Icma.az
close
up
RU
Mən də bu gözəlin eşqinə düşdüm Firidun Ağazadənin şeirləri

Mən də bu gözəlin eşqinə düşdüm Firidun Ağazadənin şeirləri

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fevralın 1-i şair, tərcüməçi Firidun Ağazadənin 75 illik yubileyidir.

Kulis.az bu münasibətlə Firidun Ağazadəni təbrik edir və onun yeni şeirlərini təqdim edir.

Azərnəşrdə birinci iş günüm

Böyük korrektorlar yaxın durmadı,
Dedilər, gənc şairə verin,
birinci korrekturadı.
Qarşımda qalaqlandı
məşhur bir şairin seçilmişləri...
Arada kiminsə
ağardı da dişləri...
Maaş günü bildim,
gülməliymiş bunun harası,
Nizamidən uzaq!
Şekspirdən uzaq!
Ucuz imiş şeirin korrekturası.
Acı-acı güldüm, poeziya,
xəcalətdən öldüm, poeziya, –
Mən səni belə bilməzdim.


Yetmiş yaşımın şəklinə

"Bizim nəslin bir xoşbəxtliyi oldu ki, Səməd Vurğunu gördük" – Məmməd Araz

Hə... bəyaz saçlım!
Gəncliyində
Məmməd Arazı gördün,
Xəlil Rzanı gördün.
Sağlığında əfsanə
İki imzanı gördün.
Təriflərini eşitdin.
Xoşbəxtlik elə budur,
Daha nə istəyirsən?
Əlli səkkizində
Qırx doqquz yaşlı
İlk sevgini gördün, qol-boyun oldun.
Xoşbəxtlik elə budur.
Daha nə istəyirsən?
İki Dağ axtarırdım
Ömür yoluna çıxanda -
Eşq Dağını, bir də Söz Dağını.
İkisi də yeddi dağın
o üzündə imiş.
İkisini də tapdım...
Və ətəklərində çapdım...
Kəndimiz dünyaya uzaqmış,
Mən gəlib Söz Dağının ətəyinə çatanda
Gördüm sözlər kitab-kitab yazılmış...
Şax dur, bəyaz saçlım!
Şax dur, tərcüman kişi!
Yetmişində doğrulur
çox ümid, çox güman, kişi!


Yarpağı beşbarmaq çinar

Deyirsiz, xatirə yazan vaxtımızdı? Xəlil Rza Türkandakı bağında şeirlərimi oxuyandan sonra dedi ki, şəhərə gedirik, səni də Binədə sala bilərik. Deyirdin bağın var, bağını da görərəm. Mən ağac əkəcəyimi dedim – qonşuma çinar qələmələri tapşırmışdım, onları əkəcəkdim. Şair bu çinarlara “yarpağı beşbarmaq çinar” deyirdi.

Bakı hava limanının
Böyründəcə bir bağım var.
İki çinar da əkmişəm –
Yarpağı beşbarmaq çinar.

Qonşu Əşrəf söylədi ki,
Şair, meyvə ağacı ək.
Hərdən təşrif buyuranda
Gəlib əncir, üzüm yeyək.

Xəlil Rza göz elədi:
“Bazarda hər cür meyvə var.
Sən burda iki çinar ək,
Yarpağı beşbarmaq çinar.

Şairin bağında çinar olar –
Yarpağı beşbarmaq çinar.
Abşeronun bürküsündə
Hər yarpağı qaymaq çinar”.

Mənim xəyal şahpərimdir,
O gündən bu iki çinar.
Sağlığına meyvəm də var,
Ağadayı meynəm də var.

Budur həmin şümşad boylu
İki qoşa, parlaq çinar.
Xəlil Rza əmanəti –
Yarpağı beşbarmaq çinar.

Xəzərdən qalxan dumanlar,
Hərdən başından sürünər.
Təpəsinə çıxmaq olsa,
Bütün Abşeron görünər.

Şərqin-Qərbin uçaqları
Keçir o yana-bu yana,
Mənim çinarlarım üstdən
Enir Bakı limanına.

Xəzrilərə sinə gərən
Möcüzə, çilçıraq çinar.
Xəlil Rzadan yadigar
Yarpağı beşbarmaq çinar.


Yolsuz

Yaxşı yadımdadır Alışan kişi,
Namərdə, nakəsə “Yolsuz!” deyərdi.
Qəzəbi dilində alışan kimi
Bu sözlə zəhmini bülövləyərdi.

Ağsaqqal bilirdi kəndin sədri də,
Zəhminə yaraşan sözləri vardı,
Xain də, xəbis də, əliəyri də
Bir “Yolsuz!” sözüylə damğalanardı.

Deyərdik, “Yolsuz”un nə var qanında? –
Niyə bir məzhəbə qulluq eləmir?
Yolu var ilbizin, qarışqanın da,
İlbizdən vecsizdi “yolsuz”, eləmi?

“Antipod” deyilən qurumsaqları
Görüb tanıdıqca sonra özüm də,
Nə qədər hirsimi udub saxladım,
Alışan kişinin həmin sözündə.

Kənddə nə görmüşdüm, var şəhərdə də,
Dəyişib adını, cildin fəqət.
Kənddə “Yolsuz” idi bu ağlıgədə,
Şəhərdə “antipod” olub biqeyrət.

“Yolsuz” – nə sağı var yəni, nə solu,
Yolsuzluq ən böyük dərddi dünyada.
Ömrümə yol olsun eşqimin yolu,
Onunla sınaram mərdi dünyada.


Bibisi qurban!..

Şəhriyar (bəli, həmin gənc və gözəl şair Del Gerani) “Böyük bacı” şeirimi xatırladıb dedi: “Bəs, kiçik bacınız Sevil xanıma şeir yazmamısız?” Və bu şeir yazıldı. Amma şəhərdə belə sözləri az bilirlər, az deyirlər.

Bu şəhər yerində, bilməm, nə sirdi,
Yaman tamarzıyıq şirin dilə biz.
Dilləri dil açır nəvələrimin,
Elə ki gedirik bacımgilə biz.

Sənin də, ay bacı, dilin şəkərdi,
Gəlincə gül açır könül çəmənim.
Dünyanı verirsən uşaqlara sən,
Elə ki, deyirsən “Bibisi qurban!” –
Ana nəvazişli, ay bacım mənim.

Həftədə, ayda bir gələrik sizə,
Bu şirin sözünlə nə mehribansan!
Doqqazda görüncə gülər üzünü,
Nəvələr gülüşür, pıçıldaşırlar: –
Bax, indi deyəcək: “Bibisi qurban!”

Şəfqətin dilindən tökülür sənin,
Oğullar yüyürür – qucaqlayasan.
Nəvələr şəkləyir qulaqlarını: –
Bax, yenə deyəcək: “Bibisi qurban!”

Nəslin nişanına, nəslin namına,
Olursa ürəkdən birisi qurban,
Doğmalar içində hamıdan əvvəl –
Bibisi, bibisi, bibisi qurban!

Hərdən darıxırlar bu sözdən ötrü,
Deyirlər, ay baba, gedərik haçan?
Nə şirin sözü var Sevil bibinin?!
Gedək, bir də desin “Bibisi qurban!”.


Ürəksiz eləyib məni bu şəhər

Mən kəndçi olanda cürətli idim,
O adı bu ada dəyişdim hədər.
Mən kənddə olanda ürəkli idim,
Ürəksiz eləyib məni bu şəhər.

Onda mən başıma papaq qoyurdum,
Əriyin kalından yeyib doyurdum,
Buğda sünbülünü sütül qovurdum,
Yana-yana yedim, ürəkli oldum.

Məni növbələrdə yordu bu şəhər,
İnad qulağımı burdu bu şəhər,
...Deyilməz sözləri dedirtdi mənə,
Mənə xarici dil öyrətdi, di gəl
Dilini bilmədim telefonların,
Ürək-göbəyimi yedirtdi mənə.
Ürəksiz elədi məni bu şəhər.

Kirayə mənzilin damı altında
Çullu dovşan sığan ağzım olmadı.
Qazlı sularından nə qədər içdim,
Yenə o əvvəlki qazım olmadı.

Deynən, bu şəhərə niyə gətirdin
Kəndçi ürəyini, kəndçi ağlını.
Bilmirdin şəhərdə analı olmaz, –
Başına dönməzlər kəndçi oğlanın?!

Alimi qohumum olmaq istəmir,
Şairi mənə bir ümid bəsləmir,
Gecə də, gündüz də təkər üstədir,
Ürəksiz eləyib məni bu şəhər.

Afətdir şəhərin qızları, tanrı
Aşiq olanların qan olur bağrı.
Duyğular yırtanda yaxalarını
İki düyməsini açıb şəhər qızları
Ürəksiz eləyir adamı, vallah.

Mən kənddə olanda ürəkli idim,
Nə təhər ürəkli olum bə indi? –
Allah tək sevdiyim şairlər vardı,
Özlərini gördüm, ürəksiz oldum.
Meşin qapıların mürdəşir yumuş
Üzlərini gördüm, ürəksiz oldum.

Mənə üz göstərmir idarələri,
Nə çoxdur yollarda işarələri,
Buraxıb göylərə təyyarələri
Ürəksiz eləyib məni bu şəhər.

...Hanı dərələrim, hanı düzlərim?
Çəmən əzizlərim, çay əzizlərim?..
Sizdən ayrılalı, ay əzizlərim,
Nə qədər, nə qədər ürəksizlədim...


Sabir Rüstəmxanlıya

Sabir Rüstəmxanlı Bakıda ilk şair dostumdur...

Alar meşəsinin o üzündəki
qonşu kənddə
Sabir Rüstəmxanlı varsa,
Cəngəsər dağının o üzündəki
qonşu kənddə
Ağacəfər Həsənli varsa,
Dağın bu üzündən şair olmazmı?
Mən necə şair olmayım?

Neynirdim sevginin sinə dağını,
Alışa ürəyim,
Alışa ömrüm.
Xəyalı dolaşıq, ruhu dağınıq,
Eşqi rədd olunmuş cavanlar gördüm,
Sevən ürəyimə acığım tutdu,
Oturdum başladım şeir yazmağa.

Qarlı Savalanın qənşəri Dağım –
O Dağdan bu Dağa çağıran səsəm.
Alışar iç dağım, içəri dağım
O Dağın şeirini yaza bilməsəm.
O Dağın şeirini yazacağam mən.

Ayaq üzəngidə, diz qabırğada,
Ömrümün yolunu yormağa çıxdım.
Nahaqdan söylənən söz qabağında
Sussam, vicdanımdan utanacaqdım.

Bilmədim ilk sözüm haçan doğuldu,
Yapışdım qolundan haçan ilhamın.
Bir üzü həmişə ümidli oldu
Şəhərli dünyamın, kəndçi dünyamın.

Qəmi də görmüşəm,
zalım olur qəm
Qəm mərdi namərdə təslim eləyər.
Gümanları girinc, bəxti daşqədəm,
Sevinci açılmaz tilsim eləyən
O Qəmin şeirini yazacağam mən.

Can əsirgəmədim sözü duyana,
Əhdə, etibara vuruldu könül.
Güllə mənzilində – təlaşlı durna,
Mağar qəndilində nur oldu könül.
Könlümün şeirini necə yazmayım?

Məni duyğu-duyğu gətirdi dilə,
Eşqim
dərdimə də bal qatdı mənim.
Günəşə ucalan ümidlərilə
Bir az Məmməd Araz aldatdı məni,
Bir az Xəlil Rza aldatdı məni,
Dedilər, “Yaşamaq gözəldir, qardaş,
Şeirlə yaşamaq ondan da gözəl!”
Mən də bu gözəlin eşqinə düşdüm.


Bəxtiyar Vahabzadə sağ olsaydı

Məni illər üstündən haraylayan gözəlim,
Nə tez unutdun məni?
Əhdindən üz çevirib
Nə ucuz tutdun məni?
Mənə “Qorxma!” deyirdin,
İndi özün qorxursan,
Sən ki belə deyildin.

Sən çağırdın,
Sevgidən uca bir istək ilə
Mən yanına tələsdim.
Şübhə yolumu kəsdi,
Güman yolumu kəsdi.
Məgər səni axtarmaq asan idi?
Unutdun?
Gizli görüşlərimiz dastan idi,
Unutdun?

Bir salama qıymırsan,
Nə qorxaqsan, ay aman!
Sən ki belə deyildin.
Sən ki mənə bir zaman tanrı lütfü deyirdin.
Susub zülm eləyirsən özünə də, mənə də,
Eşqinə asi oldun, söylə, bu qədərmi sən?
Dedim, bir salam göndər,
Salam da göndərmirsən.

Mən sənə çox inandım,
Sən də inandın mənə.
O duyğulu halların,
Qollarım arasında o bihuş xəyalların
Yadıma düşdü yenə.
Ürəksiz, iradəsiz qarşıma niyə gəldin?
Gecikmiş vaqeətək başıma niyə gəldin?

Adını çəkmək olmaz, bilirəm,
amma hərdən
Adsız yüksəklik kimi özünü göstərirsən
Şirin xatirələrdən.
Sosial şəbəkədə məni blok etmisən,
Əhdi dönüklər kimi bizə bu lap yaraşır.
Bəxtiyar Vahabzadə sağ olsaydı deyərdi:
Bir salama dəyməyən eşqə blok yaraşır.


Mən və dostlarım
(2010-cu ilin şeiri)

Məcnundu, Fərhaddı, Kərəm, bir də mən
Sevgi kafesinə gedirik hərdən.
Üçü də başını itirib dərddən –
O cümlədən mən.
Heç kim tapa bilmir heç nə, axtarır,
Düşüb bir müəmma eşqə – axtarır.
Səhrayi-Kəbirdə çeşmə axtarır –
O cümlədən mən.

Bilsək də vüsalı yoxdu sonunda,
Yenə aldanırıq sevgi oyununda,
Sevənlər hamısı əli qoynunda –
O cümlədən mən!


Sən və dostların
(2010-cu ilin şeiri)

Leylidi, Şirindi, Əsli, bir də sən,
Sevə də bilmirsiz əməlli-başlı.
Biz sizi sevirik, siz – kimi?
Nədən?
Bu necə tərəzi, bu necə daşdı?

Leylidi, Şirindi, Əsli, bir də sən,
Deyəsən, bir bezin qırağısınız.
Sizə kim söyləyib, kim deyib, lütfən,
Guya başımızın ağasısınız?

Surəti, məxrəci hayana çəksən,
Sevginin tənliyi elə köhnədir.
Leylidi, Şirindi, Əsli, bir də sən
Əvvəlcə vurulmaq, sevmək öyrənin.

Qarğalar danışanda adamlar susar - Kəmalə Mirzəyevanın hekayəsi Rövşən Əsgərov Rusiyada terrorçuların siyahısına salındı Bu seriallar 2025-də yayımlanacaq - Siyahı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Yanvar 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri