Icma.az
close
up
RU
Fransa Zurabişvilini təlimatlandırıb əlavə qüvvələr verəcəkmi? TƏHLİL

Fransa Zurabişvilini təlimatlandırıb əlavə qüvvələr verəcəkmi? TƏHLİL

Prezident Salome Zurabişvilinin müəmmalı Fransa səfəri

Gürcüstanda siyasi gərginlik kuliminasiya nöqtəsinə çatdı və sındı. Hadisə yerindən reportaj hazırlayan xarici jurnalistlər xəbər verirlər ki, noyabrın 28-dən başlayaraq parlament binasının qarşısında toplaşan etirazçılar dekabrın 5-dən etibarən faktiki olaraq məkanı tərk edirlər. Düzdür, Qərb mediası aksiyaların hələ də şiddətlə davam etdiyini yazır, insanları bu aksiyalara cəlb etmək üçün təşviqat aparırlar. Köhnə çəkilişləri yenidən paylaşaraq izdiham effekti yaratmağa çalışır. Amma reallıq budur ki, sonuncu, sayca 8-ci olan aksiya dekabrın 5-də faktiki olaraq bitib. Dekabrın 5-dən 7-nə qədər olan dövrdə epizodik halları nəzərə almasaq, nisbi sakitlik yaranıb. Ən əsası, parlament binası qarşısında aksiyaları gecə saatlarında davam etdirənlərin sayı minimuma enərək, 20-30 nəfərə yaxınlaşıb (https://profile.ru/news/abroad/oppozicionery-pokinuli-mesto-provedeniya-akcii-protesta-v-centre-tbilisi-1630795/).

Görünən budur ki, “Gürcü Arzusu” Qərbin təzyiqləri qarşısında duruş gətirə bildi. Ölkənin suverenliyini təhdid edən tələbləri geri çevirməyi bacardı. ABŞ və Avropa İttifaqının intensiv hədələrinə rəğmən, hakim komanda 26 oktyabr seçkilərinin nəticələrini ləğv etmədi. 4 müxalifət partiyasını parlamentə cəlb etmək naminə alçaldıcı sövdələşmələr aparmaqdan yayındı. Səsvermədə qazandığı 54 faizlik seçici üstünlüyünə, xalqın etimadına güvənərək, yeni hökumət kabinetini təkbaşına formalaşdırdı. Əlavə olaraq, Qərbin sanksiya təhdidlərinə cavab olaraq, noyabrın 28-də bəyanat yayaraq, Avropa İttifaqına üzvlüklə bağlı danışıqları özü dondurdu. Baş nazir İrakli Kobaxidze Avropadan “ləyaqətlə, ədalətlə və şantaj olmadan aparılan danışıqlar” tələb etdi.

İnsidentlərin tamamilə aradan qalxması, Gürcüstanda normal həyatın bərpa olunması üçün indi bircə addım qalıb. Yəqin ki, “Gürcü Arzusu” Qərbin əlaltısı rolunda çıxış edən Prezident Salome Zurabaşvilini dekabrın 14-də yola salacaq və prosesə yekun vuracaq. Düzdür, Zurabaşvili bəyanat yayaraq dekabrın 14-də Gürcüstan prezidenti postunu tərk etməyəcəyini açıqladı. Amma onun dünən gözlənilmədən Fransa Respublikasına səfər etməsi vəziyyəti dəyişib, yeni ehtimallar yaradıb. Prezident Administrasiyası məlumat yayıb ki, Salome Zurabişvili ölkədə baş verən hadisələrlə bağlı məsləhətləşmələr keçirmək üçün Avropa turnesinə çıxıb. Hansı ki, onun kimlərlə görüşəcəyi, Qərb liderlərindən nə istəyəcəyi barədə heç bir məlumat açıqlanmır ( https://en.apa.az/europe/georgian-president-salome-zourabichvili-embarks-for-a-visit-to-france-455025 ).

Siyasi təhlilçilər ehtimal edirlər ki, xanım Zurabaşvilinin “işgüzar səfər” adlandırdığı bu gediş onun ölkədən qaçışı da ola bilər. Yəni, xanımın bir daha Gürcüstana geri dönməyəcəyini düşünənlər var. Bu ehtimal müəllifləri qeyd edirlər ki, Gürcüstanın hüquq-mühafizə orqanları son aksiyalar zamanı təxribatlar törədən, bu səbəbdən həbs edilən müxalif partiya liderlərinin ev və ofislərində axtarış apararkən pirotexnikalarla yanaşı, çoxlu sayda məxfi sənədlər də götürüblər. Qərb xüsusi xidmət orqanları tərəfindən hazırlanan, Gürcüstanda çevriliş planlarını ehtiva edən bu sənədlərin Salome Zurabişviliyə də bağlılığı var. Dekabrın 14-də səlahiyyət müddəti başa çatdıqdan sonra xanım prezidentin bu sənədlər əsasında istintaqa cəlb ediləcəyi ehtimalı yüksəkdir.
Faktdır ki, xanım Zurabaşvili Gürcüstan prezidenti postuna Fransa vətəndaşı olaraq gətirilib. Prezident olduğu dövrdə də Fransadan aldığı təlimatlar üzrə hərəkət etdiyinə dair sübutlar mövcuddur. Bu baxımdan “Fransa casusu olan prezident” kimi ləqəbi var. Başı sıxışdığı zaman dərhal Fransaya üz tutması təsadüfi deyil. Fransa onu yeni təlimatlarla geri qaytarıb davam gətirməsi üçün əlavə qüvvələr verəcəkmi? Yoxsa, sonun çatdığını düşünərək sadəcə həbsdən yayındırmaq üçün qaçırıb? Yəqin ki, üzümüzə gələn həftə bütün suallara aydınlıq gələcək.

Qərb analitikləri Gürcüstanda məğlubiyyətin səbəbini axtarırlar

Son 2 gün ərzində Qərbə bağlı analitik mərkəzlərin Gürcüstanda cərəyan edən proseslər üzrə şərhlərinə baxanda görünür ki, onlar hadisələrin nə üçün məğlubiyyətə doğru getdiyinin səbəblərini araşdırırlar. Düzdür, bu yozumlarda özlərini, yəni Qərb siyasi mərkəzlərini haqlı çıxarmağa çalışırlar. Hətta yaranmış durumu “tufanqabağı sakitlik” kimi də dəyərləndirirlər.
Amma nə qədər çaşdırıcı fikirlər səsləndirsələr də, istinad etdikləri arqumentlər fonunda məğlub duruma düşdüklərini büruzə verirlər. Məsələn, qeyd edirlər ki, “son 30 il müddətində ən azı 4 dəfə “siyasi travma” alması Gürcüstan xalqının gözünü qorxudub. Qorxu amili xalqı devrimçi aksiyalar keçirməkdən yayındırır”.

Qərb analitikləri tərəfindən səsləndirilən bu tezisdə bircə sözü dəyişməklə, onu reallığa uyğunlaşdırmaq mümkündür. Cümlədəki “qorxu” sözünü “ayılmaq” sözü ilə ifadə etsək, həqiqət yerini tapar. Qərb analitikləri obyektiv olsaydılar, deyərdilər ki, “son 30 il müddətində ABŞ və Avropa İttifaqı tərəfindən ən azı 4 dəfə aldadılaraq “siyasi travma” yaşaması Gürcüstan xalqının gözünü açıb, reallıqları görməsinə şərait yaradıb. Xalq anlayıb ki, Qərb mərkəzləri Cənubi Qafqazda geopolitik oyun aparırlar, Gürcüstan xalqını da bu oyunlara alət ediblər. İndi isə xalq hər şeyi görür, müqayisə aparıb nəticə çıxarır. Parlament seçkisi üzərində qurulan oyunlara da bu səbəbdən qatılmır. Yenidən tora düşməkdən çəkindiyi üçün aksiyalara dəstək verməkdən yayınır”.

ABŞ və Avropa İttifaqı Gürcüstanda demokratik seçki uğrunda deyil, öz mövcudluqlarını təmin etmək üçün savaşırlar. Gürcüstan xalqı da bu həqiqəti görür və anlayır. Xatırlatmaq yerinə düşər ki, ABŞ və Avropa İttifaqının “Gürcü Arzusu”na qarşı intensiv təhdidləri 26 oktyabr seçkisindən xeyli əvvəl-2022-ci ildən başlayıb. Bu proses ilk dəfə 2023-cü ildə açıq müstəviyə keçib. Həmin dövrdə Gürcüstan hökuməti “Xarici təsirin şəffaflığı haqqında qanun” layihəsi hazırlandığını elan edib. Dərhal sonra açıq və sərt formada təpkilərlə üzləşib. 2024-cü ilin aprel ayında Qərbyönümlü fəallar, QHT, KİV və siyasi partiyalar küçələrə çıxdılar, parlamentə təsir göstərmək, "xarici agentlər" haqqında qanunun qəbul edilməsinə mane olmaq istədilər. Həmin dövrdə də parlament binasını mühasirəyə alaraq, Tbilisinin mərkəzi küçələri ilə yürüş təşkil etdilər. Hökumət evinin, Xarici İşlər Nazirliyinin yerləşdiyi mərkəzi rayonlarda gündəlik iş rejimini pozdular.
Proseslərin qızışmasının əsas səbəbi qeyd olunan aksiyaların ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənməsi oldu. Qərb mediası aksiyaya informasiya dəstəyi verdi. Onu “demokratların avtokratlar üzərinə yürüşü” kimi təqdim etdi. Təsvirləri belə oldu ki, guya Gürcüstanda avtokrat idarəçiliyə meyl edənlər “xarici agent qanunu”nu dəstəkləyirlər, demokratiya tərəfdarları isə qanunun qəbuluna etiraz edirlər.

Həmin dövrdə parlament seçkisi gündəmdə yox idi. Amma Qərb Gürcüstan hökumətini təhdid edirdi. Öz təsirində olan qüvvələri təşkilatlandırıb aksiyalar keçirir, hökumətə təzyiq göstərirdi. Qanun layihəsinə etiraz edənlər Qərbdən təkcə informasiya dəstəyi deyil, həm də siyasi güc alırdılar. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də açıqlama yayaraq, “Biz Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanun layihəsinin qəbul edilməsindən dərin narahatlıq keçiririk”, deyə bəyanat vermişdi ( https://www.rferl.org/a/georgia-us-concern-foreign-agents/32893126.html ).

Prosesin davam edəcəyi təqdirdə, Gürcüstana qarşı sanksiyalar tətbiq olunacağını açıqlamışdı.

ABŞ-la yanaşı, Avropa İttifaqı da bənzər mövqe sərgiləmişdi. İttifaq adından yayılmış bəyanatda vurğulanırdı ki, “xarici agentlər haqqında qanun” qəbul edilərsə, bu, Gürcüstanın Avropa İttifaqına üzvlüyü yönündə aparılan danışıqlara zərbə vuracaq ( https://www.reuters.com/world/europe/eu-warns-georgia-that-foreign-agent-law-will-impact-membership-path-2024-04-17/) .

Çox keçmədən ABŞ və Avropa İttifaqı Gürcüstana qarşı ilk sanksiyalarını elan etdilər. 2024-cü ildə rəsmi Tbilisiyə yardım məqsədilə nəzərdə tutulmuş 95 milyon dollarlıq paket birtərəfli formada ləğv olundu. Avropa İttifaqı isə 2024-cü ildə Gürcüstan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan ayırdığı vəsaiti dondurdu. Bu yolla Gürcüstanın mövcud hakimiyyətini çıxılmaz duruma salmaq, “Xarici agent” qanunun qəbul edilməsindən çəkindirmək istədilər.

ABŞ Gürcüstanda demokratik seçki deyil, öz mövcudluğu üçün savaşdı

Problemin əsl mahiyyəti də bu nöqtədən başlayır. "Xarici təsirin şəffaflığı haqqında qanun”un parlament seçkisinə aidiyyəti yoxdur. Amma Qərb Gürcüstana qarşı ilk sanksiyalarını məhz bu qanunun fonunda tətbiq edib. Çünki həmin qanun Qərbin, xüsusən ABŞ-nin Gürcüstan üzərində şəriksiz hökmranlığını təmin edən mexanizmləri zədələyir. Onların fəaliyyətinə maneələr yaradır. Qərbin donor institutları tərəfindən qeyri-qanuni formada maliyyələşdirilən, Gürcüstan hökumətini daimi formada təzyiq altında saxlayan QHT, KİV və siyasi partiyaların işini pozur. Bu qanun humanitar fəaliyyətlərin icrası adı altında Qərbdən “qrantlar” alan, amma reallıqda bu vəsaiti siyasi proseslərə yönəldən QHT, KİV və siyasi partiyaların fəaliyyətini məhdudlaşdırır. Ona görə də ABŞ-nin və Avropa İttifaqının təpkisi ilə üzləşir.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bu yöndə təkzibedilməz faktları aşkarlayıb. Məsələn, DTX 2023-cü ilin oktyabr ayında müəyyən edib ki, Tbilisidəki “İbis” otelində dörd gün ərzində QHT nümayəndələri üçün “hökuməti devirmək, polisə müqavimət göstərmək” mövzusunda təlimlər keçirilib. CANVAS və “Şərq-Qərb İdarəetmə İnstitutu” vasitəsilə təşkil edilmiş həmin təlimlər USAİD tərəfindən maliyyələşdirilib. Qeyri-adilik ondadır ki, USAID bu tədbiri “xərçəng xəstəliyindən əziyyət çəkənlərə yardım” adı altında keçirib. Layihəni fərqli ad altında icra etməkdə məqsəd hüquq-mühafizə orqanlarının diqqətini yayındırmaq, gürcü fəallar üçün “iğtişaşları qızışdırmaq və hökumətin devrilməsinə yönəlmiş təlimlərin” keçirilməsini təmin etmək olub. Təlim iştirakçılarına “zorakı etirazlar, nəqliyyatın hərəkətinin pozulması, hökumət binalarının nəzarətə götürülməsi” ilə bağlı dərslər veriblər.

Prosesin gedişatı göstərdi ki, Gürcüstan DTX-sı haqlı imiş. Həmin təlimlərin nəticəsi indi -noyabrın 28-dən etibarən keçirilən aksiyalar fonunda özünü göstərir. Xüsusi qruplar halında çıxış edən “aksiya iştirakçıları” inzibati binaları yandırırlar, polisə “molotov kokteyli” atırlar, məmurlara xəsarətlər yetirirlər. Taktiki gedişlər edərək, polis nəfərlərini dalana çəkir, fiziki xəsarətlər yetirib qorxutmağa çalışırlar. Aydın görünür ki, bu qruplar təxribatlar törətmək üçün uzun müddət ərzində hazırlıqlar keçiblər, xüsusi formata təlimatlandırılıblar.

ABŞ və Avropa İttifaqı öz əmllərinin ifşa olunmasının qarşısını almaq üçün "Xarici təsirin şəffaflığı haqqında qanun layihəsi”nin qəbul edilməsinə etiraz etdilər. Gürcüstan hakimiyyətinə təzyiq etmək, qanunun qəbulunu təxirə saldırmaq üçün bu dövlətə qarşı sanksiyaları nəzərdə tutan sənədləri imzaladılar.

Bu arqument bir daha sübut edir ki, Gürcüstanda indi Qərb tərəfindən aparılan dava azad seçki məsələsi naminə deyil. Bu savaş Qərbin Gürcüstanda, o cümlədən, bütövlükdə Cənubi Qafqazda siyasi tələblərinin təmin edilməsi uğrunda aparılan mübarizədir. O, uzun illər öncədən başlayıb, indi də davam edir. Ə ABŞ və Avropa İttifaqı "Xarici təsirin şəffaflığı haqqında qanun layihəsi”nin qəbul edilməsinə qarşı başlatdıqları etiraz dalğasını 26 oktyabr parlament seçkiləri fonunda davam etdirdilər. Seçkilərdə özlərinə bağlı siyasi qüvvələrin qalib elan edilməsi üçün bütün güclərini ortaya qoydular. Öz əlaltılarını hakimiyyətə gətirməklə, Gürcüstanda situasiyanı nəzarətə almaq istədilər. 26 oktyabr seçkiləri nəticəsində elə bir hakimiyyət komandası formalaşdırmaq istədilər ki, ABŞ-nin heç bir diktəsinə müqavimət göstərməsin. Zərurət yarananda hətta öz dövlətinin suverenliyini görməzdən gəlsin. Onlar “Gürcü Arzusu” komandasını öz istəklərinin reallaşması qarşısında mane kimi gördükləri üçün hədəfə çevirdilər.

ABŞ və Avropa İttifaqı bu cür yanaşma ilə Gürcüstanın suverenliyini pozurlar. Amma öz hərəkətlərini fərqli formada təqdim edirlər. Guya ki, Gürcüstanın suverenliyinin möhkəmləndirilməsi, demokratiyanın inkişaf etdirilməsi üçün çalışırlar. Hansı ki, suverenlik üçün ən böyük təhlükəni seçki prosesinə müdaxilə etməklə yaradırlar. Onlar 26 oktaybr seçkisinə açıq müdaxilə etdilər.

Gürcüstan savaşında üzə çıxan yeni nüanslar

Yeri gəlmişkən qeyd edək ki, ABŞ və Avropa İttifaqı ayrı-ayrı dövlətlərdə öz maraqlarını təmin etmək üçün təzyiq vasitəsi rolunda adətən yerli müxalifət partiyalarından, ələ alınmış QHT və KİV-lərdən istifadə ediblər. “Qrant”, “texniki dəstək” və “siyasi himayədarlıq”la nəzarətdə saxlanılan yerli “QHT” və “KİV”lər, siyasi partiyalar zəruri anda hərəkətə gələrək öz ölkələrində Qərb siyasi maraqlarının müdafiəsinə qalxırlar. Bu model ABŞ və Qərbin hədəfində olan bütün regionlarda, o cümlədən, Cənubi Qafqazda-Gürcüstan və Azərbaycanda da dəfələrlə tətbiq edilib.

İndi isə vəziyyət bir qədər fərqlidir. ABŞ və Avropa İttifaqı Gürcüstanda son proseslər fonunda məğlub duruma düşdükdüklərini görüncə, “ehtiyat qüvvələri”, “kölgə qrupları” dövriyyəyə buraxıblar. Aksiya iştirakçılarını ruhlandırmaq, onların gücünə güc qatmaq üçün “son silaha” əl atıblar. Parlament seçkisi üzərində təşkil etdikləri etiraz aksiyalarına həm də ələ alınmış rəsmi şəxsləri, o cümlədən, diplomatları qatırlar. Gürcüstan Xarici İşlər Nazirliyinin müxtəlif ölkələrdəki səfirliklərində çalışan 92 əməkdaşı birgə bəyanat imzalayaraq, öz dövlətlərinə qarşı çıxıblar, “Avropanın müdafiəsinə” qalxıblar. Xarici İşlər Nazirliyi ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət nazirliyində çalışan və “qərbpərəst məmurlar” kateqoriyasına daxil edilən şəxslər də bənzər addımları atıblar.

Diqqət yetirəndə görürük ki, bəyanata imza atan diplomatlar ya birbaşa Avropa dövlətlərində çalışırlar, ya da ABŞ-nin təsir dairəsində olan ölkələrdə fəaliyyət göstərirlər. Çexiyada, Bolqarıstanda, Litvada, Polşada, Cənubi Koreyada fəaliyyətdə olan Gürcüstan diplomatik nümayəndəliklərinin simasında bu məsələ öz təsdiqini tapmış olur.

ABŞ və Avropa İttifaqı Gürcüstanda icra etdikləri çevriliş planı fonunda bütün maskaları atdılar. Bu dəfə “proksi qüvvələr”lə kifayətlənmədilər, özləri də səhnəyə çıxdılar. Ələ alınmış “milli QHT, KİV, siyasi partiyalar”la yanaşı, ABŞ Dövlət Departamenti də ön sırada göründü. Departamentinin sözçüsü Metyu Miller Gürcüstanla strateji tərəfdaşlığı dayandırdıqlarını bəyan etdi. Estoniya, Latviya, Litva və Polşa prezidentləri birgə bəyanat yayaraq, Gürcüstan hakimiyyətinin fəaliyyətini pislədilər.

Çox aydın şəkildə görünür ki, ABŞ və Avropa İttifaqı Gürcüstanda etirazçıları gücləndirmək, hakimiyyəti zəiflətmək kursunu yürüdürlər. Faktiki olaraq, dövlət çevrilişinə təşəbbüs göstərirlər.

Müşfiq Ələsgərli

seeBaxış sayı:87
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri