“Dövlət mükafatları yaradıcı fərdlər üçün sosial tanınma vasitəsidir” SOSİOLOQ DANIŞDI
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
"Cəmiyyətdə tanınmış şəxslərin, xüsusilə sənət adamlarının dövlət orden və titullarını şəxsi uğurun əsas göstəricisi kimi qəbul etməsi bir neçə sosial-psixoloji mexanizmlə bağlıdır. Sosial tanınma və leqitimləşmə ehtiyacının təzahürüdür. İncəsənət və mədəniyyət sahəsində fəaliyyət göstərən fərdlər çox vaxt yaradıcı məhsullarını obyektiv ölçülərlə qiymətləndirməyin çətin olduğu bir mühitdə fəaliyyət göstərirlər". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq, sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, belə halda dövlət mükafatı kimi institusional təsdiq forması onların zəhmətinin “rəsmi” və “kollektiv” şəkildə qəbul olunduğunu göstərir: "Bu isə həm sosial statusun möhkəmlənməsinə, həm də peşəkar identikliyin legitimləşməsinə xidmət edir. Əlavə olaraq, mükafat və titulların simvolik kapital funksiyası da mühümdür. Bourdieu-nun sosial kapital nəzəriyyəsi kontekstində titullar maddi dəyərdən daha çox, simvolik dəyər yaradır, fərdin ictimai sahədə manevr imkanlarını genişləndirir. Belə simvolik kapital karyera davamlılığı, tələbatın artması, ictimai çıxış imkanları və kollektiv yaddaşda yer tutmaq baxımından əhəmiyyət kəsb edir. Uğurun xarici göstəricilərlə təsdiqi, xüsusən də kollektiv tərəfindən legitimləşdirilməsi, fərdin özünü daha dəyərli və mənalı hiss etməsinə səbəb olur. Bu tip “xarici təsdiq” mexanizmi, Maslowun ehtiyaclar iyerarxiyasında yüksək pillədə yerləşən hörmət və tanınma ehtiyacını qarşılayır. Yaradıcı sahədə insanın daxili motivasiyası güclü olsa da, sosial psixologiya göstərir ki, xarici təsdiq olmadan bu motivasiya tam və sabit şəkildə qorunmaya bilər.
Bu yanaşmanın nəinki individual özünüqiymətləndirməyə, həm də ictimai dəyər anlayışına təsiri var. İctimai qavrayışda dəyər ölçüsü getdikcə institusional təsdiq mexanizmləri üzərindən şəkillənir və “dəyərli olmaq” anlayışı formal atributlarla asanlıqla identikləşdirilir. Nəticədə, dəyərin özü daha çox simvolik və nümayişkaranə formaya keçərək, maddi nəticələrdən və ya yaradıcı prosesin dəyərindən daha çox rəsmi təsdiq elementləri ilə ölçülməyə başlayır. Bu isə cəmiyyətin dəyər sistemində müəyyən normativ dəyişikliklərə yol aça bilir: sənəd və yaradıcılıq kimi sahələrdə keyfiyyətli məhsulun böyük hissəsi formal olmayan müstəvidə qalsa da, diqqət daha çox rəsmi mükafatlara yönəlir. Bununla yanaşı, bu mexanizm müəyyən sosial müqayisə proseslərini də aktivləşdirir. Fərdin uğuru müstəqil şəkildə deyil, başqalarının uğur kodları ilə müqayisədə qiymətləndirilir. Bu psixoloji proses həm sənət adamlarında, həm də onları izləyən ictimai qrularda uğur anlayışını eyniləşdirir və standartlaşdırır. Uzunmüddətli perspektivdə bu, kütlənin dəyər meyarlarını dəyişdirərək estetik keyfiyyətdən simvolik kapitala doğru sürüşmələr yaradır. Dövlət titullarının şəxsi uğurun əsas göstəricisi kimi qavranılması sadəcə fərdi davranış deyil, daha geniş sosiokultural dinamikanın nəticəsidir. Bu dinamika həm fərdin özünüqiymətləndirmə sistemini strukturlaşdırır, həm də cəmiyyətin dəyər və tanınma mexanizmlərini formalaşdırır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 19 Yanvar 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















