Əgər 23 saatlıq antiterror əməliyyatları aparılmasaydı...
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Biz hələ çox terror və təxribatın fəsadını görəcəkdik
Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağımızı ucaldarkən etdiyi çıxışından
Prezident sentyabrın 19-dan 20-nə keçən gecə olduqca mühüm və tarixi bir videoçarx paylaşdı. Həmin qısa lentdə ölkəmizə, xalqımıza, Cənubi Qafqaza və ümumiyyətlə, region ölkələrinin hamısına məlum olan tarixi proseslər xatırladılırdı. O çarx bizim üçün ona görə dəyərli və qiymətlidir ki, oradakı fikirləri məhz uzun illər davam edən öldürücü, məhvedici münaqişəyə, müharibəyə, separatçılığa və düşmənçilik əməllərinə son qoymuş qalib Ali Baş Komandanın dilindən eşidirdik.
Həmin fikirlərdən seçilmiş dörd cümləni bu sətirlərin əvvəlində iqtibas kimi təqdim etdik. İqtibas kimi seçdiyimiz cümlələr bizim üçün ona görə dəyərlidir ki, həmin sözləri 23 saatlıq antiterror əməliyyatlarından cəmi 25 gün sonra məhz Xankəndində eşitdik. O şəhərdə ki, düşmənlərimiz az qala iki əsr idi ki, antitürk, antiAzərbaycan planlar cızır, ssenarilər yazır, qan tökür, qırğınlar yaradırdılar. Həmin günlərdə Bakıda dəfələrlə eşidirdik ki, Prezident Xankəndinə beş-altı aydan sonra gedə bilər. Çünki o yerlər hələ uzun müddət təhlükəli olacaq. Bəs nə oldu? İlham Əliyev oraya cəmi 25 gündən sonra getdi. Getdi və on illər boyu ilan – çayan yuvasına çevrilmiş qədim və müqəddəs torpağımızda şanlı bayrağımızı qaldırdı.
İndi qayıdaq yazının sərlövhəsinə. Yəni, “Əgər 23 saatlıq antiterror əməliyyatları aparılmasaydı...” sualına. Bu suala cavab verən ekspertlərdən biri deyir: “Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı”.
Yəni həmin 23 saatlıq əməliyyatlar olmasaydı, biz hələ çox teror, təxribat və qanlı faktlarla üz-üzə qalacaqdıq. Həmin suala cavab verən başqa bir ekspert deyir: “ Biz həmin əməliyyatları aparmasaydıq, son iki ildə Bakıdan Ermənistana göndərilən müxtəlif yüklü qatarlar ( çoxu Rusiyadan gəlsə də) çoxsaylı məhrumiyyətlərlə üz-üzə qalmış erməni xalqının problemlərinin bir hissəsini ödəməzdi. Qədim türk müdriklərindən biri deyib ki, beş-on nəfərin deyil, bütöv bir qövmün dərdinə əlac edənlər ən böyük savab qazananalardır.
Əgər biz həmin əməliyyatları aparmasaydıq Qafqazda sülh barədə söhbət belə getməyəcəkdi. ABŞ kimi qüdrətli dövlətin başçısı Azərbaycan və Ermənistan liderlərini Vaşinqtona dəvət edərək, sülh sənədinin paraflanmasına nail olmazdı. Hətta, cənab Tramp həmin sənədə şahid kimi özü də imza atmışdı. Biz həmin əməliyyatlara imza atmasaydıq, Zəngəzur dəhlizi layihəsi Allah bilir neçə onillər sonraya qalacaqdı.
Nəhayət, biz həmin əməliyyatları başlamasaydıq, Avropa hələ də üstümüzə diş qıcırdadırdı. Həmin tarixi prosesdə məni ən çox məmnun edən fakt– uzun illər işğala məruz qalan Azərbaycanı “reallıqla barışmağa çağıran” Avropanın rəhbərlərindən birinin 23 saatlıq əməliyyatfdan sonra Bakıya gələrək Prezident İlham Əliyevin yaratdığı YENİ REALLIQLARI alqışlaması oldu.
Söhbət “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinin qəbulunda, dövlət başçımıza xitabən səsləndirdiyi fikirlərdən gedir: “Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır. Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik”.
Yəni , adın nədir, Daşdəmir... Prezidentin bu gecə paylaşdığı videoçarxdan sonra ilk reaksiyanı Xarici İşlər Nazirliyindən gördük. Nazirliyin yaydığı bəyanatda deyilir: “Antiterror tədbirləri zamanı Azərbaycan tərəfi mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetirib, mülki şəxslər və mülki infrastruktur yox, yalnız qanunsuz silahlı birləşmələrin legitim hərbi obyekt və infrastrukturları hədəf alınıb. Azərbaycanın dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb. Ölkəmiz sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək, münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıb”.
P.S. İki gün əvvəl Almaniyanın vilayətlərindən birində Ermənistanın Baş naziri Nikol Paşinyana “Sülh mükafatı” təqdim etdilər ( Mütəxəssislərin fikrincə, həmin mükafat Azərbaycan Prezidentinə təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın yanında o qədər də nəzərə çarpan təltif deyil). Nikol Paşinyan mükafatı qəbul edəndə dedi: “Bu mükafat Azərbaycan Prezidentinə də təqdim edilməlidir. Çünki Cənubi Qafqaza sülh gətirilməsində İlham Əliyevin rolu çox böyükdür”.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Sentyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















