iştirak) təşkil edilib.
Eyni zamanda, cari il ərzində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə sosial maarifləndirmə işinin təşkili, məktəb psixoloqları üçün treninqlərin, cəzaçəkmə müəssisələrində təbliğat işinin gücləndirilməsi, infoturların keçirilməsi, həmçinin Səyyar Gənclər Xidməti layihəsinin davam etdirilməsi və intellektual müsabiqələrin, sosial aksiyaların təşkili planlaşdırılıb.
Narkomanlığa qarşı mübarizədə vətəndaş fəallığının artırılmasına
yönələn tədbirlər
Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış 802 “qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair videoçarxın Bakı şəhərinin küçə və prospektlərində olan reklam lövhələrində, metro stansiyalarında olan monitorlarda, özəl tibb mərkəzində, habelə ölkə üzrə bütün televiziya kanallarının efirlərində mütəmadi şəkildə yayımlanması təmin edilib.
Bununla əlaqədar qeyd edilməlidir ki, 2025 ilin yanvar-may ayları ərzində 802 “qaynar xətt”inə, 055-600-08-02 mobil telefon nömrəsi vasitəsilə votsap, 070-400-08-02 mobil telefon nömrəsi vasitəsilə isə teleqram hesablarına ümumilikdə 357 vətəndaş müraciəti daxil olub. Onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 34-ü narkotik asılılıqdan müalicə, 285-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 72 məktub ünvanlanıb.
802 “qaynar xətt” xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb. Narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Özünü qoru, narkotikə hədəf olma!
Qeyd edək ki, iyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1987-ci ildə iyunun 26-sını dünya miqyasında narkotik vasitələrin sui-istifadəsi və onların qanunsuz dövriyyəsinə qarşı mübarizənin rəmzi günü kimi elan edib. Bu günün əhəmiyyəti, ilk növbədə, ictimai diqqəti narkotik probleminin miqyasına, bu bəlanın insan sağlamlığına, ailələrə və cəmiyyətə vurduğu fəsadlara yönəltməkdən ibarətdir. Eyni zamanda, bu gün beynəlxalq əməkdaşlığın gücləndirilməsi, dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da cəlb olunduğu genişmiqyaslı maarifləndirmə və profilaktik tədbirlərin keçirilməsi üçün mühüm fürsətdir.
Ənənəvi olaraq hər il olduğu kimi, bu il ərzində də 26 İyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı ölkəmizdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla birlikdə bir sıra silsilə tədbirlər həyata keçirilməkdədir. Bunlar aşağıdakılardır:
- SMS bildirişin (DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az , Qaynar xətt: 802) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi;
- Narkotik istifadəsinə qarşı mübarizəyə aparmağa səsləyən şüar və cümlələrin, rolapların istifadəsi, gənclər arasında maarifləndirici bukletlərin paylanması;
- “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində respublikanın regionlarında gənclərə narkotik vasitələrin insan orqanizminə mənfi təsiri və törətdiyi fəsadlara dair biliklərin artırılması məqsədilə təlimlərin təşkili;
- Ali və orta ixtisas təhsili müəssisələrində tələbələr arasında anti-narkotik təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədilə “Sağlam həyat tərzi və ailə dəyərləri” mövzusunda seminarların və ictimai mühazirələrin təşkili;
- Bakı şəhəri üzrə elektron informasiya tablolarında “Özünü qoru, narkotikə hədəf olma!” şüarının nümayişi;
- Maarifləndirici videoçarxların Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayişi;
- Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyaları tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə tədbirlərin keçirilməsi.
Həyata keçirilən tədbirlərin media subyektlərində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilir.


