Icma.az
close
up
RU
Emin Mahmudov: Tiflis ədəbi mühitinin son mogikanı

Emin Mahmudov: Tiflis ədəbi mühitinin son mogikanı

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tiflis Azərbaycan ədəbi mühitini daim zənginləşdirib, onun qan damarını təzələyib, onu görkəmli şəxsiyyətlərlə təmin edib. Bir çox milli ədəbi hadisələr və şəxsiyyətlər buradan start götürüb. Elə ictimai-siyasi hadisələrdə də oxşar proseslər gedib, Cümhuriyyət də buradan elan olunub. M.Ş.Vazeh, M.F.Axundzadə, F.Xoyski, H.Ağayevin qəbri buradadır. A.Bakıxanov, N.Nərimanov, Ö.F.Nemanzadə bu mühitdən çıxıblar. M.Şahtaxtlı, C.Məmmədquluzadə bu ədəbi mühitdən, necə deyərlər, start götürüblər. Teatr, mədəniyyət sahəsində də eyni proseslər gedib. Tiflis Azərbaycan ədəbi-mədəni mühitinə görkəmli şəxsiyyətlər bəxş edib. Bu gələnək bugünə qədər davam edir. Belə demək mümkünsə, Tiflis ədəbi mühitinin XIX yüzildən gələn gələnəyinin son klassik görkəmli nümayəndəsi Emin Mahmudovdur...

Bu il fevrlın 13-də yazıçı, tərcüməçi Emin Mahmudovun 85 yaşı tamam olur. Bəlkə də, çoxlarına adi statistika kimi görünə bilər. Ancaq görkəmli ədəbiyyat və mədəniyyət adamının fəaliyyətinin miqyasında bu həyatın nə qədər zəngin olduğunu görürük. Əvvəlcə E.Mahmudovun ömürlüyünə nəzər salaq: 1940-cı ildə Gürcüstanın Başkeçid rayonunun Az.Gəyliyən kəndində anadan olub. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib (1962), Qardabani rayonunun Qaracalar kəndində orta məktəb müəllimi kimi fəaliyyətə başlayıb. Bir il sonra Gürcüstan Dövlət Televiziya və Radio Verilişləri redaksiyasında işləməyə başlayıb və baş redaktor vəzifəsinədək yüksəlib, eyni zamanda Bakı Dövlət Universitetinin jurnalistika ixtisasında qiyabi təhsil alıb. Teleradio Koorporasiyasındakı uzun illik səmərəli fəaliyyətinə görə Gürcüstan hökuməti onu “Ləyaqət” medalı ilə təltif edib. Saysız teleradio oçerklərinin, qəzet məqalələrinin müəllifi olan E.Mahmudov həm də hekayələr yazıb, gürcü dilindən tərcümələr edib. “Yadigar şəkil” adlı ilk hekayələr kitabı Tbilisidə çap olunub (2003). M.Cavaxaşvili, G.Qamsaxurdiya, O.Qvarişvili, M.Beradze, İ.Çavçavadze, C.Amirecibi və başqa gürcü nasirlərindən etdiyi tərcümələr Azərbaycan-gürcü əlaqələrinə böyük töhfədir. C.Amirecibinin “Data Tutaşxia” romanı və “Gürcü hekayələri” kitabları monumentallığı ilə Azərbaycan-gürcü ədəbi əlaqələrinin ən yaxşı səhifələrini təşkil edir.

Emin Elsevər (Mahmudov) imzası təkcə Gürcüstanda deyil, Azərbaycanda da tanınır və oxunur. Hələ sovetlər dönəmində oçerk, hekayə və tərcümələri həm Gürcüstan, həm də Azərbaycan mətbuatında çap olunurdu. “Sovet Gürcüstanı”, “Azərbaycan gəncləri”, “Kommunist”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Azərbaycan” jurnalında və “Dan ulduzu”, “Çənlibel” məcmuələrində, eləcə də “Trialeti” (Dmanisi), “Qələbə bayrağı” (Bolnisi) qəzetlərində hekayələr ilə çıxış edib. Yalnız hekayələri ilə çıxış etməyib, həm də Gürcüstanda milli ədəbi mühitin formalaşmasında böyük rol oynayıb. Tbilisidə Azərbaycan ədəbi mühiti iki yüz ildir ki, mövcuddur; buna səbəb azərbaycanlıların köklü olaraq burada yaşaması və bu proseslərdə yaxından iştirak etməsidir. Tbilisi həm də uzun müddət azərbaycanlıların milli-mədəni mərkəz rolu oynayıb. Emin Mahmudov isə yazdığı hekayə və oçerklərlə, ədəbi prosesdəki nüfuzu və işilə ədəbi prosesə yön verən şəxsiyyətlərdən olub. Onun sonralar Bakıda jurnalistika təhsili alması və bura ilə ədəbi əlaqələri milli ədəbi prosesi yaxından izləməsini şərtləndirib, necə deyərlər, buradan apardığı ideyalarla Tiflis ədəbi prosesinə yeni qan dövranına səbəb olub. Gürcü yazıçılarından etdiyi tərcümələri də onu bir yazıçı, tərcüməçi kimi formalaşdırıb.

Emin Mahmudovun hekayələri sadə həyat hadisələri üzərində qurulub; süjet xətti də sadə və həyatidir. Bir yazıçının ilk hekayələrindən yeni üslubunu formalaşdırması və hadisələri sadə dillə nəql etməsi yazıçının uğurlarından sayıla bilər. Bəzi hekayələrində satirik dil və intonasiyanın şahidi oluruq ki, bu da yazıçının monoton təsvir üslubundan istifadə etmədiyini göstərir. “Bağda ərik var idi...”, “Elə də olur, belə də” hekayələrində təhkiyənin alt qatında satirik psixologizm elementləri hadisəni və obrazı dərk etməyə imkan verir. Lakin bu təsvirlər zamanı heç vaxt oxucunu yönləndirməyə çalışmır, hər şey təbii baş verir.

Yazıçı bir çox hekayələrində hadisələrin təsvirində olduqca dəqiqdir, hətta deyərdim ki, rəssam kimi təbiətin şəklini çəkir. Təbiətlə cəmiyyət hadisələrinin birgə təsviri hadisələrin mahiyyətini anlamağa imkan verir. “Sevinc yaşı” hekayəsində yaz çağının təsvirində orijinal bədii təsvir və ifadə vasitələrindən istifadə edir. Yazıçı təbiətlə cəmiyyətin ahəngini tutmağa çalışıb, onların qarşılıqlı münasibətini ortaya çıxarıb və nəticədə onların obrazını yarada bilib. Hadisələrin sonrakı inkişafı Zərifənin və təbiətin bir parçasının qoşa obrazının nahaqdan yaradılmamasını göstərir.

“Qatarda” hekayəsi isə sadə bir hadisə üzərində qurulub; hekayənin süjet xəttində gürcü-azərbaycanlı münasibətləri təsvir olunur.

Yazıçının “Sevinc yaşı”, “Yadlar kimi”, “Buğda çörəyi”, “Sürünən kölgə”, “Nəcabət”, “Yadigar şəkil”, “Zolaqlı çemodan”, “Dünya xali deyil” və s. onlarla hekayələri süjet xəttinin orijinallığı, obraz yeniliyi, canlılığı, təsvirin obrazlılığı ilə seçilir. İnanmaq olmur ki, bu hekayələr sosialist realizmi kontekstində yazılıb. Elə hekayələrin həyat materialı da yenidir, həyatidir. Məsələ mövzunun həyatdan götürülməsində deyil, müəllifin hadisələrin bədii inkişaf xəttini necə davam etdirməsində, təsvir yeniliyindədir. Bu hekayələrin bir neçəsi məni uşaqlıq illərimə qaytardı. Ona görə ki, burada təsvir olunan obrazlar mənim də həyatımdan keçib, xatirimdə böyük izlər buraxıb. Bu hekayələrdən “Buğda çörəyi” və “Sürünən kölgə” hekayələri həyat realizmi ilə yazılıb.

80-ci illərin sonu 90-cı illərin əvvəllərində Emin Mahmudovu bir jurnalist, yazıçı kimi tanıyırdımsa, bu hadisələrdə vətənini, xalqını sevən böyük bir vətəndaş olduğunu gördüm. Çətin zamanlar idi, Gürcüstanda da, Azərbaycanda da azadlıq uğrunda mübarizə gedirdi. Bu mübarizədə Emin Mahmudovu ön cəbhədə görürdüm. O, yaxşı bir ideoloq idi, fikirlərini hüquqi, mənəvi dəqiqliklə ifadə edirdi. Tez-tez görüşməsək də, Gürcüstanın azadlığı, müstəqilliyi üçün əlindən gələni etdiyini eşidirdim. Sonra vəziyyət dəyişdi, Gürcüstan azərbaycanlılarının ağır günləri başladı. Azərbaycan-gürcü qardaşlığını pozmağa çalışdılar, yerli-gəlmə söhbəti saldılar. Emin Mahmudovla bir söhbətimizi yaxşı xatırlayıram: o, məsələlərə çox düzgün yanaşır, hadisələri soyuq ağılla, müdrikcəsinə dəyərləndirirdi. Bu hadisələrdə onun ictimai-siyasi hadisələri nə qədər doğru qiymətləndirdiyi və düzgün qərarlar verdiyini gördüm. Ancaq onu da deyim ki, oradakı hadisələrin inkişafı, borçalıların çətin durumu onu çox emosional etmişdi, bu barədə çox fikirləşirdi və təcili tədbirlər görülməsini istəyirdi. Həmişə olduğu kimi, bu düşüncəsində də haqlı idi. Mənimlə söhbətlərindəki həyəcanını olduğu kimi burada çatdıra bilmirəm. Çox böyük həyəcan təbili çalırdı, qarşıdan gələn təhlükələr barədə xəbərdarlıq edirdi. Uzun müddət bu həyəcanlı görüş mənim yadımdan çıxmadı, o barədə buradakı bəzi adamlarla danışdım. Nə yaxşı ki, hər şey yaxşı qurtardı. Ancaq Emin dayının göstərdiyi vətənpərvərliyi, vətəndaşlıq hərəkətini hardasa qiymətləndirmək tariximiz üçün vacibdir. Bu günlərdə təsadüfən E.Mahmudovun bir yazısına rast gəldim. Bu yazı mənimlə etdiyi söhbətlərin çox qısa bir özəti kimi göründü və həmin görüşün Emin Mahmudov xarakterini bundan yaxşı heç nə aça bilməz: “Vətən məhəbbəti! Mənim üçün ən böyük ülvi məhəbbət Vətən məhəbbətidir. Xalqımı, millətimi sonsuz dərəcədə sevir və hər hansı bir anda xalqımın rifahı üçün başımdan keçməyə belə hazır olduğumu bildirirəm”. Bəlkə də, bu sətirləri oxuyanlar onun 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində milli düşüncənin ictimai-siyasi hadisələr kontekstində yüksəlməsi zamanı yazıldığını güman edə bilər. Elə mən də belə düşündüm... Lakin müəllif açıq mətnlə bunun 1963-cü ildə yazıldığını bildirir. Bu, çox maraqlı məsələdir; ona görə ki, cəmi 23 yaşında bu düşüncədə olmaq, irəlidə qalan ömrünü xalqına həsr etmək fikri hər adamda formalaşa bilməzdi. Bu zaman fərdlə xalqın arasında böyük bir uçurum vardı, fərd xalqı düşünməkdənsə, özünün yaşayışını düşünürdü. Yəni sovet dövründə guya xalqı düşünən yalnız dövlət idi, fərd isə yalnız özünü və ailəsini düşünməli idi. Emin Mahmudovun Tiflisdə Pedaqoji İnstitutu bitirdikdən dərhal sonra “Vətən məhəbbəti”ni dilə gətirməsini ancaq onun çox az adamlarda formalaşan ictimai-siyasi təfəkkürünə bağlamaq olar. Bu düşüncə heç Bakı ədəbi, ictimai mühitində belə formalaşmamışdı. Tiflisdə isə ictimai-siyasi proseslər hər zaman Bakını qabaqlayırdı. Düşünürəm ki, gürcü gəncləri ilə sıx əlaqədə olan Emin Mahmudovun bu düşüncəsi onların vətənin gələcəyi ilə bağlı hansısa ictimai dərnəklər təşkil etməsindən doğa bilərdi. Eyni hissləri Emin Mahmudov öz xalqı, milləti üçün keçirib və özünün gələcək həyat yolu üçün bir proqram tutub. Biz bu proqramın sonrakı gedişini 80-ci illərin sonlarında Cənubi Qafqazda baş verən proseslərdə gördük...

Bu illər Emin Mahmudovun ən enerjili vaxtlarıydı, yazıb-yarada bilərdi, çoxlu hekayələr, roman və povestlər yazar, bir neçə il əvvəl götürdüyü dissertasiya mövzusunu tamamlaya bilərdi, rahat həyat sürə bilərdi. Üstəlik, Tiflisdə vəzifəsini bir az da artıra bilərdi. Ya da çoxları kimi hər şeyi atıb gəlib Bakıda rahat yaşaya bilərdi. Lakin o, sonadək mücadilə etdi, orada, onların içərisində yaşadı, mübarizəsini apardı. Emin Mahmudov xalq yolunu seçdi, xalqı ilə bir yerdə oldu, narahat günləri, ayları çox olsa da, bundan yorulmadı, usanmadı, sonadək mübarizə apardı və nəticəsini də gördü.

Emin Mahmudovun yalnız nəsr yaradıcılığı üzərində geniş dayandıq; ancaq onun yaradıcılığı çoxşaxəlidir. Bir tərcüməçi kimi gürcü nəsrinin bir çox görkəmli yazıçılarının əsərlərini tərcümə edib. Onun tərcüməsində Camua Amirecibinin “Data Tutaşxia” (2010) romanını böyük ədəbi hadisə hesab etmək olar. “Gürcü hekayələri” (2013), “Gürcü nəsri antologiyası” (2019) kitabları Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin yeni mərhələsində ən mühüm ədəbi hadisədir. E.Mahmudovun həm tərcüməçi, həm də bir esseist, jurnalist, şair kimi yazdıqları başqa bir araşdırma mövzusudur. Bu yaradıcılıq forma və məzmun baxımından zəngin, çoxçeşidlidir. Emin Mahmudov (Elsevər) həyat dolu zəngin bir ömür yaşayır. Bu ömürdə bir neçə ömür sığışır - nasir, tərcüməçi, esseist, jurnalist və ən əsası Vətəndaş ömrü. Mən də Ona geridə qalan ömründə can sağlığı və yeni yaradıcılıq uğurları diləyirəm!..


Bədirxan Əhmədli

filologiya elmləri doktoru, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Fevral 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see305

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see268

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see249

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see249

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see246

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see235

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see219

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see216

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see213

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see213

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see213

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see212

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see212

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see202

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see201

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see200

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see199

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see195

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see190

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri