Əlinin qapanı və Avropadakı “söyüşçü”lərin Bakıdakı əli
Aygün Muradxanlının bir müddət əvvəl öz kanalında məmurlara yağdırdığı təhqirlərə “Mərəzə yolçusu” “epiteti”ni yapışdırması barədə görüntünü rayondan göndərdilər mənə: izlədim və jurnalist, ziyalı adına iddia edən xanımın özünə və ağzına yaraşdırdığı ifadələrdən çox təəccübləndim.
Qısa, cəmi 2 dəqiqə neçəsə saniyədə adam özünü, mahiyyətini, kimliyini və mənəviyyatını tam çılpaqlığı ilə ortaya qoyurdu. Təsvirindən belə anlaşılırdı ki, uniformalı biri qadın bərbərxanasına gəlib, ordan “aylığını” (aylığı 10 manatmış) istəyirmiş. Muradxanlı onun üzərinə “nayejat” eləyib və bu “qoçu-məmur” da utanıb gedibmiş.
Bir jurnalist-ziyalının efirdə “üstünə nayejat elədim” ifadəsini işlətməsi haradan yarana bilər? Bu, təkcə dil çirkliliyi deyil, rus sözündən istifadə də deyil – bu, jarqondur! Küçə leksikonundan efir mədəniyyətindən xəbərsizlər kamera qarşısında istifadə edə bilər.
Muradxanlı faktiki olaraq “qoçu” adlandırdığı “10 manat dilənçisi”nə qarşı nə orda, nə də efirdə peşəkar kimi davranır; çünki bunun üçün intellekt və qabiliyyət lazımdır, “qoçu”, “qanuni oğru” kimi danışmaq yox.
Jurnalist faktoloji danışmalıdır, Muradxanlı isə heç mifoloji da danışmır: uniformalı şəxs kimdir, hansı qurumu təmsil edir: polis, vergi, gömrük, sərhəd xidməti, yanğınsöndürən? – kimdir axı bu adam?
Ad çəkmir, konkretləşdirmir, ancaq “işarə edir”: “Burda adam öldürüblər, ya adam döyüblər, niyə girmisən bura” cümləsi “gələnin” əslində kimliyi haqda təsəvvür yaradır. Hər halda hansısa obyektə adam öldürüləndə və yaxud döyüləndə vergi məmuru girmir!
Gələnin kimliyi haqda cəsarəti çatıb bir kəlmə deməyən bu “mübariz-peşəkar” xanım küll halda Azərbaycan məmurunun ünvanına təhqirlər yağdırmaqdan usanmır. Çünki ünvansızdır, heç bir qurum bu təhqirləri öz üstünə götürməyəcək və hesabını sormayacaq: ona görə ümumi təhqir olar, elədirmi? Və bu ümumi təhqirləri “Mərəzə yolçusu” ifadəsini dilinə, ağzına almaqla, böyük bir camaatın izzəti-nəfsinə toxunmaqla, qürurunu aşağılamaqla davam etdirmək mümkündür?
Bu insanlar özlərini ifadə edə, düşüncələrini sözə çevirə bilmirlər, yoxsa mahiyyətləri bundan ibarətdir?
Bir “yeri gəlmişkən”ə ehtiyac var: Belarusda seçkilərin ən qızğın çağında Lukaşenkonun mövqeyini müdafiə təsiri bağışlayan, əslində ölkənin hansı Meydana çevrilə biləcəyini əhatə edən bir yazını müxalifətin sosial şəbəkədəki 200 minlik məşhur qrupunda paylaşmaq qərarı verdik. Sadəcə, eksperiment istəyimiz vardı: görəsən, Belarus hakimiyyətinə qarşı ən sərt mövqedə dayanan müxaliflərin böyük şəbəkəsi buna necə və hansı ifadələrlə reaksiya verəcək?
Admin yazını müzakirəyə təqdim etdi və ən qısa müddətdə yüzlərlə reaksiya gəldi. İnanılmayacaq bir mənzərəydi – yüzlərlə şərhin içində bircə təhqiramiz ifadə tapmaq mümkün deyildi, hamı Belarusdakı vəziyyəti və nə istədiklərini izah etməyə çalışırdı. Halbuki rus düşüncə tərzində söyüşlə fikir ifadəsi adi haldır – “ağ ruslar” da fərqlənməməli idilər. Dəqiq xatırlayıram, yalnız bircə “ağır” şərh vardı: “Bu müəllifin Belarus haqda təsəvvürü yoxdur, onu dəvət edin, əvvəlcə gəlib öz gözü ilə görsün, sonra yazsın!”
Bir anlaq əks təcrübəni təsəvvür edin: Belarus müəllif Azərbaycan iqtidarı haqda yüksək təəssüratını bölüşür və bunu radikal müxalifətin səhifəsində paylaşmaq üçün sorğu göndərir. Əgər admin müzakirəyə buraxarsa, o qrupda nələr deyilər, nələr yazılmazdı o müəllif haqda?
Bu yüksək siyasi mədəniyyətə, öz həqiqətini əks düşüncə sahibinə kübarcasına çatdırmaq intellektinə necə sahibləniblər?
Bu mədəniyyət bizdə niyə yoxdur?
Onlayn medianın üstünlüklərindən biri oxucu üçün əlçatanlığıdır, oxuduğu məlumata reaksiya vermək imkanı yaratmasıdır. Bu, həm də ictimai düşüncəni hiss etmək üçün vacib sayılır və dünyanın bir çox media qurumu bundan auditoriyasının imkanlarını, nə istədiyini, nəyə meyil etdiyini müəyyənləşdirmək üçün bəhrələnir.
Bizdə oxucuların hansı söyüşlərdən istifadə ilə “şərh” yazdığını bəlkə də təsəvvür edə bilməzsiniz. Əksəriyyət öz fikrini, yumşaq desək, ictimaiyyət arasında işlədilməsi məqbul olmayan sözlərlə “ifadə edirdi”. Məcbur olub, şərh bölümünü ümumiyyətlə qapatdıq – zatən şou verməyən, açıq-saçıqlıqdan kənar bir saytda bu cür söyüşlərin görülməsini qəbullana bilməzdik!
Nədir bunun səbəbi? Nədən Azərbaycan insanı özünü ifadə etməkdə zorlanır və mütləq söyüşə əl atır? Bu insanların söz bazası kasaddır, yoxsa tamamilə fərqli səbəblər var?
Əlbəttə, bir səbəb söz bazasıdır: oxumuruq, öyrənmirik, özümüzü inkişaf etdirmirik. Amma əsas səbəb bu deyil!
Bu, illərdir düşünülmüş surətdə törədilən fikir, düşüncə, beyin, dil təxribatının və ya terrorunun nəticəsidir. İllərlə Azərbaycanda – konkret olaraq mediada – peşəkarların dışlanması prosesi getdi: Əli Həsənov heç bir intellekt, peşəkar, nüfuzlu media adamı, ağsaqqal, müəllim ilə işləmək istəmədiyi siyasətini illərlə davam etdirdi və peşəkarları bu və ya digər şəkildə peşəsindən iyrənməyə məcbur etdi.
Nəsillər arasında əlaqə kəsildi, “yeni medianı yenilərlə” qurmağa girişən Əli Həsənov ən savadsız, ən qeyri-peşəkar şəxsləri “qabağa çəkməyə” başladı. Bütün istiqamətlərdə!
Nəsillər arasında uçurum dərinləşəndə və Azərbaycan mediası informasiya təhlükəsizliyinin nə olduğunu unudub, başdan-başa şoulaşanda, xəbər samirbağırovlaşanda, inşa deyil, imlada yazdıqları cümlənin sayından 10 dəfə artıq səhv edənlər zümrəsi mediaya tam yerləşəndə... “yeni trend” başladı – xaricdə oturan biriləri Azərbaycan hakimiyyətinə qarşı ən iyrənc söyüşlərlə “mübarizə” aparmaq “eşqinə düşdü” və nə qədər qəribə də olsa, onların sayı sürətlə artmağa başladı – göbələk kimi! “Göbələk kimi” deyirik – ancaq göbələk üçün yağış lazımdır, yağış yeri sulamalıdır! Demək, bunları da qidalandıran, sulayan vardı!
Maraqlı bir ad da “tapdılar”: “söyüş müxalifəti”. Söyüş hara, müxalifət hara? Bu adı onlara kim düşünmüşdü?
Efirə çıxıb, ən iyrənc söyüşlərlə xalqa “xitab” etməyi öz olmayan ləyaqətlərinə sığışdıran bu dəstə doğrudanmı yalnız xarici antiazərbaycan qüvvələrin ortaya atdığı məhsuldur?
Belə düşünmürəm: bu, illərlə aparılan peşəkarsızlaşdırma siyasətinin növbəti və ən dəhşətli mərhələsiydi; bu, təkcə Azərbaycanın dəyərlərinə deyil, şəxsi müstəvidə tabulara, qoruqlara edilən hücum idi və ağır nəticələri hazırda hər yerdə özünü göstərir, elə sosial şəbəkələrin Azərbaycan seqmentində də.
Ortaya “ideya” atılıb: ən pis sözləri efirdən demək olar, ən ağır söyüşləri işlətmək olar və buna görə qətiyyən utanıb-qızarmaq lazım deyil.
Bu, dağıdıcı “tapıntı”dır və daha maraqlısı da odur ki, guya bu “söyüşçülərə” və sosial şəbəkələrdə bu cür “aktivlik” edən bəzi üzdəniraqlara qarşı mübarizə aparmaq üçün məhz bu Əli Həsənov “trollar ordusu” təsis etdi. O trollar – həm özlərinin real, həm də saxta profilləri ilə gündə bir neçə saat "vəzifə" icra edirdilər, Əli Həsənovdan aylıq haqq almaqla – gözünüzün önünə qadın bərbərxanasından Muradxanlını əsəbiləşdirən “paqonlu qoçu”nun 10 manatlıq “haqqı” gəldimi?
Əli Həsənov bu “ideya” ilə sosial şəbəkələrdə aktiv olan və əvvəlki dalğadan nisbətən “sağ çıxan”ları bu dəfə iliyinə, intim-şəxsi səhifələrinə və “öz alanlarına” qədər aldı. Bu insanlar hansısa qurumda üzüağ, açıq-aşkar çalışıb-işləmirdilər, qondarma və ya haqqüçünə səhifələrini “gizli şəkildə” xidmətə vermişdilər; onlardan alnına söyüş yazılmışlara “adekvat” cavablar tələb olunurdu və onlar da bu tələbləri can-başla yerinə yetirirdilər.
Bu, son aşınmaydı; xaricdəki “söyüşçü” dəstəsinin ölkə içinə ayaq açması, bu düşüncənin beyinlərə yeridilməsiydi. Sosial statuslu birinin və birilərinin sosial şəbəkə hesabında jarqon və tabuları əlinə-klaviaturasına alması baboşlar üçün virtual impuls və stimul yaradırdı – daha irəli getməyə nə mane olur onlara?
Baxın, “daha irəli” gedirlər və bütün nizamı, mizanı, qoruq-qaytağı dağıdırlar!
Bu aşınmadan keçənlərdən biridir Aygün Muradxanlı – indi hansısa naməlum 10 manatlıq poqonlunun "üstünə gedir"! O, heç vaxt “konkret məmur” adı çəkməz – ümumiləşdirər; o, böyük bir mahalı təhqir etdiyinin fərqinə belə varmaz – çünki bu cür yetişdirilib!
Bu şəxslər arxalarında hər zaman Əli Həsənovu görüblər; bu şəxslər hər zaman Əli Həsənovu arxalarına alıb, kimlərəsə kin püskürüblər. Əli Həsənov vəzifədən gedib, ancaq onun çulundan əl çəkmirlər.
Belə tərbiyələniblər, belə pöhrələniblər, belə “aylıq haqq” alıblar, belə ev sahibi olublar!
İkinci “yeri gəlmişkən”ə mütləq burda ehtiyac var: Əli Həsənovun qılıncının dalı-qabağı kəsən vaxt media mənsublarına dediyi iki fikri heç vaxt unutmayacam. 1. Mənə tirajı 15 mindən çox olan ictimai-siyasi sayt lazım deyil; 2. Evi (jurnalistlər üçün Prezidentin birbaşa iradəsi və ayırdığı maliyyə ilə tikilən binalardan söhbət gedir – red.) mən verirəm, kimə istəyirəm, o da alacaq!
1. Ona ciddi ictimai saytın 15 min tirajdan artıq olması lazım deyildi – çünki böyük bir auditoriyanı “söyüşün” izləyicisinə-oxucusuna çevirməkdə maraqlıydı.
2. Bütün medianı bozlaşdırmaq, şablonlaşdırmaq, kriminal xronikaya çevirmək üçün hər şeyi etdi – yalnız bircə media qurumu oldu ki, buna rəsmi informasiya agentliyindən materialları ardıcıl verməklə aktiv etirazını bildirdi. Nəticə? O saytın Azərbaycan dili versiyası bağlandı!
3. Ev – görünəndir, görünməzlər ixtiyarındaydı və necə davrandığı və necə verdiyini yalnız təxmin edə bilərsiniz!
Bütün varlığı bu prosesdə yoğrulanlar indi, sahibsiz qaldıqdan sonra özlərini açıb buraxıblar: “nayejat” edirlər, məmur ordusunu küll halda aşağılayırlar, böyük bir eli təhqir edirlər və bunu özlərinə yaraşdırırlar.
Natamamlıq kompleksidir – necə bir parlaq istedad sahibi idilər vaxtilə, necə böyük amallar uğrunda yazırdılar: auralarını çilik-çilik ediblər, xarici təsir birbaşa 7-ci qatlarına – eqolarına qədər təsir edir və eqo auranın “yerinə keçib”.
Eqonun auranı “əvəzləməsi” – təkcə “mən”i açıq hədəfə çıxarmır, həm də freydizm sindromu yaradır. İnsanın şəxsi iddiası ilə boyu hansı səbəbdənsə uyğun gəlməyəndə - bu, nəfsinə görə hansısa mühitə/qurşağa enməsi-düşməsi ilə də ola bilər – natamamlıq kompleksi yaranır və oda verilmiş içinin hisli divarları arasından önündəkilərə kül üfürür: bu, “nayejat” edə bilər, bu, qarşısındakını utandıra bilər – çünki məhv olmuş istedadın və mənəvi dünyanın başqa həyat həzzi qalmayıb!
Ancaq daha dəhşətlisi freydizmdir – hansısa səbəbdən şəxsi-fiziksəl ehtiyaclarını ödəyə bilməyənlər bu həzzi ən pis söyüşlərdən almağa çalışırlar. Bilirlər ki, bu ifadənin qarşılığı nədir; yaxşı anlayırlar ki, sən birini ikimərtəbə söyüşlə söyürsənsə, üçmərtəbə söyüşü qəbul etməyə hazırlaşmalısan! Çox gözəl anlayırlar ki, bir elin-obanın adını aşağılayarsansa, sənin bir sözünə o mahalın insanları qədər cavab gələcək və gəlir - amma dayanmırlar; özlərini bu söyüşlərin ağuşuna atırlar və bundan zövq alırlar.
Fərqi yoxdur, Qabil olsun, ya bir qeyrisi – qarşılığının nə olduğunu-olacağını bilə-bilə efirdən-ekrandan və sosial şəbəkədən söyüş söyməyə davam edən hər kəs “eqo”suna qədər – vizual-virtual və mənəvi – can bazarına çıxarılmış biridir...
Bu xalqı açıq şəkildə LGBT-yə yoluxdura bilmədilər – şüur, düşüncə qəbul etmədi!
Bu xalqın daşlaşmış yaddaşına “liberal sosial virus” sala bilmədilər!
Ancaq altşüuruna təsir üçün qeybətləri efirlərə daşıdılar, informasiya düşüncəsini dəyişdilər, sosial şəbəkələrdə “ifadə məhdudiyyətini” götürdülər. Təsəvvür edin ki, sosial şəbəkə mərkəzləri söyüşləri bloklamaq imkanını adminlərdən alıb, özləri idarə edir!
Bu ölkə ərazisini, suverenliyini bərpa etdi, ancaq söz, dil, təfəkkür, düşüncə sərhədləri işğal olunur. Mənən alınmış, satılmış, alçaldılmış və təhqiredilmişlərin qısılacaq abırları qalmayıb, ona görə lüt-üryan “hücumdadırlar”. Məsələn: Zəng elədiyi şəxs var-yoxunu söyür, adam söyülməsini efirə verir!
Bu terrordur və bu terrorun önünü isə qapan sindromundan əziyyət çəkən və hər zaman önünə mizan əvəzinə qapan qoyulacağını düşənən şəxs açdı: indi onun qapanında çəkilən qapanlar dəstəsi dəyərlərimizi hər sahədə çeynəyir!