Icma.az
close
up
RU
“Elektron resept” sisteminə keçid niyə ləngiyir?

“Elektron resept” sisteminə keçid niyə ləngiyir?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səhiyyədə rəqəmsallaşma sürətlənməyə möhtacdır

Azərbaycanda səhiyyənin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən mühüm yeniliklərdən biri də elektron resept sisteminin tətbiqidir. Bu sistem vətəndaşların dərman əldə etməsi ilə bağlı prosesi sadələşdirməyi, dərman dövriyyəsinə nəzarəti gücləndirməyi və tibbi xidmətlərin keyfiyyətini artırmağı qarşıya mühüm məqsəd kimi qoyur.

Lakin mövcud sahədə qazanılan bir sıra uğurlarla yanaşı, qanunvericilikdə müəyyən boşluqlar və tətbiq problemləri hələ də nəzərə çarpır. 2024-cü ilin yanvar ayından etibarən, respublikada elektron resept sisteminin fəaliyyətə başlaması isə sistemlə bağlı çətinliklərin aradan qaldırılması istiqamətdə atılan önəmli addımlardan biridir.

Vaxt itkisi azalır, şəffaflıq artır

Elektron resept sistemi həkimə dərman yazarkən ölkə üzrə mövcud preparatlar, onların hansı apteklərdə olduğu və miqdarı barədə məlumat verir. Bu da həm həkim, həm də pasiyent üçün dərmanın tapılmasını xeyli asanlaşdırır. Bununla da xəstə əvvəlcədən təyin olunan dərmanın hansı aptekdə mövcud olduğunu və onun müəyyən resept kodu ilə həmin tibb müəssisəsindən əldə edəcəyini bilir. Başqa sözlə, elektron platforma həkimlərə dərman bazası barədə geniş məlumat verir, preparatların alternativ variantları haqqında bilgi real vaxt rejimində əlçatan olur. Bu isə müalicə prosesinin daha planlı və səmərəli təşkilinə əlverişli şərait yaradır.

Sistem həkimləri, tibb müəssisələrini və aptekləri vahid elektron platformada birləşdirir. Həkim pasiyentin əvvəl istifadə etdiyi dərmanları görə, yeni təyin olunan preparatların təsirini əvvəlkilərlə müqayisə edə bilir. Bu isə xəstə təhlükəsizliyinin artırılmasını və düzgün müalicə planının qurulmasını şərtləndirir.

Elektron reseptlər həkim – əczaçı əlaqəsini də asanlaşdırır. Əllə yazılan reseptlərdə rast gəlinən xəttin bəzən oxunmaması, dərman adlarının səhv başa düşülməsi və ya preparatların düzgün verilməməsi kimi narahatlıqlar elektron sistemdə tamamilə aradan qalxır. Bütün məlumatlar sistemdə dəqiq və standart formada öz əksini tapır. Eyni zamanda, bütün reseptlərin mərkəzləşdirilmiş şəkildə qeydiyyatı dövlət nəzarətini gücləndirir və qeyri-qanuni dərman dövriyyəsinin qarşısını almağa həlledici təsir göstərir.

Vətəndaş elektron reseptlərinə mobil telefon və ya internet üzərindən baxa, dərmanların əldə olunması prosesini daha rahat və şəffaf şəkildə həyata keçirə bilir. Qeyd edək ki, elektron resept sistemi səhiyyədə rəqəmsallaşmanın vacib tərkib hissəsi olmaqla, həm pasiyent məmnuniyyətini artırır, həm də dərman dövriyyəsinə nəzarəti gücləndirir.

Elektron resept sisteminin ən mühüm üstünlüklərindən biri də vaxt amilinə qənaət etməkdir. Belə ki, əvvəllər xəstə reseptlərlə bir neçə aptek dolaşmalı olur, bəzən isə təyin olunan dərmanı tapmaqda çətinlik çəkirdi. Yeni sistem isə bu prosesi əhəmiyyətli dərəcədə sadələşdirir. Başqa sözlə, həkim tərəfindən yazılan elektron resept xüsusi kod vasitəsilə sistemə daxil edilir və pasiyent həmin kodla birbaşa uyğun aptekdən zəruri ehtiyac duyulan dərmanı alır.

“Kağızdan qopmaq” niyə çətindir?

Hazırda sistemin tətbiqində müəyyən uyğunsuzluqlar da nəzərə çarpır. Narahatlıq doğuran problemlərdən biri həkimlərin bir qisminin hələ də kağız reseptlərə üstünlük verməsidir. Bu, ilk növbədə, uzun illər formalaşan iş vərdişləri ilə bağlıdır. Əczaçıların sözlərinə görə, xüsusilə antibiotiklər, ürək-damar və mədə-bağırsaq dərmanları çox zaman kağız reseptlə yazılır. Nəticədə, xəstə resepti itirdikdə və ya unutduqda dərmanı əldə etmək çətinliyini yaşayır və müalicə prosesi gecikir.

Əczaçı Rəhim Məmmədovun sözlərinə görə, bəzi hallarda xəstə elektron resept olmadan aptekdən əvvəlki qaydada dərman almaq istəyir. Amma sistemə daxil edilən dərmanları kod olmadan vermək mümkün deyil. Bu zaman xəstə çıxılmaz vəziyyətdə qalır ki, bu da onun sağlamlıq vəziyyətinə mənfi təsir göstərir.

Tibb üzrə ekspert Zakir Quliyev isə hazırda elektron resept sisteminin texniki cəhətdən tam işlək səviyyədə fəaliyyət göstərdiyini və problemin əsasən insan səhvi ilə bağlı olduğunu bildirir. O qeyd edir ki, bir çox hallarda həkimlər uzun müddət kağız reseptlərlə işlədikləri üçün elektron qayda vərdişlərinə yiyələnməkdə çətinlik çəkirlər. Yeni sistemə keçid onlar üçün müəyyən problemlər yaradır. Başqa sözlə, texniki baxımdan sistem kifayət qədər işləkdir, lakin əsas problem insan amili ilə bağlıdır.

Həkimlərin elektron sistemə adaptasiyası, qeydiyyat prosedurları və yeni iş prinsiplərinə uyğunlaşma prosesi bəzən ləng gedir. Bundan əlavə, onlar bəzən sistemdə qeydiyyatdan keçən zaman çətinliklə üzləşirlər. Belə halda isə sistemi aktivləşdirmək üçün Səhiyyə Nazirliyinin müvafiq şöbələri ilə əlaqə saxlanılır. Eyni zamanda, xəstələrin elektron resept tələb etmək hüququ var və həkimlər onu verməyə borcludurlar.

Əczaçı Qalib Məmmədov bildirir ki, respublikada elektron resept sisteminə keçid prosesi davam etsə də, bu, hələ ki, bütün sahələri tam əhatə etmir. Hazırda həkimlərin bir hissəsi elektron resept sisteminə tam inteqrasiya olsa da, digərləri indiyədək müxtəlif səbəblərdən bu yenilikdən kənarda qalıb. Onun sözlərinə görə, xüsusilə psixotrop təsirli dərman preparatlarının dövriyyəsi artıq tam şəkildə elektron reseptlərlə tənzimlənir. Əsəb dərmanları və digər psixotrop təsirli ağrıkəsicilər artıq apteklərdə yalnız elektron resept əsasında buraxılır. Buna görə də həmin sahədə çalışan həkimlər bütün reseptləri məcburi şəkildə elektron formada yazırlar. Hazırda həmin preparatların dövriyyəsinə ciddi nəzarət olunur və bütün məlumatlar sistemdə qeydiyyata alınır.

Əczaçı qeyd edir ki, digər xəstəliklərin müalicəsində istifadə olunan preparatların böyük hissəsi hələ də kağız reseptlərlə verilir. Məsələn, ürək-damar, həzm sistemi və mədə-bağırsaq xəstəlikləri üçün istifadə olunan dərmanların əksəriyyəti hələ də kağız reseptlərlə buraxılır. Lakin yaxın zamanda həmin dərmanların da elektron resept sisteminə daxil ediləcəyi gözlənilir.

Q.Məmmədovun sözlərinə görə, elektron reseptlərin tətbiqi həm pasiyentlər, həm həkimlər, həm də apteklər üçün bir sıra mühüm üstünlüklər yaradır. Belə ki, elektron reseptdə məlumatlar sistemdə saxlanıldığı üçün xəstənin üzərində kağız daşımasına ehtiyac qalmır. Həkim isə xəstənin əvvəlki müalicə tarixçəsinə asanlıqla baxa bilir. Bu da müalicə prosesinin daha səmərəli və şəffaf təşkilinə imkan yaradır. Mütəxəssis hesab edir ki, dərman dövriyyəsinə nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması üçün elektron resept sisteminə tam keçid qaçılmazdır.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, elektron resept sisteminin tətbiqi geniş miqyaslı nəzarətlə müşayiət olunur. Platforma vasitəsilə verilən bütün reseptlər mərkəzləşdirilmiş şəkildə real vaxt rejimində qeyd olunur və izlənilir. Bu, şəffaflığı gerçəkləşdirir və hər bir reseptin kim tərəfindən nə vaxt və hansı səbəbdən verildiyini dəqiq müəyyən edir.

Tibb üzrə ekspertlər vurğulayırlar ki, həkimlər sistemdə qeydiyyatdan keçmədikləri və ya geniş istifadə etmədikləri üçün elektron reseptlərin tətbiqi tam reallaşmır. Halbuki qanunvericiliyə əsasən, pasiyentin elektron resept tələb etmək hüququ var və həkim bu tələbi gerçəkləşdirməlidir. Digər tərəfdən, vətəndaşların da məlumatlılıq səviyyəsi aşağıdır. Bir çox pasiyent elektron resept sisteminin mövcudluğundan xəbərsizdir və bu imkandan istifadə etmir.

Yeri gəlmişkən, vətəndaş çox zaman hansı dərmanın daha keyfiyyətli olmasını müəyyən edə bilmədiyindən aptek işçisinin yönləndirməsindən asılı vəziyyətə düşür, eyni zamanda, bu sahədə nəzarət mexanizmlərinin zəifliyi, istehlakçı hüquqların, eləcə də şəffaflığın real təmin edilmədiyi səbəbindən onun səhiyyə sisteminə inamı azalır.

Mütəxəssislərin fikrincə, elektron resept sisteminin tam tətbiqi ilə bu mənfi meyilin aradan qaldırılmasına böyük inan bəslənilir və həmin sistemdə yaxın perspektivdə hər bir dərmanın qeydiyyata alınması məqsədilə istehsalçının hazırladığı geniş məlumat dosyesinin yerləşdiriləcəyi, orada dərmanın tərkibi, təsir mexanizmi, klinik nəticələri və potensial riskləri barədə ətraflı məlumat veriləcəyi gözlənilir. Təqdim olunan məlumatların isə müstəqil ekspertlər tərəfindən çoxmərhələli şəkildə yoxlanılacağı deyilir.

Mövcud vəziyyət isə göstərir ki, problem çoxşaxəlidir və yalnız bir istiqamətdə həll edilə bilməz. Burada həm dövlət nəzarətinin gücləndirilməsi, həm aptek şəbəkələrində qaydalara riayət olunması, həm də vətəndaşların maarifləndirilməsi vacibdir. Saxta dərman dövriyyəsinin qarşısının alınması üçün idxal mexanizmləri daha da sərtləşdirilməli, eyni zamanda, reseptsiz dərman satışına nəzarət gücləndirilməlidir.

Gör-götür dünyası

Beynəlxalq təcrübə göstərir ki, elektron resept sistemi təkcə texnologiyanın tətbiqi ilə deyil, həm də onun tam və məcburi şəkildə inteqrasiyası ilə səmərəli olur. Məsələn, Estoniyada səhiyyə sistemi tam rəqəmsallaşdırılıb və reseptlərin, demək olar ki, hamısı elektron formada verilir. Belə ki, vətəndaş istənilən aptekə müraciət edərək şəxsiyyət identifikasiyası ilə dərmanlarını ala bilir.

Skandinaviya ölkələrində, xüsusilə Finlandiya və İsveçdə elektron reseptlər vahid səhiyyə məlumat bazasına inteqrasiya olunub. Həkimlər xəstənin bütün tibbi tarixçəsini görə bildiyi üçün dərman təyinatında səhv ehtimalı minimuma enir. Böyük Britaniyada isə Elektron Resept Xidməti çərçivəsində reseptlər birbaşa seçilmiş aptekə göndərilir.

Bu model xəstənin əlavə vaxt itirməsinin qarşısını alır və prosesi tam avtomatlaşdırır. ABŞ-da isə elektron resept sistemi geniş tətbiq olunsa da, səhiyyə sisteminin parçalanmış strukturu səbəbindən vahid inteqrasiya səviyyəsi daha aşağıdır. Buna baxmayaraq, sığorta şirkətləri və apteklər arasında əlaqə yüksək səviyyədədir.

Azərbaycan üçün çıxış yolu barədə fikir bildirən tibb üzrə ekspertlər qeyd edirlər ki, respublikada elektron resept sistemi artıq formalaşıb, lakin onun tam səmərəli işləməsi üçün əlavə tədbirlərə ehtiyac var. İlk növbədə, elektron reseptlərin istifadəsi bütün tibb müəssisələrində məcburi xarakter almalıdır. Paralel olaraq, həkimlərin rəqəmsal bacarıqları artırılmalı və onlara texniki dəstək gücləndirilməlidir.

Digər mühüm istiqamət maarifləndirmədir. Vətəndaşlara elektron reseptlərin üstünlükləri izah edilməli, onların bu xidmətdən istifadə etmələri təşviq olunmalıdır. Eyni zamanda, sistemin fəaliyyət dairəsi genişləndirilməli, mobil tətbiqlər inkişaf etdirilməli və dərman bazası daha da optimallaşdırılmalıdır.

Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri

Elektron resept sistemi, fikrimcə, tam fəaliyyətə başlayandan sonra səhiyyə sistemində, eləcə də farmakologiya sektorunda müsbət yönlü ciddi dəyişikliklər baş verəcək. Belə ki, həm dərmanlara tələbatın qarşılanması, həm də reseptlərin idarə olunması şəffaflıqla müşayiət ediləcək və bu proseslər zamanı sui-istifadəyə yol verilməsi halları aradan qaldırılacaq. Belə bir şərait isə qiymət siyasətində ən əlverişli variantın seçilməsini və bu istiqamətdə ciddi nəzarət mexanizmlərinin qurulmasını şərtləndirəcək.

Sistemin tam işə salınması yuxarıda qeyd edilənlərlə bərabər, bu sahədə idarəetmənin təkmilləşdirilməsini, eləcə də şəffaflaşdırılmasını sürətləndirəcək, eyni zamanda, maliyyə axınlarının izlənilməsinə əlverişli imkan yaradacaq. Bu yenilik, eyni zamanda, ciddi rəqabət mühiti yaradaraq dərmanların daha optimal qiymətə satışını şərtləndirərək bu sahədə sui-istifadə hallarının, keyfiyyətsiz dərman məhsullarının istehlakçıya təqdim olunmasının qarşısını alacaq, preparatların bahalaşmanın qarşısının alınmasına müəyyən qədər təsir göstərəcək.

Elektron resept sistemi həm də zəruri ehtiyac duyulan dərmanların ölkəyə idxalını asanlaşdıracaq. Digər tərəfdən, bu yenilik nəticəsində tibb işçilərinin, həkimlərin fəaliyyəti daha da təkmilləşəcək.

Elektron resept sistemi səhiyyədə şəffaflığın artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş rahatlığının təmin edilməsi baxımından mühüm addımdır. Lakin bu sistemin real səmərəliliyi təkcə onun tam tətbiqi və bütün iştirakçıların – həkimlərin, əczaçıların və pasiyentlərin fəal iştirakı ilə mümkündür. Əks halda, elektron reseptlər kağız reseptlərin sadəcə alternativi olaraq qalacaq və gözlənilən nəticələri verməyəcək. Rəqəmsallaşma artıq seçim deyil, zərurətdir. Bu zərurətin nə dərəcədə səmərəli idarə olunacağı isə səhiyyə sisteminin gələcək keyfiyyətini müəyyənləşdirəcək əsas amillərdən biri olacaq.

Vaqif BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2026 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri