Elmi seminarda türk xalqlarının ortaq mədəni kökləri və dastan ənənəsi araşdırılıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin növbəti elmi seminarı təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminarda şöbənin müdiri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər “Türk xalqlarının folklorunun müqayisəli araşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türk xalqlarının etnik və mədəni yaxınlığı, ortaq tarixi və mədəni kökləri, prototürk birliyinin formalaşması və ümumtürk folklorunun araşdırılması məsələləri nəzərdən keçirilib. Professor qeyd edib ki, hazırda tanıdığımız türk xalqlarının və etnik birliklərinin əksəriyyəti XV–XVI əsrlərdən sonra formalaşıb, bəzilərinin isə təşəkkül prosesi XX əsrdən sonra başlayıb. Məruzəçi türk xalqları arasında mövcud olan mədəni və mənəvi qohumluğun ortaq siyasi tarixdən daha qədim dövrlərə – prototürk birliyinə söykəndiyini bildirib. O, bu birliyin elmi ədəbiyyatda ehtimal olunan tarixi vətənin adı ilə “Altay birliyi” adlandırıldığını diqqətə çatdırıb.
Məruzədə prototürk dövründə formalaşmış mədəniyyətin türk xalqlarının şüur tipinə, dünyagörüşünə, psixologiyasına və davranış stereotiplərinə təsirindən də bəhs olunub. Bildirilib ki, türk xalqlarının mədəniyyətindəki oxşarlıqlar və fərqliliklərin öyrənilməsi arxaik türk mədəniyyətinin mənzərəsini üzə çıxarmaq baxımından böyük əhəmiyyət daşıyır.
Professor şöbənin fəaliyyət istiqamətlərinə də toxunub. O, şöbənin əsas tədqiqat predmetinin türk xalqlarının ana və ya kök folklorunun öyrənilməsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu araşdırmaların məqsədi türk xalqlarını ortaq mədəni insan tipi kimi səciyyələndirən düşüncə və davranış stereotiplərini üzə çıxarmaqdır. Məruzədə “türk xalqları folkloru”, “türk folkloru” və “ümumtürk folkloru” anlayışlarının elmi mahiyyəti, onların araşdırma obyekti və predmeti ilə əlaqəsi də müzakirə olunub. Məruzəçi superetnik məzmun daşıyan “ümumtürk folkloru” ifadəsinin prototürk, başqa sözlə, ana və ya kök folkloru mənasında işlədilməsinin mümkünlüyünü qeyd edib.
Daha sonra şöbənin aparıcı elmi işçisi dosent Səkinə Qaybalıyeva “Türk xalqları folklorunda dastan söyləyicisi tipləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türk xalqlarının dastan ifaçılığı ənənəsində söyləyicilərin yeri və rolu, onların sosial statusu, repertuar xüsusiyyətləri və auditoriya ilə qarşılıqlı əlaqəsi diqqətə çatdırılıb. Azərbaycan aşığı, qazax akını, özbək baxşısı, qırğız manasçısı, türkmən aşığı, altay kayçısı, xakas hayçısı, başqırd seseni və tıva toolçusu kimi dastan ifaçılarının fəaliyyətindən bəhs olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 16 Noyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















