Erməniliyin “ağıldan bəla” xəstəliyi
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müdriklərdən birinin sözüdür: keçmişdən yapışıb duranlar gələcəyi fövtə verirlər. Yazımıza bu sərlövhəni seçməyimizin səbəbi belə bir təhlükəli sindroma yoluxan hayların heç cür bu bəladan xilas olmağa meyil etməmələridir. Söhbət ABŞ Konqresinin İnsan Hüquqları Komissiyasında keçirilən “Xristianların qlobal miqyasda təqib olunması: yeni çağırışlara cavab” adlı dinləmələrdə Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hamparianın və digərlərinin çıxışlarından gedir.
"Xristianların hüquqlarının müdafiəsi" pərdəsi altında qurulan tamaşanın əsl mahiyyətini üzə çıxarmaqdan ötrü ağılsızlığın çoxşaxəli dərinliklərinə baş vurulduğu çıxışlara ötəri nəzər yetirmək kifayətdir. Mənzərə onu göstərir ki, ABŞ-dakı erməni lobbisi anti-Türkiyə və anti-Azərbaycan kartlarını oyuna qaytarmaq üçün növbəti fürsəti əldə ediblər. Kökdən düşmüş və faydasız ariyanı oxuyanlar bu dəfə siyasi sərsəmliyini gizlətmək üçün "xristian təəssübkeşliyi” örtüyündən istifadə etməyə girişiblər.
İroniyanı bir kənara qoysaq, Konqresdəki dinləmələrdə ağız-ağıza verən “siyasi tenorların” çıxışlarından bu qənaət hasil olur ki, onların xəstə və absurd ideyalarını həyata keçirmək üçün ABŞ Türkiyə və Azərbaycanla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıqdan imtina etməlidir. Yəni Ağ Evə bu avantürist çağırışın müəllifləri unudurlar ki, burada söhbət hərbi potensialına görə NATO-nun ikinci ən böyük ordusuna malik, ABŞ-ın beynəlxalq hərbi və siyasi təşəbbüslərinin icrasında müstəsna rol oynayan bir dövlətdən gedir. Hələ harasıdır, "xristian təəssübkeşlərinin” iddiaları bununla bitmir. Onlar Vaşinqtondan “Strateji Tərəfdaşlıq Xartiyası” imzaladığı bir ölkə (oxu – Azərbaycanla) ilə münasibətlərinə, faktiki olaraq, yenidən baxmasını tələb edirlər. Bu xüsusda doktor Eybnerin (“Christian Solidarity International” (CSI) beynəlxalq təşkilatının prezidenti – red.) çıxışı ayrı diaqnostikadan keçirilməlidir. Haypərəst professor çıxışında Ermənistan hakimiyyəti ilə erməni kilsəsi arasındakı münaqişəni də Türkiyə və Azərbaycanın təzyiqi ilə əlaqələndirib. Bu tamaşanın iştirakçılarının məntiqindən belə çıxır ki, İrəvanın xarici siyasətinə, onun daxili siyasi çəkişmələrinə – o cümlədən hökumətin ruhanilərlə gərgin münasibətlərinə yön verən Bakı və Ankaradır və buna görə onlar məsuliyyət daşıyırlar. Buna ağıldankəmlikdən savayı nə ad vermək olar?
Bu ağıldankəmlər elementar məntiqi anlamaq istəmirlər ki, erməni ruhanilərinin təyinatı, Ermənistan hökumətinin gündəliyi ilə Azərbaycan və Türkiyə məşğul olmur, istəsələr də ola bilməzlər. Görünür, onlar üçün ciddi daxili qarşıdurmanın, xarici dəstəkdən məhrum olmanın mövcudluğunu həzm etmək günahı qonşuluqdakı “qara qüvvələrin” üzərinə atmaqdan daha çətindir. Vurğu aydındır: Hayastanın üzləşdiyi bütün problemlərin təqsirkarı Azərbaycan və Türkiyədir! Bəlkə Ermənistanda pis hava şəraitinin əriyə vurduğu ziyana, topladıqları meyvəni şimal bazarına yolunun bağlanmasına görə də Bakı və Ankara günahkardır? Bu düşüncə necə, sağlam beyinin məhsulu ola bilərmi?
Konqresdə “ədalət carçıları”nın çıxışlarından görünür ki, Ermənistan hakimiyyəti və kilsə rəhbərlərinin daxildə nüfuz və təsir uğrunda real mübarizəsini beynəlxalq sui-qəsd cəhdi kimi qələmə verməyə çalışırlar. Bu zaman erməni xəyallarının amerikalı carçısı Eybnerin növbəti çıxışlarında Paşinyanı və Ermənistanı idarə edənlərin coğrafiyasının genişlənməsi barədə tezisləri eşitməyimiz təəccüb doğurmamalıdır.
Sözümüzün mustafası, odur ki, ABŞ-dakı erməni diasporu ilə birbaşa bağlı olan şəxslərin siyasi məntiqdən və diplomatik ritorikadan uzaq manevrləri dini azadlıqla bağlı səmimi narahatlıqdan daha çox, onların sıralarında artan isteriyadan xəbər verir. Əndişənin əsl səbəbi də aydındır: Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi hərtərəfli sülh sazişinin imzalanmasına doğru irəliləyir. Əldə ediləcək möhkəm və davamlı sülh isə həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına xidmət edir. Üstəgəl, Cənubi Qafqaz regionu üçün bu yaxınlara qədər əlçatmaz görünən perspektivlər açır. Fəqət siyasi karyeralarını etnik qarşıdurmalar və xarici düşmən axtarışı üzərində quranlar üçün sülh onların istismar müddəti bitmiş fəaliyyət tərzinə təhkülə deməkdir.
Beləliklə, Aram Hamparian və digərləri ABŞ Konqresinin İnsan Hüquqları Komissiyasında keçirilən “Xristianların qlobal miqyasda təqib olunması: yeni çağırışlara cavab” adlı dinləmələrdəki çıxışlarında Azərbaycan və Türkiyənin üzərinə “səlib yürüşü” təşkil ediblər. Bu isə ağıldan bəlaya mübtəla olanların, sadomazoxizmdən əziyyət çəkənlərin, “üzləşdikləri çətinliklərin günühkarlarının, əbədi düşmənlərinin” axtarışına çıxanların “qu quşunun son nəğməsinə” bənzəyən son çapalamalarıdır. Adamın belələrinə şəfa diləməyə dili də gəlmir...
İ.HƏSƏNQALA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 27 Noyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















