Nigar Arpadarai: “Bakıdan Belemə Yol Xəritəsi” iqlim maliyyəsinin real icra planını müəyyənləşdirir MÜSAHİBƏ
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 12 noyabr, Elmir Səftərov, AZƏRTAC
Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Azərbaycanda uğurla keçirilmiş COP29, hazırda Braziliyada davam edən COP30 və iqlim sahəsində bir sıra fəaliyyətlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
- COP29-un əsas məqsəd iqlim dəyişmələri ilə mübarizə aparmaq üçün maliyyə mexanizmlərinin yaradılması idi. COP30-da hansı prioritet istiqamətlərin ön plana çəkilməsi nəzərdə tutulur?
- COP29 maliyyə ilə bağlı tarixi qərarlarla yadda qaldı. Azərbaycan bu böyük prosesi ən yüksək səviyyədə apardı. Bu prosesin sədrliyini COP30-a ötürdüyümüz zaman yenidən qəbul olunan öhdəliklərin icrasının önəmini xatırlatdıq. Bildiyiniz kimi, COP29-dan sonra əsas mövzulardan biri iqlim maliyyəsini 1,3 trilyona çatdırmaqla bağlı Bakıdan Belemə Yol Xəritəsi sənədinin hazırlanması idi. O sənəd də artıq təqdim olundu.
COP30-da əsas diqqət iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma məsələlərinə yönəlir. Biz iqlim dəyişikliklərinə necə uyğunlaşa biləcəyimizə dair fəaliyyətləri sürətləndirmək üçün adaptasiyanın əhəmiyyətini önə çəkirik. Buraya irəliləyişin necə ölçüləcəyinin müəyyənləşdirilməsi və bu mühüm istiqamət üçün maliyyələşmənin artırılması yollarının müzakirəsi daxildir.
COP30, həmçinin əvvəlki COP-larda qəbul edilmiş öhdəliklərin icrasına fokuslanır. Bu baxımdan Azərbaycan ölkələri Bakıda verilmiş vədləri yerinə yetirməyə çağırır, o cümlədən donorların COP29-da razılaşdırılmış 300 milyard ABŞ dolları məbləğində vəsaitin ədalətli paylanmasını necə təmin edəcəklərini açıqlamalarını təşviq edir.
Özəl sektor, vətəndaş cəmiyyəti, gənclər və digər qeyri-dövlət strukturlarının iqlim fəaliyyətinə cəlb olunması ilə bağlı məsələdə “COP30 Vahid İqlim Fəaliyyəti” sənədinin təqdimatını təşviq edir. Bu o deməkdir ki, indiyədək olan bütün təşəbbüsləri bir araya toplayaraq, 6 istiqamətdə qruplaşdırır. Bu məsələdə hər iki COP-un yüksəksəviyyəli iqlim çempionları əməkdaşlıq edir.
- Bakı və Belem COP-ları arasında əməkdaşlıq hansı sahələrdə davam edəcək?
- Biz COP30-un Sədrliyi ilə sıx əməkdaşlıq edirik və bu il üçün əsas prioritetimiz Braziliyaya dəstək verməkdir.
Bizim Bakı–Belem Birgə Fəaliyyət Gündəliyimiz var. Bu təşəbbüs cəmiyyətin bütün təbəqələrinə iqlim fəaliyyətində iştirak etmək, öz fikirlərini bildirmək və konkret addımlar atmaq imkanı yaradır.
Braziliya ilə əməkdaşlığımız çərçivəsində “Bakıdan Belemə Yol Xəritəsi” hazırlanıb. Bu sənəd Bakıda razılaşdırılmış 1,3 trilyon ABŞ dolları məbləğində iqlim maliyyələşməsi hədəfinə çatmağın real yol xəritəsini göstərir. Bu mümkündür, lakin bunun üçün siyasi iradə və qlobal səylər tələb olunur – Azərbaycan bu məqsədə çatmaq üçün bütün tərəflərlə birgə işləməyə hazırdır.
Yuxarıda qeyd etdiyim Vahid İqlim Fəaliyyəti istiqamətində də COP30 komandasına dəstək oluruq.
- Azərbaycan COP30 prosesi çərçivəsində qlobal iqlim təşəbbüslərində iştirakını hansı istiqamətlərdə və necə gücləndirə bilər?
- Biz ötən ildən başladığımız bir çox təşəbbüsləri davam etdiririk ki, onların mühüm nəticələrini irəli apara bilək.
Biz “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” (MAP) Koalisiyasının tədbirini keçiririk. Bu təşəbbüs ölkələrə şəhərləri və yerli özünüidarəetmə orqanlarını əhatə edən iqlim planlarının icrasında dəstək göstərərək iqlim, sağlamlıq və təhsil kimi əsas mövzuları bir araya gətirəcək.
Həmçinin biz İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqunun ilk iclasına ev sahibliyi edəcəyik. Bu platforma ölkələrə su idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparmaq və regional tərəfdaşlıqlar qurmaq imkanı yaradacaq. Bu iş iqlim dəyişikliyinin təsirlərinə qarşı su sistemlərinin hazırlanması baxımından həyati əhəmiyyət daşıyır.
Biz Braziliyanın bu təşəbbüslərdə bizimlə əməkdaşlıq etməsindən məmnunuq və gələcək COP sədrlikləri ilə də bu mühüm işləri birgə davam etdirməyi planlaşdırırıq.
Həmçinin COP29-da bizim yüksəksəviyyəli iqlim çempionunun ən uğurlu kampaniyalarından biri “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik və Orta Bizneslər” tədbiri idi ki, o da böyük maraqla qarşılandı. 46 tərəfdaşı cəlb edərək, 100-dən çox ölkədə 90 milyon KOB-a çıxışımız oldu. COP30 bu təşəbbüsü öz gündəliyinə də saldı və hətta “Kiçik və orta bizneslər” mövzusunu tematik gün kimi proqrama əlavə etdi. Bunu COP29-un növbəti uğuru hesab edirəm.
-Sizin fikrinizcə, COP29-dan COP30-a keçid iqlim diplomatiyasında regional liderlik anlayışını necə dəyişəcək?
-COP29-da biz COP-u ilk dəfə olaraq Cənubi Qafqaza gətirdik və bu fürsətdən bölgəmiz üçün vacib məsələləri qlobal gündəliyə çıxarmaq üçün istifadə etdik.
Biz bilirik ki, Qafqaz və Mərkəzi Asiyadakı bir çox dağ icmaları iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkir. Buna görə də biz buzlaqlar və dağ ekosistemləri kimi həyati əhəmiyyətli mövzulara diqqət çəkən tədbirlər təşkil etdik.
Həmçinin bölgəmizdə bir çox ölkə artmaqda olan su qıtlığından əziyyət çəkir. Buna cavab olaraq, biz İqlim Fəaliyyəti naminə Su Gündəliyini yaratdıq ki, o, su dayanıqlılığı və idarəçiliyi üzrə regional əməkdaşlığı gücləndirsin.
Bundan əlavə, COP29 çərçivəsində biz Xəzər dənizini qlobal gündəliyə çıxarmaq üçün yüksəksəviyyəli görüş keçirdik. Gələcəyə baxdıqda deyə bilərəm ki, Azərbaycan bundan sonra da bölgəmizin maraqlarını beynəlxalq səviyyədə təmsil edəcək. Ən əsası, biz beynəlxalq ictimaiyyəti Xəzər dənizi ətrafında birləşməyə çağırırıq. Bu, həm regionumuz, həm də dünya üçün strateji əhəmiyyət daşıyan məsələdir. Azərbaycan beynəlxalq təşkilatları, maliyyə institutlarını və müvafiq ekspertizaları bir araya gətirməkdə qərarlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















