Ermənistan və “İsa peyğəmbərin ən hündür heykəli”
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əsas məsələ isə xristianlıq dəyərlərinə sadiqlikdir
Bakı-İrəvan sülhü ilə bağlı Ermənistan parlamentinin ötən həftə yaydığı bəyanatın mühüm məqamlarından biri də keçmiş Qarabağ münaqişəsini xarakterizə edən rəmzlərdən uzaq durulmasına dair çağırışdır. Erməni ictimaiyyətinin müxtəlif təbəqələrinə ünvanlanmış bu çağırış, kifayət qədər, ciddi və əhəmiyyətlidir. Çünki zaman-zaman hay cəmiyyəti özünü aldatmaqla məşğul olub. Bunu baş nazir Nikol Paşinyanın son zamanlar daha çox dilə gətirdiyi fikirlərdən də duymaq mümkündür.
Nikol dəfələrlə keçmişin mənfi stereotiplərindən yaxa qurtulmasının vacibliyini özünəməxsus şəkildə əsaslandırıb. Amma Ermənistandakı revanşist və şovinist kəsim onu “topa tutub”. Məsələn, Paşinyan ən sonda Ararat kimi düşüncələrə yeridilmiş Ağrı dağının Ermənistan ərazisində olmadığını vurğulayıb və bildirib ki, ölkə məktəblərində təhsil alan şagirdlərin çoxu bunu bilmir. Niyə bilmir? Ona görə ki, Ağrı dağı Ermənistanın Türkiyəyə qarşı ərazi iddiasının simvoludur.
Bəli, Paşinyan dolayısıyla miflərdən uzaq durulması ideyasını təlqin etsə də, bir əsatiri bu baxımdan istisna saymaq olar. Söhbət Ermənistanın, guya, bizim eranın 301-ci ilində xristianlığı ilk qəbul edən məmləkət kimi göstərilməsindən gedir. Sən demə, həmin ildə erməni krallığı olubmuş və kral əvvəl dinə qarşı imiş, sonra görüb ki, xristianlıq yaxşı dindir.
Yaxşı din, özü də xristianlıq. Çox güman, təqdimatın primitivliyinin fərqinə vardınız. Nikol bu ilin fevralında ABŞ-da keçirilmiş beynəlxalq dini sammitdəki çıxışında nağıl zəngulələri vuraraq elə beləcə demişdi – yaxşı din. Görəsən, dinin pisi də olur? Sualımız ritorikdir, həm də ona görə ki, xristianlıq fundamental mahiyyətə malikdir. Toplantı iştirakçılarının isə baş nazirin danışdığı nağıla əməlli-başlı güldükləri şübhəsizdir.
Əsas məsələyə gəldikdə, onu deyək ki, N.Paşinyan Birləşmiş Ştatlara Ermənistanın “dini öncüllük” statusunu qabardaraq, Azərbaycanla sülh prosesində üstünlük qazanmaq, ABŞ Prezidenti Donald Trampın din təəssübkeşliyinə və ənənəvi dəyərlərə sadiqlik kursuna siyasi sərmayə yatırmaq ümidilə yollanmışdı.
Nikolun Amerikadan əli ətəyindən uzun qayıtdığı da məlumdur, sonra yaşananlar da. Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün paraflanması və Prezident Trampın şahidliyi ilə imzalanmış üçtərəfli Birgə Bəyannamə də həmçinin. O Bəyannamə ki, Bakı ilə İrəvan arasında barış mühitinin qərarlaşdığını elan etdi. Lakin Vaşinqtonda bir olay da yaşandı. Ermənistan təmsilçiləri Prezident Trampdan Bakıda saxlanılan xristian məhbusların azadlığa çıxmaları üçün kömək istədilər.
Bəli, məhz xristian məhbusların. Söhbət məhkəməsi davam edən və Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərdən gedir. Nəzərə alaq ki, onların sırasında, yəni müttəhimlər kürsüsündə Qarabağdakı keçmiş separatçı rejimin “prezidentləri” də var. Bütün bunları, habelə zaman-zaman Ermənistanın və havadarlarının Qarabağ münaqişəsinə dini məzmun qazandırmaq niyyətlərinin olduğunu isə yada təsadüfən salmırıq.
* * *
Əlbəttə, demək istəmirik ki, erməni əsilli İsveçrə jurnalisti və fotoqrafı, uzun illərdir erməni irsinin təbliğatçısı kimi tanınan Dəmir Sönməzin indi yazdıqları birbaşa avantürizmə dəstək mahiyyəti daşıyır. Amma onun qabartdığı mövzuda həmin avantürizmə, belə demək mümkünsə, subliminal xidmət motivi var. Açıq xidmətə gəlincə, jurnalistin zaman-zaman bu baxımdan “fərqləndiyini” bilirik.
Yada salaq ki, D.Sönməz bir neçə il əvvəl “Yaralı qartal” adlı kitab-albom hazırlayıb və nəşrdə 44 günlük müharibənin timsalında “Qarabağ ermənilərinin uğradığı haqsızlığı” canlandırıb, ucuz sentimentalizmə köklənərək, savaş zamanı və ondan sonrakı dövrdə insan hekayələrini işıqlandırıb. O, müxtəlif fotolarda mülki əhalinin problemlərinə diqqət çəkməklə, mahiyyətcə, rəsmi İrəvanın qondardığı “humanitar böhran” uydurmasına leqal don geydirməyə çalışıb. Jurnalist, həmçinin “Laçın dəhlizinin blokadası” kimi sərsəm tezisin Qarabağ ermənilərinə qarşı “soyqırımı” və “etnik təmizləmə” məntiqləri ilə “zənginləşməsinə” töhfə verib.
Deməli, D.Sönməz Qarabağı hayların, guya qədim zamanlardan bəri yaşadıqları ərazi, erməni xalqının yaddaşındakı mədəni və tarixi kimlik məkanı olaraq göstərib, dünya ictimaiyyətini məsələyə yetərincə reaksiya verməməkdə qınayıb, bu azmış kimi, “Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin” dərhal azadlığa çıxmaları istiqamətində hay-küy qaldırıb. Yəni, D.Sönməzin “məramı” bəllidir.
* * *
Əlqərəz, Ermənistanda İsa peyğəmbərin heykəli ucaldılmaqdadır. Heykəlin ərsəyə gəlməsi istiqamətdəki işlərin 2026-cı ildə tamamilə yekunlaşacağı bildirilir. Nəticədə, dünya üzrə İsa Məsihin ən böyük abidəsi Ermənistanda olacaq. Hətta xristian dini peyğəmbərinin Braziliyadakı heykəlindən də böyük.
Yeri gəlmişkən, Ermənistanın Kotoyk vilayətindəki Hatis dağı üzərində ucaldılacaq abidənin hündürlüyü 33 metr nəzərdə tutulub. Postament daxil olmaqla isə hündürlük 77 metr çatacaq. Çəkisi 20 tona çatacaq və dəniz səviyyəsindən 2 min 528 metr yüksəklikdə qərarlaşacaq heykəlin hazırlanmasında isə alüminiumdan istifadə olunur və o, xüsusi davamlı boya ilə üzlənir. Eyni zamanda, bildirək ki, İsa peyğəmbərin abidəsi təkcə heykəl olmayacaq. Ümumi kompleks daxilində muzey, sərgi zalı, kafelər, ziyarətçilərə xidmət yerləri və digər obyektlər planlaşdırılır.
Daha bir diqqətçəkən məqam abidə layihəsinin “Qagik Sarukyan” Xeyriyyə Fondu tərəfindən maliyyələşdirilməsidir. Yəqin, ad tanış gəldi. Söhbət Paşinyan iqtidarına qarşı çıxan Sarukyandan gedir. O Sarukyandan ki, hətta həbslə də üzləşmişdi. Görünür, Qagik hakim komanda ilə anlaşıb və son vaxtlar “sakit qalması” da fikrimizin təsdiqidir.
Maraqlıdır ki, Erməni Apostol Kilsəsi İsa peyğəmbərin heykəlinə qarşıdır. Kilsə bildirir ki, abidə əsrlər boyu formalaşmış liturgik və ikonografik ənənələrə uyğun deyil. Arxeoloqlar, yerli sakinlər və bəzi mütəxəssislər isə layihənin təbiətə, tarixi-mədəni irsə ziyan vura biləcəyindən narahatdırlar. Axı Hatis dağı özü həm də ayrıca qoruq statusundadır.
* * *
Keçək daha böyük və əvvəldə haqqında bir qədər söz açdığımız mətləbə. Beləliklə, İsa peyğəmbərin heykəlinin ucaldılmasının Ermənistanı beynəlxalq turizm nöqteyi-nəzərindən cəlbedici etmək məqsədi daşıdığı bildirilir. Amma aydındır ki, layihənin əsl məqsədi ölkəni xristian dininin simvolizəsi baxımından önə çəkməkdir. Elə D.Sönməzin yazdıqları da fikrimizin sübutudur.
Deməli, D.Sönməz bir müddət əvvəl Ermənistanda olarkən, həm abidənin hazırlandığı emalatxanaya və tikinti işlərinin aparıldığı meydançaya baş çəkib, həm də sponsor Q.Sarukyanla söhbətləşib. Jurnalist səfər təəssüratlarını fransız dilində qələmə aldığı geniş məqaləyə sığışdırıb. Əlbəttə ki, mövzuya pafos qatmaqla: “Məsihiliyi dövlət dini kimi qəbul edən ilk ölkə olan Ermənistan bu tarixi irsi anmaq üçün misilsiz xatirə layihəsini həyata keçirir. Bu mənəvi abidə üzərində işlər tam sürətlə davam edir”.
Məqaləsində abidə kompleksinin təməlqoyma mərasiminin 2022-ci ilin yayında keçirildiyini xatırladan D.Sönməz Q.Sarukyanı tərifləməklə yanaşı, diqqəti heykəlin barəsində söz açdığımız Braziliyanın Rio-de-Janeyro şəhərindəki məşhur “Xilaskar İsa” abidəsindən daha hündür olacağına çəkib. “Ermənistan hökumətinin və layihə müəlliflərinin sözlərinə görə, bu monument təkcə dini simvol deyil, həm də milli birliyin, mədəni irsin və iqtisadi inkişafın güclü ifadəsi olacaq”, – deyən Sönməz, öz aləmində, müqayisə də aparıb. Təxminən belə: Eyfel qülləsi Parisin zərifliyini, Azadlıq heykəli Amerika azadlığının ideyasını, Tac-Mahal əbədi məhəbbəti, Çin səddi sivilizasiyanın iradəsini, Cenevrədəki “Jet d’Eau” fəvvarəsi səmaya qalxan möhtəşəmliyi simvolizə etdiyi kimi, “İsa Məsihin heykəli də Ermənistanın ruhani simvoluna çevrilməli, imanı, kimliyi və birliyi təcəssüm etdirməlidir. Ardınca isə D.Sönməz populizm tonunu real məqsədə dəyişib və deyib: “Layihə mədəni və dini baxımdan Ermənistanı dünya arenasında göstərməyə yönəlib. Gözlənilir ki, o, təkcə Ermənistan deyil, həm də bütün Qafqaz və xristian aləmi üçün mənəvi simvol olacaq”.
* * *
Deməli, bütün Qafqaz və xristian aləmi üçün mədəni simvol. Əlbəttə, biz müsəlman dövlətinin təmsilçiləri olaraq İsa peyğəmbərin yüksək təqdimatının əleyhinə deyilik. Azərbaycan tolerant ölkədir, müxtəlif dinlərə mənsub xalqların və etniklərin dinc şəkildə yaşadıqları məmləkətdir. Hay havadarlarının zaman-zaman apardıqları təbliğatların əksinə olaraq, onu da deyək ki, ölkəmizdə heç vaxt xristianlıq təqib olunmayıb, əsla din ayrı-seçkiliyi aparılmayıb.
Ermənistana gəldikdə, monoetnik quruluşa malik ölkədə digər dinlərin daşıyıcılarına qarşı hansı münasibətin göstərildiyi məlumdur. Təkcə qədim türk-müsəlman yurdu və sonradan Ermənistana paytaxt olmuş İrəvanda və digər yerlərdə illərlə yer üzündən silinmiş məscidlərin, ayrı-ayrı dini abidələrin və ziyarətgahların sayı-hesabı yoxdur. İşğal illərində torpaqlarımızdakı müqəddəs məkanlara nalayiq münasibət isə ayrıca söhbətin mövzusudur.
Sözümüz ondadır ki, əsas məsələ İsa peyğəmbərin dünyada ən hündür heykəlini ucaltmaqda yox, xristianlığın dəyərlərinə sadiqlikdədir. Nəinki xristianlıq, heç bir səmavi din qəsbkarlığı, başqasının torpağına göz dikməyi, insan qətllərini, zülmü, işgəncəni, terroru və digər məkrli əməlləri təlqin etmirdi ki, bütün bu kimi naqislikləri müasir Ermənistan dövləti həyata keçirmişdi. Yəni hazırkı erməni iqtidarı ölkənin üzərindəki bu pisliyi təmizləməyə çalışmalıdır. Amma...
Çalışmaqdan söz düşmüşkən, İsa peyğəmbərin abidəsinin inşasına başlanıldığı 2022-ci ili yada salaq. O ili ki, Ermənistan Azərbaycanla sülhdən yayınmaq üçün ən müxtəlif vasitələrə və siyasi interpretasiyalara baş vurur, Qarabağda erməni avantürizmini qorumaq naminə hər cür oyunbazlığa gedirdi. Oyunbazlıqlardan biri də beynəlxalq miqyasda Ermənistanın həm də Qafqazda xristianlığın qalası kimi göstərilməsi idi.
Bəli, o zaman rəsmi İrəvan və əlaltıların beynəlxalq miqyasda elə təsəvvür formalaşdırırdılar ki, sanki müsəlman Azərbaycanı xristianlığın qalasını ələ keçirmək istəyir. Bu cür sərsəm fikirləri irəli sürənlər o qədər primitiv davranırdılar ki, müsəlman Azərbaycanın qonşuluqdakı xristian Gürcüstanı ilə sıx dostluq münasibətlərinin olduğunu, tarix boyu Azərbaycan və gürcü xalqlarının birgə yaşadıqlarını nəzərə almırdılar.
* * *
Sonda ümumiləşdirmə apararaq, belə qənaətə gəlmək olar ki, 2022-ci ildə İsa peyğəmbərə heykəl qoymaq ideyası da 44 günlük müharibədən sonra özünün ən pik dövrünü yaşayan və getdikcə daha çox azğınlaşan erməni avantürizminə dəstək mahiyyəti daşıyan hadisə idi. Ancaq yazımızı pozitiv notlarla bitirmək üçün ümid edək ki, İsa peyğəmbərin Ermənistandakı heykəli D.Sönməzin fikirlərində canlandırdığıtək lokal məzmun daşımayacaq. Daha doğrusu, xristian aləmi üçün rəmz olmaqla məhdudlaşmayacaq, həm də Cənubi Qafqaz xalqlarının sülh, əmin-amanlıq və rifah içində birgə yaşamlarının simvoluna çevriləcək. Axı xristianlığın da aşıladığı başlıca dəyər məhz budur.
Ə.CAHANGİROĞLU
XQ


