Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yay mövsümündə ictimai iaşə obyektləri, səyyar satış yerləri və yolkənarı meyvə-tərəvəz satışları ilə bağlı qida təhlükəsizliyi məsələləri daha da aktuallaşır. Vətəndaşları xüsusilə qarpız, dönər və dondurma kimi məhsullardan zəhərlənmə riski narahat edir.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin rəisi Elşad Cəbrayılov bu ilin ilk 6 ayı ərzində daxil olan zəhərlənmə müraciətləri, aşkar edilən faktlar, yoxlama nəticələri və mövsümə xas təhlükəsizlik riskləri barədə ətraflı məlumat verib. Müsahibəni təqdim edirik:
- Elşad bəy, yay mövsümünə hazırlıq məqsədilə dənizkənarı ictimai iaşə obyektlərində AQTA tərəfindən hansı nəzarət və yoxlama, həmçinin maarifləndirici tədbirləri həyata keçirilib?
- AQTA tərəfindən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq hər il növbəti ildə həyata keçiriləcək nəzarət tədbirləri ilə bağlı ümumi illik plan hazırlanır və bu plan əsasında nəzarət tədbirləri həyata keçirilir. Yay mövsümündə dənizkənarı və turistik zonalarda fəaliyyət göstərən iaşə obyektlərində həm planlı, həm də plandankənar yoxlamalar aparılır. Bu obyektlərdə əsasən sanitar pozuntular və əməkdaşların tibbi müayinədən keçməməsi halları müşahidə olunur. Çünki bu sahədə işlər mövsümidir və bir çox hallarda sahibkarlar qida obyektlərinin sanitar texniki vəziyyətinə və əməkdaşların tibbi müayinəsinə lazımi diqqət yetirmirlər. Məlumat üçün bildiririk ki, qanunvericiliyin tələbinə əsasən mülkiyyət formalarından asılı olmayaraq bütün ictimai iaşə və ticarət müəssisələrində çalışan işçilər ilkin tibbi müayinə ilə yanaşı, ildə 2 dəfə tibbi müayinədən keçirilməlidir. Əlavə olaraq, bu obyektlərdə istehlaka təqdim olunan qida məhsullarının mənşəyi və təsdiqedici sənədlərinin olmaması halları da aşkarlanır. 2025-ci ilin ilk 6 ayı ərzində AQTA tərəfindən ümumilikdə 9 671 obyekt qeydiyyata alınıb ki, onlardan 151-i dənizkənarı və turistik ərazilərdə fəaliyyət göstərən obyektlər olub. Bu obyektlərin 72-si Bakı şəhərinin ərazisinə aiddir. Agentlik tərəfindən qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərlə mütəmadi görüşlər keçirilir. Belə ki, agentliyin vəzifələrindən biri də qida və yem məhsulları istehlakçılarının, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsidir ki, cari ildə bitkiçilik, süd emalı, ət istehsalı və emalı, eləcə də ictimai iaşə sahəsində fəaliyyət göstərən obyektlərlə görüşlər təşkil olunub. Bu görüşlərdə sahibkarların sualları cavablandırılır, nəzarət tədbirləri zamanı aşkar edilən uyğunsuzluqlar onların diqqətinə çatdırılır və aradan qaldırılması üçün tövsiyələr verilir. Eyni zamanda, agentlik rəsmi internet saytında və sosial şəbəkə hesablarında aparılan tədbirlərlə bağlı mütəmadi məlumatlar paylaşır, maarifləndirici çarxlar hazırlayaraq təqdim edir. Qida təhlükəsizliyi ilə bağlı qəbul olunan texniki normativ aktlar (sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydaları) və qanunvericilikdəki yeniliklər barədə sahibkarlara məlumat verilir.

- Səyyar satış yerlərində, xüsusilə dənizkənarı ərazilərdə tez xarab olan məhsullar - məsələn, kəsilmiş qarpız və yemişlə bağlı hansı qadağalar qüvvədədir?
- "Qida təhlükəsizliyi haqqında" qanunun tələbinə əsasən, səyyar fəaliyyət göstərən obyektlər də qida təhlükəsizliyi qeydiyyatına alınmalıdır. Bu obyektlərdə satışa çıxarılan məhsullar yalnız qida təhlükəsizliyi qeydiyyatından keçmiş müəssisələrin istehsal etdiyi məhsullar olmalı və onları müşayiət edən müvafiq sənədlərlə təmin edilməlidir. İsti havalarda qarpız, dondurma və digər tez xarab olan məhsulların saxlanma temperaturuna və şəraitinə daha ciddi əməl olunmalıdır. Bütöv qarpızın 10-15° temperaturda saxlanması məsləhət görülür. Qarpızın kəsilərək birbaşa günəş şüaları altında saxlanılması təhlükəsizlik baxımından doğru deyildir. Eyni zamanda kəsilmiş qarpız qablaşdırılmalı və ya üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip örtülərək, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanmalıdır. Dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda -18°-dən yüksək olmayan temperaturda saxlanılmalıdır. Dondurmanın yenidən dondurulmasına yol verilmir, bu səbəbdən istehlakçılar keyfiyyətli və təhlükəsiz dondurmanı müəyyən etmək üçün öncə onun xarici görünüşünə diqqət yetirməlidirlər. Belə ki, məhsulun qabı əzilmiş olmamalı, ilkin formasını itirməmiş olmasına diqqət edilməlidir. Bu kimi əlamətlər dondurmanın isti temperaturda saxlanmasından və yenidən dondurulmasından xəbər verir.
Dondurmanın digər ərzaq məhsulları (toyuq, balıq, ət məhsulları və s.) ilə eyni soyuducuda saxlanılması düzgün deyil.
Küçə və parklarda açıq şəraitdə satılan dondurmaları alan zaman məhsulun saxlanma şəraitinə xüsusi diqqət yetirilməli, satıldığı yerdə sanitariya qaydalarına nə dərəcədə əməl olunduğuna fikir verilməlidir. Dondurmalar üzərinə birbaşa günəş şüaları düşən yerdə satılmamalıdır. Qablaşdırılmış içməli sular da temperatur gözlənilməklə saxlanılmalı və günəş altında saxlanılmamalıdır.

Ümumilikdə agentlik tərəfindən qida məhsulları kimi, həm meyvə tərəvəz, həm dondurma və qablaşdırılmış sularla bağlı nəzarət tədbirləri həyata keçirilir ki, bu zaman da qeyd olunan təhlükəsizlik tədbirlərinin pozulması hallarına rast gəlinir. Açıq günəş altında saxlanılan məhsullar, o cümlədən qablaşdırılmış sular qida təhlükəsizliyi baxımından risk daşıyır. Şübhəli hallarda ölçmə vasitələri ilə məhsulların temperaturu yoxlanılır, uyğunsuzluq müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinə əsasən, protokol tərtib olunur. Uyğunsuz məhsulların satışına qadağa qoyulur və nöqsanların aradan qaldırılması və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşadılrması üçün sahibkara məcburi göstərişlər verilir.
- Yolkənarında satılan qarpız və yemişlərin təhlükəsizliyi AQTA tərəfindən necə yoxlanılır və bu məhsullarla bağlı hansı nəticələr əldə olunub?
- Agentlik tərəfindən bitkiçilik məhsullarının dövriyyəsi, o cümlədən daşınması və saxlanması ilə bağlı nəzarət tədbirləri həyata keçirilir. Həm yoxlamalar zamanı, həm də monitorinq çərçivəsində qarpızlardan nümunələr götürülərək laboratoriyaya təqdim olunur. Burada məhsullar nitratın kütlə payı, pestisidlərin qalıq miqdarı, habelə təhlükəsizlik göstəricilərdən qurğuşun, kadmium və perxloratın təyini üzrə laborator müayinələrə cəlb olunur. Uyğunsuzluq aşkarlandıqda həmin məhsulların satışı qadağan edilir. Məhsulun ilkin istehsal olunduğu yerlərdə isə əlavə yoxlama və monitorinqlər aparılır. Məsələn, agentlik tərəfindən müxtəlif satış məntəqələrindən - həm yolkənarı, həm də ticarət şəbəkələrindən 100-ə yaxın qarpız və yemiş məhsullarından nümunələr alınaraq təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laboratoriyaya təqdim edilib. Aparılan analizlər nəticəsində hər hansı uyğunsuzluq müəyyən edilməyib.
- Yəni vətəndaş yolkənarında satılan qarpızı alıb rahatlıqla istehlak edə bilərmi?
- Qida təhlükəsizliyi elə sahədir ki, bu gün nəzarət olunsa belə, sabah məhsulun düzgün saxlanmaması və ya qida ilə təmasda gigiyenik qaydalara əməl olunmaması halında problemlər yarana bilər. Qida təhlükəsizliyinə görə əsas məsuliyyət birbaşa sahibkarın üzərinə düşür. O, qida sahəsindəki tələbləri bilməli və düzgün davranış qaydalarına əməl etməlidir. Eyni zamanda, istehlakçılarımız da qida ilə bağlı gigiyenik tələbləri bilməli və buna əməl etməlidirlər. Bildirmək istəyirəm ki, qarpızla əlaqəli zəhərlənmə hallarının əksəriyyəti ictimaiyyət arasında geniş yayılan kimyəvi deyil, daha çox mikrobioloji çirklənmə ilə bağlıdır. Bildiyiniz kimi, qarpız torpaqla birbaşa təmasda yetişdirilir. Gigiyenik qaydalara əməl edilmədən kəsildikdə çarpaz çirklənmənin baş verməsi, saxlanma şəraitinə və temperaturuna düzgün riayət olunmaması qarpızdan zəhərlənmə ehtimalını artırır. Qarpızdan zəhərlənmə hallarının qarşısının alınması üçün vətəndaşlara bir sıra təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur. Belə ki, qarpız alarkən səthinin təmiz, bütöv və çatlamamış vəziyyətdə olmasına diqqət edilməli; istehlakdan əvvəl mütləq axar su ilə yuyulmalı və təmiz alətlərlə kəsilməli, kəsildikdən sonra qısa müddətdə istehlak edilməli və əgər tam istifadə olunmayacaqsa, soyuducuda üzəri örtülmüş vəziyyətdə saxlanılmalı, kəsilmiş qarpızın otaq temperaturunda iki saatdan artıq saxlanılmamalıdır. Sadə gigiyenik və qida təhlükəsizliyi qaydalarına əməl etməklə zəhərlənmə riskini minimuma endirmək mümkündür.

- İstehlakçılar səyyar satıcıların və ya market şəbəkələrinin təhlükəsizlik tələblərinə əməl edib-etmədiyini necə müəyyənləşdirə bilər?
- Bununla bağlı AQTA tərəfindən maarifləndirmə işləri aparılır. Ümumilikdə isə qeyd edim ki, qarpız kəsildiyi gün istehlak edilməlidir. Kəsilməmiş qarpız 10-15° temperaturda, dilimlənmiş halda isə 5°-də saxlanmalıdır. Qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə olan zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərində müşahidə olunan sarı ləkələr isə onun torpaqla təmas etdiyi yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğun olması isə köhnəliyinin əlaməti hesab olunur. Saplağının yaşıl rəngli olması qarpızın hələ tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı qurumuş, rəngi isə dəyişmiş olmalıdır. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Belə ki, bıçaq təmiz olmadıqda və qarpız torpaqla təmasda olduğunu nəzərə alaraq yuyulmadan kəsildikdə mikrobioloji çirklənmə baş verə bilər.
- Bu ilin ötən dövründə qida məhsulları ilə bağlı AQTA-ya daxil olan zəhərlənmə şikayətlərinin statistikası nəyi göstərir? Təsdiqlənmiş halların sayı nə qədərdir?
- Ümumilikdə qarpızdan zəhərlənmə ilə bağlı bu ilin ilk 6 ayı ərzində 6 müraciət daxil olub ki, zəhərlənmə hadisəsi öz təsdiqini tapmayıb. Dönərlə əlaqəli 10 müraciət daxil olub, 4-ü təsdiqini tapıb, dondurmadan zəhərlənmə ilə bağlı isə müraciət daxil olmayıb. Ümumilikdə 2025-ci ilin ilk 6 ayı ərzində zəhərlənmə ehtimalı ilə bağlı 162 müraciət daxil olub, onlardan yalnız 25-i təsdiqini tapıb. Təsdiq olunan zəhərlənmələrin 60%-i, yəni 15-i məişət zəminində baş verən zəhərlənmələr olub. Buna da əsas səbəb ev şəraitində sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır. Bu ilin 1-ci yarımili üzrə qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb. Məlumat üçün bildirim ki, hər il 600 milyona yaxın insan qida mənşəli xəstəliyə məruz qalır, onlardan 400 mini bu səbəbdən həyatını itirir.

- Dönərdən zəhərlənməyə səbəb olan əsas amillər hansılardır və bu baxımdan temperatur rejiminin pozulması, eləcə də istifadə olunan əlavələrin - məsələn, mayonezin saxlanma şəraiti hansı riskləri yaradır?
- Dönərlə bağlı zəhərlənmələr bir neçə səbəbdən baş verə bilər. Əsas səbəblər işçilərin gigiyenik qaydalara əməl etməməsi, keyfiyyətsiz xammaldan istifadə edilməsi, məhsulun tam bişmədən, çiy halda təqdim olunması, temperatur rejiminə əməl edilməməsi və çarpaz çirklənmədir. Eyni zamanda, sousların düzgün saxlanmaması da zəhərlənməyə yol açır. Dönər satışı həyata keçirilən bəzi yerlərdə mayonez isti şəraitdə saxlanılır, halbuki bu məhsul mütləq soyuducuda saxlanmalıdır.
Məlumat üçün bildirirəm ki, AQTA-nın Kollegiyasının 17 oktyabr 2024-cü il tarixli 49 nömrəli Qərarı ilə "Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları" təsdiq edilib. Həmin qaydalara əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin həyata keçirilməsi üçün lazım olan avadanlıq və inventarla (o cümlədən çiy dönər saxlanma və ya satış məqsədilə hazırlandığı halda şok dondurma üçün avadanlıq) təchiz olunmuş bölməsində həyata keçirilməli, çiy dönərin emalı üçün istifadə edilən ət yalnız qida təhlükəsizliyi qeydiyyatına alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir. Dondurulmuş çiy dönərin donu açıldıqdan sonra təkrar dondurulmasına yol verilmir. Dondurulmuş çiy dönərin saxlanması və daşınması -180°-dən yüksək olmayan temperaturda həyata keçirilməli və yararlılıq müddəti 3 aydan çox olmamalıdır. Çiy dönərin bişirilməyə başlandığı andan etibarən yararlılıq müddəti ən çoxu 12 saatdır. Qaydaların tələblərinə əsasən, hazır çiy dönər yarımfabrikatları ilə işləyən ictimai-iaşə obyektlərində bişmiş dönər istehlakçıya qanunvericiliyin tələblərinə cavab verən paketlərə və ya qablara qoyularaq satılmalı, satış zamanı bişmiş dönərin temperaturu 650°-dən aşağı olmamalı, bişmiş dönərin hazırlandığı andan etibarən istehlak müddəti ən çoxu bir saat təşkil etməli, bişmiş dönərə əlavə edilməsi nəzərdə tutulan mayonez, ketçup və digər souslar soyuq rejimdə saxlanılmalıdır. Eyni zamanda, bişmiş dönər istehlakçıya təqdim edilən zaman çarpaz çirklənmənin qarşısının alınması məqsədilə dönər hazırlayan və ya satışa təqdim edən işçilərin digər əşyalara (pula, ödəniş kartına, kassa aparatına, post terminala və s.) toxunmasına yol verilməməlidir. Bu sahədə çalışan sahibkarlarımız qanunvericiliyin tələblərini bilməklə yanaşı onların tətbiqinə və əməl edilməsinə daxili qaydada nəzarəti təmin etməlidirlər.
- Qida zəhərlənməsi faktı hansı hallarda təsdiq olunur və bunun üçün hansı prosedurlar həyata keçirilir?
- "Qida zəhərlənməsi hadisələrinin qida təhlükəsizliyi baxımından araşdırılması, qeydiyyatının aparılması haqqında təlimat"a uyğun olaraq qida zəhərlənməsi hadisələrinin araşdırılması, qeydiyyatının aparılması və başvermə səbəblərinin müəyyənləşdirilməsi üzrə tədbirlər və məlumat mübadiləsi AQTA, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və bu qurumların tabeliyində fəaliyyət göstərən strukturlar və digər əlaqəli qurumlar tərəfindən həyata keçirilir.

Təlimata əsasən, agentliyin Aparatı və regional bölmələrdə, agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında, həmçinin müvafiq tibb müəssisələrində məlumat mübadiləsinin həyata keçirilməsi üzrə məsul şəxslər müəyyən edilib. Tibb müəssisələrindən və ya digər dövlət qurumlarından məlumat daxil olduqda və ya kütləvi informasiya vasitələri ilə qida zəhərlənməsi hadisələri ilə bağlı məlumat yayıldıqda "Qida zəhərlənməsi hadisəsi barədə bildiriş vərəqəsi" tərtib edilir. Hər bir hadisə ilə bağlı araşdırılma başlanılır, qida zəhərlənməsi hadisəsinə səbəb olması ehtimal edilən qida məhsulunun istehsal, emal və ya servisi həyata keçirilən müəssisədə ilkin araşdırma aparılır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar verildikdə yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmaqla dövlət nəzarət tədbiri həyata keçirilir. Yoxlama zamanı qida zəhərlənməsi hadisəsinə səbəb olan qida qalıqlarından, qida məhsulu ilə eyni partiya nömrəsinə və istehsal tarixinə aid qida məhsullarından, eləcə də risk təşkil edən xammallardan, həmçinin avadanlıqlardan, səthlərdən və işçilərin əllərindən yaxma nümunələri götürülür. Məhsullar mövcud olmadıqda və nümunə götürülməsi mümkün olmadıqda xammal tədarükçülərinə qədər qida zənciri izlənilir və nümunələr götürülür, habelə müəssisənin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə müəssisənin havalandırma, ümumi sanitar-gigiyenik vəziyyəti və qida ilə təmas edən işçi heyət tərəfindən şəxsi gigiyena qaydalarına riayət olunmasına nəzarət edilir. Sadəcə ilkin anamnez əsasında, yəni vətəndaşın dediyinə əsasən hadisənin zəhərlənmə olub-olmaması, zəhərlənmənin hansı məhsuldan baş verdiyini dəqiq müəyyənləşdirmək mümkün deyil. Çünki bəzi hallarda mədə-bağırsaq xəstəlikləri və ya soyuqdəymə də zəhərlənmə əlamətləri ilə oxşar ola bilər. Bu isə artıq qida zəhərlənməsi deyil.
- Zəhərlənmə halı ictimai iaşə obyektində baş verdikdə, nəticələrin açıqlanması nə qədər vaxt aparır?
- Laborator müayinələrin nəticələri 3-5 iş günü ərzində bəlli olur. Əldə olunan nəticəyə uyğun da müvafiq tədbirlər görülür.
- İctimai iaşə obyektlərində qida təhlükəsizliyi sahəsində ən çox rast gəlinən pozuntular hansılardır?
- İctimai iaşə müəssisələrində əsasən qida blokunda (mətbəx, anbar sahələrində) sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulması halları müşahidə olunur. Məlumat üçün bildirim ki, cari ilin 6 ayı ərzində agentlik tərəfindən 582 planlı, 491 plandankənar (növbədənkənar) olmaqla, ümumilikdə 1 073 ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Aparılan yoxlamalar zamanı aşkar edilmiş sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulması ilə yanaşı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, ictimai-iaşə müəssisəsində texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması və məhsulların emalı üçün ayrıca müvafiq sahələrin ayrılmaması, satışı həyata keçirilən heyvan mənşəli məhsulların (ətlərin, süd məhsullarının), o cümlədən istifadə olunan xammalların müşayiətedici sənədlərinin (çıxarış, baytarlıq arayışı və ya şəhadətnaməsi) olmaması, yararlılıq müddəti bitmiş xammallardan istifadə edilməsi, müəssisədə məhsulların saxlanılması zamanı mal qonşuluğu qaydalarına və temperatur rejiminə əməl olunmaması, müəssisələrdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması, işçilərin gigiyenik təlimlərə, həmçinin ilkin və dövrü tibbi müayinələrə cəlb edilməməsi kimi nöqsanlar aşkar olunur.
Keçirilmiş yoxlamalar zamanı 948 sahibkarlıq subyektində nöqsan aşkar edilib və inzibati məsuliyyət yaradan nöqsanlarla bağlı sahibkarlıq subyektləri barəsində inzibati cərimə qərarları qəbul edilib. Aşkar edilmiş nöqsanlarla bağlı bir müəssisədə saxta alkoqollu içkilərin satışı aşkar edildiyi üçün materiallar hüquq mühafizə orqanlarına göndərilib. 80 müəssisədə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması, 92 müəssisədə məhsul satışının dayandırılması, 46 müəssisədə məhsul satışının qadağan edilməsi, 207 müəssisədə iş personalının üzvünün işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərarlar verilib.
- Ötən il dönərlə bağlı yeni texniki normativ hüquqi akt qəbul edildi. Bu dəyişiklikdən sonra vəziyyət necə dəyişib?
- AQTA tərəfindən aparılan nəzarət tədbirləri və yeni texniki normativ hüquqi aktın qəbulundan sonra müşahidə olunur ki, əvvəlki illərlə müqayisədə bu il dönərlə bağlı uyğunsuzluqlar əsasən mənşə ilə bağlı olduğu müəyyən edilib. Belə ki, agentlik tərəfindən keçirilən monitorinqlər zamanı dönər satışı həyata keçirilən obyektlərdən götürülən dönər nümunələrində (həm mal, həm də toyuq) təhlükəsizlik baxımından heç bir uyğunsuzluq aşkarlanmayıb. Yalnız mənşə ilə bağlı - məsələn, mal və toyuq ətinin qarışıq şəkildə təqdim olunması kimi hallara rast gəlinib. Bu da təhlükəsizliklə bağlı deyil, məhsulun düzgün etiketlənməməsi və istehlakçıların aldadılması ilə əlaqəlidir. Məlumat üçün bildiririk ki, adıçəkilən texniki normativ hüquqi aktın tələbinə əsasən çiy dönərin tərkibində qoyun, quzu, mal (o cümlədən dana) ətlərinin toyuq və hindtoyuğu ətləri ilə qarışdırılmış şəkildə olmasına yol verilmir. Eyni zamanda, həmin normativ sənəddə nəzərdə tutulmuş heyvanlardan (mal, qoyun, quzu və quş ətləri) başqa, digər heyvanların ətinin çiy dönər hazırlanması və çiy dönərin tərkibinə qarışdırılmaqla istifadəsinə yol verilmir.
Monitorinqlərin nəticələri yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

- Ev şəraitində məhsul hazırlayaraq satış edənlərlə bağlı nəzarət mexanizmi varmı?
- Sosial şəbəkə platformalarında bioloji aktiv qida məhsullarının, ət məhsullarının və ev şəraitində hazırlanan unlu-qənnadı məhsullarının satışı ilə bağlı agentliyə şikayətlər daxil olur. Əgər bir şəxs qida məhsulunu şəxsi istehlak üçün deyil, satış məqsədilə hazırlayırsa, bu artıq qida zəncirində fəaliyyət göstərən subyekt sayılır və qida təhlükəsizliyi qeydiyyatına alınmalıdır. İstehlakçılara tövsiyə edirik ki, belə məhsulları alarkən istehsalçının qeydiyyat sənədlərini, o cümlədən idxal olunan qida məhsullarına münasibətdə idxal sağlamlıq aktlarını tələb etsinlər. Qeydiyyatı olmayan, müvafiq müşayiətedici sənədləri ilə təmin olmayan qida subyektlərindən məhsulları almasınlar. Qida təhlükəsizliyi qeydiyyatı həm də Agentliyin həmin obyektlərə daha operativ və keyfiyyətli nəzarətini təmin edir. Çünki bir çox hallarda həmin subyektlər hər hansı obyekt olmadan qanunsuz şəkildə və onlayn platforma üzərindən satış həyata keçirirlər ki, bu da nəticədə həmin subyektlərə nəzarət olunmasını qeyri mümkün edir.

- Restoran və hotellərin fəaliyyətinə AQTA tərəfindən ilboyu necə nəzarət olunur? Bu nəzarət tədbirləri planlı, yoxsa plandankənar şəkildəmi aparılır?
- Mövsümdən asılı olmayaraq bu obyektlərdə həm planlı, həm də plandankənar yoxlamalar həyata keçirilir. Plandankənar yoxlamalar KİV-də yayımlanan məlumatlar, dövlət qurumlarından, bələdiyyələrdən daxil olan bildirişlər və istehlakçıların şikayətləri əsasında aparılır. Keçirilən bu yoxlamalar zamanı yuxarıda ictimai iaşə müəssisələrinə münasibətdə aşkar edilən nöqsanlar aşkar edilir ki, bunun nəticəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər hörülür. Belə qida obyektlərində sanitar vəziyyət qida təhlükəsizliyi riski yaratdığı halda, həmin qida blokunun fəaliyyəti müvəqqəti dayandırılır. Nöqsanlar aradan qaldırıldıqdan sonra həmin obyektin yenidən baxış keçirilir və fəaliyyətinə icazə verilir.
- Səyyar (daşınabilən) satış obyektlərinə nəzarət necə həyata keçirilir? Onların qeydiyyatsız olması agentliyin nəzarət imkanlarını necə çətinləşdirir?
- Məlumat üçün bildirirəm ki, "Qida təhlükəsizliyi haqqında" Qanuna əsasən, qida zənciri obyektləri dedikdə, qida zəncirində fəaliyyətin həyata keçirildiyi məkan, sahə, bina, nəqliyyat vasitəsi və digər modul tipli (daşınabilən) obyektlər başa düşülür. Səyyar satış obyektləri də qida obyekti hesab edildiyi üçün qida təhlükəsizliyi qeydiyyatına alınmaqla və reyestrdən çıxarışla təmin edildikdən sonra fəaliyyət göstərə bilərlər. Agentlik tərəfindən belə obyektlərdə də nəzarət tədbirləri həyata keçirilir. Məlumat üçün bildirim ki, istehlakçılar tərəfindən də bu obyektlərdən alınmış məhsullarla da bağlı şikayətlər daxil olur.
- Böyük bazarlarda aparılan yoxlamalar zamanı daha çox hansı növ qida təhlükəsizliyi pozuntuları aşkarlanır?
- Bazarlarda hər il mütəmadi olaraq planlı və plandakənar yoxlamalarımız həyata keçirilir. Bildiyiniz kimi bazarlarda meyvə-tərəvəz məhsulları ilə yanaşı, yüksək risk daşıyan və saxlanması müvafiq temperatur rejimi tələb edən ət, balıq və süd məhsullarının satışı da həyata keçirilir. Aparılan yoxlamalar zamanı, bazarlarda sanitar pozuntularla yanaşı, həmin məhsullarının temperatur rejiminə əməl edilmədən, emalçısı və ya istehsalçısı bəlli olmayan və müvafiq baytarlıq ekspertizasından keçirilməyən və baytarlıq sənədləri ilə təmin edilməyən heyvan mənşəli məhsulların, yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirilməsi kimi ciddi nöqsanlar aşkar edilir. Agentlik tərəfindən bazarlarda sağlamlaşdırma işləri aparılsa da, hələ də pozuntu hallarına rast gəlinir. İstehlakçılara tövsiyə edirik ki, ümumiyyətlə qida təhlükəsizliyi ilə bağlı hər hansı nöqsanlarla qarşılaşdıqları halda agentliyin "1003" çağrı mərkəzinə və ya "E-Qidam" mobil tətbiqi vasitəsilə müraciət etsinlər.
Aləmdə Nəsib


