Icma.az
close
up
RU
Erməni terror təşkilatları və yaşanılan qətliamlar

Erməni terror təşkilatları və yaşanılan qətliamlar

Yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən vurulmasından 33 il ötür

Çox təəssüfləndirici haldır ki, dünyanın inkişaf etmiş bir dövründə terrorizmin acı nəticələrini yaşayırıq. Müasir dünyanın toqquşduğu təhlükəli problemlərdən biri olan terror siyasi, iqtisadi, mənəvi-psixoloji gərginlik yaratmaqla yanaşı, dinc insanların qanının axmasına da səbəb olur. Sülh və təhlükəsizliyin qarantına çevrilən Azərbaycan bəşər sivilizasiyasına öz töhfəsini verdiyi halda, terror aktları ilə qarşılaşır. Xatırladaq ki, Azərbaycan, türk diplomatları zaman-zaman bu terror aktları ilə rastlaşıblar. Təkcə 1973-1984-cü illərdə xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatları və ailələri erməni terror təşkilatları tərəfindən genişmiqyaslı hücumlara məruz qalıblar. Məqsədli və amansızcasına törədilən 90 terror aktı nəticəsində 41 türk diplomat və ailə üzvü şəhid olub. Türkiyə diplomatiyası XX əsrin sonunda ən çox sayda və ağır nəticələr verən terror aktları ilə üz-üzə qalıb. Təəssüf ki, türk diplomatlarına qarşı bu bəşəri cinayətləri törədən erməni terrorçuların əksəriyyəti sonralar müxtəlif bəhanələrlə həbsdən azad ediliblər. Daha bir təəssüfləndirici məqam isə Ermənistanın həmin terrorçuları qəhrəmanlaşdıraraq terrora dəstək verməkdə davam etməsidir.

Bəzi mütəxəssislər terroru yeni bir siyasi sistemin qurulmasına dəstək olmaq üçün inqilabi hərəkatlara fokuslanan təhlükəli bir fəaliyyət növü kimi təqdim edirlər. Terror dünyadakı ən qorxunc insan fəaliyyətidir.

Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

ŞUŞANIN XƏLFƏLİ KƏNDİ YAXINLIĞINDA 44 NƏFƏR HƏLAK OLDU

Müasir dövrün ən təhlükəli təzahürlərdən biri olan terrorizmin acı nəticələrini zaman-zaman Azərbaycan yaşayıb. 23 il bundan əvvəl tarixin bu günündə 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki helikopterinin erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulması terrorun acı nəticəsidir. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş vermiş, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olmuşdur. 44 nəfərin həlak olunması erməni faşist ideologiyasını bir daha üzə çıxarır. Xatırladaq ki, hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olmuşdular. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdu.

Göründüyü kimi, real həyatda terror aktlarından daha çox günahsız kütlə, dövlət adamları ziyan çəkir. Əlbəttə ki, bu siyasi, iqtisadi və mənəvi ziyanla nəticələnir və hər bir dövlət, hər bir insan bunun qurbanına çevrilə bilər. Azərbaycanın tarixində belə hadisələrin sayı kifayət qədərdir. 20 sentyabr 1991-ci ildə Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmasında cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur. Bu o illərdə Xankəndidə törədilmiş ilk və son terror deyildi. Qısa bir şəkildə son xronologiyaya nəzər salsaq görərək ki, şəhərdə terror, sui-qəsd və hücum aktları kifayət qədər törədilib.

ERMƏNİ TERRORÇULUĞUNUN SÜBUTU OLAN DƏLİLLƏR

1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başlanılıb. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olunub. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırıblar. Bu, Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb olub. Bundan sonra sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərib. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlanıb. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd ediblər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlanıb. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş edib və onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsilib. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirilib və çoxlu sayda insan isə yaralanıb. Bu gənclər sonradan illərlə davam edəcək Qarabağ münaqişəsinin ilk qurbanları olublar. Bu bir daha ermənilərin terrorçu olduğunu sübut edən dəlillərdir. Belə ki. 1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib. 28 iyun 1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanıb. 1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılıb. 1990-cı ilin iyununda xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılıb. 5 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılıb. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil. 1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə, qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur. 1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir. 1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir. 1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyiblər. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir. 24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir. Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. İllər uzunu ölkəmizin demək olar ki, hər bir yerində ermənilər tərəfindən törədilən bu və ya digər faciələri, qətliamlar yaşamışıq. Vurğulamaq yerinə düşər ki, sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" dekret verib və həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunub. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırılıb. Bu, erməni özbaşınalığı, erməni saxtakarlığıdır. Tarixi ədalət hər zaman bərpa olunur. 1991-ci ildə Azərbaycan SSR Ali Sovetiinin qərarı ilə şəhərin əvvəlki, "Xankəndi" adı bərpa edilib. Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Mənfur qonşularımız bizə qarşı məkrli, çirkin niyyətlərini həyata keçimişdilər.

XÜSUSİ TERROR-TƏXRİBAT HAZIRLIĞI

19 mart 1994-cü ildə Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, "Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar. "20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.

ERMƏNİPƏRƏST QÜVVƏLƏRİN HİMAYƏÇİLƏRİNİN ƏMƏLLƏRİ

Hələ sovet dövründə yaşadığımız illərdə 8 sentyabr 1984-ci ildə Bakıda 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması zamanı iki uşaq anası olan Surxalizadə Fatma həlak olmuş, üç nəfər yaralanmışdır. Hadisə o vaxt SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən terror aktı kimi deyil, onunla Vartanovla müdiriyyət arasında olan narazılıq kimi qiymətləndirildi, Hadisənin təşkilatçısı olan Henrix Vartanov psixi xəstə kimi qəbul edilərək həbsdən azad edilərək məcburi psixi müalicəyə göndərildi. Əlbəttə ki, bu ermənipərəst qüvvələrin himayəçilərinin əməlləri idi. 16 sentyabr 1989-cu ildə erməni terrorçuları Tbilisi-Bakı reysi ilə işləyən sərnişin avtobusunu partlatmışlar. 5 adam həlak olmuş və 25 nəfər yaralanmışdır. 13 fevral 1990-cı ildə Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, nəticədə 13 nəfər ağır yaralanmışdır. 24 mart 1990-cı ildə "Noraşen-Bakı" yolunun 364-ci km-də dəmir yolu partladılmış, nəticədə teplovoz və 3 vaqon partladılmış, 150 metrdən çox dəmir yolu xətti yararsız hala düşmüşdür. Bu siyahını artırmaq üçün əsas dəlillər çoxdur. Hər bir terror aktında insan ölümü diqqəti çəkir. Bu terror aktları qəddar, faşist xislətli əməllərdir ki, xalqımız bunu yaşayıb.

"28 MAY" VƏ "GƏNCLİK" STANSİYASI ARASINDA QATARDA TERROR AKTI

3 iyul 1994-cü ildə isə Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A. Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin Yerevan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. Mənbələrdə qeyd olunduğu kimi, 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova Yerevana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə "Ömər-75" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir. A.Aslanov "Yerevan-Mineralnıye Vodı-Bakı" marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" və "Gənclik" stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində Yerevanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.

TERRORUN AZYAŞLI QURBANLARI

44 günlük Vətən müharibəsində də xalqımız ermənilərin təcavüzkar siyasəti ilə üz-üzə qaldı. Müharibə getməyən ərazilərimizdə Gəncədə, Mingəçevirdə, Bərdədə yaşından asılı olmayaraq uşaq da, gənc də. qoca da bu terrorların acı nəticəsini yaşamış oldu. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasında xəbər vermiş oldu. Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın, dünya KİV-lərinin döyüş meydanında iştirak etdiyi bir zamanda baş verirdi. Bütün olayları dəqiqliklə işıqlandıran KİV-lər Azərbaycanın haqlı mövqeyinə göz yuma bilmirdilər. Ermənistan tərəfindən həyata keçirilən terror aktları və müharibə cinayətlərinə etinasızlıq göstərilmədi. Vicdanla öz vəzifə borclarını yerinə yetirənlər Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşə tutmasını, nəticədə çox sayda mülki şəxsin həyatının itirməsinin şahidinə çevrildilər. Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı faciə yaddaşlara həkk olundu. Dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldu. Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsinin qatili olan erməni. 2017-ci ilin iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdu.

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub.

Nəzakət ƏLƏDDİNQIZI

seeBaxış sayı:63
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri