Elektron tullantıların daha yaxşı idarə edilməsi üçün nələr etmək olar? Mütəxəssislərin təklifləri...
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 24 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC
İnsanların istənilən sahədə əmək fəaliyyətinin son nəticəsində maddi nemət və məhsullarla yanaşı, tullantılar da yaranır. Tullantılar ətraf mühiti çirkləndirməklə bərabər insan sağlamlığına da təhlükə yaradır. Tullantıların bir növü olan elektron tullantılar (e-tullantılar – qısaca, ET) yaratdığı təhlükəyə görə III qrupa (təhlükəli) aid edilir. Beynəlxalq Standartlaşdırma İttifaqının təsnifatına görə, ET qrupuna elektron cihaz, qurğu və avadanlıqlar, o cümlədən kompüter və elektrotexniki (elektrik) avadanlıqlar da daxildir.
İnsanların fəaliyyət dairəsi genişləndikcə maddi nemətlər istehsalı və uyğun olaraq tullantıların həcmi də artır. ET-nin artımı isə daha yüksəkdir və ümumi tullantılarda xüsusi çəkisi ildən-ilə yüksəlir. Bu, ilk növbədə, İKT seqmentinin sürətli inkişafı və kompüter texnikası istehsalının artımı ilə əlaqələndirilir. Bu günədək mükəmməl milli və beynəlxalq qanunvericilik bazasının, zərərsizləşdirmə texnologiyalarının işlənməməsi və s. ET-nin artımını şərtləndirən səbəblərdən hesab edilir. ET-də kompüter texnikası istər xüsusi çəkisinə, istərsə də təhlükə dərəcəsinə görə başlıca yer tutur. Məsələn, monitorun tərkibində orta hesabla 90 adda maddə və materialın olduğu qeyd edilir. Onun istehsalında istifadə edilən civə, sürmə, kadmium və kükürd və s. kimi çox ziyanlı element və maddələr, qazlar var ki, ənənəvi qaydada tullantı poliqonlarına atılan monitor ətraf mühit təsirlərindən tədricən aşınır və həmin tərkiblər ətrafa yayılaraq atmosferi, torpağı, qrunt sularını zəhərləyir.
Keçən il dünya üzrə yaranan elektron tullantıların ümumi həcmi 70 milyon ton civarında olub
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayevin sözlərinə görə, elektrotexniki və elektron avadanlıqları bazarının daim genişlənməsi, bu sahədə innovativ fəaliyyətin yüksək vüsət alması, bu sinif avadanlıqların daha sürətlə yenilənmə xüsusiyyəti onların tullantılarının həcminin ilbəil həndəsi artımına səbəb olub: “Elektron tullantılar problemi ilə məşğul olan bir sıra beynəlxalq təşkilatların verdiyi məlumatlara görə, keçən il dünya üzrə yaranan elektron tullantıların ümumi həcmi 70 milyon ton civarında olub. Bir sıra beynəlxalq təşkilatların, məsələn, BMT Universitetinin Elektron tullantı problemlərinin həlli bölməsinin, Bərk Tullantılar üzrə Beynəlxalq Assosiasiyanın araşdırmalarına əsasən, hazırlanmış “Elektron tullantıların qlobal monitorinqi, 2024. Həcm, axınlar, və dövri iqtisadiyyatın potensialı” 2024-cü ilə aid hesabatında göstərilir ki, respublikamızda hesabat ili ərzində adambaşına 8 kiloqram, cəmi isə 80 min ton elektron tullantı yaranıb. Dünya Bankının keçən il üçün qiymətləndirməsinə görə, dünyada gün ərzində adambaşına əmələ gələn tullantıların miqdarı ölkələr üzrə geniş intervalda (0,11-4,5 kiloqram) dəyişir və orta hesabla cəmi ildə təxminən 2 trilyon ton civarındadır. Elektron tullantılar ümumi tullantıların orta hesabla 4 faizini təşkil edir. Bu hesabla respublikamızda ildə 90 min ton elektron tullantının yarandığı məlum olur”.
Bikəs Ağayev vurğulayıb ki, Azərbaycanda elektron tullantıların idarə olunması, əsasən “İstehsalat və məişət tullantıları haqqında”, qismən də “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlarla tənzimlənir. Hazırda MDB ölkələrində, o cümlədən də Azərbaycanda elektron tullantıların tam həyat tsiklini əhatə edən idarəetmə sisteminin yaradılmasına ehtiyac duyulur. “Düşünürük ki, respublikamızda hələ rüşeym halında olan elektron tullantıların idarəçiliyi sisteminin yaradılması və təkmilləşdirilməsi məqsədilə Aİ modelinin implementasiyası daha məqsədəuyğundur. Ümidvarıq ki, yaxın gələcəkdə müvafiq təşkilatların və ictimaiyyətin qarşılıqlı səyləri nəticəsində respublikamızda elektron tullantılarla bağlı məsələnin həlli istiqamətində lazımi addımlar atılacaq və yüksək göstəricilər əldə ediləcək”, - deyə şöbə müdiri bildirib.
Azərbaycanda elektron tullantıların idarə olunması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, Xəzər Universitetinin Ekoloji Tədqiqatlar Mərkəzinin rəhbəri ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, elektron tullantılarla bağlı problem gündən-günə kəskinləşir və artıq bu günümüzün reallığına çevrilməkdədir: "Əgər 10-15 il əvvələ getsək, əlbəttə bu cür problemi görməzdik. Lakin bu gün elektron məmulat və vasitələrdən istifadə getdikcə kütləvi hal alır. Demək olar ki, hər bir insanın ən azından kompüteri, telefonu və digər elektron avadanlığı var. Məsələ burasındadır ki, elektron tullantıların tərkibində ətraf mühitə çox ziyanlı ola biləcək maddələr var. Həmin maddələr əsasən ağır metallardır, insan orqanizminə, ekosistemlərə düşəndə çox ciddi və çoxistiqamətli fəsadlar törədir. Bu, həm insan sağlamlığına ziyan vurur, həm də ekosistemlərdə geridönməz proseslərə səbəb ola bilir. Digər tərəfdən elektron tullantıların su, qida mənbələrinə, ərzaq istehsal olunan ərazilərə düşmə təhlükəsi də getdikcə artır. Bu da çox böyük ərazilərdə, su anbarlarında, tarlalarda gündəlik həyatımıza daxil ola biləcək hər yerdə elektron tullantılarla mübarizənin kəskinləşdirilməsinin, daha doğrusu elektron tullantıların idarə olunmasının yaxşılaşdırılmasını tələb edir.
Azərbaycanda hazırda elektron tullantıların idarə olunması ilə bağlı çox ciddi problemlər mövcuddur. Həmin tullantıların idarə olunması, toplanması və yığılması hələ də həyata keçirilmir və qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var. Qanunvericilik bazası təkmilləşdirilərsə, müəyyən şərtlər altında istehlakçıların elektron tullantıların idarə olunmasında maraqlı, meyilli olması meydana çıxa bilər. Bir üsul elektron tullantılar təhvil verilərkən istehlakçıların onun əvəzində müəyyən bir mükafat almasıdır. İkinci yol istehlakçının genişləndirilmiş məsuliyyətidir. Yəni potensial elektron tullantıları - telefonları, planşetləri, kompüterləri istehsal edən şirkətlər həmin məhsulların taleyinə biganə qalmamalı və məsuliyyət daşımalıdırlar. Bunun üçün xüsusi olaraq həmin şirkətlər elektron tullantıların toplanması və yığılmasında dolayı yolla da olsa iştirak etməlidirlər. Ya onlar öz tullantılarını geriyə yığmalıdırlar, ya da geriyə yığan təşkilatlarla, xüsusilə bərk məişət tullantılarını idarə edən təşkilatlarla və ya ayrıca yaradılmış elektron məmulatları idarə edən təşkilatlarla müqavilələr bağlayaraq elektron tullantıların idarə olunmasını həyata keçirməlidirlər. Bir-iki il əvvəl Azərbaycanda elektron tullantıların idarə olunması üzrə xüsusi yol xəritəsi hazırlanmışdı. Xəritə Xəzər Universitetinin Ekoloji Tədqiqatlar Mərkəzi tərəfindən ərsəyə gətirilmişdi. Mərkəz əlində olan məlumatları digər istifadəçilərlə bölüşməyə, paylaşmağa və onların tətbiqində iştirak etməyə tam hazırdır".
Eelektron tullantıların qəbulu və zərərsizləşdirilməsi prosesi
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, cəmiyyət tərəfindən bərk məişət tullantıları ilə yanaşı, elektron tullantıların – kompüter, kompüter avadanlıqları, məişət texnikaları və.s) qəbulu və zərərsizləşdirilməsi prosesi həyata keçirilir. "Cəmiyyətin təsərrüfat sahələrinə təhvil verilən elektron tullantılar plastik, metal və digər hissələrə ayrıldıqdan sonra təkrar emalla məşğul olan sahibkarlara yönləndirilir. Təkrar emal üçün yararsız olan hissələr isə müvafiq standartlara uyğun şəkildə zərərsizləşdirilir. Onun tərəfindəyik ki, ətraf mühitin çirklənməsində böyük pay sahibi olan elektron tullantıların təbiətə atılmasının qarşısı alınsın və bu tipli tullantılar “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə gətirilib təhvil verilsin", - deyə "Təmiz Şəhər" ASC-dən bildirilib.

Təbii ki, daha sağlam gələcək üçün ətraf mühitə və insan sağlamlığına zərər vura biləcək hər bir detal nəzərə alınmalı, çatışmazlıqlar aradan qaldırılmalı, mövcud mübarizə üsulları təkmilləşdirilməlidir. Günümüzün aktual problemlərindən olan elektron tullantılar məsələsi də daha sistemli yanaşma və daha tutarlı addımlar tələb edir. İnanırıq ki, həmin tullantıların idarə olunmasına dair yeni üsullar və qanunvericiliklə tənzimlənən effektiv qaydalar tətbiq olunacaq və daha yaxşı gələcəyə doğru növbəti nəzərəçarpacaq addım atılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















