Ermənistanın hərbi xərcləri xalqı “quru yurdda” qoyur
Ermənistan baş naziri Nikol Paşinyan xaricdə qatıldığı bütün toplantılarda, keçirdiyi görüşlərdə, eləcə də ölkə daxilində aparılan müzakirələrdə Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsinin imzalanmasına hazır olduğunu dönə-dönə bildirir. O, hətta saziş layihəsinin razılaşdırılmış maddələrinin imzalanmasını, razılaşdırılmamış bəndlər üzrə müzakirələrin isə sonra davam etdirilməsini israr edir. Bir sözlə, özünü dünyaya “sülh göyərçini” kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxır. Baş nazirlə yanaşı, Hayastan prezidenti, parlament sədri və xarici işlər naziri də əllərinə düşən bütün platformalarda etdikləri çıxışlarda Bakı ilə sazişin imzalanmasında maraqlı olduqlarını göstərmək üçün əllərindən gələni əsirgəmirlər.
Bununla belə, qarşı tərəf Azərbaycanın narazılığına səbəb olan əsas məsələni aradan qaldırmaqda – konstitusiyaya dəyişiklik etməkdə hələ də maraqlı görünmür. Halbuki rəsmi Bakı bu məsələ aradan qaldırılmadan sülh sazişinin imzalanmasının qeyri-mümkün olduğunu bir neçə dəfə bəyan edib. Digər tərəfdən İrəvanın atdığı addımlar, o cümlədən sürətlə silahlanması, hərbi xərclərini artırması onun sülh istəyinin qeyri-səmimi olduğunu aydın nümayiş etdirir.
Ermənistanın hərbi xərclərini artırması ilə bağlı bu il oktyabrın 28-də maliyyə naziri Vahe Ovannisyan parlament komissiyalarında büdcə dinləmələri zamanı demişdi ki, ümumilikdə, müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərclənəcək. Bu isə hazırkı göstəricidən 20 faiz çoxdur. Qeyd olunmuşdur ki, Hayastanın hərbi xərcləri 2025-ci ildə ümumi daxili məhsulun 6 faizini təşkil edəcək. Bu da 2024-cü illə müqayisədə 0,7 faiz çoxdur. Nazir onu da bildirmişdir ki, əsaslı xərclərin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək. Ovannisyan müdafiə xərclərini dövlət büdcəsinin ən mühüm hissəsi adlandırmışdı. Onun sözlərinə görə, bu xərclər ölkənin bütün potensialını özündə cəmləşdirir və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcək.
Gələn ilin dövlət büdcəsi layihəsi qəbul edildikdən sonra isə məlum olur ki, 2025-ci ildə Ermənistanın hərbi büdcəsi keçən ilə nisbətdə 20 faiz artacaq. İkinci Qarabağ müharibəsinin baş verdiyi 2020-ci ilə nisbətdə isə 2025-ci ilin hərbi büdcəsi, təxminən, 2,8 dəfə böyük olacaq. Əlbəttə, qeyd olunan göstəricilər Ermənistanın sürətli və kəskin militarizasiyasını göstərir. Aydındır ki, bu cür sürətli və böyük həcmdə militarizasiya heç də N.Paşinyanın sözləri ilə desək, 100 il Azərbaycanla sülh şəraitində yaşamaq üçün aparılmır. Burada onu da nəzərə alımaq vacibdir ki, 2020-ci ilədək Ermənistanın hərbi xərcləri, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki ordu qruplaşmasını saxlamağa da sərf edilirdi. 2023-cü ilin sentyabrında keçirilmiş uğurlu lokal xarakterli antiterror tədbirlərindən sonra bu xərclər yoxdur və məntiqlə Ermənistan hərbi xərcləri ya azalmalı, ya da eyni şəkildə qalmalı idi. Bu kontekstdə hərbi xərclərin 5 il ərzində 2,8 faiz artması yalnız Ermənistanın revanşa hazırlaşması ilə izah oluna bilər.
Azərbaycan Ordusunun sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Ermənistan Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonra bölgədə yaranmış yeni reallıqları qəbul etmək istəmir və yeni havadarlar axtarışındadır. İrəvan məntiqdən uzaqlaşaraq havadarlarının maraqlarını Ermənistan ərazisində təmin etmək üçün şərait yaradır. Özü müstəqil siyasət yürütmək əvəzinə, onların göstərişlərini icra edir. Bu, nəinki Azərbaycanın, bilavasitə regionun təhlükəsizliyinə təhdid törədir. Ermənistanın təhlükəsizliyini isə heç bir ölkə və qüvvə təhdid etmir. Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ərazisinə iddiasının olmadığına dair dəfələrlə aydın bəyanatlar verib. Ölkəmiz hazırda şərti sərhəddə aparılan delimitasiya–demarkasiya işlərinə və sülh sazişinin imzalanması istiqamətində danışıqlar prosesinə sadiqdir.
Ş.Ramaldanov qeyd etdi ki, hazırda İrəvanı silahlandıranlar Ermənistan istisna olmaqla “3+3” formatında əməkdaşlıq edən ölkələrə dost olmayan dövlətlərdir. Bunun özü Ermənistanın həmin ölkələr tərəfindən silahlandırılmasının regionda hansı proseslərə yol açacağından xəbər verməkdədir. Digər tərəfdən, Ermənistan bu gün müdafiə xarakterli yox, sırf hücum silahlarına üstünlük verir. Fransadan, Hindistandan alınan və alınacaq özüyeriyən, həmçinin qoşqulu haubitsaların texniki xarakteristikası belə deməyə əsas verir. Bu haubitsalar 50–80 kilometr uzaqlıqda hədəfləri vurmaq imkanına malikdir. Belə olan təqdirdə onlar, təbii ki, müdafiə silahı sayıla bilməz. Cənubi Koreyadan tankların alınmasına dair müqavilələr, yenə Hindistandan raketlər, radioelektron mübarizə, hava hücumundan müdafiə vasitələri, tank əleyhinə vasitələrin hamısı, demək olar ki, 60-150 kilometr arasında təsir imkanlarına sahibdirlər. Almaq istədiyi raketlər isə 300 kilometr uzaqlıqda hədəfi vurmağa qadirdir. Yəni bütün bunlar hamısı onu göstərir ki, Ermənistanın bu gün aldığı silahlar əsasən hücum xarakterlidir.
Müsahibimiz bildirdi ki, bu gün sürətlə silahlandırılan Ermənistanın sabah regionda qeyri-sabitliyə yol açacaq addımlar atması istisna olunmur. İrəvanın ölkəmizə qarşı revanş xarakterli hansısa addımlar atacağı gözləniləndir: “Belə olan təqdirdə Ermənistanın silahlanması həm Azərbaycanın, həm də regionun təhlükəsizliyinə bilavasitə təhdid yaradır. Düzdür, bizim ordumuz Ermənistanın hər bir təxribatçı addımına cavab verməyə qadirdir. Amma biz hazırda Ermənistanın yürütdüyü siyasətdən, hərbi xərcləri artırmasından danışırıq”.
Ş.Ramaldanovun sözlərinə görə, Ermənistan hakimiyyəti müttəfiqi olan Rusiyaya münasibətdə də xəyanətkar addımlar atır. Yayılan bəzi məlumata görə, rəsmi İrəvan Avropa İttifaqına Rusiya istehsalı olan 300 milyon dollar dəyərində silah-sursat satıb. Güman etmək olar ki, Avropa İttifaqı ölkələri də bunun əvəzinə Ermənistanı sürətlə silahlandırırlar: “Aydındır ki, İrəvan müxtəlif coğrafiyalarda yerləşən ölkələrlə müqavilələr bağlasa da, onların haqqını ödəməsi ağlabatan deyil. Bəzi məlumatlara görə, Ermənistan hökuməti havadarları ilə burada belə bir sxemə əl ata bilər. Yəni, hakimiyyət digər istiqamətlərə ayrılan vəsaitdən də götürərək onu silah alışına sərf edir. Sosial, təhsil, yaxud digər sahələrin maliyyələşməsində yaranan boşluqları isə havadarları donor təşkilatların ayırmaları ilə doldururlar. Bir faktı da deyim ki, ABŞ Ermənistanda qeyri-hökumət təşkilatlarının inkişafı üçün hər il 125 milyon dollar ayırırdı. Bu il isə Vaşinqton bu məbləği iki dəfə artıraraq 250 milyon dollara çatdırdı. Sual olunur: Məgər kiçik Ermənistanda QHT-lərin sayı iki dəfə artıbmı? Əlbəttə, artmayıb. Bu vəsaitin birdən-birə iki dəfə artırılması isə Ermənistan hökumətinin digər sahələr üzrə ayrılan vəsaiti hərbi sahəyə yönəldərkən yaranacaq boşluqların doldurulmasına yönəldiləcək”.
Ermənistanın bu gün sülhdən qaçdığını vurğulayan hərbi ekspert bununla yanaşı, qarşı tərəfin silahlanmasının, atdığı digər destruktiv addımların bölgənin təhlükəsizliyinə xələl gətirən, gərginliyə aparan amillər olduğunu vurğuladı. Onun sözlərinə görə, bütün bunlar İrəvanın gələcəkdə yeni münaqişə ocağı yaratmaq istəyinin nəticəsidir: “Əlbəttə, bunu həyata keçirmək üçün Ermənistanın Azərbaycana qarşı revanş xarakterli hansısa addım atacağı istisna olunmur. Çünki burada maraqlı qüvvələrin ssenarisinə uyğun olaraq, Ermənistan Azərbaycana qarşı revanş xarakterli hansısa addım atacaq. Azərbaycan buna cavab verəcək. Bu fonda beynəlxalq institutlar işləməyə başlayacaq və ikili standartlar əsasında qərarlar qəbul edəcəklər. Bunun əsasında qəbul ediləcək qərarlar Ermənistanın havadarı olan qüvvələrin Hayastanda maraqlarını genişləndirmək üçün hüquqi sənəd rolunu oynayacaq. Bu genişləndirmə isə təbii ki, Rusiyanın maraqları hesabına olacaq. Belə olan təqdirdə Rusiyanın reaksiyasının necə olacağı barədə də çox düşünmək lazım deyil. Bu bölgədə Rusiyaya qarşı yeni cəbhənin açılması demək olacaq”.
Onu da qeyd edək ki, bir çox ekspertlər İrəvanın hazırda bölgədə apardığı siyasətin Ermənistanı ikinci Ukraynaya çevirə biləcəyini qeyd edirlər. Zənnimizcə, bu fikirlər əsassız deyil. İqtidarın apardığı siyasət, hərbi xərclərini artırması, sürətlə silahlanması, bu silahların hücum xarakterli olması və digər amillər İrəvanın bu regionu gələcəkdə hansı münaqişələrə və gərginliyə apardığı barədə verilən aydın siqnallardır. Burada region ölkələri aktiv olmalı və Ermənistanın silahlanmasının qarşısını almalıdırlar. Bölgə ölkələri Ermənistanın regionda gərginliyin artmasına səbəb olan siyasət yürütməsinə mane olmalıdırlar.
Səxavət HƏMİD
XQ