Elvin Bədəlov: “Altı xal götürsək, ‘Qarabağ’la oyuna daha böyük motivasiya ilə çıxacağıq”
Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.
“Neftçi”nin müdafiəçisi Elvin Bədəlov Premyer Liqanın 8-ci turunda “Araz-Naxçıvan”la başa çatan 2:2 hesablı oyundan sonra idmanxeber.az-a müsahibə verib. O, matçla bağlı fikirlərini və qarşıdakı hədəflərini bölüşüb.
– Matç sizin üçün necə alındı?
– Çətin oyun oldu. Oyuna yaxşı başlamışdıq, qol vurduq, oyun üstünlüyü bizdə idi. Qoldan öncə də epizodlarımız var idi. Qoldan sonra bir az geri çəkildik, bu da bizə mane oldu. Ona görə də qol buraxdıq və bu, bizi üzdü. İkinci hissədə oyunu dəyişmək istədik, amma ani diqqətsizlik yenə çətin vəziyyət yaratdı. Toparlandıq, hətta oyunu çevirə bilərdik, amma təəssüf ki, alınmadı.
– Qələbə qazana bilməməyinizin əsas səbəbi nə oldu?
– Düzü, artıq “iki xal itirdik” sözünü demək adamı yordu. Hər dəfə eyni vəziyyət, eyni səbəblər…
– Vensan Abubakarın gəlişi komandadakı ab-havaya necə təsir edib?
– Əlbəttə ki, xoşdur. Sevincliyik ki, belə səviyyəli oyunçu bizdə olacaq. Səbirsizliklə məşqlərdə və oyunlarda onu gözləyirik. İnanıram ki, bizə ciddi kömək edəcək. Komandada hamı bunu müsbət qarşılayıb.
– Buraxılan ilk qol zamanı özündə nə qədər səhv görürsən?
– Hələ analiz etməmişəm. Videoya baxmalıyam. Sadəcə, oyunçu arxamdan çıxdı, onu görmədim. Yenidən o epizoda baxmaq lazımdır.
– Qarşıdakı iki oyunda “Qəbələ” və “Kəpəz”lə qarşılaşacaqsınız. Maksimum xal toplamaq nə qədər realdır?
– Əlbəttə ki, məqsədimiz maksimum nəticədir. Həmin oyunlardan 6 xal götürməliyik. Əks halda, problem yarana bilər. İlk iki oyunu fikirləşirik. Əgər altı xal qazanıb “Qarabağ”la oyuna çıxsaq, həmin matça motivasiyamız daha da yüksək olacaq.
– Milli komandamızın Fransa və Ukrayna ilə oyunları barədə nə deyə bilərsən?
– Əlimizdən gələni etdik, maksimum mübarizə apardıq. Rəqiblərin fərdi ustalığı fərq yaratdı. Komanda olaraq pis oynamadıq, sadəcə, onların oyunçularının fərdi keyfiyyətləri önə çıxdı.
– Ayxan Abbasov və Fernandu Santuşun oyun sistemləri arasında hansı fərqləri hiss etdin?
– Bəli, fərq var. Eyni beşli sistem olsa da, bir az fərqli quruluşdadır. Zaman lazımdır ki, tam otursun. Bir toplanışla hər şey düzəlmir. Amma irəliləyiş var və inanıram ki, Ayxan müəllimin rəhbərliyi altında daha da yaxşı ola bilərik.
– Fransa ilə oyunda Kilian Mbappe ilə aranızdakı dialoq çox danışıldı. O an nədən gedirdi?
– Zədə ilə bağlı danışırdıq. Oyundan öncə onun zədəsi var idi, ağrısından söz açdı. Mən də bir az zarafatla cavab verdim (gülür).
– Fransa ilə oyundan sonra formanı dəyişmisənmi?
– Xeyr, heç kimlə dəyişmədim.
– Bakıdakı matçda kimlə dəyişmək istərdin?
– Elə bir xüsusiyyətim yoxdur (gülür).
– Azarkeşlər deyir ki, Ayxan Abbasovun gəlişindən sonra milli komandada “milli ruh” artıb…
– Tamamilə razıyam. Azərbaycanlı baş məşqçi olanda, öz dilimizdə danışırıq, bir-birimizi daha yaxşı anlayırıq. Bu, komandaya əlavə enerji verir. Yerli baş məşqçi dərhal nə istədiyini izah edir.
– Milli komandanın oyunundan dərhal sonra “Neftçi”də meydana çıxdın. “Qarabağ”ın futbolçuları ehtiyatda idi, amma sən oynadın. Çətin olmadı?
– “Qarabağ” bizdən tez oynayırdı, bəlkə də bərpa ilə bağlı idi. Biz ən sonda oynadıq, bərpəni keçdik və hazır idik. “Qarabağ” 3 gündən bir oynayırsa, biz də öyrəşməliyik. Problem görmürəm.
– Ayxan Abbasovun komandası üçün əsl sınaq Bakıdakı İslandiya oyunu olacaq. O matçda müdafiə yox, hücum futbolu gözlənilir…
– Düşünürəm ki, Reykyavikdəki kimi olmayacaq. Hücumda daha fəal olacağıq, çünki evdə oynayırıq. İslandiya topla yaxşı davranan komandadır, amma əsas məqsədimiz həm müdafiədə diqqətli olmaq, həm də bacardıqca hücuma çıxmaqdır. Ayxan müəllim də bizdən bunu tələb edir və biz bunu yerinə yetirməyə çalışacağıq.
Fərid Nəsibov


