“France 2”nin sənədli filmi Fransa hökumətinin Azərbaycanla bağlı iddialarını heçə endirib MÜSAHİBƏ
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 22 aprel, AZƏRTAC
Milli Məclisin deputatı, parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov “France 2” ictimai televiziyasında yayımlanan “Təbliğat müharibələri, Fransa cəbhə xəttində” adlı sənədli filmlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
Müsahibəni oxucuların diqqətinə çatdırırıq:
-Bu günlərdə “France 2” TV kanalında “Təbliğat müharibələri, Fransa cəbhə xəttində” adlı sənədli film yayımlanıb. Burada Fransa hökumətinin gözlənilmədən Azərbaycanı 2024-cü ildə Yeni Kaledoniyada inqilabı qızışdırmaqda ittiham etməsi barədə danışılır və məsələ Fransa cəmiyyətinə xarici müdaxilə kimi təqdim olunur. Bu ittihamlara münasibətiniz necədir?
-İlk növbədə, qeyd edim ki, Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində bir sıra fəaliyyətlər həyata keçirir. Fəaliyyət istiqamətlərindən biri də digər ölkələrə qarşı aparılan müdaxilələrin və hibrid təhdidlərin öyrənilməsidir. Burada əsas məqsədimiz Azərbaycana qarşı oxşar xarici müdaxilə və ya hibrid hücum halları olacağı təqdirdə buna hazır olmaq və müvafiq dövlət qurumları ilə birgə qabaqlayıcı tədbirlər görməkdən ibarətdir.
Bu baxımdan, Fransanın “Əlavə Təhqiqat” jurnalist araşdırmaları qrupu tərəfindən hazırlanan və Azərbaycanın da adının mənfi formada hallandığı bu sənədli filmi mən də izlədim. Səslənən ittihamlara təbii ki münasibət bildirəcəm, amma bununla bərabər müşahidə etdiyim bir sıra məqamları da bölüşməyim fikrimcə, faydalı olardı.
Siz sualınızda doğru qeyd edirsiniz ki, film məhz Fransa cəmiyyəti üçün nəzərdə tutulub. Bunun da bir sıra məqsədləri var ki, onlardan biri də Fransanın hazırkı hökumətinin nüfuzunun cəmiyyətdə olduqca aşağı olması ilə əlaqədardır.
Sənədli filmi şərti olaraq üç hissəyə bölmək olar, bunun yalnız bir hissəsi Azərbaycanla bağlıdır. Əgər film beynəlxalq auditoriya üçün nəzərdə tutulsa idi, ən azından onun ingiliscə alt yazısı olardı. Burada nəyinki alt yazının olmadığının, həm də Azərbaycan izləyicisi üçün girişin məhdudlaşdırıldığının şahidi oluruq. Yəqin ki, siz də filmə baxmaq istəyəndə internet ünvanınız olan IP-nin bloklandığını müşahidə etdiniz.
-Bəli, www.francetvinfo.fr veb-səhifəsində material verilsə də, bizim üçün bu filmə giriş məhdudlaşdırılıb. Sizcə informasiya texnologiyalarının, süni zəkanın sürətlə inkişaf etdiyi bir dövrdə bu cür yollarla nəyə nail olmaq istəyirlər?
-Dediyim ki, bu məhz fransız cəmiyyəti üçün hazırlanmış filmdir. Hazırkı hakimiyyəti beynəlxalq ictimaiyyətdən daha çox daxili auditoriya narahat edir və bu film Fransa hökuməti tərəfindən Fransa cəmiyyətinin bitərəf və ya siyasətdən uzaq olan kəsiminə yönəlmiş informasiya əməliyyatlarının bir parçasıdır.
Filmin anons hissəsinə baxanda, sanki Azərbaycanın doğrudan da Fransanın dənizaşırı bölgələrinə müdaxiləsi ilə bağlı təkzibolunmaz faktların ortaya çıxacağını düşünürsən. Lakin tam izləyəndə əksini görürük. Əslində, biz bəlkə də filmi ərsəyə gətirənlərə Fransa hökumətinin əsassız ittihamlarını heçə endirdiklərinə görə təşəkkür etməliyik.
Sualınıza gəlincə isə, burada elə ilk kadrdan qərəzin olduğu görünür. Film başlayan kimi Azərbaycan Respublikasının xəritəsi verilir, lakin Naxçıvan Azərbaycan ərazisi kimi göstərilmir.
İkinci bir məqam isə, ölkəmiz fransız izləyicisinə diktatura və Ermənistanın düşməni kimi təqdim olunur, Fransa prezidentinin dilindən Ermənistana hərbi yardımın edildiyi (burada isə hədəf erməni lobbisidir) və buna görə də Azərbaycan Prezidentinin Fransanın rəqiblərini dəstəklədiyi iddia edilir. Maraqlıdır ki, müstəqillik uğrunda mübarizə aparan xalqlar filmdə Fransanın rəqibləri kimi təqdim olunurlar.
-Yeni Kaledoniyadakı nümayişlər zamanı Kanak bayraqlarının yanında Azərbaycan bayrağının olması ittiham kimi səsləndirilir. Bununla bağlı nə söyləyə bilərsiniz?
-Filmdə bu məsələ prezident Makronun yaxın tərəfdarı olan parlament üzvü Saşa Hulye tərəfindən səsləndirilir və o, “Azərbaycanın müdaxiləsi”nin açıq formada aparıldığını iddia edir, amma ortaya başqa bir fakt qoya bilmir. Fransanın daxili işlər və dənizaşırı ərazilər naziri Jerald Darmaninin Yeni Kaledoniyada baş verən hadisələrin arxasında Azərbaycanın durması ilə bağlı iddiasına gəlincə isə, Hulyenin “nazir nümayişdə gördüyü fakta qiymət verir” kimi cavab verməsi Fransa tərəfinin nə qədər aciz olduğunu göstərir.
Tək bir bayrağa görə başqa bir dövləti xarici müdaxilədə günahlandırmaq Fransa hüquq mühafizə və xüsusi xidmət orqanlarını gülünc vəziyyətə qoymaqdan başqa bir şey deyil. Bəlkə də elə buna görə Jerald Darmanin artıq daxili işlər naziri vəzifəsini daşımır.
Yeri gəlmişkən, filmin sonunda aparıcı özü də Saşa Hulyeyə xitab edərək “Azərbaycanın müdaxiləsi”nin haradasa olduğunu qəbul edir (başqa çıxış yolu da yoxdur), lakin hansısa maliyyə yardımının olmasını “dərinə getmək” kimi dəyərləndirir və bunu mübahisələndirir.
Öz tərəfimizdən deyə bilərik ki, zaman-zaman Azərbaycanda da radikal müxalifət tərəfindən keçirilən mitinqlərdə müxtəlif ölkələrinin, hətta icmaların bayraqlarına rast gəlinib. Başqa ölkələrdə də bu cür hallarla rastlaşırıq. Misal üçün, bizdə keçirilən mitinqlərdə Avropa İttifaqının (Aİ) bayrağı dalğalanırsa, bu o demək deyil ki, bayraqlar Aİ tərəfindən paylanılıb və ya burada müdaxilə var. Adətən müdaxilənin olub-olmadığı digər meyarlarla ölçülür ki, bu isə heç də bayraqla bağlı olan məsələ deyil.
-Bəs kanakların mövqeyini necə dəyərləndirirsiniz? Onlar müsahibələrində Azərbaycan tərəfindən hansısa maliyyə yardımının olunduğunu inkar edirlər.
-Kanakların mövqeyini siz artıq qeyd etdiniz. Daha maraqlısı isə, Fransa Ədliyyə Nazirliyinin ərazidəki prokurorunun mövqeyidir.
Aparıcının prokuror İv Dyupaya Azərbaycanın mitinq və iğtişaşlara maliyyə yardımı göstərməsi, siyasi hərəkata (CCAT) və müstəqillik mübarizəsi aparan şəxslərə dəstək verməsi ilə bağlı suallara onun cavabı birmənalı olub. Azərbaycanın heç bir maliyyə yardımı etmədiyi və CCAT-ın yanında yer alması ilə bağlı əlində sübutun olmadığını bildirib.
Filmdə qeyd edilir ki, bu günə qədər Fransa tərəfindən aparılan heç bir rəsmi araşdırma Azərbaycanın müstəqillik uğrunda mübarizə aparanlara maliyyə yardımı göstərməsini müəyyən edə bilməyib.
Parisin Maliyyə Prokurorluğunun da film müəlliflərinə verdiyi rəsmi cavabda bu faktlarla bağlı hansısa istintaqın getmədiyi deyilir. Müəlliflər o zaman “Azərbaycanın müdaxiləsi” ilə bağlı məsələnin niyə bu dərəcədə siyasi kommunikasiyanın predmetinə çevrildiyini sual edirlər. Bunu yayındırıcı manevr kimi qiymətləndirirlər.
Maraqlıdır ki, Fransa dövlətinin Yeni Kaledoniyada nümayəndəsi olan və görünür elə verdiyi müsahibəyə görə artıq 2025-ci ilin aprelindən işdən azad edilmiş ali komissar Luyi Le Frank da rəsmi Parisi Numeyada iğtişaşların qarşısını almamaqda, əlavə jandarma qüvvələrinin göndərilməməsində günahlandırır.
Keçmiş daxili işlər nazirinin ofisi ilə sıx təmasda olan bir məmurun gizli açıqlamasına görə isə nazir Jerald Darmanin vaxtında buraxdığı səhvləri ört-basdır etmək, diqqəti yayındırmaq üçün ortaya “Azərbaycanın müdaxiləsi” məsələsini buraxır və bununla bağlı bir sıra ciddi faktlar səsləndirir. Film müəllifləri məsələyə dair nazirin özünə müraciət etsələr də, o, danışmaqdan imtina edir.
-Bildiyim qədəri ilə siz də Yeni Azərbaycan Partiyasının (YAP) üzvüsünüz və bu filmdə YAP üzvlərinin Fransa əleyhinə sosial media kampaniyalarında iştirakından danışılır. Buna münasibətiniz necədir?
-Bu da, belə demək olarsa, bir az gülməli ittihamdır. Ötən il Fransanın rəqəmsal xarici müdaxilələrlə mübarizə xidməti olan “VIGINUM” hesabat yaymışdı və orada da oxşar iddialar səsləndirilirdi. Guya ki, 1686 sosial media istifadəçisi tərəfindən 5000-dən çox mesaj yazılaraq Fransaya qarşı dezinformasiya müharibəsi aparılıb. İnan ki, mən də maraq üçün həmin hesabatda təqdim olunan profillərə baxmışam və deyə bilərəm ki, həmin hesabların nəyinki YAP-la, heç Azərbaycanla yaxından uzaqdan əlaqəsi yoxdur.
Eyni zamanda, filmdə iki şəklin montajından da söhbət gedir. Guya ki, avtomobil qaçırtmağa çalışan qadının maşının sahibi tərəfindən öldürülməsini əks etdirən foto manipulyasiya edilərək, paytaxt Numeyada qətlə yetirilmiş kanak nümayəndəsi kimi təqdim edilib. Bu faktı da yoxlayaraq, hadisənin həqiqətən baş verdiyini müəyyən etdik. Belə ki, 2024-cü il mayın 15-də Fransanın “Mediapart” adlı internet nəşrində gedən “Kanakların ovu davam edir...” başlıqlı yazıda qeyd edilən şəkil və bir sıra başqa şəkillər təqdim edilir və orada Fransaya loyal olan paramilitar qruplar tərəfindən bir neçə kanaklı gəncin qəsdən öldürülməsindən söhbət açılır.
Eyni zamanda, deyə bilərəm ki, biz əsasən Vətən müharibəsi dövründə yüzlərlə erməni istifadəçinin azərbaycanlı adı ilə müxtəlif informasiya kampaniyalarında və təxribatlarında bizə qarşı fəaliyyət göstərdiyinin şahidi olmuşduq. Bugünkü dövrdə bir nəfər tərəfindən 100-dən çox hesabın idarə edilməsi isə texniki cəhətdən o qədər də çətin olmayan bir məsələdir. Bu minvalla sabah hansısa bir X ölkə və ya təşkilat prezident Makronun fəxri sədri olduğu və cəmi 8500 üzvü olan “İntibah” partiyasının tərəfdarlarının adına saxta hesablar açaraq başqa bir ölkəyə qarşı informasiya kampaniyası apararsa, o zaman nəzəri olaraq Fransa da xarici müdaxilədə ittiham edə bilər.
-Sonda bu sənədli filmlə bağlı nə deyə bilərsiniz?
-Ümumiyyətlə, sənədli filmin özündən də görünür ki, Kanak xalqı nə qədər acınacaqlı vəziyyətdə yaşayır. Təsəvvür edin ki, həbs olunmuş üzvlərinin hüquqlarının müdafiəsi üçün onlar lotereya oynayıb, pul yığırlar ki, vəkillərə ödəniş edə bilsinlər. Normal yaşayış şəraitindən isə söhbət gedə bilməz.
Fransa rəsmiləri isə dənizaşırı ərazilərdə yoxsulluğun qarşısını almaq əvəzinə, bu yerli xalqların səslərini boğmağa, qanunsuz fəaliyyətlərinə haqq qazandırmaq üçün isə Azərbaycana şər-böhtan atmaqdan çəkinmirlər. Bunu əsaslandırmaq üçün isə Ermənistanla yaxınlıqlarını bəhanə gətirir və bizi Fransa cəmiyyətinə düşmən kimi təqdim edirlər.
Maraqlıdır ki, eyni yanaşma sovet imperiyasının son illərində də müşahidə edilirdi. Azadlıq uğrunda mübarizə aparan xalqların səsi qoşun yeridilməklə boğulurdu. Lakin qarşısı alınmaz proseslər artıq başlayıb və görünən odur ki, Makron hökuməti nə qədər çalışsa da bunun qarşısını ala bilmir. Ona görə də, diqqəti yayındırmaq üçün xarici düşmən axtarışındadır.
Filmə gəlincə isə, Azərbaycanla bağlı hissəni müəlliflər maraqlı formada sonlandırırlar. Belə ki, onlar yanvarın 8-də Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsindən bir parçanı səsləndirərək, onun Azərbaycanın müdaxiləsi ilə bağlı Fransa prezidentinin iddialarını istehza ilə qarşıladığını qeyd edirlər.
Dövlətimizin başçısının səsləndirdiyi fikirlər isə belə idi:
“Dünən Fransa prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur”.


