Icma.az
close
up
RU
Düşmənlərin əbədi izdivacı

Düşmənlərin əbədi izdivacı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Qustav Floberin “Salambo” romanı haqqında

Onu tarixin dərinliyinə çəkən iki başlıca səbəb vardı: biri havasıyla nəfəs aldığı burjua gerçəkliyinə patoloji ikrah duyduğuna görə keçmişdə sığınacaq axtarması, o biri ta gəncliyindən qədim tarixə qəribə bir doğmalıq, məhrəmlik hissi bəsləməsi.

Qələm dostlarına yazdığı məktublardan göründüyü kimi, Floberin qəlbində dərinə işləmiş, bəlkə yüzüncü babasınacan kök atmış güclü reinkarnasiya duyğusu, görmədiyi, yaşamadığı zamanlara, bəşərin uşaqlığına, gəncliyinə həsrətdən doğan kövrək, həzin bir nostalji havası daim hökm sürüb. Ona elə gəlirmiş tarixin ən mühüm dönəmlərində şəxsən iştirak eləyib: qədim Misir fironlarının dövründə Nil çayında qayıqçı işləyib, Pun müharibələri zamanı Roma respublikasında kəniz alveriylə məşğul olub, antik Yunanıstanda bəlağətli nitqlər söyləyən natiq kimi ad çıxarıb, səlib yürüşlərinə qoşulduğu illərdə Suriyada çoxlu üzüm yediyinə görə partlamaya düşdüyündən din-şəriət uğrunda canını qurban verib; bir dövrdə bir ölkədə dəniz qulduru, başqa bir dövrdə başqa bir ölkədə rahib olub, gəzərgi aktyor kimi Qərb ölkələrini diyar-diyar dolaşıb, zalım padşah qismində hansısa Şərq ölkəsində rəiyyətə divan tutub...

Reinkarnasiya hissi özüylə panteizm duyğusu da gətirir, bunları bir-birindən ayırmaq mümkün deyil. Yeri gəlmişkən deyim ki, Floberin cahanşümul ədəbi üslubu da panteizmin ana prinsipi üzərində formalaşıb.

***

“Madam Bovari” romanı üzərində çəkdiyi altı-yeddi illik ağır əziyyətdən sonra ondan da ağır bir işə girişəndə Qustav Flober böyük uğur qazanacağına bir o qədər əmin deyildi. Dövrün ədəbi konyunkturası yazıçıdan qaldırmaq istədiyi sosial-psixoloji-fəlsəfi problemləri yaşadığı cəmiyyətin fonunda nəzərdən keçirməyi, insan qəlbinin təzadlarını, təbəddülatlarını çağdaş gerçəkliklər kontekstində araşdırmağı tələb eləyirdi. Başqa sözlə desək, tarixi mövzulara baş vurmaq günün reallıqlarından qaçmaq kimi qəbul olunur, istər ədəbi tənqid, istərsə oxucu kütləsi belə halları çox da təqdir eləmirdi. Üstəlik də, əsərin yazıldığı illərdə (“Salambo” üzərində 1857-ci ildə işə başlayan yazıçı romanı 1862-ci ildə bitirib) tarix elminin xaraba qalmış qədim Karfagen sivilizasiyası barədə çox az bilgisi vardı, bu səbəbdən o qaranlıq tarixə insanların marağı da çox deyildi. Buna baxmayaraq Flober tarixin zülmətinə, zamanın dərin laylarına gömülmüş sivilizasiyanı bir arxeoloq hərisliyi, alim səbriylə diriltməyə nail oldu. Bunca ağır zəhmətin öhdəsindən gəlmək üçün o, başda qədim yunan tarixçisi Polibinin salnamələri olmaqla neçə-neçə tarixi qaynağa baş vurdu, Karfagen tarixinə gözlə, əllə toxunmaq üçün Tunis səfərinə çıxıb romanındakı hadisələrin cərəyan elədiyi torpaqlarda iki ay sərasər dolaşdı.

Doğrudur, sonrakı tədqiqatlar ticari münasibətlərin, tacir xalqın yaratdığı Karfagen respublikası ilə bağlı on doqquzuncu əsrdə formalaşmış təsəvvürlərin bir xeyli yanlış olduğunu göstərdi, ancaq sonrakı elmi-tarixi yeniliklər “Salambo”nun məzmununa, dəyərinə xələl gətirmədi. Roman elə işıq üzünə çıxarıldığı dövrdəcə böyük populyarlıq qazandı, həm tənqid, həm təqdir olundu. Viktor Hüqo, Lekont de Lil, Şarl Bodler kimi ədəbiyyat generalları, eləcə də məşhur bəstəkar Berlioz müəllifə difiramblar söyləyib öygülər yağdırdılar; tənqidçilərin bir qismi isə yazıçını qədim həyatın detallarına, məişət xırdalıqlarına həddindən artıq fokuslanmaqda, naturalist, hətta sadist səhnələrin təsvirinə aşırı aludə olmaqda, ən vacibi isə zahiri effekt yaratmağa güc verib qəhrəmanların daxili portretini, psixoloji mənzərəsini çəkməkdən yayınmaqda qınadı. Bu qınaqda gerçək payı yox deyil, həqiqətən müəllif “Madam Bovari”də dahiyanə ustalıqla gen-bol yararlandığı psixoloji analiz metodundan bu əsərdə, demək olar, istifadə eləmir, əvəzində həm saray, həm məbəd, həm də ordu həyatının detallarını bütün incəliklərinə qədər elə heyrətamiz kinematoqrafik dəqiqliklə canlandırır ki, oxucunun bu xırdalıqlardan bezib yorğun düşməməsi müşkül məsələdir, çünki bütün təsvir olunanları təsəvvürə gətirmək oxucudan xalis rəssam təxəyyülü istəyir. Əgər kino erasına qalsaydı, şübhəsiz, Floberə ssenarist kimi tay tapılmazdı.

***

Romandakı hadisələr bizim eradan əvvəl 240-cı ildə qədim Karfagen ərazisində baş verir. Süjetin əsasında muzdlu qoşunun hökumətə qarşı elə həmin il baş qaldırmış üsyanı, sərkərdə Hamilkar Barkanın komandanlığı altında Karfagen ordusunun dövləti çökdürmək gücündə olan qiyamı amansızcasına yatırması durur. Bütün bunlar tarixi sənədlərdə qeydə alınmış faktlar olsa da, müəllif keçmişin bədii salnaməsini yaratmaq məqsədi güdməyib, əsərin mərkəzinə tarixçilərin nəzərindən yayınmış daha mühüm bir hadisəni - sevgi macərasını çəkib.

Dövrünün özü ranqda başqa yazıçıları sayaq Flober də tarixi proseslərdən adı tarixə düşməmiş qəhrəmanlarına fon verib, dövran yaradıb. Bu baxımdan qaranlıq, ölü zamana baş vurmaq müəllifə əl-qolunu gen açmaq, təxəyyül atını sağa-sola səyirtmək səlahiyyəti də verib. Hərçənd müəllif bu geniş səlahiyyətdən sui-istifadə eləməyə çalışmayıb, bəşərin qaranlıq yaddaş quyusuna ün salmaqla mürgülü xatirələri oyatmaq üçün əlindən gələni əsirgəməyib, ölü zamanın laylarını dəbərdib, yoxluğu ələ gətirib. Özünü realist də yox, “sonuncu romantik” saydığına baxmayaraq Floberin bu əsəri iki min il əvvəl yaşamış qədim bir müəllifin qələmə aldığı, romantizm, naturalizm elementləriylə zəngin realist romana bənzəyir.

***

Aramsız savaşların əldən saldığı Karfagenin dövlət şurası muzdlu qoşunun haqqını ödəyə bilmədiyindən qəzəbli döyüşçülərin başını təmtəraqlı ziyafətlə qatmağa çalışır. Min bir nemətin düzüldüyü süfrələr Hamilkarın möhtəşəm sarayının ətrafındakı bağ-bağçada açılır. Hərəsi bir ölkədən, bir eldən çıxmış yorğun-üzgün, ac, yaralı əsgərlər hamılıqla ziyafətə axışırlar. Şuranın hesabı özünü doğrultmur, dadlı təamlardan yeyib şərabdan içən döyüşçülər sakitləşmək əvəzinə daha da qızışırlar, bir ucdan yemək-içmək, pul, qadın istəyirlər. Zindanın qapılarını qırıb dustaqları buraxırlar, Hamilkarın bağındakı hovuzda üzən müqəddəs balıqları bişirib yeyirlər.

Məclisin coşub-daşan çağında bağçada başdan-ayağa ləl-cəvahirlə bəzənmiş gözəl bir qız peyda olur. Bu, muzdlu qoşunun başında neçə-neçə döyüşdən qalib çıxmış sərkərdə Hamilkar Barkanın qızı Salambodur. Qız naməhrəm baxışlardan uzaqda, xədimlərin, kənizlərin arasında, Karfagenin qoruyucu tilsimi, himayədarı ilahə Tanitin mələyi, kahini, həm də təcəllası kimi bəslənib. Barbarlara müxtəlif dillərdə müraciət eləyən Salambo müqəddəs balıqlara tamah salmaqla onların ağır suç işlədiklərini, günaha batdıqlarını söyləyir. Sərxoş döyüşçülər susub onun nitqinə qulaq kəsilirlər. Onlardan birinin - numidiyalıların gənc rəhbəri Nar Havasın qıza dikilmiş həris baxışları xüsusilə seçilir. Nar Havas muzdlu deyil, ziyafətə də təsadüfən qoşulub. O, altı aydan bəri Hamilkarın sarayında yaşasa da, Salambonu ilk dəfə görür, qızın gözəlliyi qarşısında heyrətini gizlədə bilmir.

Süfrənin o biri başında Mato adlı azman liviyalı döyüşçü əyləşib. Salambonun gözəlliyi onun da gözünü qamaşdırır, Mato canlı tanrıçaya pərəstişlə təzim göstərir. Cavabında Salambo ona şərabla dolu piyalə uzadır. Qalliyalı döyüşçü deyir ki, onun vətənində qadın kişiyə şərab verirsə, demək, həmin kişiylə yatağını bölüşmək istədiyinə işarə vurur. Söz onun ağzından çıxar-çıxmaz Nar Havas ucubiz silahıyla Matonun əlini yaralayır. Qəzəblənmiş liviyalı yerindən sıçrayan kimi numidiyalı qaçıb sarayda daldalanır. Mato Nar Havasın arxasınca örtülən qırmızı darvazanı açanda azad olunmuş kölələrdən biri Spendi ilə qarşılaşır. Spendi ona deyir ki, əvvəllər bu sarayda yaşayıb, onun hər künc-bucağına bələddir, azadlığa qovuşmasının müqabilində burada saxlanan xəzinələrin yerini Matoya göstərə bilər. Di gəl, liviyalı cəngavərin fikri-zikri hər xəzinədən dəyərli Salambonun yanında qalıb.

F.Uğurlu

Davamı növbəti sayımızda...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Fevral 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see429

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see412

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see391

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see366

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see281

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see281

İsveçrə 72 ildən sonra 1/4 finalda Tarixi uğur

08 İyul 2026 03:58see277

Gəncədə faciə: 23 yaşlı qız yaşadığı evdə ölü tapıldı

08 İyul 2026 02:23see251

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see228

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see218

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see215

Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb

08 İyul 2026 05:04see211

Geosiyasi gərginlik fonunda neft qiymətləri yüksəldi

08 İyul 2026 06:27see210

Qonşu ölkələr turistlərdən milyon qazanır

08 İyul 2026 16:59see196

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see193

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see188

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see186

Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq

08 İyul 2026 05:00see182

1/4 finalın son cütü bəlli oldu Argentina İsveçrə

08 İyul 2026 03:04see174

Norveç millisi pis şəraitə görə DÇ 2026 nın dörddəbir finalından əvvəl oteli dəyişib

09 İyul 2026 02:17see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri