Etibarlı dost ölkə, bərabərhüquqlu tərəfdaş...
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.


Azərbaycan-Çin iqtisadi-ticari münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olur
Azərbaycan Cənubi Qafqaz regionunda söz sahibi olan lider dövlət, Çin isə Asiyanın və dünyanın iqtisadi güc mərkəzlərindən biridir. Siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi amillər və digər mühüm faktorlar hər iki ölkənin bir sıra ortaq baxış və strateji maraqlarını tamamlayır. Prezident İlham Əliyevin ötən illərdə Çinə səfərləri, habelə bu ölkənin hökumət heyətlərinin respublikamıza səfərləri dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinə səbəb olub. Həmçinin hökumət nümayəndələrinin, iqtisadi qurumlarının və biznes icmalarının qarşılıqlı səfərləri və əldə edilən razılaşmalar iqtisadi-ticari münasibətləri daha da irəliyə aparıb.
4 milyard dollara yaxınlaşan iqtisadi dövriyyə...
Ölkələr arasında iqtisadi-ticarət dövriyyəsi son 10 ildə ən yüksək səviyyəyə çatıb. Belə ki, 2015-ci ildə isə qarşılıqlı mal dövriyyəsinin həcmi 500 milyon dollar idisə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 744 milyon dollar təşkil edib. Çin xarici ticarət balansında idxalın həcminə görə, Azərbaycanın birinci tərəfdaşı olub. Belə ki, ötən il bu ölkədən idxal olunmuş malların həcmi 3,7 milyard dollar təşkil edib, Azərbaycanın Çinə ixracı təxminən 25 milyon dollara bərabər olub. 2025-ci ilin birinci rübündə ticari dinamika daha da artıb və ötən ilin eyni dövrünə nisbətən 37 faiz çoxalaraq 1,02 milyard dollar təşkil edib.
Ümumilikdə, Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biri olmaqla 4-cü yerdə qərarlaşır. Cənubi Qafqazda isə birinci tərəfdaşıdır. Çinin bu region ölkələri ilə cəmi ticarət mübadiləsinin 70 faizə yaxını Azərbaycanın payına düşür.
1 milyard dollara çatan Çin investisiyaları
Çin, eyni zamanda, Cənubi Qafqazda ən çox sərmayələri Azərbaycana yönəldib. Bu Asiya nəhənginin ölkəmizə yatırdığı investisiyaların həcmi 942 milyon dollara çatıb. Eyni zamanda, Azərbaycan özü də potensial sərmayədar dövlət kimi Asiyanın maliyyə sektorunda öz mövqeyini gücləndirir və Dövlət Neft Fondunun investisiya portfelinin 2,1 milyard dolları Çinin maliyyə-investisiya sektorlarını əhatə etməkdədir.
İmkanlar isə daha böyükdür. Bu məqsədlə tərəflər dayanmadan intensiv şəkildə iqtisadi dialoq və qarşılıqlı biznes tədbirləri təşkil edir, investisiya və ticari təşviqləri artıran təşəbbüslərlə çıxış edir. Ötən il imzalanmış Azərbaycan və Çin arasında arasında Strateji Tərəfdaşlıq Bəyannamənin əsas hədəflərindən biri olan ticarət-iqtisadi və investisiya əlaqələrinin daha da artırılması üçün hökumət-biznes görüşləri ardıcıl xarakter almağa başlayıb.
Aprelin 16-da Bakıda keçirilən Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci bildirib ki, Çin və Azərbaycan səmimi və etibarlı dost ölkə, həm də bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlardır. İki ölkə münasibətlərin inkişafına dair yaxın perspektiv planlar müəyyən edilib ki, əsas prioritetlər iqtisadi proqramlarda yeni istiqamətlərə uyğun fəal addımlar atmaqdır.
Çində Azərbaycanın “Ticarət Evləri”nin sayı artır
Tərəflər sənaye, neft-qaz, neft-kimya, “yaşıl enerji”, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahələrdə ticari coğrafiyanı genişləndirmək niyyətindədir. Lin Ci ölkəsinin Azərbaycanın istehsal etdiyi məhsulların idxal həcmini və çeşidini genişləndirilməsində maraqlı olduğunu, Çin bazarında aqrar və yeyinti sənayesi məhsullarının satışı üçün münbit şərait yaradıldığını xatırladaraq xüsusilə nar məhsulları və şərabın alıcılarda böyük maraq doğurduğunu diqqətə çatdırıb. Həmçinin quş əti, fındıq və badamın Çinə ixracı üçün geniş imkanlar var. Beynəlxalq Ticarət Mərkəzinin hesablamalarına görə, Azərbaycanın Çin bazarına əlvan və qiymətli metallar, ərzaq sənayesi məhsulları göndərmək imkanları var. Bu prosesdə Çində fəaliyyət göstərən Çində Azərbaycan Ticarət Evlərinin xüsusi rolu vardır, indiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın “Ticarət Evləri” açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib. Yeni “Ticarət Evləri”nin açılması nəzərdə tutulur. Bu Evlərdə “Made in Azerbaijan” rəflərinin təşkili yerli qeyri-neft məhsullarının vahid brend ilə dünyada tanıdılması və təşviq edilməsi baxımından ən təsirli ixrac ideyası sayıla bilər.
İpək Yolunun yeni dayanacağı - Zəngəzur dəhlizi
Ölkələr arasında nəqliyyat və tranzit sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun imzalanmasından sonra ölkəmiz bu marşrutda öz yerini müəyyənləşdirib. 2019-cu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycanın dövlət başçısı Asiya ilə Avropa arasında körpülərin qurulmasına, gələcək rifaha xidmət edən nəqliyyat-logistika qovşaqlarına tinvestisiya yatırdığımızı bəyan edib. Azərbaycan Şərq-Qərb dəhlizi olan “Bir kəmər, bir yol” layihəsinin ən strateji halqası olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində bu layihədə strateji rolunu və mövqeyini daha da möhkəmləndirib və bu dəhlzidə öz layiqli yerini alıb.
Orta Dəhlizin axıcılığının yüksəlməsi tərəflər arasında yükdaşınmaların həcmini ilbəil artırıb. 2024-cü ildə Azərbaycan və Çin arasında tranzit daşımalarının həcmi 86 faiz (378 min ton) artıb. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı layihələr - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər nəqliyyat dəhlizləri Çindən Avropaya və əks istiqamətə ən qısa və səmərəli marşrutu təşkil edir.
Orta Dəhlizin tərkib hissəsi kimi dəyərləndirilən Zəngəzur dəhlizinin reallaşması isə regionun nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektiv vəd etməklə, sülhə və təhlükəsizliyə xidmət göstərəcək, Çinin “Bir Kəmər, Bir Yol” proqramını tamamlayacaq.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində yeni imkanlar
Strateji Tərəfdaşlıq Bəyannaməsinin mühüm bəndlərindən biri də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Çinlə siyasi, iqtisadi, nəqliyyat-tranzit təmaslarının əlaqələndirilməsi, ölkəmizin bu nəhəng təşkilatda təmsilçiliyinin təmin edilməsidir. ŞƏT-də təmsil olunmaq Azərbaycan-Çin strateji tərəfdaşlığını yeni mərhələyə qaldırmaqla yanaşı, həm də regional və beynəlxalq çərçivədə təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və əməkdaşlığın dərinləşməsinə dərin zəmin yaradır. Bu mötəbər təsisat siyasi-iqtisadi həmrəylik platforması olmaqla, Azərbaycanın ŞƏT blokunda qlobal mühitlə inteqrasiyasını daha da dərinləşdirəcək.
Qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması nəzərdə tutulur
İki ölkə arasında turizm sahəsində əlaqələr müsbət şəkildə inkişaf edir, qarşılıqlı turist axını dinamik şəkildə artır. Ötən il Azərbaycana gələn Çin turistlərinin sayında əhəmiyyətli artım qeydə alınıb. Burada Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizanı ləğv etməsi mühüm rol oynayıb. Azərbaycan Prezidentinin yaxın vaxtlarda Çinə nəzərdə tutulan səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir ki, bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.
Dövlətimizin başçısının Çinə qarşıdakı səfəri çərçivəsində ölkəmizdə BYD şirkəti ilə birlikdə elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsinə start veriləcəyi də gözlənilir.
Çin şirkətləri azad ərazilərə investisiya yatırmaqda maraqlıdır
İki ölkə arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq strateji prioritet təşkil edir. Azərbaycan bu sahədə böyük potensiala, Çin geniş texnoloji resurslara və zəngin təcrübəyə malikdir. Bu sahədə birgə səylər bu istiqamətdə uğurlu əməkdaşlığın qarantı olacaq. Xüsusilə də, Çinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” və “ağıllı texnologiyalar”a sərmayə planları böyükdür. Komissiyanın həmsədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, Çin işğaldan azad olunmuş ərazilərindəki həyata keçirilən müasir infrastruktur layihələri və perspektivlər iqtisadi layihələrə investisiya yatırmağa maraqlıdır.
Yeri gəlmişkən, aprelin 17-də Pekində Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəliyinin, Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Çin-Azərbaycan sənaye və investisiya təşviqi konfransı keçirilib. Dövlət rəsmiləri, investorlar, iş adamları daxil olmaqla təxminən 250 nəfərin iştirakı etdiyi konfrans dialoq, etimad quruculuğu və uzunmüddətli əməkdaşlıq üçün katalizator rolunu oynayır. Tədbirin məqsədi Azərbaycanın əlverişli investisiya şəraitini və imkanlarını tanıtmaq, xarici investorlar üçün Azərbaycan qurumlarının rolu və dəstəyini nümayiş etdirmək, Çin investorları ilə birbaşa əlaqə yaratmaq, uzunmüddətli sənaye əməkdaşlığı və kapital axını üçün zəmin hazırlamaqdır.
Beləliklə, Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı regional və qlobal səviyyədə yeni imkanları səfərbər etməklə, nəhəng bir coğrafiyada rifah və əməkdaşlığın möhkəmlənməsində əsaslı rol oynayacaq.
E.CƏFƏRLİ

