Dünya tibb elminə töhfələr vermiş böyük akademik
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dövlət başçısının Sərəncamı ilə akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək
Azərbaycan tibb elminə mühüm nailiyyətlər qazandıran, tibb təhsili və səhiyyə sisteminin müasir əsaslar üzərində qurulması işinə misilsiz töhfələr verən Mustafa Topçubaşov respublikada cərrahlıq elmi məktəbinin banilərindəndir. Görkəmli alim 200 elmi əsərin, 8 monoqrafiyanın, çoxlu sayda elmi topluların, Azərbaycan dilində 110 çap vərəqi həcmində 5 cildlik cərrahlığa dair dərsliyin müəllifidir. 62 illik əmək fəaliyyəti dövründə 100 minə yaxın uğurlu cərrahiyyə əməliyyatı aparıb. Gərgin elmi və praktik fəaliyyətlə yanaşı, tibb kadrlarının hazırlanması sahəsində də böyük işlər görüb, rəhbərliyi ilə 35 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə edib.
Qərbi Azərbaycanın İrəvan mahalının Göykümbət kəndində əsilli-köklü nəsillərindən birinin ailəsində dünyaya göz açan görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Topçubaşov 17 avqust 1895-ci ildə dünyaya göz açıb. Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. Dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub. Belə bir ziyalının – "Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə akademik Mustafa Topçubaşovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sərəncamda qeyd edilib ki, 2025-ci ilin avqust ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130 ili tamam olur.
BEYNƏLXALQ MİQYASDA AZƏRBAYCAN CƏRRAHİYYƏSİNİ LAYİQİNCƏ TƏMSİL EDƏN AKADEMİK
Akademik Mustafa Topçubaşov çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaratmış böyük nüfuza malik şəxsiyyətdir. O. Təbabətin müxtəlif sahələri üzrə müalicə texnologiyalarının və cərrahi problemlərin kompleks şəkildə öyrənilməsi yenilikçi alimin fundamental araşdırmalarının başlıca istiqamətlərini təşkil etmişdir. Praktiki cərrahiyyədə geniş yayılmış orijinal müalicə üsullarının tətbiqi və beynəlxalq miqyasda Azərbaycan cərrahiyyəsinin layiqincə təmsil olunması Mustafa Topçubaşovun adı ilə sıx bağlıdır.
Azərbaycan cərrahlıq elmi məktəbinin banilərindən biri, Azərbaycan SSR EA akademiki, Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü, SSRİ Tibb Elmləri Akademiyasının akademiki, "Stalin" mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR EA vitse-prezidenti, Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı olan Mustafa Topçubaşov geniş və şaxəli yaradıcılığı ilə şöhrət tapmışdır. 1945-ci ildə yenidən yaradılmış Azərbaycan Elmlər Akademiyasına seçilmiş 15 görkəmli alimin biri Mustafa bəy Topçubaşov olub. O, 1947-1949-cu illərdə Eksperimental Tibb İnstitutuna rəhbərlik edib, 1951-ci ildən həyatının sonuna qədər Azərbaycan Elmlər Akademiyasınin vitse-prezidenti vəzifəsində işləyib. 1949-cu ildə SSRİ Tibb Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilib. Tərcümeyi-halına nəzər salsaq görərik ki, o, 1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə İrəvan kişi gimnaziyasını bitirib. Valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə qəbul olunub. Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. O, bu dövrdə Kiyevdə qalaraq dövlət imtahanlarına hazırlaşıb.
1919-cu ildə təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edir. 1920–1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, 1923–1930-cu illərdə fakültə cərrahlığı klinikasında assisent işləmişdir. 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə M.Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının (indi - III cərrahi xəstəliklər kafedrası müdiri seçilir.
DÜNYA ANESTEZİOLOGİYA ELMİ TARİXİNDƏ İLKƏ İMZA ATAN ALİM
Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - injeksion efir-yağ narkozunu - analgeziya üsulunu kəşf edir. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verilir.
Onunla bağlı xatirələrdə qeyd olunur ki, Məclislərin birində bəstəkar Üzeyir Hacıbəyov deyib:
- Əgər təbabəti musiqi kimi səsləndirmək mümkün olsaydı, bizim Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından biri olardı.
Akademik Heydər Hüseynov ona etiraz edib:
- Təbabətin filosofu adı Mustafa bəyə daha çox yaraşır. Üzeyir bəy cavab verib:
- Məncə, təkliflərimizi birləşdirsək, bizim doktorumuz narazı qalmaz. Qoy Mustafa bəy «təbabətin filosofu və bəstəkarı» olsun.
TƏXLİYƏ HOSPİTALLARININ YARADILMASININ İLK TƏŞƏBBÜSKARI
Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. O, SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.
Müharibədən sonra professor M. Topçubaşov 1945–1950 illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilir. 1945–1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951–1956 və 1969–1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır.
1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edir.
"ONUN ZİYALILIĞI TƏKCƏ ELMİNDƏ YOX, XASİYYƏTİNDƏ, DAVRANIŞINDA, İNSANLARA MÜNASİBƏTİNDƏ İDİ"
Ümummilli lider Heydər Əliyev Mustafa bəy Topçubaşovu həmişə yüksək qiymətləndirib, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini və dünya təbabət elminə verdiyi töhfələri layiqincə dəyərləndirib. 1995-ci ildə M.Topçubaşovun 100 illik yubiley mərasimində çıxış edən ulu öndər Heydər Əliyev böyük təbibin şəxsiyyətini açıqlayan bir neçə məqamı xüsusi vurğulayıb: "Mustafa bəy Topçubaşov anadan ziyalı kimi doğulubdu. Onun ziyalılığı təkcə elmində yox, xasiyyətində, davranışında, insanlara münasibətində idi... Xatirimdədir, bir dəfə bir nəfər mənim yanıma gəlib dedi ki, Mustafa bəy Topçubaşov akademiyada özünü elə aparır ki, elə bil heç vitse-prezident deyildir. Mən dedim, nə olubdur ki? O dedi ki, Mustafa bəy Topçubaşov akademiyanın bufetində oturur, hamı ilə birlikdə yemək yeyir. Dedim, burada nə var ki?.. Demək, insanlar başqa cür də düşünürlər.
Bu, onun alicənablığının, ziyalılığının parlaq təzahürüdür. İnsanlar var ki, bir xırda vəzifə tutan kimi ya evində, ya da dövlət işində özlərinə xüsusi xidmət tələb edirlər... Lakin xalqına bu qədər xidmət etmiş adam, həmin o Elmlər Akademiyasının bünövrəsini qoyanlardan biri bu cür təvazökar həyat keçirirdi."
Mənbələrdə qeyd olunur ki, bədxahlar "fəaliyyət"lərindən əl çəkmirdilər. Respublika rəhbərinə dəfələrlə deyirdilər ki, Mustafa bəy Topçubaşov artıq qocalıb. Bəlkə o, istefaya getsin, yaxud kafedra müdirliyini başqa adama tapşırsın? Topçubaşov akademiyanın vitse-prezidenti olduğu zaman da respublika rəhbəri Heydər Əliyevə belə "təklif"lərlə müraciət edirdilər. Ulu öndər isə belələrinə qətiyyətlə cavab verib: "Dediyiniz o qanun-qaydalar Mustafa bəy Topçubaşova aid deyil. O, elə bir insandır ki, o, elə bir fədakar adamdır ki, həyatının, yaşının son dəqiqəsinə qədər göstərdiyi fəaliyyət bizim üçün gərəkli və əhəmiyyətlidir".
Mustafa Topçubaşov dünya cərrahlarının öz praktikalarında indiyə qədər də istifadə etdiyi 160-dan çox elmi işin müəllifidir. 1981-ci il noyabrın 21-də vəfat edib. Bakı şəhərindəki Elmı-Tədqıqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutuna onun adı verilib.
Nəzakət ƏLƏDDİNQIZI


