Dövlət Proqramları çərçivəsində nəqliyyat və tranzit sahəsində kompleks inkişaf təmin olunur MÜSAHİBƏ
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 28 yanvar, Vüsalə Səfərova, AZƏRTAC
Azərbaycanda müxtəlif sahələri əhatə edən onlarla Dövlət Proqramı və layihələri həyata keçirilir. O cümlədən, nəqliyyat sektorunda infrastrukturun qurulması, tranzit imkanlarının artırılması, tranzit xidmətlərin təkmilləşdirilməsi və s. istiqamətləri əhatə edən müxtəlif proqramlar icra olunur. Ümumilikdə, həyata keçirilən Dövlət Proqramlarının əksəriyyətinin monitorinqi və qiymətləndirilməsi dövlətimizin başçısının tapşırığı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən aparılır. Mərkəzin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov nəqliyyat sektorunda həyata keçirilən proqramların icra vəziyyəti barədə AZƏRTAC-a müsahibəsində ətraflı məlumat verib. Müsahibəni təqdim edirik:
- Aqil müəllim, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə, Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşaqlarından biridir. Ümumilikdə isə nəqliyyat milli iqtisadiyyatın və qeyri-neft sektorunun ən aktual istiqaməti kimi diqqət mərkəzindədir. Hazırda nəqliyyatla bağlı iki mühüm sənəd – tranzit daşımaların təşviqi və nəqliyyat infrastrukturunun inkişafına dair proqramlar icra olunur. İstərdim ki, öncə bu proqramların mahiyyətindən danışaq, nə zaman qəbul edilib, hansı dövrləri əhatə edir, əsas məqsəd nədən ibarətdir, hansı hədəflər qarşıya qoyulub və s.?
- İlk olaraq onu qeyd edim ki, Azərbaycanın üstünlüyü yalnız əlverişli coğrafi mövqe və beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi deyil, bütün bunları da özündə ehtiva edən və uğurla reallaşdırılan ardıcıl siyasi qərarlar, Dövlət Proqramları və tədbirləri nəticəsində formalaşıb. 2003-cü ildən ölkəmizdə əsası qoyulmuş proqram təminatlı dövlət idarəetməsi, bu gün də uğurla davam etdirilir. Bir faktı qeyd edim ki, hazırda İİTKM tərəfindən 20-dən çox Dövlət Proqramı və layihələrinin monitorinqi aparılır və bu, proqram idarəetməsinin real nümunəsidir. Nəqliyyat sektoru ilə bağlı da bir neçə Dövlət Proqramı həyata keçirilir, bunların bəzisi sahəvi, yəni konkret nəqliyyat növü ilə bağlıdır, bəziləri isə ümumilikdə nəqliyyat sistemini əhatə edir. Bunlardan biri “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”dır, digəri isə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”dır.
Fəaliyyət Planı olduqca əhatəli hazırlanıb və ümumilikdə Azərbaycanın tranzit potensialından tam istifadənin reallaşdırılmasını nəzərdə tutan 3 prioritet üzrə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün 24 tədbiri özündə birləşdirir. Planın əsas hissəsi uğurla icra olunur, bəzi tədbirlərdə maliyyə çatışmazlığı, torpaq mülkiyyətçisinin aydınlaşdırılması və s. səbəblərdən gecikmələr də müşahidə olunur. Fəaliyyət planının başlıca məqsədi Azərbaycanın iştirakı ilə həyata keçirilən tranzit daşımaların həcminin artırılmasıdır. Seçilmiş hədəfə - 13,6 milyon ton illik tranzit yük daşınmasına artıqlaması ilə nail olunub, 2025-ci ilin nəticələrinə görə ölkəmizin iştirakı ilə daşınan tranzit yüklərin həcmi 14,5 milyon ton təşkil edib.
2025-2030-cu illər ərzində, şəhər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı, ümumilikdə 7 istiqamətdə 60-dan çox layihənin həyata keçirlməsini nəzərdə tutan “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsədi isə, vətəndaşlara çeşidli mobillik imkanları yaratmaqla, avtomobil yönümlü şəhərdən vətəndaş yönümlü şəhərə keçidin təmin edilməsidir. Ətraf mühitə mənfi təsirlərin azaldılması, vətəndaşların ictimai nəqliyyat xidmətlərinə əlçatanlığının artırılması, tıxacların aradan qaldırılması, sərnişinlərin fərdi nəqliyyat vasitələrindən ictimai nəqliyyata doğru yönləndirilməsi, yeni infrastrukturların tikintisi və s. kimi məsələlər də proqramın məqsədlərinə aiddir.
Hər iki proqram üzrə görülən işlər əsas icraçı qurumlarla əlaqəli şəkildə monitorinq edilir, müvafiq qiymətləndirmələr aparılır, qarşıya çıxan çətinliklərin həlli ilə bağlı müvafiq təklif və tövsiyələr hazırlanır. Eyni zamanda, Nazirlər Kabinetinin tapşırığı əsasında, icraçı qurumların təqdim etdiyi hesabatların təhlil olunması ilə yanaşı, görülən işlərin yerində monitorinqi də həyata keçirilir. Yeri gəlmişkən, ötən il mərkəz əməkdaşları ayrı-ayrı Dövlət Proqramları ilə bağlı bir neçə dəfə icraçı qurumların nümayəndələri ilə birlikdə, icra yerlərinə, müxtəlif regionlara ezam ediliblər. Onu da qeyd edim ki, proqramların monitorinqi ilə yanaşı, ezamiyyələr də ayrıca hesabatlaşdırılaraq, müvafiq şəkildə təqdim olunur.
- Hər iki proqramda kifayət qədər ciddi hədəflər qarşıya qoyulub və monitorinq, qiymətləndirilmə İİTKM tərəfindən həyata keçirilir. İcra dövründə qarşıya qoyulmuş hədəflərə nail olmaq imkanlarını necə qiymətləndirirsiniz?
- Monitorinq və qiymətləndirmə nəticələri, eləcə də əksər icraçı qurumların prosesə yanaşması belə deməyə əsas verir ki, qarşıya qoyulmuş hədəflərə əsasən nail olunacaq. Məsələn, 2024-cü ilin yekun hesabatına görə yuxarıda da qeyd edilən maliyyə, torpaq sahəsi və s. səbəblərdən 2024-cü il üçün ümumi tədbirlərin 17 faizi icra edilməyib. Onu da qeyd edim ki, qiymətləndirmə metodologiyası elədir ki, 50 faizdən az icra edilmiş tədbirlər (layihələr) icra edilməmiş kimi qəbul olunur. Yəni, bu o deməkdir ki, qeyd edilən 17 faiz tam icra edilməmiş deyil, bunun da içərisində tam da olmasa müəyyən icra işləri görülmüş tədbirlər var. Bununla belə, əksər icraçı qurumlar, xüsusilə əsas icraçı qurum məsələyə kifayət qədər ciddi yanaşır və bu da nəticə üçün çox önəmlidir.
Onu da qeyd etmək istərdim ki, yuxarıda adı çəkilən hər iki proqramda qarşıya qoyulmuş məsələlər davamlı xarakter daşıyır və mütəmadi təkmilləşdirilməlidir, yenilənməlidir və s. İstər infrastruktur təkmilləşdirilməsi, istərsə də tranzit daşımalarla bağlı həm geniş imkanlar mövcuddur, həm də qlobal çağırışlar cəmiyyətin və sənayenin intensiv şəkildə dəyişən zövq və tələbatı da davamlı təkmilləşdirici addımları zəruri edir.
- İİTKM ancaq proqramların monitorinq və qiymətləndirilməsini apararaq müvafiq hesabatlar hazırlayır, yoxsa bu istiqamətdə daha geniş fəaliyyətlər mövcuddur?
- Çox sağ olun, yaxşı qeyd etdiniz. Bildirdiyim kimi, mərkəzin hazırda monitorinq etdiyi Dövlət Proqramlarının sayı 20-dən çoxdur. Nəzərə alsaq ki, hər proqram üzrə orta hesabla 10–12, bəzi hallarda isə daha çox icraçı qurum və müvafiq İşçi qrupları fəaliyyət göstərir ki, bu da görülən işlərin miqyasını aydın şəkildə göstərir. Eyni zamanda, mərkəz əməkdaşları Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın fəaliyyətində də aktiv iştirak edir, Komissiyanın 33 İşçi qrupu və ya Alt İşçi qrupları var ki, onların da hamısında mərkəz təmsil olunur. Bütün bunlarla yanaşı, İİTKM bir beyin mərkəzi olaraq daim dövlətimizin başçısının çağırışlarına, həyata keçirilən dövlət siyasətinin prioritetlərinə və qlobal çağırışlara uyğun olaraq elmi araşdırmalar aparır, nəzəri-metodoloji bazanın zənginləşdirilməsinə də öz töhfəsini verməyə çalışır. Yalnız 2025-ci ildə İİTKM tərəfindən 5 dərs vəsaiti və 2 monoqrafiya, müxtəlif dillərdə 40-a yaxın icmal, o cümlədən tranzit icmalı nəşr edilib. Burada bir məsələni xüsusi qeyd etmək istərdim ki, kitabların əksəriyyəti müvafiq yerli və xarici qurumlarla yaxından əməkdaşlıq şəraitində, korporativ formada ərsəyə gəlib. Məsələn, müxtəlif ölkələrdə Avropanın siyasi paytaxtı olan Brüsseldə təqdimatı keçirilən “Orta dəhliz: mövcud reallıqlar və gələcək perspektivlər” adlı monoqrafiya İİTKM-nin təşəbbüsü ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin və s. olmaqla 10-a yaxın ölkədən 21 elm adamının iştirakı, eləcə də İƏT (OECD) və CAREC İnstitutunun birgə əməkdaşlığı ilə hazırlanıb və Avropanın nüfuzlu nəşriyyat evində nəşr edilib. Başqa bir kitab, “The Economic Potential of Islamic Countries” (İslam ölkələrinin iqtisadi potensialı) adlı iki cildlik tədqiqat əsərinin 1-ci cildi Böyük Britaniyanın nüfuzlu “Emerald” nəşriyyatı tərəfindən çap edilib. Nəşr “Scopus” tərəfindən indeksləşdirilib və İslam ölkələrinin iqtisadi və sosial inkişaf potensialının geniş elmi təhlili kimi xüsusi əhəmiyyət kəsb edir. Kitab 20-dən çox İslam ölkəsindən nüfuzlu beyin mərkəzlərini təmsil edən 47 müəllifin iştirakı ilə yazılıb. Digər kitablar da o cümlədən, müxtəlif təşkilatlardan və ölkələrdən müvafiq tədqiqatçıların cəlb edilməsi ilə hazırlanıb. Bütün bunlar onu deməyə əsas verir ki, İİTKM-nin fəaliyyəti yalnız monitorinq və qiymətləndirmə ilə yekunlaşmır, həm də bir beyin mərkəzi olaraq müxtəlif istiqamətlərdə davamlı araşdırmalar da aparılır.
- Aqil müəllim, Azərbaycanın tranzit potensialının daha da gücləndirilməsi üçün nəqliyyat infrastrukturu və daşımaların təşviqi sahəsində hansı tövsiyələri verərdiniz?
- İstər tranzit potensialından istifadə və onun təşviqinə dair Fəaliyyət Planı, istərsə də Bakı şəhəri və ətraf ərazilərdə infrastrukturun inkişafına dair Dövlət Proqramı əhatə etdiyi dövrlər üçün kifayət qədər mükəmməl hazırlanıb. Ona görə də hesab edirəm ki, bu sənədlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunması tövsiyəyə ehtiyac yaratmır. Bununla belə, təbii ki, monitorinq tərəfi olaraq hər iki sənəddə qarşıya qoyulmuş vəzifələrin daha tez və keyfiyyətli icrasının mümkünlüyünü də vurğulamaq istərdim. Bəzən elə hallara rast gəlinir ki, müəyyən bir layihənin qurumlararası razılaşdırılması xeyli zaman alır ki, bu da işin faktiki icrasını ləngidir. Bu mənada qurumlararası koordinasiyanın gücləndirilməsi ümumi məqsədlərə daha tez çatmaqda öz töhfəsini verə bilər. Süni intellekt və internet əsrində dəyişikliklərin daha da sürətlənməsi qarşıya qoyulmuş layihələrin də icrasında ciddi çeviklik tələb edir. Bu, müasir zamanın əsas çağırışlarından biridir. Ayaqlaşmağa məcburuq, çünki əks halda qarşıya qoyulmuş hədəflər köhnəlir, aktuallığı azalır və s. İnfrastrukturun da, tranzit xidmətlərinin də təkmilləşdirilməsi davamlı xarakter daşıyır. Yəni, indiki proqramlar bitəcək və yeni, daha əhatəli, daha mühüm hədəflərə istiqamətlənmiş proqramlar qəbul ediləcək. Bütün bunlar koordinasiyanın gücləndirilməsini və çevikliyin artırılmasını tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 28 Yanvar 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















