Icma.az
close
up
RU
Fənn olimpiadaları: qısamüddətli uğur, ya inkişafa təkan? ARAŞDIRMA

Fənn olimpiadaları: qısamüddətli uğur, ya inkişafa təkan? ARAŞDIRMA

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“3 dəfə Respublika Fənn Olimpiadasında (RFO) iştirak etmişəm. 9-cu sinifdə bürünc, 10-cu sinifdə gümüş, 11-ci sinifdə isə qızıl medal qazanmışam”.

Bu sözləri üç dəfə Respublika Fənn Olimpiadasında qalib olan Köçəri Əsgərov APA-ya açıqlamasında deyir.

O, hazırda Cənubi Koreyanın KAIST (Korea Advanced Institute of Science & Technology-red.) universitetində təhsil alır. Dediyinə görə, universitetə qəbul prosesi digərlərindən fərqli olmayıb. Hamı necə, o də elə.

“Sadəcə müraciət zamanı SAT, IELTS sertifikatları ilə yanaşı, RFO-dakı qalibiyyətlərini də qeyd edib: “Nəticədə daha rahat qəbul ola bildim. Medal olanda universitetə qəbul olma ehtimalı daha yüksək olur. Azərbaycanda bununla bağlı müəyyən qaydalar var. Məsələn, fizika fənni üzrə RFO-da qalib olan şəxs elektrik mühəndisliyi fakültəsinə imtahansız qəbul ola bilir. Amma qalib ola bilməyənlərə hər hansı bir üstünlük tanınmır”, - Köçəri Əsgərov vurğulayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

- beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;

- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;

- beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.

Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyir ki, respublika fənn olimpiadaları bu və ya digər istiqamətlər üzrə xüsusi istedada malik olan gənclərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi, şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, şagirdlər arasında sağlam rəqabət mühitini formalaşdıraraq öyrənmə prosesinin gücləndirilməsi, çalışqanlığı ilə seçilən şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri və onların stimullaşdırılmasının təmin edilməsi ilə bağlı bir platformadır: “Azərbaycanı beynəlxalq fənn olimpiadalarında təmsil edəcək şagirdlərin müəyyən edilməsi baxımından respublika fənn olimpiadaları böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, fənn olimpiadaları dünyanın hər yerində, eləcə bizim ölkəmizdə də şagirdlər arasında keçirilən ən böyük, ən nüfuzlu və ən mötəbər elm yarışıdır”.

Respublika fənn olimpiadalarının qalibləri nəticələrə əsasən ölkə daxilində ali məktəblərə müsabiqədənkənar qəbul olma imkanına sahib olurlar

Fuad Qarayev bildirib ki, respublika fənn olimpiadalarının qalibləri Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, əldə etdikləri nəticələrlə ölkə daxilində ali məktəblərə müsabiqədənkənar qəbul olma imkanına sahib olurlar: “Qərarda fənlər üzrə şagirdlərin müsabiqədənkənar qəbul ola biləcəyi ixtisaslar qeyd edilib. Bu qərar istedadlı gənclərimiz üçün böyük stimuldur”.

Gələcəkdə iş müraciətləri zamanı olimpiada nəticələrinə diqqət edilir?

“Aydın məsələdir ki, bilik və bacarığı, digər səriştələri ilə seçilən bu gənclər ali məktəblərdə aldıqları təhsillə daha böyük iş imkanlarına sahib olurlar. Bunu demək olar ki, hər bir gəncimizdə görmək mümkündür”, - Fuad Qarayev əlavə edir.

Azərbaycanda şagirdlərin bilik və bacarıqlarının müəyyən olunması üçün hansı layihələr mövcuddur?

Fuad Qarayev istedadlı gənclərin üzə çıxarılması üçün hazırda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrin bəzilərinin adını çəkib: “Ən yaxşı təqdimat” müsabiqəsi, “Sabahın alimləri” layihə-müsabiqələri, SAF – STEAM Azərbaycan festivalı, Məktəblilərarası fənn müsabiqələri, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və s. Bütün bu layihələr şagirdlərin bu və ya digər şəkildə öz bilik və bacarıqlarının artırmalarında böyük rol oynayır ki, bu da öz növbəsində təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir”.

Olimpiadaların keyfiyyəti onun obyektiv və ya qeyri-obyektiv keçirilməsindən asılıdır

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyevanın sözlərinə görə, fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir. Fənn müəllimi və məktəb psixoloqunun təqdimatı əsasında xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri də fənn olimpiadalarına cəlb oluna bilər:

“Respublika fənn olimpiadasının qalibləri yalnız Nazirlər Kabinetinin müəyyənləşdirdiyi ixtisası seçə bilərlər. Məsələn, kimya fənnindən qalib olanlar Tibb Universitetinə qəbul ola bilməzlər, bunun üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlara qatılmalıdırlar. Beynəlxalq olimpiadaların qalibləri isə istənilən ali məktəbdə, istənilən ixtisası seçə bilərlər. Məsələn, riyaziyyat üzrə beynəlxalq olimpiada qalibi istəyinə uyğun olaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə, yaxud Tibb Universitetinə qəbul ola bilər. Bunun səbəbi isə beynəlxalq olimpiada qaliblərinin dünyanın tanınmış universitetlərinə dəvət olunmasıdır”.

Mehriban Vəliyeva diqqətə çatdırır ki, olimpiadalara hazırlıq şagirdlərin sadəcə fənlərə olan marağını artırmır, məktəblilər fənni daha yaxşı mənimsəməklə sahələr üzrə elmi potensialın formalaşmasına zəmin yaranır, tədqiqat aparmağı öyrənirlər: “Ayrı-ayrı ixtisas sahələri üzrə məntiqli, dünyagörüşlü, çətin vəziyyətlərdən çıxmağı bacaran şagirdlər ortaya çıxır. Məktəblərimizdə bacarıqlı, nəzəriyyəni təcrübədən keçirmiş, məsələlər üzərində düşünməyi, qərar verməyi, hətta risk etməyi bacaran idarəedici şagirdlərin yetişməsinə təkan verir. Son illər olimpiadaya olan marağın artması sevindirici haldır. Bu istiqamət istedadlı gənclərin inkişafı üçün yaxşı bir platformadır. Bu məqsədlə yaradılmış olimpiada mərkəzləri ayrı-ayrı fənlər üzrə ixtisaslı kadr hazırlığı və elmi potensialın bazasını yaradır”.

Olimpiadaların mahiyyəti

Ekspert Kamran Əsədov qeyd edib ki, fənn olimpiadaları nəzəri cəhətdən şagirdlərin fənn üzrə dərin biliyini, məntiqi təfəkkürünü və analitik qabiliyyətlərini ortaya çıxarmaq, istedadlı gəncləri aşkara çıxarmaq məqsədi daşıyır: “Bu tədbirlər elmi istedadların erkən mərhələdə kəşf olunması və onlara yönəldilmiş dəstək mexanizmlərinin qurulması baxımından əhəmiyyətli alət sayılır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 10.2-ci maddəsində göstərilir ki, dövlət istedadlı uşaqların aşkar olunması və inkişaf etdirilməsi üçün xüsusi proqramlar hazırlayır və dəstəkləyir. Fənn olimpiadaları da məhz bu qanuni öhdəliyin icra vasitələrindən biri kimi nəzərdə tutulub”.

Kamran Əsədov bəzi beynəlxalq nümunələrə diqqət yetirir. Onun sözlərinə görə, Almaniyada fənn olimpiadasında qalib gəlmiş şagirdlər universitetlərin müvafiq fakültələri tərəfindən xüsusi proqramlara cəlb edilir, ABŞ-da isə bir çox prestijli universitetlər, məsələn, MIT və ya Stanford olimpiada nəticələrinə ciddi əhəmiyyət verir və bu, qəbul qərarlarında mühüm rol oynayır.

Ekspert hesab edir ki, Azərbaycanda olimpiadalar əsasən formal xarakter daşıyır: “Onların təşkilində məqsəd istedadlıların seçilməsi olsa da, bu prosesin sonrakı mərhələdə izlənməsi və dəstəklənməsi zəif qurulub. Qalib şagirdlərin çoxu ali məktəbə daxil olduqdan sonra bu istiqamətdə dəstək görmür, nə universitet daxilində xüsusi proqramlara, nə də elmi mentorluq sistemlərinə qoşula bilir. Yalnız Təhsil İnstitutu tərəfindən təklif olunan müəyyən layihələr, yaxud seçilmiş liseylərdə keçirilən dərindən hazırlıq kursları bu istiqamətdə qismən də olsa, müsbət addımlar sayıla bilər”.

Kamran Əsədov əlavə edir ki, olimpiadaların məqsədi təkcə şagirdləri yarışdırmaq yox, elmi karyeraya hazırlamaqdırsa, o zaman onların nəticələri universitetlər tərəfindən tanınmalı, güzəştlər müəyyən edilməli, təqaüdlər və elmi inkişaf proqramları təklif olunmalıdır: “Digər tərəfdən, bu tədbirlər geniş ictimaiyyətə yalnız PR elementi kimi təqdim olunmamalıdır. Real fayda o zaman baş verər ki, şagirdin zəhməti gələcək təhsil və karyera imkanlarında konkret nəticə doğursun. Bu sistem düzgün və şəffaf qurularsa, fənn olimpiadaları yalnız fərdi istedadı stimullaşdırmaqla kifayətlənməz, həm də ölkənin elmi potensialının formalaşmasına ciddi töhfə verər. Əks halda isə, bu yarışlar təkcə fəxri diplomla və valideynlərin qürur hissi ilə başa çatan bir mərasim olaraq qalacaq. Təhsil siyasətində isə istedadın təkcə tanınması yox, onun sistemli dəstəklənməsi və yönləndirilməsi əsas strateji hədəf olmalıdır”.

Digər ölkələrdə fənn olimpiadalarının şagirdlər üçün hansı üstünlükləri olur?

ABŞ, Böyük Britaniya, Almaniya, Kanada kimi ölkələrdə beynəlxalq olimpiada qalibləri və iştirakçıları dünyanın Harvard, Oxford kimi aparıcı universitetlərinə qəbul zamanı əlavə üstünlüklər və hətta imtahansız qəbul imkanları qazanırlar. Bəzi universitetlər bu şagirdlərə xüsusi təqaüdlər təqdim edir. Beynəlxalq olimpiada qalibləri çox vaxt xüsusi fondlar, elmi təşkilatlar və dövlət tərəfindən təqaüdlərlə dəstəklənir. Məsələn, Çin və Rusiya kimi ölkələr olimpiada uğurları olan şagirdləri dövlət təqaüdü ilə oxudur və gələcəkdə dövlət elmi proqramlarına cəlb edirlər. Bu cür olimpiadalar elmi tədqiqatlara erkən giriş üçün əsl fürsətdir. Bir çox universitetlər və elmi institutlar bu şagirdləri daha sonra elmi laboratoriyalara və layihələrə cəlb edir. Beynəlxalq olimpiada qalibi olmaq şagirdin gələcək CV-sində prestijli qeyd kimi qalır. Bu uğur gələcəkdə işə qəbulda, magistratura və doktorantura proqramlarında ciddi üstünlük hesab olunur. Beynəlxalq təcrübədə fənn olimpiadaları çox geniş yayılmış və sistemli şəkildə təşkil olunan tədbirlər sırasındadır. Bir çox ölkələrdə fənn olimpiadaları dövlət siyasətinin və təhsil strategiyasının ayrılmaz hissəsi olaraq qəbul edilir.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov vurğulayır ki, olimpiada şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılmasına töhfə verir: “Bu cür olimpiadaların keçirilməsi önəmlidir və şagirdləri daha çox oxumağa təşviq edir. Dünyanın hər yerində bu cür olimpiadalar var. Azərbaycanlı şagirdlər də xaricdəki olimpiadalarda iştirak edirlər. Bu onların karyerasına öz təsirini göstərir. Təbii ki, bu olimpiadaların hansı şəkildə və hansı formada keçirilməsindən, obyektiv və ya qeyri-obyektiv formada keçirilməsindən asılıdır”.

Təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, fənn olimpiadalarının mahiyyəti həm təhsil, həm də şəxsi inkişaf baxımından çox önəmlidir:

“Olimpiadalar sayəsində xeyli istedadlı şagird üzə çıxıb. Burada şagirdlərə adi məktəb proqramından kənar, daha kompleks və yaradıcı düşüncə tələb edən suallar təqdim olunur. Bu, şagirdlərdə təkcə əzbərləmə deyil, analitik və tənqidi düşünmə bacarıqlarını da inkişaf etdirir. Həmçinin şagirdlər biliklərini həmyaşıdları ilə müqayisə etmək imkanı əldə edirlər. Başqa sözlə, rəqabət mühiti onları öz üzərində işləməyə və özünüinkişafa təşviq edir. Olimpiadalar tədqiqat yönümlü və düşünmə əsaslı tapşırıqlar üzərində qurulduğundan, şagirdin gələcəkdə elmi fəaliyyətə yönəlməsi üçün baza yarada bilər”.

Olimpiadaların şagirdin sonrakı təhsil karyerasında hər hansı bir rolu olurmu?

Ekspert hesab edir ki, fənn olimpiadaları şagirdin potensialının fərqinə varmaq və onu inkişaf etdirmək üçün fürsət yaradır, onun “mən bacarıram” inancını gücləndirir. Yarışmaq hissi, uğur qazanmaq arzusu və nəticə əldə etmək şagirdlərdə müsbət psixoloji motivasiya yaradır. Hər mərhələni keçdikcə özünə inamı artır və bu, digər sahələrdə də özünü göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 İyun 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see195

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see126

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see123

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see121

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see117

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see117

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see116

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see115

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see115

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see114

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see114

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see114

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see114

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see114

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: Onlara videonu izlədin...

10 İyun 2025 08:43see113

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see113

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see113

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see112

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see112

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri