Icma.az
close
up
RU
Ərindən bir köynək yaxınam sənə... Firidun Ağazadənin yeni şeirləri

Ərindən bir köynək yaxınam sənə... Firidun Ağazadənin yeni şeirləri

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün şair, tərcüməçi Firidun Ağazadənin doğum günüdür.

Kulis.az müəllifi təbrik edir və onun “Badamdar dəftəri” silsiləsindən şeirlərini təqdim edir.

1. Biz, sevənlər…

Bilirsən, necə vuruluruq
biz sevənlər,
Azmış bir ümiddə
necə qovuruluruq
biz sevənlər...
Özümüzü aldatmaqdan
məgər heç yoruluruq
biz sevənlər?..

Sevmək gözəldir, qardaşım!
Vurulmaq gözəldir!
Di gəl ki, həmişə
ağrısı mənim,
nəşəsi
əğyar dediyimiz
itin-qurdun oldu.
Bu sevgiylə Kərəm olasıydım,
Gördüm ayıbdır,
Firidun oldum...

2010

2.

Mən Bayılda
bayıl-bayıl bayılıram,
Sən Badamdardan görmürsən?
Mən burdan səni görürəm,
Sən məni ordan görmürsən?

Elə belə gəlib belə gedəcək?
Sən əğyar evində ürəyi zəbun,
Məni bu sahildə həsrət didəcək?
Bu necə qismətdi, bu necə qanun?
Arabir köksünü ötür dərindən,
Boylan körfəzə sarı.
Bilirsən, köksünü sulara çırpıb
Nə deyir qağayı çığırtıları?..

(2010)

3. Badamdarda bir həyət
(puşkinsayağı)

Küçənizdən keçirəm, üzü dönsün həsrətin,
İstəyirəm hirsimdən daş atım itinizə.
Qiyafəmi dəyişim, götürüm bir kəlbətin
Sayğac yoxlayan kimi gəlim həyətinizə.

O zivədən asılan kimin can köynəyidi?
Yanında da yellənir əğyarın zir-zibili...
Sən də, dalandar kişi, sorma kimin nəyidi -
Bir xanımı gəzirəm,
mən bilirəm, o bilir.

İstəyimdə əlbət ki, bir duel havası var,
Adı nəymiş?
Tutalım, Natalya Qonçarova.
Badamdarın mənimlə hər payız davası var,
Bu ev kimin evidi,
bu həyət kimin ola?..

Ümiddən naçarlığım, gümandan bezarlığım,
Bu sevgi bazarlığım bitməyən qəziyyədir.
Belə lütfkarlıqda nədir günahkarlığım? –
Susma daha, səbrimdə narıncı səviyyədir...

Durub yenə gəlmişəm, qoy bir az da göynəyim,
Payızda xatirələr nə yaman xiffət çəkir.
“Ərim üst köynəyimdi, sən isə can köynəyim” -
Mənə belə demişdin,
yadından çıxmayıb ki?..

4. Qayıtmaq

Kim dedi, qayıtmaq olmur,
məsələn, mən,
gör hardan hara qayıtdım.
Otuz il sonra
“Böyük Qayıdış” çərçivəsində
sənin yanına -
Badamdara qayıtdım.
Odur ki, yenə gəlmişəm,
muradım, meylim Badamdar.
Məni tanımağa nə var ki?
həsrətdən yaxa kartım var –
“Made in Badamdar”.


5.

Gərək məktublarını çap eləyim –
müəlliflik hüququ sənindir, əlbət.
sevgi rüsvalıqda gözəldir,
adsız-ünvansız qalmağına
nə hacət?

Onsuz da sizin Badamdarın
nə badamı var, nə badamdarlığı.
mənə həsrətkeşliyi rəva gördün,
evinizdəki adama - əğyarlığı.

Gərək çap eləyim məktublarını,
görsünlər, bir dəli eşq yaşamışıq.
görsünlər, kim sevib kimin yarını,
belə sevmək bilməz hər uşaq-muşaq.

Gərək məktublarını çap eləyim,
şantaj hesab eləmə,
demə bu nə oyundu?
sevgidən sarı vərəqə almışam -
bəs hirsimi necə soyudum?

(2010)

6. Sənin ağ-qara şəklin

Dünən yenə tənha idim,
sən yoxsan, mən hara gedim?
dünyanın sözünü dedim
sənin ağ-qara şəklinə.

Qoltuq cibimdə taxtı var,
hara getsəm diyar-diyar
gözlərim axtarar, baxar
sənin ağ-qara şəklinə.

Neynirəm əlvan rəngləri?
bu şəklin xoşuma gəlir.
baxdıqca gözüm dincəlir
sənin ağ-qara şəklinə.

Mən unutmam əhdi, andı
sən də unutma, amandı.
rəngli şəkillər qurbandı
sənin ağ-qara şəklinə.

7. Gilas üzərindən xatirə

Nazlı bibimizə gilas dərirdik,
ən yetişmiş gilaslar harda olur, bilirdik -
ağacın gün tutan yerində.
Sən mənimçün gilasın ən yetişmişi,
intəhası yetişdin
həsrətin gün tutan yerində.
Əğyar sevinməsin qoy!
Aşiq odur axırda gülə.
Əh, Qoşa Qala qapısında
Əğyarın “beləsi belə!”

8. Sən ağ, yarım şubada

“Yalandı kül olmaq, yalandı yanmaq,
Cəsarət gərəkdir ilk sevənlərə” – Məmməd Araz

Bu boyda cəsarətin
yarısı mənim idi,
sənin idi yarısı.
Travelers kafesinin
bizimdi sol yarusu.
Mən arzular yolçusu,
sən əğyarın qarısı.
Otuz ildən sonra sən
bir də gördüm gəlirsən.
Əynində yarım şuba,
yarım şuba, ağ şuba.
Gözlərindən oxudum:
“İnanmaram, ay toba!”

Çovğunlu fevral günü,
Bir az vardı axşama.
Bir də gördüm, gəlirsən,
Əynində var ağ şuba,
yarım şuba, ağ şuba.
Səbrim yaman tələsdi,
Sığındı ağuşuna.
Bir az da basdım gopa,
“Sən məni unudasan?!”
“İnanmaram, ay toba!”

Sənin ağ, yarım şuban
işıq səpir dörd yana.
Travelers kafesində
əğyarın canı çıxsın!
Qalsın da yana-yana!
Lap əlindən gələni
çəksin on-on beş qaba!
Gözlərindən öpəndə
Dodağın pıçıldadı:
“İnanmaram, ay toba!”

Kim deyir, ömür keçib,
Yaşımız altımışdı.
Otuz ildən sonra biz
Bu qəfil görüş ilə
Yaşı da aldatmışıq.
Kim nə deyir, qoy desin,
Az aşın duzu deyil
Sən nənəylə mən baba.
Sözünü geri götür,
İnan buna, ay toba!

9. Bir köynək yaxın...

Bu mövzuda Aleksandr Puşkinin də Natalya Qonçarovaya məhrəm bir şeiri var.

Gizlət gözlərini eynəyin altda,
Mən də bu sevgini qoy hələ danım.
Neçə xatirə var ürəyin altda,
Ərinin qolundan asılan xanım,
Ərindən bir köynək yaxınam sənə.

Vüsal bitirmədi bu eşq, neyləyək?
Dostluğa nə dersən, hərdən yazışaq.
Mənə dostluq göndər,
fevral gələndə
Sözlərin oduna barı qızışaq,
Əğyarın qolundan asılan xanım.

Aranı qarışıq görüb
sən necə
Üz qoydun üzümün üstə gizlicə?
Qoy yenə alışım, qoy yenə yanım!
Gecikmiş sevginin qoy üzü dönsün,
Əğyarın qolundan asılan xanım.

Üzümə üz qoydun...
Bəxtəvərlikdən
Az qala öldüm ki!
Ərinin qolundan asılan xanım.
Mən bu gün gördüm ki, bu gün gördüm ki,
Ərindən bir köynək yaxınam sənə.

Qadınlar səhər-səhər geyinəndə… - Riçard Brotiqanın hekayəsi Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında kitab çap olundu Həmid Herisçi: "Şəxsən mən Pəhləvi şahlarının qurbanıyam..." - Müsahibə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Fevral 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri