Icma.az
close
up
RU
Dövrünün miskin əyyaşı, küçələrdə öz özünə danışan Əsl şair yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz özünə danışan Əsl şair yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Rəşad Səfərin "Romantizm bəlası" yazısını təqdim edir.
Xeyir-şər evinə çevrilmiş sosial şəbəkələrdə hər gün hansısa yazıçı-şairin doğum günü, ya da ölümü ilə bağlı uzun-uzun yazılar görürük. Səbəbkarın haradasa rəsmi bir vəzifəsi varsa, onun millətə, dövlətə xidmətindən danışılır. O biriləri ilə bağlı qabardılan əsas cəhət isə əsl şair, yazıçı ömrü sürmələridir. Bu “əsl şair, yazıçı ömrü” deyəndə nəyi nəzərdə tuturlar? Bir az dərinə gedəndə aydın olur ki, bu yazıçı-şair həyatının çox hissəsini ədəbiyyatdan uzaq ərazilərdə keçirib. Əsl yazıçı-şair həyatı yaşamış səbəbkar ya dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan, saçı-başı dağınıq, özü daxil hamıya lağ edən, çoxsaylı anekdotların iştirakçısı olub. Ya da ağzına hər mikrofon uzadılanda gözlərini bərəldərək aforizmlər deyən, heç nəyi doğru-dürüst izah edə bilməyən, mistik görünməyə çalışan saxta dərviş. Dünya ədəbiyyatı ilə, sənəti ilə heç bir əlaqəsi olmayan bu adamların əsərlərindən danışan, niyə yaxşı, niyə pis olduğunu söyləyən çox azdır. Çünki heç kimə işin bu tərəfi maraqlı deyil. Maraqlı olan beyinlərdəki şablon sənətçi obrazıdır.

Çoxunun nəzərində yaradıcı insan olmağın əsas əlaməti özünü məhv etməkdir. Sağlamlığını, şəxsi həyatını, nizam-intizamını dağıtmaq, bütün günü divanda uzanıb tavana baxmaq, axşamlar orda-burda məclislərə getmək, gecələr də evə sürünə-sürünə gəlməkdir. Mütaliə, yazmaq, hansısa mövzunu tədqiq etmək bu yaradıcı həyat tərzinin harasındadır bəs? Yaxınlarda şair Əlisəmid Kürün vəfatı ilə bağlı digər şairimiz Aqşin Yeniseyin maraqlı təsbitini oxudum: “Canına yazığı gələn adamdan şair olmaz, rəssam olmaz, musiqiçi olmaz. Ümumiyyətlə, yaradıcı adam olmaz”. Halbuki son yüz ilin böyük yaradıcı adamlarının müsahibələrini, bioqrafiyalarını oxuyanda əksəriyyətinin çox və yaxşı yaza bilmək, dəmir nizam-intizamlarını qorumaq üçün fiziki-mental sağlamlıqlarına necə əhəmiyyət verdiklərini görürük. İstisnalar var, amma bunlar bizi aldatmasın. Vəziyyət Aqşin Yeniseyin söylədiyinin əksini göstərir: canına yazığı gəlməyən, fiziki-mental sağlamlığını qorumayan, nizam-intizamına fikir verməyən insandan böyük yaradıcı adam yetişmir. Xüsusilə, müasir dövrü və bizim kimi cəmiyyətləri nəzərdə tuturam. Onsuz da indi siyasi sistemdən tutmuş texnologiyaya qədər çox şey yaradıcılığın əleyhinədir. Bu nəhəng əzici çarxın qarşısında tab gətirmək üçün möhkəm fiziki-mental sağlamlığa həmişəkindən daha çox ehtiyac var (nə qədər çətin olsa da).

Digər tərəfdən, yaradıcılığın təbiətində bir az dəliliyin, bir az ruhaniliyin olduğunu inkar etmək olmaz. Yaradıcı insandan kütlənin standart davranışlarını, həyat tərzini gözləmək də yanlışdır. Amma mövzumuz hələlik bu deyil. Bu məsələyə sonda yenidən qayıdacağam. Mövzumuz hələ də beynimizdən çıxmayan sənətçi obrazı və bu obrazın sənət tarixindəki mənbəyidir.

***

İllər öncə yazıçılarımızın, şairlərimizin “Bayron qəhrəmanları”na bənzəmək arzusu barədə yazmışdım. Oxumayanlar üçün həmin yazıdakı bəzi fikirləri burda da təkrarlayacağam.

Yaradıcı insan deyilən kimi əksəriyyətimizin təsəvvüründə ipə-sapa yatmayan, üsyankar təbiətli, gecələr oyaq qalıb, gündüzlər yatan, davranışı əhvalına görə dəyişən, asosial, ilham pərisi gələn kimi qələmdən, fırçadan yapışan, təbi gəlməyəndə günlərlə yarada bilməyən, adətən gənc yaşlarda ölən və maddi dünyada gözü olmayan, geyim-kecimi hamıdan fərqli bir insan tipi canlanır. İdeal yazıçı, rejissor, bəstəkar, rəssam obrazı empirizmi, bütün gerçəklikləri rədd edib metafizik şərhlərin ətəyindən yapışan insandır.

Az-çox sənət tarixindən xəbəri olanlar bilir ki, yaradıcı insan kimi tarixə yazıla bilmişlərin heç də hamısı belə olmayıb. Tək-tək baxsaq, bu insanların təsəvvürümüzdəki yaradıcıdan daha fərqli olduğunu görərik. Yaxınlarda Virciniya Vulfun bioqrafiyasını oxuyurdum. Həyatının son illərini ağır depressiyada keçirməsi, sonda da intiharı onun haqqında adamayovuşmaz, həmişə ciddi və kədərli olan qadın təsəvvürü yaradıb. Tanıyanlarsa deyirdi ki, həddindən artıq şən, məclislərdə deyib-gülən, əri ilə birlikdə nəşriyyat işlədən, gənc yazıçılarla görüşüb günlərlə söhbət edən, qısası, həyatın içində qaynayıb-qarışan bir insan idi. Yaxud, hər gün üzünü tərtəmiz qırxıb, ağ köynək, kostyum geyinib, qalstuk taxıb, nizam-intizamla yazan Tomas Mann nümunəsi var. Bütün günü xalq arasında gəzən, kütlədən nəinki qaçan, hətta ondan ruhlanan Rable var. Kobud, vəhşi təbiətli Mikelancelonun, qatil olmaqdan belə çəkinməyən Karavaccionun əks tərəfində sakit həyat tərzi sürən, çox üzüyola, hətta yerli-yersiz həmsöhbətinə “yaltaqlanan” Rafael var. Saray üçün musiqilər bəstələyən, hesab-kitabını yaxşı bilən böyük bəstəkarlar var. Heç də cavan ölməyən, sağlam və yaşı səksəni ötmüş onlarla yazıçı, şair, bəstəkar və sair və ilaxır. Artıq yüz ildir bu obrazdan kənarda yüzlərlə sənət adamı olsa da, təsəvvürlərdə hələ də görmək istədiyimiz obraz aktualdır.

Belə bir obrazın yaddaşımızdan çıxmasına imkan verməyən vasitələrdən biri və birincisi Hollivud filmləri, “bestseller” bioqrafiya romanlarıdır. Bu məhsullar xeyli ciddi sənət adamını beləcə şablon xarakterə salaraq bizə təqdim edib. Çünki Hollivud və oxşar sənaye peşəkarları insanların nə istədiyini yaxşı bilirlər. Yaxşı bilirlər ki, insanların çoxunu sənət əsərlərinin mahiyyəti, müəlliflərin o məqama çatmaq üçün bilik və təcrübə qazanmaq prosesində keçdikləri yol deyil, onların dəli-dolu həyat tərzləri, intriqaları maraqlandırır. Dəli-dolu olmasalar belə, həyat hekayəsinin içindən bir epizodu seçib istədikləri kimi bəzəyib-düzəyirlər və bu epizodu bütöv bir həyatın üzərinə örtük kimi çəkirlər.

Yenə də, Hollivud və oxşar sənayelər səbəb deyil, vasitədir. Onlar sadəcə nəticədən sui-istifadə edirlər. Səbəbi, yəqin ki, romantizmdə axtarmaq lazımdır. Sənət cərəyanları içərisində insan ruhunun, ya da beyninin ən çox burulğanlı dövrü romantizmin payına düşür. Romantizm dövrü qəhrəmanlarının ortaq nöqtəsi “Onun daxili aləmi dəniz kimi təlatümlü idi” cümləsidir. Özündən sonra ən çox klişe qoyub gedən sənət cərəyanıdır romantizm. Yüz əlli ilə yaxın dövrü olan bu axında gördüyümüz xüsusiyyətlər, xarakterlər şablona çevrilərək bütün sənət tarixində hər şeydən və hər kəsdən daha çox ilişib qalıb təsəvvürümüzdə.

Sənət cərəyanı kimi romantizm musiqidə, rəsmdə, ədəbiyyatda bəşəriyyətə çox böyük əsərlər verdi. Amma yaradıcı insan obrazı üzərində mənfi təsiri mədəni inkişafdan geri qalmış xalqların bəlasına çevrildi. Sağalmaz xəstəlik kimi hələ də xilas ola bilmirik: anlaşılmaz görünmək, sirr aşinalığı, heç bir fikri doğru-dürüst izah edə bilməmək, nizam-intizamsız, dağınıq həyat sürmək, hər arqumenti qeyri-müəyyən ilahi köklərlə əsaslandırmaq (əslində, əsaslandıra bilməmək), özünü məhv etmək, ya da bu cür görünməyə çalışmaq və bütün bunların əsl sənətçi obrazı kimi sevilməsi, auditoriyaya sırınması.

Romantizmin bu qədər təsirli olmağının səbəbi, yuxarıda dediyim kimi, bütün başqa axınlardan daha çox ruhumuza, daxili aləmimizə xitab etməsidir. Romantizm, sahib olduğumuzu qürurla söyləsək də, bizi gərginliyi ilə yoran məntiqimizə, ağlımıza deyil, məhz daha təbii, daha rahat olduğumuz “ruhu”muza xitab edirdi. Onun yaranma səbəbini xatırlayaq: sənaye inqilabına, rasionalizmə, aydınlanmaya, fransız inqilabına və süqut etmiş əzəmətli, güclü Napoleon xarakterinə qarşı üsyan. Romantizm sənayenin əksinə təbiəti, ağlın, məntiqin əksinə ruhu və təcrübəyə tabe olmayan duyğuları, aydınlanmanın əksinə metafizikanı və təbiətin dəfedilməz gücünü, aristokratiyanın, sosial normaların, adətlərin əksinə asi və cığal yeniyetmə davranışını gətirmişdi. Nəhayət, Napoleonun qəhrəman modelinin əksinə romantik qəhrəman və sosial olan hər şeyin əksinə “Bayron qəhrəmanı” obrazını yaratmışdı.

Qısaca qeyd edək ki, şair Bayronun “Çayld Haroldun ziyarəti” əsərindən başlayaraq bütün əsərlərindəki qəhrəmanların bir sıra oxşar xüsusiyyətləri sonradan ədəbiyyat nəzəriyyəsində cəmləşdirilərək “Bayron qəhrəmanı” (“Byronic hero”) deyimi ilə ifadə olundu. Hansılar idi bu xüsusiyyətlər? Yalqızlıq, melanxoliya, təbiətə vurğunluq, sənaye və texnologiyaya nifrət, sirlilik, anlaşılmazlıq, yüksək eqo, introspektivlik, ilham pərisinə inam, ruhi müvazinətin tez-tez itməsi, davranışların əhvaldan asılı olaraq dəyişməsi, daxili təlatüm, kütlədən qaçış, təcrid olunmaq, güzəştə getməmək, sinizm, özünə qarşı dağıdıcı davranmaq (içki, narkotika), emosiyaların yüksək həssaslığı, depressiya, insanlara və insanlığa nifrət.

Bu qəhrəman tipi qısa müddətdə elə məşhurlaşdı ki, Avropanın bu başından o biri başına, hətta Amerikaya qədər əksəriyyətini təsir altına aldı. Yevgeni Oneqin, Peçorin, Kapitan Ahab, Hitklif, Getsbi kimi obrazları xatırlayaq. Bu qəhrəmanlardakı mizantropiya sonda demonik xüsusiyyətə çevrilir. Həm özünü, həm də ətrafdakıları məhv etməyə qadir bir demonizm. Romantik müəlliflərin özlərinin də cəmiyyətdən təbiətə doğru kəskin dönüşləri onları “Frankşteyn”, “Qədim dənizçinin nəğməsi”, “Mobi Dik” kimi satanik qüvvəli təbiətin üstünlüyünü göstərən mistik əsərlər yazmağa gətirib çıxardı. Tənqidçilər “Göl şairləri”ni (Kits, Şelli, Vordsvort, Kolric və başqa romantik şair və yazıçılardan ibarət ədəbi qrup) “şairlərin satanik məktəbi” adlandırırdılar.

***

İllər sonra bu mövzuya yenidən qayıtmağımın səbəbi hələ də dəyişməyən təfəkkürümüz, yarlıqlarla düşünməyimiz, boyat estetik yanaşmalarımızdır. Romantizmin mənfi təsirlərinin, mahiyyətdən xəbərsiz insanlar tərəfindən uğursuz təqlidinin səbəblərini bir az da cəmiyyətdə və siyasi sistemdə axtarmalı olduğumuzu düşünürəm. Bu baxımdan bizim “romantik”ləri ümumiləşdirərək bir neçə qrupa bölmək olar.

Bir qrup sənətçilərimiz həm dövlətin verdiyi imtiyazları, həm də kütlənin gözündə sənətçi obrazını itirməmək üçün bilərəkdən bu görkəmdən əl çəkmirlər. Daha rahat, daha təhlükəsiz, daha cəlbedicidir bu obraz. İnsanların da bu obrazı sevdiklərini yaxşı bilirlər. Guşənişin zahid obrazından çıxmayan bu adamlar şəxsi həyatlarında həddindən artıq praqmatik, rasional, ailədə ömür-gün yoldaşı, qayğıkeş valideyndirlər. Özləri sənətin mahiyyətindən uzaq olsalar da, sənətin monopoliyasını əldən vermək istəmirlər.

İkinci qrupdakıların “romantizmi” ilk baxışda daha səmimi, daha anlaşılan görünür. Məqsədləri imtiyazlar əldə etmək, vəzifədə olmaq deyil, həqiqətən sənətlə məşğul olmaqdır. Amma ölkədəki siyasi sistemin yaratdığı qorxu, təzyiq və ümidsizlik, cəmiyyətin laqeydliyi onları təcridə sürükləyir, reallıqdan uzaqlaşmağa məcbur edir. Onlar şüurun dərin qatlarında dərk edirlər ki, gerçək həyatın qarşısında çox zəifdirlər, bu meydanda oynasalar, məğlubiyyətə məhkumdurlar. Qorxunun, təzyiqin və ümidsizliyin qarşısında mədət umduqları yer metafizikadır, anlaşılmazlıqdır, izahedilməz sirlər və ilahi dəstəkdir. Reallıqdan qaçıb təcrid olunmaqdır.

Üçüncü qrupun dərdi böyükdür. Onların nə sənətə dəxli var, nə də birinci qrupdakılar kimi imtiyazlara, hiyləgər planlara malikdirlər. Çoxluq təşkil edən bu qrup öz savadsızlıqları, lokal təfəkkürləri və tənbəllikləri ucbatından ən bəsit təqlid yolunu seçirlər. Kəsə yolla məşhurlaşmaq, zəhmət çəkmədən, oxumadan, düşünmədən yazıçı-şair olmaq üçün onlara çox tanış və asan olan “romantik” obraza bürünürlər. Əyyaşlıq, dağınıq saç-saqqal, məclislərdə təlxəkliklər, qəribə davranışlar, hər mövzuda ən marjinal və əsaslandırılmamış fikirləri deyib müzakirə obyekti olmaq, başqa sahələr bir yana, öz sənətindən məlumatsız olmaq, amma həm də hər yerdə ədəbiyyatın, sənətin əhəmiyyətindən danışıb sadə xalqı təhqir etmək bu saxta romantiklərin oxşar xüsusiyyətləridir.

***

Bəzi oxucuların söhbəti yanlış anlamaq meylini və bacarığını nəzərə alaraq bir neçə məsələni dəqiqləşdirmək istəyirəm. Birincisi, söyləmək istədiyim o deyil ki, romantik həyat tərzi yaşayan insanlar yaxşı əsərlər yarada bilməz. Nümunələri çoxdur və indi də var. Demək istədiyim odur ki, sənət adamını qəlibdə görmək, onun yaradıcılığını və həyatını düsturlarla anlamaq yanlışdır. Bir şair, bir yazıçı öləndə əsərlərini deyil, uğursuz həyat tərzini əsas gətirib “əsl sənətçi həyatı yaşadı” söyləmək, ən yaxşı halda, diletantlıqdır. Ucuz dərviş libasına bürünüb anlaşılmaz fikirlər söyləyən fırıldaqçıları sənətin panteonunda görmək onların tələsinə düşməkdir. Və nəhayət, bir insan sırf siyasi gücün işarə etməsi ilə yazıçı olmadığı kimi, sırf siyasi gücə qarşı çıxıb səfil-sərgərdan yaşadığına görə də yazıçı olmur.

İkincisi, yazının əvvəlində dediyim kimi, yaradıcılığın təbiətində bir az dəlilik, bir az da ruhanilik var. Amma sənət tanrısı bu baxımdan ədalətlidir. Yalnız təbii prosesin gətirib çıxardığı dəlilik həqiqi yaradıcılığa faydalı ola bilir. Yalnız lazım olan qədər zəhməti, zamanı həsr etdikdən, sərt intizamı qoruduqdan sonra o mistik, həqiqi ruhani qat açıla bilir.

Çağdaş dövrün elmi-texnoloji xaosu, bayağılığın hökmranlığı, mövzuların dayazlığı, zövqsüz memarlığı, həddindən artıq maddiyyatçılığı bəzən sənət adamlarını müasirlikdən uzaqlaşmağa vadar edir. Digər tərəfdən, sənətin özündə də keçmişin nostalgiyası var. Bunlar təbiidir və əslində, dövrün reallıqlarına təslim olmağa da məcbur deyilik. Amma inandığım bir şey var: zamanın ruhunu anlamayan, reallığı görməyən, dövrün elmindən, fəlsəfəsindən, sənət dünyasından xəbərsiz olan, qarşı çıxdığı mövzuya dair məlumatı olmayan, özünü yalandan dəliliyə və guşənişinliyə vuran ədəbiyyat və sənət adamı gec-tez gülünc vəziyyətə düşür. Başqa sahələr yazıçının, şairin, rejissorun qarşısında maneə yox, öz yaradıcılığında istifadə edəcəyi vasitələr olmalıdır. Dostoyevskinin şəxsi həkimi Yanovski yazırdı ki, “Dostoyevski mütəmadi olaraq məndən tibbi kitablar, beyin və sinir sistemi xəstəlikləri, ruhi xəstəliklər və kəllənin inkişafına dair kitablar götürürdü”. Yəni, “insan qəlbinin mühəndisi” yalnız öz istedadına, müşahidəsinə və ədəbiyyata arxayın olmurdu, dövrünün tibbindən də ciddi istifadə edirdi. Yaxud, Coys, Prust, Folkner kimi yazıçıların yaradıcılıqlarında dövrün fəlsəfi fikirlərinin (Berqsonun fəlsəfəsi, məsələn), insan beyni ilə bağlı elmi yeniliklərinin çox böyük təsiri vardı. Sənət mühitimizin “romantik”ləri isə elm, fəlsəfə adı gələndə elə bil qutuda ilan görürlər. Buna görə də sığındıqları şey onlara sırınan saxta obraza bürünmək, cəmiyyətin anlamadığı, cəmiyyətdənkənar dəli mənzərəsi yaratmaqdır.

Parisdə dəb formalaşdıran aktrisa - O, hansı yolla məşhurlaşmışdı? Tanınmış alim vəfat etdi “Apokalipsis" filminin aktyoru həbs edildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see198

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see178

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see174

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see147

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see135

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see133

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see130

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see127

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see125

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see124

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see121

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see121

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see119

Acı bibər infarkt riskini azaldırmış

30 Oktyabr 2025 05:12see119

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see118

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see115

ABŞ ın kommersiya neft ehtiyatları 416 mln. bareldən aşağı enib

30 Oktyabr 2025 09:04see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri