Ekspert: Bakıdan Belemə uzanan yol sadəcə iki iqlim konfransı arasında marşrut deyil, həm də uzunmüddətli tərəfdaşlığın qurulmasının açarıdır MÜSAHİBƏ
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC
Bu günlərdə Azərbaycan paytaxtında Bakı İqlim Fəaliyyət Həftəsi 2025 (BCAW-2025) keçirilir. Bu genişmiqyaslı tədbirin məqsədi iqlim təşəbbüslərinin genişləndirilməsi, hökumətlər, bizneslər və elmi icma arasında əməkdaşlığın inkişafıdır. Forumun proqramı energetika, maliyyə, iqlim dəyişmələrinə adaptasiya, kiçik və orta sahibkarlığın inkişafı, həmçinin ədalətli enerji keçidi məsələlərini ehtiva edir.
BCAW-2025 tədbirinin gündəliyində duran mühüm məsələ dayanıqlı yaşıl iqtisadiyyata keçid prosesində kiçik sahibkarlığın dəstəklənməsidir. Forumun Braziliyadan olan iştirakçısı, Braziliya Kiçik və Mikrobiznesə Dəstək Xidmətinin (SEBRAE) Alaqoas ştatındakı regional ofisinin direktoru, ölkədəki bütün analoji regional ofislər assosiasiyasının (ABASE) vitse-prezidenti və Braziliyanın keçmiş turizm naziri Vinisius Nobre Lajes AZƏRTAC-a eksklüziv müsahibəsində ölkəsinin rəqəmsal transformasiya və davamlı sahibkarlıq sahəsində təcrübəsini bölüşüb. Onun vizyonu və tövsiyələri milli iqlim gündəliyinin bir hissəsi kimi kiçik biznesin dəstəklənməsi və yaşıl iqtisadiyyatın gücləndirilməsi üçün innovativ yanaşmaları inteqrasiya etməyə çalışan Azərbaycan üçün xüsusilə aktualdır.
- SEBRAE ilə Azərbaycan arasında əməkdaşlığın hansı sahələri artıq həyata keçirilir və gələcək tərəfdaşlıq üçün nə kimi perspektivlər açılır?
- Azərbaycanın əməkdaşlığı artıq konkret formalar almağa başlayıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29) Azərbaycanın KOBİA agentliyi (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – red.) və Beynəlxalq Ticarət Mərkəzi kiçik və orta bizneslərin yaşıl iqtisadiyyata keçidi üçün Bakı İqlim Koalisiyasının yaradılması haqqında tarixi Birgə Bəyannamə imzalayıb, habelə digər beynəlxalq təşkilatları Bəyannaməyə qoşulmağa dəvət edib.
2025-ci ilin sentyabrında Ticarət və İnvestisiya üzrə Braziliya-Azərbaycan Birgə İşçi Qrupunun ilk iclası keçirilib və bu, 30 ildən artıqdır ki, diplomatik münasibətləri davam etdirən iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsində mühüm addım olub. Tərəfdaşlığın əsas sahələrinə turizm, təhsil və parlamentlərarası əlaqələr daxildir.
Azərbaycan və Braziliya KOBİA və SEBRAE arasında əməkdaşlığın inkişafı üçün böyük potensial təklif edir. Neft-qaz, bərpaolunan enerji, kənd təsərrüfatı və qida istehsalı, sənətkarlıq, turizm kimi sektorlardakı geniş təcrübəmiz və dəyər zəncirləri boyunca böyük korporasiyaların kiçik bizneslərlə əlaqələndirilməsi qiymətli praktiki fikirlər verir. Bundan əlavə, sahibkarlıq mühitini yaxşılaşdırmaq üçün Konqresdə kiçik biznesi müdafiə etmək, eləcə də ərazi inkişaf strategiyalarını hazırlamaq üçün milli səviyyədə yerli hakimiyyət orqanları ilə işləmək praktikası sizinlə bölüşməyə hazır olduğumuz ən yaxşı təcrübələri əks etdirir.
Bundan başqa, ölkələrimiz arasında beynəlxalq ticarəti genişləndirmək potensialı var, xüsusilə də kiçik biznesə diqqət yetirilir. Bütün sektorlar üçün müxtəlif texniki həllər, metodologiya və təlim proqramlarımız mövcuddur. Biz, həmçinin gender fərqinin azaldılmasına və iqtisadiyyatın digər, az xidmət olunan seqmentlərinə, məsələn, yerli xalqlara kredit, təlim, bilik və bazar imkanlarına çıxış yolunda maneələrin aradan qaldırılmasına kömək etməklə onlara xüsusi diqqət yetiririk.
- Hansı SEBRAE alətləri Qarabağ kimi regionlarda münaqişədən sonra bərpa və davamlı biznesin inkişafı üçün faydalı ola bilər?
- SEBRAE postmünaqişə zonalarında birbaşa işləmək üzrə geniş təcrübəyə malik olmasa da, biz Braziliyada baş verən ekoloji fəlakətlərdən, məsələn, minlərlə ailənin dolanışıq vasitələrini məhv edən və ölkəmizin bəzi regionlarının sosial-iqtisadi strukturunu sarsıdan dağıdıcı daşqınlar zamanı məcburi köçkünlərlə iş təcrübəmizdən dəyərli dərslər çıxara bilərik.
SEBRAE Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ilə Qaçqın Sahibkarları Platforması çərçivəsində əməkdaşlıq edir. Bu platforma qaçqınlar tərəfindən yaradılan yüzlərlə biznes haqqında məlumatı ehtiva edir, onlara öz maliyyə müstəqilliyinə nail olmaq üçün mentorluq, məsləhət xidməti göstərir və texniki dəstək verir.
Əldə olunan təcrübə bizə göstərdi ki, məcburi köçkünlüklə üzləşmiş şəxslər üçün öz bizneslərinə başlamaq və ya münaqişədən sonrakı şəraitdə yerli kiçik biznesi dirçəltmək icmalarda həyat standartlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Mən iddia edərdim ki, regionda humanitar və sosial işlərin artıq davam etdiyini və yerli icmaların öz iqtisadiyyatlarını sıfırdan kollektiv şəkildə yenidən qurmaq istəklərini, iqtisadiyyatın ən təməl səviyyəsində yaranmış sahibkarlığa imkan vermək öhdəliyinə sadiq olduqlarını nəzərə alsaq, inkişaf proqramına dair portfelimizdə olan bəzi strategiyalar kifayət qədər faydalı ola bilər.
Braziliyaya gələn qaçqınlarla iş təcrübəmiz də göstərir ki, onlar iqtisadi vətəndaşlıq əldə etdikdən, yəni, öz bizneslərini açdıqdan və ya peşəkar bacarıqlardan istifadə etməyə başladıqdan sonra həmin insanların yeni ölkəyə uyğunlaşması xeyli asanlaşır. Eyni prinsip münaqişədən sonrakı bərpa prosesinə də aiddir; sahibkarlığın dəstəklənməsi sosial reinteqrasiya və icmanın yenidən qurulması yoluna çevrilir.
- Braziliyada tətbiq edilən sahibkarlığa dəstək modelləri Azərbaycan reallıqlarına necə uyğunlaşdırıla bilər?
- Braziliya təkcə təbii sərvətlərinə görə deyil (ölkədə Amazon və Serrado da daxil olmaqla altı biom var – müəllifin qeydi), həm də etnik, sosial və mədəni kontekstdə böyük müxtəlifliyə malik geniş ölkədir. Argentina, Paraqvay və Uruqvayla həmsərhəd olan Braziliyanın cənubu ölkənin şimal-şərqindən və şimalından əhəmiyyətli dərəcədə fərqlənir.
Bunu nəzərə alaraq, kiçik biznesin inkişafına yanaşmamız, o cümlədən potensialın artırılması, innovasiya və sahibkarlığın təşviqi və təkmilləşdirilmiş biznes mühitinin təbliği zamanı mütləq regional fərqlər nəzərə alınır. Biz hər bir biznesin üzləşdiyi unikal problemləri, onun sektor və dəyər zəncirindəki mövqeyini və ərazi spesifikliyini anlamağa çalışırıq.
Hesab edirəm ki, regional və sektoral inkişaf üzrə təcrübəmiz azərbaycanlı tərəfdaşımız KOBİA-ya Azərbaycanda kiçik biznesin üzləşdiyi sektorlara, ərazilərə və ya struktur problemlərinə yönəlmiş xüsusi layihələrin hazırlanmasında kömək edə bilər.
Xüsusilə vacib olan odur ki, bizim təcrübəmizə əsasən, sektorlararası yanaşmalar (müxtəlif sahələrin kəsişməsi, milli və regional strategiyalara uyğunlaşdırılmış təşəbbüslər) sadəcə olaraq ayrı-ayrı şirkətləri öyrətmək və ya mentorluq etməkdənsə, kiçik biznesin inkişafı üçün daha effektiv zəmin yaradır. Kiçik biznesin inkişafına sektoral və regional inkişafın tərkib hissəsi kimi baxıldıqda, bu effekt əhəmiyyətli dərəcədə artır.
Mən 2025-ci il İqlim Fəaliyyəti Həftəsi üçün Bakıya emissiyaların azaldılması hədəflərinə (Milli Müəyyən Edilmiş Töhfələr - MDM-lər) nail olmaqda və iqlim dəyişikliyinin azaldılmasında kiçik biznesin mühüm rolunu vurğulamaq üçün gəlmişəm.
Ölkələrimizdə fəaliyyət göstərən bütün şirkətlərin 95%-nə bərabər olan və iş yerlərinin üçdə ikisini təmin edən kiçik müəssisələr hər bir şəhər və rayonda mövcuddur. Onlar iqlim fəaliyyətinə diqqət yetirməli, ekstremal hava şəraitinə uyğunlaşmağa və ya biznes modellərini karbondan təmizləməyə hazır olmalıdırlar. Əks halda, onlar getdikcə daha çox üzləşdiyimiz iqlim dəyişikliyi qarşısında dayanıqlı şəkildə inkişaf edə bilməyəcəklər. Sənayedən, bölgədən və ya problemdən asılı olmayaraq, həqiqətən də bir-birimizdən öyrənəcəyimiz çox şey var.
- SEBRAE sahibkarları dəstəkləmək üçün hansı innovativ rəqəmsal platforma və texnologiyalardan istifadə edir?
- Rəqəmsal transformasiyaya yaşıl keçid ilə yanaşı “ikiqat transformasiya” kimi baxırıq. Buna görə də biz kiçik biznesin həm rəqəmsal, həm də ətraf mühit dəyişikliyinin yaratdığı bir-biri ilə əlaqəli problemlər barədə məlumatlılığının artırılmasına fəal şəkildə sərmayə qoyuruq. Biz “Google”, “Meta”, “Salesforce” və “Amazon” kimi böyük texnologiya şirkətləri ilə əməkdaşlıq edirik. Braziliya hökumətinin rəqəmsal platforması olan gov.br, həmçinin kiçik müəssisələr üçün bir sıra faydalı alətlər təklif edir.
Kiçik biznesin rəqəmsallaşdırılması yalnız başlanğıcdır. Biz sahibkarlara təkcə öz proseslərini rəqəmsallaşdırmaqda deyil, həm də məlumat və analitikadan istifadə etməklə yanaşı, gələcək inkişaf üçün zəruri olan rəqəmsal savadlılığın minimum səviyyəsinə nail olmaqda köməklik göstəririk. Bu, əsas rəqəmsallaşmadan süni intellektin tətbiqinə, fərdi proseslərin avtomatlaşdırılmasına və tam rəqəmsal transformasiyaya qədər bütün sahələri əhatə edir.
SEBRAE sahibkarlara istənilən vaxt, hər yerdə dəstək olmaq üçün nəzərdə tutulmuş hərtərəfli rəqəmsal xidmət kanalı təqdim edir. Bu, biznesinizi tanıtmağa və müxtəlif sahibkarlıq profillərinə uyğunlaşdırılmış geniş məzmuna - videolara, podkastlara və məqalələrə daxil olmağa imkan verən dinamik platformadır. Həmçinin bu platforma real vaxt rejimində SEBRAE komandası ilə birbaşa ünsiyyət qurmağa imkan verir və əsas mövzular - innovasiya, maliyyə, vergilər, texnologiya və rəqəmsal marketinq üzrə minlərlə resurs təklif edir.
Braziliyadakı əksər kiçik bizneslər gündəlik əməliyyatlar üçün mobil telefonlardan əsas vasitə kimi istifadə edir. Müasir smartfonlar yüksək hesablama gücü və bulud xidmətlərinə daxil olmaq imkanı ilə öyünür. İstehsal dövrünün idarə edilməsi və logistikadan pərakəndə satışa qədər geniş sahədə rəqəmsal texnologiyalar gündəlik iş həyatının ayrılmaz hissəsinə çevrilib. Buna görə də kiçik bizneslərə rəqəmsal transformasiya yolunda, o cümlədən AI-nin tətbiqində kömək etmək üzrə əhəmiyyətli təcrübəmiz var.
“WhatsApp” Braziliyada təkcə ünsiyyət üçün deyil, həm də biznes vasitəsi kimi geniş istifadə olunur. Biz onu da bilirik ki, proqramda artıq süni intellektlə işləyən həllər var. Bu, xüsusilə yaşıl keçidin həyata keçirilməsi üçün faydalıdır, çünki kiçik müəssisələr ətraf mühitin təsirinin azaldılması strategiyalarını idarə etmək üçün bu vasitələrdən istifadə edə bilir.
- Bu texnologiyalar Azərbaycan kimi rəqəmsal infrastrukturu inkişaf edən ölkələrdə tətbiq oluna bilərmi?
- Əlbəttə. COP29-da imzalanan Birgə Bəyannamə davamlı biznes modellərinə gedən yolda kiçik biznesi dəstəkləmək üçün qlobal əməkdaşlığa çağırır. Buraya maarifləndirmə, potensialın gücləndirilməsi, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və kiçik bizneslərə davamlı təcrübələrin həyata keçirilməsinə kömək etmək üçün innovasiyaların təşviqi üzrə öhdəliklər daxildir. Cənub ölkələri arasında bioiqtisadiyyata əsaslanan həllər üzrə əməkdaşlığa xüsusi diqqət yetirilir.
Sözsüz ki, mən ölkənin internet əhatəsini, bulud xidmətlərini və məlumat mərkəzlərini təhlil etməliyəm. Amma əminəm ki, Azərbaycanın mövcud infrastrukturu bu ikili keçidin - yaşıl və rəqəmsal transformasiyanın planlaşdırılması üçün əla başlanğıc nöqtəsidir. Rəqəmsal həllərin üstünlüyü onların genişlənmə qabiliyyətində, habelə müxtəlif şəraitlərin və infrastrukturun inkişaf səviyyələrinə adaptasiyasındadır.
Əsas məsələ sahibkarların indi olduğu yerdən başlaması və addım-addım irəliləməsidir. Rəqəmsal həllərimizin bir çoxu minimal internet bağlantısı olan standart smartfonlarda işləmək üçün nəzərdə tutulub ki, bu da onları rəqəmsal infrastrukturun inkişaf etdiyi regionlarda da əlçatan edir.
- SEBRAE bizneslərə davamlı inkişaf və yaşıl iqtisadiyyatın çağırışlarına uyğunlaşmaqda necə kömək edir?
- Biz bu yola 15 il əvvəl çıxmışıq və diqqətimizi enerji effektivliyi, su səmərəliliyi və tullantıların idarə edilməsinin təkmilləşdirilməsinə yönəltmişik. Bu, günümüzün çətinlikləri ilə müqayisədə əhəmiyyətli dərəcədə sadə idi, məsələn, bir işi və ya bütün təchizat zəncirini karbondan təmizləmək sahəsində. Su və enerjidən səmərəli istifadənin və tullantıların azaldılmasının nəticələrini bir ay ərzində elektrik enerjisi və ya su ödənişləri hesablarında görmək olardı. Bununla belə, karbon izinin azaldılması strategiyasından əldə edilən nəzərəçarpacaq nəticələrin aydın olması daha uzun çəkə bilər.
SEBRAE üç əsas sütuna əsaslanan kiçik biznes üçün dairəvi iqtisadiyyat prinsiplərini fəal şəkildə təşviq edir: dizayn—təkrar istifadə edilə və təkrar emal oluna bilən məhsulların yaradılması; istifadə—materialların istifadə müddətini artırmaq və lazımsız tullantıları azaltmaq; və təkrar emal və təkrar istifadə—məhsulların təkrar istifadəsi lehinə onların utilizasiyasından imtina etmək.
Başlanğıcda iri texnoloji şirkətlər və startaplar tərəfindən qəbul edilən dairəvi iqtisadiyyat modeli indi kiçik və mikro bizneslər tərəfindən fəal şəkildə istifadə olunur və bu, onlara mövcud resurslardan daha səmərəli istifadə etməyə və mənfəəti artırmağa kömək edir.
2011-ci ildə SEBRAE Matu Qrosuda Davamlılıq Mərkəzini açdı. Bu mərkəz davamlılıq sahəsində ən yaxşı təcrübələr üçün bir model kimi beynəlxalq səviyyədə tanınıb.
Həmin vaxtdan bəri “Rio+20” konfransında davamlılığı kiçik biznesə dəstək strategiyamıza tam inteqrasiya etdiyimiz üçün uzun bir yol qət etmişik. Artıq aydındır ki, davamlılıq ətraf mühitə qayğı göstərməkdən daha mühümdür və biznes üçün faydalıdır. Bu, bizə müsbət effekt qazanmağa, pula qənaət etməyə və şirkətimizin rəqabət qabiliyyətini yeni prinsipial səviyyəyə yüksəltməyə imkan verir.
- Azərbaycan üçün maraqlı ola biləcək nümunələr varmı?
Qeyd etdiyim kimi, enerji səmərəliliyi, su və tullantıların idarə edilməsi əsas sahələrdir. Lakin davamlı torpaq istifadəsi, innovativ dayanıqlı biznes modelləri, dairəvi iqtisadiyyat, bərpaolunan enerji, bioiqtisadiyyat və regenerativ kənd təsərrüfatı kimi sahələrdə də əhəmiyyətli təcrübəmiz var.
Belemdə keçiriləcək COP30-da SEBRAE kiçik biznes sahibləri üçün xüsusi zona təqdim edəcək və burada Braziliya kiçik biznes və startaplarının daha davamlı biznes modellərini əhəmiyyətli dərəcədə təkmilləşdirə bilən yaradıcı və innovativ enerji, karbonsuzlaşdırma həllərini nümayiş etdirəcək.
Braziliya Amazonunda startaplar qlobal bazara yönəlmiş davamlı, innovativ modellərə sərmayə qoyur. Məsələn, şirkətlər regional meyvələri püre və ya toz halına gətirir, kooperativlərlə birbaşa işləyir, ənənəvi icmalardan olan yüzlərlə ailəyə ədalətli ticarət yolu ilə imkanlar yaradır. Onlar məhsulu daha səmərəli idarə etmək, məhsuldarlığı proqnozlaşdırmaq, itkiləri azaltmaq və məhsullarının əlavə dəyərini artırmaq üçün texnologiyalardan da istifadə edirlər.
Belemdə keçiriləcək COP30-a gəlin və siz artıq həyata keçirdiyimiz biznes modellərinin və genişlənə bilən həllərin bütöv bir nümayişini görəcəksiniz. Bu, Azərbaycan üçün kiçik biznesin yaşıl keçidə necə rəhbərlik edə biləcəyini birbaşa görmək üçün əla fürsət olacaq.
- Braziliya ilə Cənubi Qafqaz ölkələri, xüsusən də Azərbaycan arasında iqtisadi tərəfdaşlıq potensialı görürsünüz?
- Birmənalı olaraq. Braziliya və Azərbaycan iqtisadi-ticari əlaqələrin gücləndirilməsi istiqamətində fəal iş aparır. Ticarət və İnvestisiya üzrə Birgə İşçi Qrupun ilk iclası zamanı ikitərəfli, regional və qlobal gündəlikləri əhatə edən geniş mövzular müzakirə edilib.
Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro bu tərəfdaşlığın böyük təşviqedicisidir. Biz ümumi çağırışları, o cümlədən iqtisadiyyatlarımızın yaşıllaşdırılması və onların yeni geosiyasi reallıqlar fonunda inteqrasiyasının zəruriliyini bölüşürük. Bundan əlavə, həm Braziliya, həm də Azərbaycan əsas neft və qaz hasilatçılarıdır və biz tədricən postkarbon iqtisadiyyatına keçid kimi ümumi məqsədi paylaşırıq.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun Braziliyaya səfəri çərçivəsində ikitərəfli əməkdaşlığa dair hərtərəfli müzakirələr aparılıb. Siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları araşdırılıb. Hər iki ölkə bu əsas sahələrdə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində qarşılıqlı maraqlı olduqlarını bildirib.
- Hansı sektorlar inkişaf sahələrinə çevrilə bilər - kənd təsərrüfatı, turizm, startaplar, sənətkarlıq?
- Bəli, bütün bu sahələr həqiqətən də böyümə və inkişaf üçün əhəmiyyətli potensialı təmsil edir. Biz bunu belə görürük. Kənd təsərrüfatı və ərzaq istehsalı hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Dayanıqlı kənd təsərrüfatının və aqrar sahədə məhsulların emalının inkişafı təkcə ərzaq təhlükəsizliyini deyil, həm də yeni iş yerlərinin, ixrac imkanlarının, kooperativlərin və kənd sahibkarlarının inkişafı üçün şərait yarada bilər.
Eyni zamanda, mən ölkənin sabiq turizm naziri kimi bu sektorun, xüsusən də ekoturizm və mədəni turizmin inkişafında böyük potensial görürəm. Həm Braziliyanın, həm də Azərbaycanın zəngin mədəni irsi, təbii sərvətləri, unikal landşaftları turistlərin cəlb edilməsinə və bu sahədə yerli təşəbbüslərin inkişafına şərait yaradır.
Ənənəvi sənətkarlıq təkcə milli kimlik və mədəniyyətin qorunub saxlanması vasitəsi deyil, həm də iqtisadi resursdur. Sənətkarlıq istehsalının dəstəklənməsi yerli iqtisadiyyatların inkişafına, qadınların və gənclərin cəlb olunmasına, lokal və beynəlxalq bazarlar üçün yüksək əlavə dəyərli məhsulların yaradılmasına töhfə verə bilər.
Bununla yanaşı, maliyyə inklüzivliyi kiçik biznesin davamlı inkişafı üçün çox vacibdir. Müasir bank xidmətlərinə, mikrokreditlərə və maliyyə təhsilinə çıxışın təmin edilməsi sahibkarlara öz bizneslərini daha effektiv və davamlı şəkildə idarə etməyə imkan verir.
Rəqəmsal transformasiya, öz növbəsində, kiçik biznes üçün tamamilə yeni üfüqlər açır. O, infrastrukturu inkişaf edən ölkələrə e-ticarət, avtomatlaşdırma, məlumat analitikası, süni intellekt və bulud xidmətləri kimi sahələrdə qabaqcıl həlləri dərhal tətbiq etməklə ənənəvi inkişaf mərhələlərini keçməyə imkan verir.
Təcrübəmiz göstərir ki, hətta əsas səhiyyə və sosial dəstək proqramları, xüsusən də kiçik biznes sahiblərinə yönəlmiş proqramlar iqtisadi dayanıqlığın təmin edilməsində və sahibkarların xarici risklərə qarşı həssaslığının azaldılmasında mühüm rol oynaya bilər.
Neft və qaz sektorunda innovasiyalar xüsusilə vacibdir, çünki həm Braziliya, həm də Azərbaycan enerji keçidi üçün həllər tapmaq zərurəti ilə üzləşir. Bu sahədə startapların dəstəklənməsi texnoloji səriştələrin formalaşmasına və davamlı inkişafın yeni mənbələrinin yaradılmasına kömək edəcək.
Ölkələrimizin gələcəyin çağırışlarına uğurla adaptasiyası üçün aparıcı iqtisadi sektorlara yönəlmiş innovativ ekosistemlərin yaradılması da çox vacibdir. Azərbaycanın coğrafi mövqeyi, enerji potensialı və mədəni müxtəlifliyini Braziliyanın kiçik və orta biznesin inkişaf etdirilməsi təcrübəsi ilə birləşdirmək hər iki ölkənin sahibkarlarına praktiki fayda gətirəcək güclü sinerji yarada bilər.
Bu kontekstdə KOBİA ilə SEBRAE arasında COP29-da rəsmiləşdirilmiş və COP30-a qədər inkişaf edən tərəfdaşlıq Cənub-Cənub əməkdaşlığı üçün tarixi fürsəti təmsil edir. Hər iki ölkə qazıntı yanacaqlarından uzaqlaşmaq, daha inklüziv iqtisadiyyatlar qurmaq, kiçik biznesi dəstəkləmək və iqlim dəyişikliyinə uyğunlaşma zərurəti kimi oxşar problemlərlə üzləşir.
Təcrübələrin, metodologiyaların və ən yaxşı praktikaların mübadiləsi dayanıqlı və inklüziv iqtisadi artımla bağlı ümumi məqsədlərimizə nail olmağı sürətləndirməyə kömək edəcək. Bakıdan Belemə uzanan yol sadəcə iki iqlim konfransı arasında marşrut deyil, həm də ölkələrimizdə kiçik biznes mənzərəsini gələcək nəsillər üçün dəyişdirəcək uzunmüddətli tərəfdaşlığın qurulmasının açarıdır.


