Əfşar imperiyasında ordu
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
Əfşar İmperiyasının hərbi sisteminin kökü Qızılbaş Dövlətinin dağılması ərəfəsində Xorasandakı qanlı toqquşmalar dövrünə əsaslanırdı.Yerli sərkərdə olan və Türkman Əfşar tayfasına (boyuna) mənsub olan Nadirqulu Xan Əfşarın komandanlığı altındakı döyüşçülərin sayı cəmi bir neçə yüz nəfər idi. Onlar Xorasan ərazisində fəaliyyət göstərirdilər. Nadir Xan özünü şah elan etdikdən sonra onun komandanlığı altındakı döyüşçülərin ümumilikdə sayı 375 minə çatdı. Tarixçi Maykl Corc Endrü Eksvortiyə görə bu ordu öz dövrünün ən güclü ordusu olmaqla birlikdə,onin ən böyük üstünlüyü ən istedadlı və uğurlu sərkərdə olan Nadir Xan tərəfindən idarə olunması idi.
Süvarilər
Əfşar İmperiya ordusu əsasən süvari birliklərə əsaslanan bir ordu idi.Bu ordudakı döyüşçülərin sayı 1743-cü ildə öz zirvəsinə çataraq 375 min nəfər oldu.Əfşar ordusunun əvvəlki dövrlərdəki ordulardan əsas fərqi odlu silahdan geniş şəkildə istifadə olunması idi. Qızılbaş ( Səfəvi ) ordusu (1501-1736) dövründə, yəni bu dövlətin mövcudluğu dövründə artilleriya və tüfəngçi bölmələrinin nüvəsi formalaşdırılsa da, onların sayı həmişə ordunun əsasını təşkil edən ənənəvi süvari ordusu döyüşçülərinin sayından az olmuşdur.Bu ənənəvi ordudakı döyüşçülər ənənəvi silahlarla-balta, qılınc, toppuz, nizə, ox-kaman ilə silahlanırdı və yarım köçəri ya da tam köçəri Türk tayfalarından (boylarından) toplanırdı. Avropa dövlətlərində süvarilər tapançalar və karabinlərlə silahlandırılan dönəmdə Qızılbaş Dövlətindəki şahların orduları ənənəvi silahlarla silahlandırılırdı.Yalnız Nadir Şah Əfşarın dövündə ilk dəfə ordunun böyük bir qismini odlu silahlarla silahlandırmaq mümkün oldu. Elə buna görə də,odlu silahlarla davranmağın öyrənilməsinə diqqət, təlim və tədrisə diqqət artırıldı. Belə bir hal Avropada bir əsr əvvəldən artıq başlamışdı.
Nadir Xanın ordusunun üzvləri etnik olaraq Türk və Türkmanlardan toplanırdı.Göründüyü kimi bu ordudakı döyüşçülər müxtəlif Türk tayfalarından toplanırdı. Bu döyüşçülərin çoxu yüngül silahlarla silahlanmış süvarilər idi. Əfşar ordusu əsgərləri başlarına Kulə-i Nadiri adlanan papaqlar qoyurdu.Bu papaq 18 düyüm hündürlükdə olmaqla birlikdə, ətrafına keçi və ya qoyun dərisi sarılmış olurdu. Döyüşçülərin çiynindən yundan hazırlanmış mantiya asılır,qırmızı,sarı və ya yaşıl rəngli açıq köynək, dəri çəkmələr geyinirdilər. Çox döyüşçünün həm ağır, həm də zəncirli zirehlərdən ibarət zirehli geyimləri var idi.Yüngül silahlandırılmış hər bir süvari qılıncla, tüfənglə və balta ilə təchiz edilirdi.Bəziləri qalxan da daşımaqda idilər.Əfşar İmperiyasında orduda həmçinin, Qacarlar kimi tayfalardan toplanan , çox sayıda döyüşçü də var idi.Döyüşçülərin çoxu çaxmaqlı və ya köhnə miquelet kilidli muşketlərlə silahlanmışdı,bəzilərində matçlok tipli tüfənglər də var idi.Piyadalar süngülərdən istifadə etmirdilər. Əfşar İmperiyası süvari ordusu döyüşdəki tapşırıqları əsasən uzun nizədən istifadə etmək idi.Türk boylarından və Əfşar boyundan toplanan yüngül silahlı süvarilər döyüşçülər də odlu silahlardan o qədər də istifadə etmirdilər,onlar döyüşdə qılıncdan,nizələrdən və oxlardan istifadə edirdilər.
Ən əvvəldən süvari bölmələri orduda ən önəmli əsas ordu hesab edilirdi. Nadir Şah Əfşar İmperiyası süvari ordusunda mühüm islahatlar həyata keçirdi.Bu islahatlardan biri süvarilərin atlarının maliyyə təminatının dövlət tərəfindən yerinə yetirilməsi idi. Bu islahatlara qədər süvarilər öz atları ilə riskə getmək istəmirdilər, çünki adətən bu atlar öz sahiblərinin ən dəyərli mülklərindən biri hesab edilirdi. Süvari ordusu əsas etibarı ilə iki hissəyə bölünmüşdü.Birincisi dövlət tərəfindən ordu üçün toplanmış süvarilər, ikincisi isə tabe olan tayfaların orduya göndərdiyi və ya böyük torpaq sahibləri tərəfindən orduya göndərilən süvarilər təşkil edirdi.
Qızılbaş dövründən etibarən ənənəvi olaraq süvarilər Osmanlıdakı analoqları üzərində üstünlüyə sahib idilər: “...Onlar bütün istiqamətlərdən hücuma keçdilər,hər hansı yeni istiqamətdə dövrə edirdilər. Sıralar bağlandı və sonra onlar hücum edib dağılışdılar,sonra bu səpələnmiş qrup eyni nöqtədə sıraları yenidən qapadılar.Onlar geri çəkilir və sonra da əks hücuma keçirdilər...
Basile Vatatzes
Süvarilərin çoxu şəmşirlə,nizəylə və xəncərlə silahlansa da,bəzən odlu silahdan da istifadə edirdilər. Nadir Xan 1736-cı ildə Şah olduqdan sonra imzaladığı əmr ilə tüfəng süvarilərin birinci dərəcəli silahlarından biri oldu.Bütün süvari ordusu tüfənglə silahlandırıldı.Bu qoşunlara həm kəşfiyyatda, həm də atışmada mühüm dərəcədə yardım edirdi. Sonuncuya misal olaraq Karnal döyüşü göstərilə bilər.
Dövlətin süvari bölmələri arasında ən prestijlisi şahın şəxsi süvari qvardiyası hesab edilirdi. Ən məşhur süvari birliklərindən biri tərcüməsi Səltənət süvariləri mənasını verən Savaran-e Səltənət süvari qusar ordusu idi. Əfşarlar, Qacarlar, Cəlairilər kimi tayfalar Nadir Şahın süvarilər toplanması üçün əsas mərkəzləri hesab edilirdi. Həmçinin başda Şahsevənlər olmaqla, müxtəlif Azərbaycan tayfalarından da süvarilər toplanmaqda idi. Savaran-e Sepah-e Xorasan süvari ordusunda 20 dənə ordu birliyi mövcud idi.Hər birlik min süvaridən ibarət idi.Beləliklə, Savaran-e Sepah-e Xorasanda 20 min süvari cəmlənməkdə idi.
Qulaman-e Şah
Şahın qulamları Qulaman-e Şah bölməsində isə 3 min seçmə süvari xidmət etməkdə idi.Bu bölmənin işi Nadir Şahın mühafizəsini yəşkil etmək idi.
Köməkçi süvarilər
Bu atlı ordusunun sayı hər zaman dəyişmişdir, lakin bir qaynaqda bunların sayının 70 min olduğu bildirilmişdir. Köməkçi süvari ordusundan olan süvarilər tez-tez Nadir Şahın Səltənət süvari ordusu bölməsinə yüksəldilirdi.
Artilleriya
Nadir Şah Əfşarın hərbi sahədə apardığı islahatlardan ən çox yararlanan ordu növü sözsüzki artilleriya idi. Səfəvi sülaləsinin hakimiyyəti dövründə artilleriya qüvvələrindən hərbi işdə məhdud çərçivədə istifadə edirdilər. Lakin Nadir Şahın yürüşlərində artilleriyadan geniş ölçüdə istifadə edilirdi. Nadir Şahın yürüşləri adətən aqressiv sürətli hücumlara əsaslanmasına görə ağır artilleriya silahlarını daşımaq problem təşkil etsə də, Nadir Şah ordu daxilindəki artilleriyadan istifadənin inkişaf etdirilməsinə daim xüsusi diqqət ayırmışdır.
Nadir Şah ordusunun əsas top tədarükçü fabrikləri Amül, Kirmanşah, İsfahan və Mərvdə yerləşirdi. Bu hərbi fabriklər yüksək keyfiyyətdə silah istehsal edir və ordularını yaxşı istifadə qabiliyyətinə malik toplarla təmin edirdilər.
Nadir Şahın ordusu içindəki ən önəmli artilleriya bölmələrindən biri zamburakçılar idi. Zamburakçı 1 və ya 2 poenderlik yüngül və dəvələrin belinə yerləşdirilən kiçik toplardan təşkil edilmişdi. Bu toplar meydan topları ilə müqayisədə qeyri-dəqiq və atış məsafəsi qısa olsa da, meydan döyüşlərində yaylım atəşi açmaqla kütləvi ölümə səbəb olması onun əsas üstünlüyü idi. Həmçinin bir digər üstün cəhəti isə yüngül və dəvə üstündə olduğuna görə yerdəyişməsi asan və çevik olması idi. Hərb tarixində Nadir Şah bu balaca topları icad edib, bunlar dəvələr üstünə qoyularaq 360 dərəcə fırlanırmış.
Meydan artilleriyası Əfşar imperiyası ordusunun ayrılmaz hissəsi idi. Nadir Xanın Mesopotamiyaya (İraqa) birinci yürüşü (10 dekabr 1732-19 dekabr 1733) zamanı,o,mühasirədə olan Bağdada yardım üçün gəlmiş Topal Osman Paşanı qarşılamaq üçün şimaldakı Samarraya gedərkən ordusunda 18 top olmuşdur. Onlardan 4-ü 30, 6-ı 15, 8-i 9 pouderlik olmuşdur.
Nadir Şah Əfşarın ordudakı islahatlarından yararlanan əsas sahələrdən biri kimi meydan artilleriyası və ya topları özlərinin Osmanlı və Hindistan Teymuri İmperatorluğundakı analogiyaları ilə müqayisədə daha üstün mövqeyə sahibləndilər. Əfşar İmperiyası ordusunun artilleriyası bu iki imperiya artilleriyası ilə müqayisədə daha dəqiq atış gücünə malik idi.
Piyadalar
Qızılbaş (Səfəvi) dövründə olduğu kimi Nadir Şah Əfşar zamanında da piyada bölmələr ikinci dərəcəli ordu kimi dəyərləndirilirdi və əhəmiyyətinə görə süvarilərdən sonra dəyərləndirilirdi. Bundan əlavə olaraq, odlu silahla silahlandırılmış piyada bölmələri heç vaxt tam olaraq inkişaf etdirilməmişdi.Buna istisna olaraq, islahatları ilə odlu silahlı piyada ordunu Qızılbaş ordusunda sayını artırmış I Şah Abbası (1587-1629) göstərmək mümkündür. 42 il hökmdarlıq etmişdir.
Bütün piyada ordusuna kolah-e Naderi adlanan hündür papaq, mavi tunika və qırmızı şalvardan ibarət standart bir forma var idi.
Nadir Xanın Əfqanıstanın qərbindəki Abdali əfqanlarına puştulara qarşı ilkin yürüşləri ona güclü süvari orduya qarşı savaşa bilmək üçün həll yolu tapmağa sövq etdi. Odlu silahlarla təchiz edilmiş piyadalar sisteminin təkmilləşdirilməsi,artilleriya qüvvələri və manevr edə bilən süvarilər kimi həll yolları ilə Nadir Xan Abdali əfqanlarının süvari döyüşçülərini məğlub etməyi bacardı.
Cəzayirçilər
Cəzayirçilər Nadir Şah Əfşarın ordusunun tüfəngçiləri arasında elit qüvvələri təşkil edirdi.Bu piyadalar tərəfindən istifadə edilən çaxmaqlı milli tüfəng olan Jazayer (Cəzayer) Avropadakı analoqlarından daha ağır çaplı idi və nəticədə daha geniş diapazona, eləcə də təkmilləşdirilmiş dəqiqliyə malik idi. Tüfəngçilərin elit təbəqəsi Cəzayirçilər çaxmaqlı tüfəngin adı ilə Cəzayirçilər adlanırdı. Ortalama Avropa tüfəngi 5 kiloqram ağırlığında olmaqla,18 millimetrlik diametrlə atəş açırdısa,cəzayir tüfəngi ağır 18 kiloqram idi və 24 millimetr diametrlə atəş açırdı.
Avropadakı tüfənglərdən fərqli olaraq, milli yerli istehsalı olan cəzayir tüfəngi kağız kartij əvəzinə burnuz vasitəsilə doldurulurdu.Bu da o deməkdir ki,bunun məsafə,təsir və dəqiqlik kimi üstünlükləri olsa da, Avropadakı analoqları ilə müqayisədə onların doldurulması üçün daha uzun vaxt sərf etmək lazım gəlirdi. Qızılbaş ordusunda cəzayir tüfəngindən istifadə barədə məlum olan ilkin məlumatın tarixi XVII əsrin ortalarına qədər gedib çıxmaqdadır. Cəzayirçilər cəzayir adlanan tüfəngdən əlavə, şəmşir adlanan soyuq silah qılıncla da silahlanırdı. Piyada qoşunun cəzayirçilər bölməsi aramsız təlimlər və məşqlə məşğul olurdular.Bu tipdə təlimlərdən birinin şahidi olan şəxs xatirələrində belə yazır:
“Piyadalar-mən tüfəng daşıyan döyüşçüləri nəzərdə tuturam-öz bölmələrində birləşir və öz silahları ilə hədəfə atəş açırdılar- bu davamlı olaraq təkrar edilirdi. Əgər Təhmasibqulu Xan ( Nadir Şah Əfşar nəzərdə tutulur) bir sıravi döyüşçünün davamlı olaraq yaxşı atəş açdığının şahidi olardısa, onu 100 və ya 50 nəfərlik dəstənin komandanlığına təyin edərdi. O, bütün döyüşçüləri cəsarətli, qabiliyyətli və təcrübəli olmağa təşviq edərdi və ən sadə sözlə desək,özü güclü xarakteri və hərbi bacarıqları ilə digərlərinə nümunə olardı”.
Cəzayirçi bölmələri hər gün saatlarla məşq edərdi. Döyüşçülərin təlim-məşqlərində təcrübə qazanmalarına xüsusi önəm verilirdi. Nadir Şah Əfşar cəzayirçi bölmələrini şəxsən özü təşkil etmişdi və döyüşlərdə tez-tez cəzayirçilərə şəxsən komandanlıq edirdi.Başqa bir şahidin bildirdiyinə görə,cəzayirçilər yaxşı təşkil edilmişdilər və yaxşı sursatla təmin edilmişdilər.
Cəzayirçilərin ümumi sayı barədə müxtəlif məlumatlar mövcuddur və hesabatlarda rəqəmlər bir-birindən fərqlənməkdədir. Lakin ümumilikdə ortalama götürsək bu korpusun döyüşçülərinin sayının on min olduğu təxmin edilə bilər. Conas Hanvet 1744-cü ilə aid yazısında bildirir ki, Nadir Şahın 12 minlik cəzayirçisinə əlavə olaraq,40 minlik nizami tüfəngçisi də var idi.Nadir Şah həmçinin özünün Mərkəzi Asiya yürüşündə 12 min nəfərdən ibarət cəzayirçi korpusuna komandanlıq etmişdir.
Cəzayirçilər piyada qoşun növü olmasına baxmayaraq,bəzən yürüşlər zamanı zəruriyyət qarşısında onlar süvari kimi də döyüşlərdə iştirak edirdilər.Belə döyüşlərə misal olaraq 13 fevral 1739 Karnal savaşını göstərmək olar. Onlar təchizatlarının və hərbi bacarıqlarının yüksəkliyinə görə Nadir Şahın müxtəlif yürüşlərində ən fərqli və çətin döyüş tapşırıqlarını yerinə yetirmiş və qələbədə mühüm paya sahib olmuşdular. Belə döyüşlərə misal olaraq Damğanı (1729), Murçexortu (12 noyabr 1729), Kərkükü (24-26 oktyabr 1733), Muradtəpə (19 iiyun 1735), Karnalı və Qarsı (1745) göstərə bilərik.
Karnal savaşında oynadığı həlledici rola görə, cəzayir piyada ordusu barədə “ox cəzayirə cavab verə bilməz”- deyə bir şahid tərəfindən qeyd edilmişdir.
Nadir Şah Əfşar özünü Çingiz Xan və Əmir Teymurun davamçısı kimi görür və özünü onların varisi hesab edirdi.Özünə Asiyanın sonuncu böyük fatehi kimi ad qazanmışdı.Bu insanın heyrət doğuracaq fəaliyyəti elə indinin özündə də hərb işinin davamçılarının heyranlıqla öyrəndiyi və müraciət etdiyi qiymətli bir hərbi mirasdır. O, məğlubedilməzlik simvoluna çevirlməklə hərbi peşəkarlığı ən yüksək zirvəyə çatdıra bildi.Nadir Şah üçün mümkünsüz olan hərbi tapşırıq yox idi.Nadir Şah Əfşar Azərbaycanın İmperiya tarixinin ən yüksək zirvəsi idi.O, toplar və tüfənglərlə dəstəklənən, tüfəng və top atəşlərinin əlaqələndirildiyi çox güclü ordu qurmuşdu.

