Icma.az
close
up
RU
Rusiyada görünməmiş itkilər: Putin öldürür, cəmiyyət susur

Rusiyada görünməmiş itkilər: Putin öldürür, cəmiyyət susur

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyada hərbi itkilərin hesablanması ilə bağlı məlumatlara ictimai reaksiyanın demək olar ki, olmaması heyrət doğurur. İnsanlar susurlar. Bizi təəccübləndirmək çətindir, amma bu dəfə təəccübləndirdilər.

Başa düşürəm, qorxurlar. Ancaq hakimiyyətdən bu qədər qorxub öz həyatları üçün bu qədər az narahat olmaq, məncə, artıq həddini aşmaqdır. Başqalarının öldürülməsinə gəlincə, bu barədə heç danışmağa dəyməz. Putin öz vətəndaşlarının, demək olar ki, bir milyonunun ölümünə səbəb olub, onlar isə heç soruşmağa belə cəsarət etmirlər ki, bəsdir, bu qədər qan tökməkdən yorulmayıb?

Nə qədər də nəzakətlidirlər…

Bu barədə “The Moscow Times” nəşrində yazıram. Zəif də olsa, bir ümidim var: bəlkə, heç olmasa, bu məsələləri öz aralarında müzakirə edirlər.

HƏDDİ-HÜDUDSUZ AMANSIZLIQ

“Belarus Kiberpartizanları” və Ukraynanın “Silent Crow” haker qruplaşmasının əldə etdiyi məlumatlar müharibənin real bədəli barədə təsəvvürləri ciddi şəkildə dəyişib.

İndiyədək əksər analitiklər, o cümlədən bu yazının müəllifi, “Mediazona” və BBC-nin hesablamalarına əsaslanaraq, 2026-cı ilin sonuna qədər Ukraynaya qarşı müharibədə həlak olan rus hərbçilərinin sayının 400 minə çatdığını düşünürdülər. Lakin bu rəqəm itkilərin miqyasını əhəmiyyətli dərəcədə aşağı göstərirmiş.

“Rosstat”ın məlumat bazasına edilən haker hücumundan sonra əldə olunan və aralarında bir neçə qeyri-rusdilli nəşrin də olduğu on media qurumunun araşdırdığı ölüm qeydləri göstərir ki, bazada qeydə alınmış hərbi itkilərin sayı 490-530 min arasındadır.

Hələ ölüm faktı rəsmiləşdirilməyən və itkin düşmüş hesab olunan şəxsləri də nəzərə alsaq, ümumi itki sayı 600 min (“Der Spiegel”in qiymətləndirməsi) ilə 720 min (“Meduza” və “Mediazona”nın yeni hesablamaları) arasında dəyişir.

Sonuncu rəqəmi — təxminən 700 mini kifayət qədər inandırıcı hesab edirəm. Müharibənin başlanğıcında Rusiyada heç kim bu miqyasda itki gözləmirdi. Gəlin görək, bu gün həmin itkilər Putin rejimi və sıravi rusiyalılar üçün nə dərəcədə ciddi nəticələr doğurur.

2022-ci ilin əvvəlində Putinin sərəncamında təxminən 900 min hərbçi var idi. Sonrakı illərdə bu qüvvələrə 300 min səfərbər edilmiş şəxs, hakimiyyətin açıqlamalarına inansaq, daha 1 milyon 700 min müqaviləli hərbçi və bir neçə yüz min digər şəxs qoşuldu. Beləliklə, müddətli hərbi xidmət keçənləri nəzərə almasaq, bu beş il ərzində Rusiya ordusunda ümumilikdə 3 milyondan bir qədər çox insan xidmət edib.

Deməli, onların təxminən dörddə biri həlak olub. Lakin məsələ bununla bitmir. Həmin 3 milyon nəfərdən 2 milyondan çoxu müharibədən keçib. Bu isə döyüşlərdə iştirak edən hər üç nəfərdən birinin həyatını itirməsi deməkdir.

Bu nisbət İkinci Dünya müharibəsində Qırmızı Ordunun Almaniyaya qarşı döyüşlərdə verdiyi itkilərlə təxminən eyni səviyyədədir. Putinin öz əsgərlərinə qarşı amansızlığının həddi-hüdudu yoxdur.

Üstəlik, bu, hələ yekun mənzərə deyil. Təxminən 700 min nəfərdən ibarət növbəti qrup hazırda cəbhədədir və həlak olmaqda davam edir. Yalnız qalan üçdəbir hissə evinə qayıda bilib. Hələlik müharibədən keçmiş hər üç nəfərə bir həlak olan düşür.

DARALAN SEÇİM İMKANLARI

2022-ci ilin payızında səfərbərliyə cəlb edilən 300 min nəfərdən ötən ilin yayının sonuna qədər cəbhədə cəmi 169 mini qalmışdı. Bu, Yanis Klyuqenin büdcə ödənişləri əsasında apardığı hesablamadan irəli gəlir.

Bu azalmanın səbəbi təkcə hərbçilərin həlak olması deyil. Onların bir neçə on mini sonradan müqaviləli hərbi xidmətə keçib, müəyyən hissəsi isə ağır yaralanma və digər səbəblərdən evə qayıdıb.

Sonrakı bir ildən artıq müddətdə döyüşləri davam etdirən səfərbər edilmiş şəxslərin sayı, şübhəsiz, daha da azalıb. Onların əsas hissəsi ya həlak olub, ya müqaviləli xidmətə keçib, ya da müxtəlif səbəblərdən tərxis edilib. Görünən odur ki, bu ehtiyat mənbəyi artıq tükənmək üzrədir.

Müqaviləli hərbçilərin cəlb edilməsi imkanları da getdikcə azalır. 2026-cı ilin ilk on ayında Rusiya hakimiyyəti 297 min nəfəri müqaviləli hərbi xidmətə cəlb edə bilib. Bu rəqəm regional büdcələrdən hərbçilərə ödənilən vəsaitlər əsasında hesablanıb. Ötən ilin eyni dövründə isə göstərici 335 min nəfər olub.

Oktyabr ayında cəmi 34 min müqaviləli hərbçi cəlb edilib. Halbuki ötən ilin oktyabrında bu rəqəm 38 min, ondan əvvəlki ilin eyni ayında isə 41 min idi.

Səfərbərlikdən qalan ehtiyatlar artıq müqaviləli hərbçilərin sayını əhəmiyyətli dərəcədə artıra bilməz. Putinin əsasən hərbi xidmətə cəlb etdiyi on regionda isə potensial namizədlərin sayı nəzərəçarpacaq dərəcədə azalır. Hərbi xidmətə cəlb olunanlar və həlak olanlar arasında yaşlı insanların payı da ildən-ilə artır.

Ümumilikdə Rusiyada kişilərin orta ömür uzunluğu 65,3 yaşa qədər azalıb. Bu, təxminən bir milyon insanın həyatına son qoyan pandemiyanın 2021-ci ildəki ən ağır dövrünün göstəricilərinə bərabərdir.

Beləliklə, rejimin qarşısında seçim imkanları getdikcə daralır. Müharibəni davam etdirmək üçün Putin ya yenidən ehtiyatda olanları səfərbər etməli, ya daha az itki ilə döyüşməyin yollarını tapmalı, ya da nəhayət, sülh axtarışına başlamalıdır.

QORXU VƏ LAQEYDLİK

Rusiyalılar üçün indiyədək ən qanlı il 2025-ci il olub. Həmin ilin ən ağır itkiləri isə yaz aylarında qeydə alınıb. Müharibənin bütün dövrü ərzində ən ölümcül gün 2025-ci il mayın 6-sı olub: həmin gün təkcə rəsmi qeydə alınmış məlumatlara əsasən, 808 rus hərbçisi həlak olub.

Bu, təsadüfən baş verməmişdi. Həmin dövr Donald Trampın sülhməramlı təşəbbüslərinin kulminasiya nöqtəsinə təsadüf edirdi. Putin nəyin bahasına olursa-olsun, Ukrayna ordusunun geri çəkildiyi görüntüsünü Trampa göstərmək və onu özü üçün sərfəli “sövdələşmə”yə razı salmaq istəyirdi. Nəticədə rəhbərin xəyallarının gerçəkləşməsi uğrunda təxminən 100 min rus hərbçisi həyatını itirdi.

Bundan sonra yaranmış yeni şəraitin təsiri ilə Rusiya komandanlığı canlı qüvvədən bir qədər daha ehtiyatla istifadə etməyə başladı. Lakin son iki-üç ayda döyüşlərin intensivliyi yenidən artıb. Bununla yanaşı, itkilərin miqyası da böyüyüb.

Tez-tez belə bir fikir səsləndirilir ki, Putin gələn ilin yazına qədər müəyyən hərbi uğurlar əldə etməyə çalışacaq, bundan sonra isə atəşkəsə nail olmaq istəyəcək. Bu ehtimal müəyyən mənada inandırıcıdır. Çünki Rusiyanın insan resursları tükənir. Kreml ya genişmiqyaslı yeni səfərbərliyə əl atmalı, ya da müharibənin tədricən zəifləməsi ilə barışmalı olacaq.

Ancaq gəlin, hakimiyyətin soyuq hesablamalarından rusiyalıların anlaşılmaz laqeydliyinə keçək.

Rejimin amansızlığını nəzərə alsaq belə, heç kim rus cəmiyyətinin öz həmyerlilərinin kütləvi şəkildə öldürülməsinə bu qədər az maraq göstərəcəyini gözləmirdi.

Müharibəni dəstəkləyən dairələrdə, əlbəttə, əsgərlərə laqeyd münasibətə və həddindən artıq itkilərə görə hərbi komandirləri tənqid edirlər. Lakin bu, bütün müharibələrdə vətənpərvər qüvvələrin dilə gətirdiyi adi narazılıqlardan biridir.

Geniş ictimaiyyət isə əsasən səfərbərlik ehtimalından qorxur. Ancaq ən ehtiyatlı və diplomatik ifadələrlə belə, müharibənin dayandırılmasını tələb edən kollektiv müraciətlərə bənzər ciddi bir ictimai təşəbbüs müşahidə olunmur.

Orta statistik rusiyalı xoşagəlməz məsələlər barədə düşünməməyə, sakit və qayğısız yaşamağa çalışır.

Bu laqeydliyi yalnız müharibənin böyük şəhərlərdən uzaqda aparılması və əsas itkilərin Tuva və Yəhudi Muxtar Vilayəti kimi regionların hesabına olması ilə izah etmək mümkün deyil.

İtkin düşmüş şəxsləri də nəzərə alsaq, təkcə Moskvanın itkiləri təxminən 12 min nəfərə çatır. Bu, RSFSR-in Əfqanıstan müharibəsinin doqquz ili ərzində verdiyi 10 mindən çox itkidən artıqdır.

Belə təəssürat yaranır ki, 2026-cı ildə rusiyalılar hakimiyyəti qəzəbləndirməkdən özlərinin və yaxınlarının həyatını itirməkdən daha çox qorxurlar. Rusiya adlı mücərrəd anlayış qarşısında hansı məsuliyyət, hansı narahatlıq hissi?

Görünür, bu hisslər yalnız Putin hakimiyyətdə olmayanda, onun törətdiyi cinayətlərə görə ümumxalq qəzəbinin baş qaldıracağı gün oyanacaq.

SUSQUNLUQ DAVAM EDİR

Bu yazı hazırlanarkən Rusiya mediasında və sosial şəbəkələrdə əldə edilmiş bu heyrətamiz məlumatların yayılmasına dair demək olar ki, heç bir reaksiya yox idi.

Ümid edirəm ki, bu susqunluğun yeganə səbəbi hakimiyyətdən qorxudur.

Həmçinin ümid edirəm ki, bu rəqəmlərlə maraqlanan insanlar itkilərin miqyası üzərində düşünəcək və belə bir nəticəyə gələcəklər: bu müharibədə sağ qalmaq ehtimalı həddindən artıq azdır. Deməli, onun dayandırılması üçün real səylər göstərməyin vaxtıdır.

Müəllif: Sergey Şelin.

Təqdim etdi: Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Noyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri