Fərhad Quliyev: Azərbaycan cəmiyyətində arxeologiya elminin mövcudluğuna, fəaliyyətinə tələbat var MÜSAHİBƏ
Xalqcebhesi-dan alınan məlumata görə, Icma.az bildirir Fərhad Quliyev: Azərbaycan cəmiyyətində arxeologiya elminin mövcudluğuna, fəaliyyətinə tələbat var MÜSAHİBƏ.
Azərbaycanın ən qədim tarixi arxeoloji tədqiqatlar vasitəsilə öyrənilir. Arxeoloqlarımızın apardığı tədqiqatlar ölkəmizin qədim sivilizasiya məskənlərindən biri olduğunu, xalqımızın çoxminillik tarixini sübut edib. Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev AZƏRTAC-a müsahibəsində Azərbaycan arxeologiyasının mövcud vəziyyətindən, inkişaf istiqamətlərindən danışıb. Müsahibəni təqdim edirik.
- Fərhad müəllim, Azərbaycan arxeologiyasının müasir durumu baxımından onun maddi-texniki bazası nə vəziyyətdədir?
-Bu gün dünyanın inkişaf etmiş ölkələrində müasir cəmiyyətin tələbinə uyğun elmi tədqiqatlar aparılır. Azərbaycan cəmiyyətində arxeologiya elminin mövcudluğuna, fəaliyyətinə tələbat var. Müasir dövrün çağırışlarında arxeologiya çox mühüm yeri tutur. Arxeologiya dünyada yeni texnologiyalar, multidisiplinar tədqiqatlar, rəqəmsal araşdırmalar sayəsində inkişaf edib və arxeoloq da bu yenilikləri tətbiq etməklə mənsub olduğu xalqın qədim tarixini öyrənərək onun keçmişi haqqında dəqiq məlumatlar verməlidir. Bu baxımdan institutumuz müasir laboratoriyalardan ibarət olmalıdır. Əlli il əvvəl arxeologiya elminin tələbləri və tədqiqat üsulları başqa idi. İndi daha çox laborator araşdırmalara ehtiyac var. Əgər arxeoloq qədim bir insan məskənini öyrənirsə, mütləq orada yaşamış insanların həyat tərzi, tikinti və qida mədəniyyəti, dini inancları, hansı xəstəliklərdən belə əziyyət çəkdikləri barədə suallara cavab tapmalıdır. Bu sualların hər birinə cavabların tapılması müxtəlif elm sahələrinin laborator analizləri vasitəsilə mümkün ola bilər. Torpağın altından qazıntılar zamanı tapılmış hər bir maddi mədəniyyət qalığı öz təyinatına uyğun laboratoriyalara yönəldilməlidir. Məsələn, heyvan sümüyüdürsə, onun hansı heyvana aid olduğu, əhliləşdirilmiş olub-olmadığı laboratoriyada müəyyən olunur. Yaxud abidənin dövrünü təyin etmək üçün qazıntı sahəsindən götürülmüş kömür qalıqları laborator analizə göndərilir. Əgər insan qalığıdırsa, başqa bir laboratoriyada, qədim insanların paleo-patologiyası, qohumluq bağlılıqları və DNT müəyyən edilir. Bütün bu məsələlər müasir arxeologiya və antropologiya elminin əsas vəzifələridir. Deməli, çoxlu sayda müxtəlif laboratoriya analizləri aparılmalıdır. Həmin analizlər vasitəsilə əcdadlarımızın keçmişi haqqında geniş məlumatlar əldə edilməsi mümkün olur.
-Belə çıxır ki, arxeologiya da rəqəmsal və virtual dünyaya inteqrasiya edir...
-Bu gün arxeologiya arxeometrik araşdırmalar formatında təqdim olunur. Biz tədricən dəqiq elmlərin kontekstinə daxil oluruq. Belə halda hər şeyi dəqiq deməyə çalışmalıyıq. Dünya təcrübəsində böyük elmi nəticələr var, insanların yaşını və qədim dövr insanlarının sifət cizgilərini bərpa etmək, qohumluq əlaqələrini öyrənmək, habelə tikinti qalıqları əsasında memarlığın hansı formada olduğunu müəyyənləşdirmək, yəni torpağın altından tapılan bütün maddi mədəniyyət qalıqlarını tədqiq etmək - bugünkü arxeologiya elmi bütün o suallara cavab vermək iqtidarındadır. Ona görə də müasir dövrdə arxeologiya elminin maddi-texniki bazası deyəndə, ilk növbədə, çoxlu sayda laboratoriyalardan ibarət elmi müəssisə nəzərdə tutulur. Biz iki müasir laboratoriyanın formalaşdırılması işinə başlamışıq. Artıq qədim insanların izlərini daş alətlərin üzərində öyrənmək üçün traseoloji laboratoriyanın yaradılması məsələsinə nail olmuşuq. İndi də fiziki-antropoloji laboratoriyanın yaradılmasına nail oluruq. Bunlar Azərbaycan Elm Fondunun xətti ilə həyata keçirilir. Biz institutumuzu gələcəkdə müxtəlif laboratoriyaların təşkili ilə görürük. Həmin laboratoriya vasitəsilə gələcəkdə genetik tədqiqatları özündə birləşdirən və DNT analizlərinin aparılması məqsədini daşıyan yeni laboratoriyanın təşkili nəzərdə tutulur. Həmçinin ciddi arxeoloji fondun və o fondun nəzdində bərpa laboratoriyasının olmasına ehtiyacımız var.
-Həmin laboratoriyaların yaradılması kadr dəyişikliyinə səbəb olacaqmı?
-Bu gün AMEA sistemində bəlkə yeganə institutuq ki, apardığımız elmi-tədqiqatların metodik üsulları hazırda yerləşdiyimiz binanın formatına uyğun deyil. Mən bu məsələni ortaya qoyanda böyük bir kollektivi və böyük bir maliyyəni gündəmə gətirmirəm. Bugünkü tələblər onu göstərir ki, çoxlu sayda əməkdaşları olan institutlara heç də ehtiyac yoxdur. Kiçik kollektivlərin, lakin peşəkar mütəxəssislərin az sayda elmi-tədqiqat müəssisələrində birləşib tədqiqat aparması və 5 il ərzində bir-iki kadr yetişdirməklə nəticələr əldə etmək olar. Biz demirik ki, böyük ixtisarların tərəfindəyik, yox. Biz düşünürük ki, məhz gənc kadrları cəlb etməklə böyük kollektivi olan elmi mərkəz əvəzinə, kiçik miqyaslı, lakin mobil elmi kollektivlərin, elmi qrupların təşkilinə daha çox üstünlük vermək olar. Dünya təcrübəsi də göstərir ki, bunun böyük effekti var.

- Bu il hansı ekspedisiyaların həyata keçirilməsi nəzərdə tutulur?
- Son iki il ərzində əsas tədqiqat mövzularımız məhz işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun arxeoloji irsinin tədqiqi ilə bağlıdır. Bu bölgədə çalışmaqla tədqiqatlarımızı genişləndirməkdəyik. Çünki 30 il ərzində həmin ərazilərdəki arxeoloji abidələrdən çox uzaq düşmüşük. Həmin ərazilərdə olan bütün abidələr dağıdılıb. Əsasən də İslam mədəniyyətini əks etdirən abidələr məqsədli şəkildə məhv edilib. Biz Qarabağ və Şərqi Zəngəzurun öyrənilməsi prosesini bərpa edirik. Əgər iki il əvvəl Qarabağda bir-iki ekspedisiya çalışırdısa, indi orada 10-dan çox ekspedisiyamız çalışır. Əlbəttə ki, ekspedisiyalarımız bütün bölgələri əks etdirir. Həmçinin Azərbaycan tarixi üçün vacib və daha maraqlı olan bir neçə mövzu var. Məsələn, İslam mədəniyyətini əks etdirən şəhər yerləri, Orta əsr Azərbaycan şəhərlərinin öyrənilməsi, qədim dövr kurqanlarının tədqiqi ilə bağlı ekspedisiyaların sayını artırmağı düşünürük.
-İnstitutun beynəlxalq əlaqələri barədə məlumat verərdiniz.
- Beynəlxalq əməkdaşlıq layihələri olmadan heç bir yeniliyə nail olmaq mümkün deyil. Hazırda arxeoloji mövzular əsasında araşdırmalar dünyada trend sayılır. Arxeologiya sahəsində çox sayda birgə layihələr təşkil edilir, ortaq mövzular əsasında qazıntılar təşkil edilir. Beləliklə, beynəlxalq layihələr vasitəsilə əldə edilən nəticələr tez bir zamanda dünyaya çıxır. Bununla bağlı İngiltərədə, Almaniyada çox ciddi nəşr işlərimiz var. Keçən il institutumuzun 9 beynəlxalq arxeoloji ekspedisiyası olub. Bu il beynəlxalq tərkibli 15 arxeoloji ekspedisiyanın fəaliyyətini planlaşdırırıq. Son illərdə ölkəmizdə çalışmaq üçün beynəlxalq arxeoloji ekspedisiyaların təşkili ilə bağlı təkliflərin sayı artıb. Keçən il Almaniya, İtaliya, ABŞ, Koreya, Yaponiya, Danimarka və digər ölkələrin universitetlərindən ortaq mövzularla bağlı təkliflər gəldi.
-Yəni təkliflər xaricdən gəlir. Bu maraq nədən qaynaqlanır?
-Birincisi, Azərbaycanda ciddi sabitlik var ki, beynəlxalq ekspedisiyalar məhz sabitlik olan ölkələrdə çalışmağa üstünlük verirlər. İkincisi, Qarabağ işğaldan azad edildikdən sonra bir neçə dünya əhəmiyyətli abidə - Azıx və Tağlar mağaralarının elmi araşdırmaları xarici tərəfdaşlarımızı çox cəlb edir. Türk dünyası və İslam mədəniyyəti mövzusu ilə məhz Azərbaycanın orta əsr şəhərlərinin öyrənilməsi, Qədim Şəmkirin, qədim Beyləqanın araşdırılmasının ərsəyə gətirilməsi də xarici tərəfdaşlarımızı maraqlandırır. O dövrü öyrənməklə İslam intibahı, İslam şəhərləri, türk mədəniyyətinin yayılma arealı mövzuları həm Avropanın, həm də Türk dünyasının tədqiqatçılarında maraq yaradır. Ətrafdakı qonşu ölkələrdən fərqli olaraq son 2-3 ildə biz beynəlxalq layihələrə daha çox açıq formatda dəstək oluruq. Şübhəsiz ki, ortaq mövzularda bizim öz milli maraqlarımız var. Əlbəttə ki, beynəlxalq əməkdaşlıq, birgə arxeoloji tədqiqatlar Azərbaycanın qədim dövrünün təbliğinə böyük dəstəkdir. Keçən il İtaliya-Azərbaycan arxeoloji ekspedisiyası Gəncə-Qazax bölgəsində Ağstafa rayonunda eramızdan əvvəl 2-ci minilliyinin sonlarına aid “Tavatəpə” qədim yaşayış məskənində 3500 il yaşı olan ayin masasının olduğu qənaətinə gəlib. Ayin süfrəsini özündə canlandıran yaxşı qorunub saxlanmış saxsıdan ibarət çoxlu sayda mətbəx nümunələrinin abidədə tapılması qədim dövrün dini inanclarını əks etdirir və abidənin əhəmiyyətini artırmış olur. Ağstafada olan arxeoloji yenilik keçən il İtaliya mətbuatında geniş işıqlandırılıb. Bu ilin fevral ayında isə İtaliyanın Florensiya şəhərində keçiriləcək arxeoloji turizm festivalında İtaliya tədqiqatçıları “Tavatəpə” abidəsinin təqdimatını təşkil ediblər. Bu, tariximizin qədimliyinin bir təqdimatıdır.
Eyni zamanda, beynəlxalq ekspedisiyalarda bizim kadrlar yetişir, elmi mübadilə baş verir. Həmçinin bir sıra tanınmış laboratoriyalarda qazıntılardan əldə edilmiş nümunələrin analizlərinə nail oluruq.
-Siz ötən ilin sonunda Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü seçildiniz. Bu barədə məlumat verərdiniz.
- On beş ildən çoxdur ki, Azərbaycanda dünyanın tanınmış elmi mərkəzləri ilə birgə beynəlxalq arxeoloji tədqiqatlara üstünlük verən layihələr icra edilir. Bu elmi mərkəzlərdən biri də Almaniya Arxeologiya İnstitutudur. Bu institutun alimləri Azərbaycanda və Gürcüstanda tədqiqatlar aparır, Cənubi Qafqazda ilkin sivilizasiyaların yaranma proseslərini araşdırırlar. Azərbaycan arxeoloqlarından ilk dəfə olaraq mən bu instituta müxbir üzv seçildim. Biz onlarla əməkdaşlığımızın növbəti mərhələsindəyik. Onlar bizim tədqiqatçılar ilə birgə çalışmaq, layihələr həyata keçirmək istəyirlər. Əlbəttə ki, bütün tədqiqatlar Azərbaycan dövlətinin maraqları çərçivəsində olacaq. Bizim xalqımızın irsi qədimdir, zəngindir. Kimlərinsə buna sahib çıxmasına, hansısa məqsədlərlə nələrəsə əl atmasına imkan verməyəcəyik.
- İnstitutda gənc kadrların yetişdirilməsi vəziyyəti nə yerdədir?
-Bu bizi çox narahat edən mövzudur. Azərbaycanda universitetlərdə nəinki arxeologiya fakültəsi, arxeologiya ixtisası yoxdur. Dünya təcrübəsi onu göstərir ki, kadrlar məhz universitetlərdə yetişir. Həmin tələbələr birinci kursdan etibarən ekspedisiyalarda olurlar. Arxeoloji ekspedisiya həm də sosiallaşmanın çox gözəl nümunəsidir. Bu, gənclərin komanda şəklində bir yerdə işləməsidir. Qardaş Türkiyədə buna çox gözəl nümunələr var.
Bizim kadrlar Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunları və Türkiyədə müvafiq sahədə təhsil almış gənclərimizdir. Bilirik ki, onlar artıq müəyyən təcrübəni keçiblər. Amma yenə də tələb etdiyimiz sayda gənc kadrlarımız yoxdur.
Onu da deyim ki, institutumuz Qarabağ Universiteti ilə elmi-tədqiqat və təhsil sahəsi üzrə əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb. Qarabağ Universitetinin tələbələrinin bizim ekspedisiyalarda iştirakına ümidvarıq. Həmçinin BDU tələbələrinin bir qrupunun tədqiqatlarda iştirakını gözləyirik. Yəni universitetlərin arxeoloji qazıntılarda iştirakı təmin edilərsə, Azərbaycanda gələcəkdə arxeologiya elmi sahəsində kadr probleminin həllinə nail ola bilərik.
Xatırladım ki, bu il gənclər üçün Prezident mükafatına layiq görülənlər arasında institutumuzun elmi işçisi və doktorantı Mircavid Ağalarov da var. BDU-nun məzunudur. Tələbəlik illərindən etibarən arxeoloji qazıntılarda iştirak edir. Ümumiyyətlə, bu mükafat ölkəmizin maddi mədəni irsinin tədqiqi ilə çalışan mütəxəssislərə verilən qiymətdir.

