Icma.az
close
up
RU
Fərid Qayıbov: İdmançılarımıza ən yüksək qiymət dövlətimizin başçısı tərəfindən verildi MÜSAHİBƏ AZƏRTAC

Fərid Qayıbov: İdmançılarımıza ən yüksək qiymət dövlətimizin başçısı tərəfindən verildi MÜSAHİBƏ AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 dekabr, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbovun ilin yekunları ilə bağlı jurnalistlərlə ənənəvi görüşü olub. AZƏRTAC xəbər verir ki, nazir media mənsublarını maraqlandıran sualları cavablandırıb.

- 2024-cü il Azərbaycan idmanı üçün tarixi hadisələr və uğurlarla əlamətdar oldu. İdmançılarımız həm “Paris-2024” Yay Olimpiya Oyunlarında, həm də digər nüfuzlu yarışlarda uğurla çıxış etdilər. Bütün bunların fonunda, başa vurmağa hazırlaşdığımız ili Azərbaycan idmanı üçün necə dəyərləndirmək olar?

- Dekabrın 24-də yaxşı görüşümüz oldu. Ölkə başçısı idman ictimaiyyətini bir araya topladı. Özünün də vurğuladığı kimi, bu ənənə 27 ildir davam edir. Açığı, elə bir ölkə tanımıram ki, hər ilin sonunda dövlət başçısı idmançılarla görüşüb, onları mükafatlandırsın, təltif etsin. İdmançılarımıza ən yüksək qiymət dövlətimizin başçısı tərəfindən verildi. İlin ən önəmli yarışı Olimpiya Oyunları idi. Əvvəlki olimpiadalarla müqayisə etsək, Parisdəki yarışda çox uğurlu nəticə qazandığımızı deyə bilərəm. Bilirsiniz ki, bütün ölkələr pandemiya yaşadılar, bu səbəbdən bəzi idmançılar karyeralarını başa vurdular. Əvəzində yeni idmançılar üzə çıxdılar. Təbii ki, onların püxtələşməyi üçün müəyyən qədər vaxt lazımdır. Yeri gəlmişkən, Paris Olimpiadasında ilk dəfə 15 idman növündə təmsil olunduq. Onların arasında bizim üçün yeni idman növləri də var idi. Batut gimnastikasını qeyd etmək istəyirəm. Bu idman növünü ona görə vurğuladım ki, düzgün iş getsə, nəticə əldə etmək olar. Batut gimnastikası Azərbaycanda ilk dəfə 10 il bundan öncə inkişaf etdirilməyə başladı. Əvvəllər Azərbaycanı Rusiyada yetişən idmançı təmsil edirdi. Onunla yanaşı, Rusiya və Belarusdan başqa idmançılar da var idi. Onlar bizi Avropa Oyunlarında da təmsil ediblər. Eyni zamanda, uşaq qruplarını inkişaf etdirməyə başladıq. Həmin qruplardan çıxan gimnast – Selcan Mahsudova düz 10 il sonra Olimpiya Oyunlarına lisenziya qazandı. Özü də olimpiadada batut gimnastikası üçün cəmi 16 kvota ayrılır. Üstəlik, bu idman növündə ənənələri olan ölkələrə 2 yer verilir. Yəni, ora düşmək elə də asan məsələ deyil. Bizim üçün sevindirici haldır ki, 16 nəfərin arasında Azərbaycanda yetişən batut gimnastı da oldu. Ölkə başçısının da vurğuladığı kimi, bizim artıq yeni idman növlərində də yaxşı nəticələrimiz var. Təbii ki, hamı istəyir, daha böyük uğurlar qazanılsın. Son Olimpiya Oyunlarında əldə etdiyimiz nəticələri Prezident İlham Əliyev də yüksək qiymətləndirdi. Əldə olunan nailiyyətlər Gənclər və İdman Nazirliyi olaraq, bizi də qane edir. Xüsusilə Hidayət Heydərovun nəticələrini vurğulamaq istəyirəm. Bir il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu oldu. Azərbaycanda başqa belə bir idmançı tanımıram ki, bir ildə 3 nüfuzlu yarışın qalibi olsun. Bu cür idmançılar digərləri üçün yaxşı nümunə olacaq. İnanırıq ki, növbəti illərdə belə idmançıların sayı artacaq.

- Yola salmağa hazırlaşdığımız ildə təəssüfləndiyiniz, “kaş” dediyiniz nə oldu?

- Çox çətin sualdır. Amma Olimpiya Oyunlarında təəssüfləndiyimiz anlar oldu. Bizim üçün vacib idi ki, ilk qızıl medal qazanılsın. Oyunlar vaxtı psixoloji durum çox gərgin olur. Bu il idman jurnalistlərimiz də ilk dəfə olimpiadada iştirak etdilər. Bu, çox vacib amildir. Hər yarış hamımız üçün bir təcrübədir. Orada insanların necə həyəcan keçirdiyini, yəqin, jurnalistlər də gördülər. İlk medal əldə olunanda çox sevindik. Sonra iştahamız artmağa başladı (gülür). Doğrudan da şansımız var idi. Güləşçimiz Həsrət Cəfərovun da Olimpiya çempionu olmasını istəyirdik. Gənc olsa da, böyük potensiala malikdir. Amma idmanda hər şey istədiyin kimi olmur. Bir çox amillər var. Finala çıxan boksçumuz Alfonso Domingesdən də qızıl medal gözləyirdik. Taekvondoçumuz Qaşım Maqomedovu qeyd edərdim. Ümumiyyətlə, Azərbaycan Taekvondo Federasiyası 100 faizlik nəticə göstərdi. Bir idmançı ilə təmsil olunduğu olimpiadada gümüş medal götürdü. Onun finalda da qalib gəlməsini istəyirdik. Təəssüf ki, zədələndi. Federasiyaların orada necə çalışdığını hamımız görürdük. Ortada iş var idi. Hamı birgə çalışırdı. Məsələn, Anna Skidan qatıldığı 4-cü Olimpiya Oyunlarında ilk dəfə final mərhələsinə vəsiqə qazandı. Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız ilk dəfə iştirak etdiyi olimpiadada 5-ci yeri tutdu. Medala çox yaxın idilər.

- Olimpiadada medal gözlədiyiniz hansı idmançılar sizi xəyal qırıqlığına uğratdılar?

- Mən onların adlarını sizə deməyəcəyəm (gülür). Çünki biz idmançılara dəstək olmalıyıq. Hansısa neqativ sözlərlə onları “sındıra” bilərik. Nəticə qazanmağı ən çox idmançı arzulayır. Biz federasiyalarla nəticələr barədə əvvəldən öz proqnozlarımızı müzakirə edirdik. Təhlillər əsasında müəyyən təxminlərimiz var idi. Bəli, daha çox şey gözlədiyimiz idmançılar var idi. Amma yenə də bu idmandır.

- Nazir kimi iştirak etdiyiniz ilk Yay Olimpiya Oyunları sizin üçün hansı təəssüratlarla yadda qaldı?

- İlk dəfə 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında olmuşam. Həmin yarış çox xoşuma gəlmişdi. Olimpiya Kəndindəki abu-hava əla idi. Orada dünyanın müxtəlif ölkələrindən olan tanınmış idmançıları görə bilmişdim. Həmin vaxt 29 yaşım var idi. Digər olimpiadalarda da olmuşam. Amma nazir kimi ilk dəfə ötən il Pekində keçirilmiş Qış Olimpiya Oyunlarına yollanmışdım. Fərq nədən ibarətdir? Mənə görə Olimpiya Kəndində qalmaq daha maraqlıdır. Amma Paris olimpiadasında funksioner kimi iştirak edirdim. Orada bir çox vacib görüşlərim oldu. Bütün idman dünyası orada idi. İşimiz az deyildi. Olimpiya Oyunları tarixində ilk dəfə “Azərbaycan Evi” təşkil etdik. Parisin çox yaxşı bir yerində Mədəniyyət Mərkəzimiz var. Orada hər gün bir çox federasiyaları qonaq edə bildik. Həm Azərbaycan haqqında danışdıq, ölkəmizi təbliğ etdik, həm də tədbirlərimizi keçirdik.

- Milli komandalarda legioner idmançılarla bağlı məsələ hər zaman aktual olub. Azərbaycanı təmsil edən əcnəbi idmançılar arasında ən yüksək nəticələrdən biri Alfonso Domingesə məxsusdur. Paris olimpiadasında gümüş medal qazansa da, tənqid olundu. Belə fikirlər var idi ki, finalda Alfonso yox, hansısa azərbaycanlı idmançı olsaydı, mütləq çempionluğu qazanardı. Legioner idmançı məsələsi qarşıdakı yarışlarda necə tənzimlənəcək?

- Legionerlər daha çox bizim üçün yeni olan idman növlərindədir. Gənclər hansısa peşəkar idmançıya baxıb nəsə öyrənməlidirlər. Ona görə də düşünürəm ki, əcnəbi idmançı dəvət oluna bilər. Amma bir ara onların sayı çoxalmışdı. Açığı, bunu başa düşə bilmirdim. Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik. Deyə bilərəm ki, onların sayı kifayət qədər azalıb. Amma ağır çəkilərdə problemlərimiz var, idmançı yetişmir. Burada seleksiya işləri yaxşı aparılmalıdır. Təəssüflər olsun ki, mütəxəssislərimiz çatışmır. Bunun üçün müəyyən işlər görülür. Bilirsiniz ki, yaxşı mütəxəssis qısa zamanda yetişmir. İdman Akademiyasında da müəyyən dəyişikliklər etmək istəyirik. Ona görə də əvvəlcə ölkə xaricindən mütəxəssislər dəvət edirik. Çünki hər şey sürətlə inkişaf edir, sistem də fərqlidir. Yaxşı yerli mütəxəssislər yetişdirməliyik. Onların sayı çox olmalıdır ki, rəqabət artsın.

- Federasiyalar milli komandalara əcnəbi idmançılar cəlb edərkən, nazirliklə məsləhətləşir, yoxsa qərarı özləri qəbul edirlər?

- Legioner idmançı gətirmək üçün bizdən xahiş edirlər. Ancaq qaydalar, şərtlər çox sərtləşib.

- İdmançıların inkişafı üçün onların beynəlxalq yarışlarda iştirakı mütləqdir. Həm oradakı abu-havanı hiss edirlər, həm də təcrübə toplayırlar. Federasiyaların idmançılarını beynəlxalq yarışlara göndərmək üçün kifayət qədər maddi imkanı varmı?

- Prezident İlham Əliyev idmançılarla görüşdə dəqiqliklə dedi ki, dövlətin dəstəyi olmadan bu, mümkün deyil. Bu dəstək isə illərdir var. Nazirlik tərəfindən idmançılarımız vacib beynəlxalq yarışlara ezam olunurlar. Bəzən federasiyalar idmançıları öz hesabına da yarışlara göndərirlər. Bəzi hallarda idmançılar öz hesablarına gedirlər. Təbii ki, əsas diqqət Olimpiya idman növlərinə yönəlib. Amma çalışırıq ki, digər növləri də unutmayaq və onları da yarışlara ezam edək. Bunun üçün müvafiq büdcəmiz var. Amma elə idman növləri var ki, orada yarışlar çoxdur. İdmançılar həmin yarışlara getməlidirlər. Federasiyalar daha çox sponsor axtarırlar ki, idmançıların yarışdakı iştirakını təmin edə bilsinlər.

- Gələn ilin fevralında İtaliyada Qış Olimpiya Oyunları olacaq. Biz adətən qış olimpiadasına iştirakçı ölkə kimi qatılırıq. Bu dəfə bizim orada iştirakımızı necə görürsünüz?

- Qış Olimpiya Oyunlarında Azərbaycanda yetişən idmançıların çıxış etməsini istəyirik. Buna da vaxt lazımdır. 2025-ci ilin yanvarında Şahdağda dağ xizəyi üzrə Dünya Kuboku keçiriləcək. Orada artıq yerli idmançılar yetişməyə başlayıb. Bakıda ikinci ildir ki, beynəlxalq standartlara uyğun buz meydançası istifadəyə verilib. Kifayət qədər populyardır, uzun növbələr olur. Bu, kompleksin özünü saxlaması üçün də yaxşıdır. Eyni zamanda həmin kütləvilikdən yaxşı idmançılar çıxır. Orada artıq körlinq üzrə məşqlər də başlayıb. Başlanğıç üçün türkiyəli məşqçi dəvət olunub. Çünki indiki vəziyyətdə dünyanın ən yaxşı körlinq məşqçisini dəvət edə bilmərik. Gəlib kimlərə məşq keçəcək? Həvəskar xokkeyçilərdən ibarət komandamız var. Onlar artıq bir neçə yarışda iştirak edib, hətta qalib də olublar. Uşaqlar onlara baxıb həvəslənirlər. Bu idman növlərini inkişaf etdirmək üçün illər lazımdır. Həmin buz meydançasında məşq edən qızlar bu yaxınlarda Özbəkistanda fiqurlu konkisürmə üzrə yarışa qatılıblar. Bu, məni nazir kimi çox sevindirir.

- Sizcə, özəl şirkətlərin idmana yatırım etməsi üçün nələr edilməlidir?

- Onlara hansısa güzəştlər olmaldır. Vergidən tam azad olunmasalar belə, müəyyən işlər görülə bilər. Hazırda güzəşt var. Bunun bir az da dəyişməsini istərdik. Bununla bağlı Vergilər Nazirliyi ilə mütəmadi görüşlər keçiririk. Təklif veririk və bunu əsaslandırmalıyıq. İstərdik ki, daha çox özəl şirkət idmana yönəlsin. Bunun üçün qanun və qaydalarda müvafiq dəyişiklər etməliyik. Ən əsası da idman haqqında qanundur. Biz bunu son iki əl ərzində yazmağa başladıq. Demək olar ki, bitmək üzrədir. Daha sonra bunu Milli Məclisə təqdim edəcəyik. Kütləvi tədbirlər təşkil etdiyimiz zaman sponsorlar gəlmək istəyirlər. Çünki insanlar çox olur. Dövlətin dəstəyindən danışdıq. Özümüz də çalışmalıyıq. Azərbaycanda idman marketinqi istənilən səviyyədə deyil. Dünya və Avropa çempionatı keçirilir, ulduzlar gəlir, təəssüflər olsun ki, tribunalarda azarkeş görmürük. Burada daha çox insanla işləməliyik. Məsələn, ABŞ-da beysbol yarışlarına insanlar ailə üzvləri ilə birlikdə gəlirlər. Onları orada 3-4 saat saxlamaq üçün müəyyən əyləncəli tədbirlər təşkil edilir. Bunu ölkəmizdə də reallaşdırmalıyıq. Burada ən böyük misal futboldur. "Qarabağ"ın avrokubok oyunlarında Tofiq Bəhramov adına Respublika Stadionu dolu olur. Lakin Ağdam klubunun yerli liqadakı matçlarına azarkeş gəlmir. Çünki onları düzgün dəvət etmirik. Bizdə də günah var. İnsanlar dəstək olmağa hazırdırlar. Bölgədəki matçlara azarkeş gəlir. Deməli ki, Bakıdakı oyunlara da gələ bilərlər. İdman marketinqini gücləndirməliyik. Mütəxəssis yoxdursa, ölkə xaricindən çağırmalıyıq.

- MDB Oyunlarının əsas mərkəzi Gəncə şəhəri olacaq. Hansı idman növlərinin harada olacağı dəqiqləşibmi?

- MDB Oyunları ilə bağl Təşkilat Komitəsi yaradılıb. Hansı idman növlərinin harada olacağı bəllidir. Prezident İlham Əliyev ilin idman yekunları ilə bağlı tədbirdə demək olar ki, bütün regionlarda komplekslərin olduğunu vurğuladı. Onların bəziləri təmir olunacaq. Bəzilərinə isə avadanlıqlar gətiriləcək. 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları ərəfəsində Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı inşa olundu. Atıcılıq Mərkəzi yenidən quruldu. Bunların hamısı Avropa Oyunlarından qalan mirasdır. Bu gün də istifadə olunur. Dünyanın bir çox ölkəsindən idmançılar Azərbaycana təlim-məşq toplanışlarına gəlirlər. Avropa Gimnastikasının prezidenti olaraq bildirirəm ki, dünyada Milli Gimnastika Arenası kimi ikinci kompleks tanımıram. Bakıda atıcılıq üzrə dünya çempionatı təşkil edildi. Beynəlxalq Atıcılıq Federasiyanın prezidenti Bakıya səfəri zamanı Atıcılıq Mərkəzi kimi kompleksdən dünyada cəmi 6-7 dənə olduğunu dedi. Bakı Su İdmanı Sarayı da çox gözəldir. Bunlar idmanın inkişafı üçün böyük yoldur. Gəncədə yeni stadion inşa olunur. MDB Oyunlarına kimi hazır olacaq. Artıq orada idman kompleksi istifadəyə verilib. Həmin kompleks böyük Olimpiya komplekslərindən biridir. Yevlaxda da yeni idman kompleksi inşa etdiriləcək. MDB Oyunları təşkiltçılar üçün heç də asan olmayacaq. Çətinliklər olsa belə, öhdəsindən gələcəyimizə inanıram. Yarışda MDB dövlətləri ilə yanaşı, başqa ölkələrin idmançıları da olacaq. İştirakçıların sayı çoxdur. Qonaqlar fərqli məkanlarda məskunlaşacaqlar. Bu yarış bölgədə idmanın inkişafına kömək edəcək. Gələn il il aerobika gimnastikası üzrə Avropa çempionatı da Gəncə şəhərində təşkil olunacaq. Beynəlxalq yarışları rayonlarda keçirmək üçün şəraitimiz, otellərimiz var. Şuşada, Qarabağda turnirlər keçirilib. Xankəndində üç idman tədbiri təşkil olunub. Bir müddət öncə badminton üzrə ölkə çempionatının final mərhələsi də orada reallaşdı. MDB Oyunlarında oxatma yarışı Xankəndi şəhər stadionunda təşkil ediləcək.

- Futbol azarkeşi olduğunuzu bilirik. Azərbaycan futbolunun hazırkı durumu barədə nə düşünürsünüz?

- İstərdim ki, Azərbaycan çempionatında komanda sayı çox, rəqabət fərqli olsun. Premyer Liqada ikinci dövrə başa çatdı. Birinci yerlə ikinci pillədəki komandanın xal fərqi məni çox narahat edir. “Qarabağ” son illərin dəyişməz çempionudur. Lakin bu kollektivlə rəqabət aparacaq komanda yoxdur. Rəqabət olarsa, Ağdam klubu da inkişaf edəcək. Bu gün “Qarabağ” avrokuboklarda uduzanda məyus oluruq, deyirik ki, niyə qalib gəlmədi? Amma gəlin xatırlayaq, əvvəlki illərdə heç ilkin mərhələni keçə bilmirdik. Bəli, indi futbolumuz yaxşı günlərini yaşamır. Bunu etiraf etmək lazımdır. Burada birgə iş olmalıdır. AFFA və ya hansısa klubları ayrılıqda günahlandırmaq olmaz. Biz nazirlik olaraq, futbolun inkişafı üçün nə edirik? Ötən ilin əvvəllərində “Ulduz” futbol akademiyasını açdıq. Bölgələrdən perspektivli uşaqları akademiyaya cəlb edirik. Şəraitimiz var, uşaqlar Bakı kəndlərinin birində məskunlaşıblar, eyni məktəbə gedirlər və məşq edirlər. Aşağı yaş qruplarından ibarət liqalarımıza diqqət yetirsəniz, ilk sıralarda bu akademiyanın komandalarının qərarlaşdıqlarını görə bilərsiniz. Lakin bu kollektivlər beynəlxalq yarışlarda böyük hesabla uduzurlar. Nəzərə alaq ki, yeni komandalardır. Düşünürəm ki, tez-tez belə turnirlərdə oynamalıdırlar. Azərbaycanda uşaqlar üçün 3 beynəlxalq turnir təşkil etmişik. Sonuncusu Qubada reallaşıb. Əfsuslar olsun ki, Özbəkistanın 15 yaşlılardan ibarət komandası bizim klublara qalib gəldi. Artıq başa düşdük ki, özbək futbolu 15 yaşlılar arasında bizi üstələyir. Digər yarışda Belarusun U-15 komandası qalib gəldi. Amma görürük ki, yarışdan-yarışa artım hiss olunur. Uşaqlara təcrübə lazımdır. Ona görə də daimi olaraq beynəlxalq yarışlara getməlidirlər. Belədə bizdə də futbolçular yetişməyə başlayacaq. Son illər “Qarabağ”dan Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə və Elvin Cəfərquliyev kimi yaxşı futbolçular çıxıb. Onlar 3-4 ilin içində inkişaf etdilər. Sadəcə, Nəriman son vaxtlar daha çox şans qazanır. Elvin isə Avropanın güclü liqalarında rahat oynaya bilər. Böyük potensialı var. Beynəlxalq təcrübə qazandıqca, inkişaf edirlər. Futbolda görüləsi işlərimiz çoxdur. Daha çox yarış keçirməli və uşaq futboluna investisiya yatırmalıyıq. Biz öz növbəmizdə bunu etməyə başlamışıq. Eyni zamanda, infrastruktura diqqət ayrılmalı, stadionlar təmir olunmalıdır. Bir çox bölgəmizdə təmirə ehtiyacı olan arenalar var. Amma biz bunu tək bacara bilmərik. Bunun üçün sponsorlar olmalıdır. Tutaq ki, hansısa stadionu əsaslı təmir etdik. Orada oynayacaq komanda olmalıdır. Üstəlik, arenanın baxımı da var. Düzdür, artıq futbol üzrə II Liqamız var. Üç-dörd il əvvəl yox idi. Müəyyən irəliləyişlər nəzərə çarpır. Təbii ki, azarkeşlər kimi, biz də yığmamızın ən azı qonşu Gürcüstan kimi nəticələr əldə etməsini istəyirik. Amma klub səviyyəsində biz onlardan üstünük. Uşaq futboluna daha çox sərmayə qoymalıyıq ki, milli komanda üçün səviyyəli futbolçular yetişsin. Əsas odur, plan olsun. Məsələn, Gənclər və İdman Nazirliyinin 2030-cu ilə qədər strategiyası var. Bütün federasiyalara demişik, onlar da öz strategiyalarını bitirirlər. Hətta bəziləri bu prosesi başa çatdırıblar. Artıq futbolda da strategiyanı yazmağa başlayıblar. Strategiya ona görə vacibdir ki, nə istədiyimizi bilək.

- Strategiyadan söz düşmüşkən, “Los-Ancelos-2028” Yay Olimpiya Oyunlarında hansı idman növlərində ilk dəfə çıxış edəcəyimizlə bağlı gözləntilər var?

- İstərdim ki, Los-Anceles olimpiadasında ağırlıqqaldırmanı görüm. Bizim bu idman növündə Avropa çempionu və dünya ikincisi olan Dadaş Dadaşbəyli kimi ağırlıqqaldıranımız var. Onun çəkisi (109 kiloqram) artıq Olimpiya çəkisi olmalıdır. Dadaşa ümidlərimiz böyükdür. Növbəti Olimpiya Oyunlarında atçılığı da görmək istərdim. Düzdür, əvvəllər olub. Yenə olmasğını arzulayırıq.

- Otüstü xokkey bizdə ənənəvi idman növü hesab olunur. Bunun yenidən bərpası nəzərdə tutulurmu?

- Təəssüf ki, Otüstü Xokkey Federasiyası müəyyən problemlərə görə bağlanıb. Yeni federasiyanın açılması ilə bağlı bu gün yaxşı xəbər verə bilməyəcəyəm. Çünki irəliləyiş yoxdur. Bizdə müasir beşnövçülük və otüstü xokkey istisna olmaqla, bütün Olimpiya idman növləri inkişaf etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elməddin: Biznesim batdı, dirçəldə bilmədim

29 Mart 2025 21:14see211

Vətəninə və Musiqi Sənətinə Həsr Olunmuş Bir Həyat

29 Mart 2025 19:18see143

Fransanın dövlət borcu rekord səviyyədədir

29 Mart 2025 06:25see122

PSJ 3 xalı 6 qolla qazanaraq çempionluğa doğru gedir VİDEO

30 Mart 2025 01:19see120

Orban administrasiyası vətəndaşların poçtuna bülleten göndərir: səbəb…

29 Mart 2025 23:52see114

Qazaxda narkokuryerlər saxlanıldılar

30 Mart 2025 14:50see113

Mançester Siti də ciddi itki stadionu qoruyucu ayaqqabı ilə tərk etdi

31 Mart 2025 00:38see111

BVF Ukraynada münaqişənin 2025 ci ilin sonuna qədər bitəcəyini proqnozlaşdırır

30 Mart 2025 03:06see111

Ukrayna demək olar ki, ABŞ la yeni müqavilə şərtləri ilə razılaşmayacaq

30 Mart 2025 02:46see110

İd əl Fitr bayramına görə girovlar azad ediləcək

29 Mart 2025 10:27see110

Bölgədə güc balansı dəyişir Türkiyə bu ölkəyə xüsusi təyinatlılar GÖNDƏRİR

29 Mart 2025 20:04see109

Nasaz və idarə olunmayan avtomobilə cərimə gəldi DİN dən AÇIQLAMA VİDEO

30 Mart 2025 20:46see109

Xankəndinin mərkəzindəki edam otağı ndan TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

31 Mart 2025 00:49see109

III Çarlz xəstəxanaya yerləşdiridikdən sonra ilk bəyanatını verdi

30 Mart 2025 13:33see109

Pakistanın Baş naziri İlham Əliyevi təbrik etdi KONKRET

29 Mart 2025 17:32see108

Volkan Konak səhnədə huşunu itirdi, xəstəxanaya aparıldı VİDEO

31 Mart 2025 01:16see107

Dünya nizamının dəyişməsinə təsir edən gizli razılaşmalar

30 Mart 2025 22:14see106

Bu bürc çətinlikləri özünə maqnit kimi çəkir

30 Mart 2025 00:39see106

Tramp İranı heç vaxt görmədikləri partlayışlarla hədələyib

30 Mart 2025 18:55see106

Aleksandr Turçin Əli Əsədovu təbrik etdi

30 Mart 2025 13:46see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri