Icma.az
close
up
RU
Fransanın “Urartunu erməniləşdirmək” layihəsi

Fransanın “Urartunu erməniləşdirmək” layihəsi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bu avantüra Qafqazda xristian istinadgahı yaratmağa xidmət edib

XIX əsrin birinci yarısından başlayaraq Avropa dövlətlərinin, xüsusilə də Fransanın Qədim Şərq xalqlarının mədəni irsinə diqqəti artıb. Bu, yalnız elmi maraq deyildi, həm də siyasi məqsədlər güdürdü. Fransa tərəfindən Osmanlı imperiyasının şərq torpaqlarında həyata keçirilən tədqiqat layihələri, o cümlədən “Urartu layihəsi” bölgədə yaşayan etnik qruplar üçün süni şəkildə yeni “qədim tarix” konsepsiyalarının formalaşdırılmasına xidmət edirdi. Bu kontekstdə Urartu mədəniyyəti və onun əsas şəhərlərindən biri olan İrbuni (bugünkü Yerevan yaxınlığında yerləşən) ətrafında aparılan tədqiqatlar əhəmiyyət daşıyır.

AMEA Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə XQ-yə bildirdi ki, Urartu dövləti eramızdan əvvəl IX əsrin ortalarında Van gölü hövzəsində meydana gəlib:

– Mənbələrdən məlum olur ki, bu dövlətin hökmdarı I Argişti e.ə. 782-ci ildə Orta Araz hövzəsində yerləşən Aza xalqının ölkəsində İrbuni şəhər-qalasını inşa etdirib. Bu abidənin qalıqları müasir Ermənistanın paytaxtı Yerevanın cənub-şərqindəki təpə üzərində yerləşir. XIX əsr mənbələrində bu ərazi yerli azərbaycanlılar tərəfindən “Qanlı təpə” və ya “Qanlı qala” adlandırılıb.

Fransanın Şərqi Anadoluda arxeoloji tədqiqatlara başlaması isə yalnız elmi maraqla izah olunmur. 1827-ci ildə Fransa Xarici İşlər Nazirliyinin göstərişi ilə bölgəyə göndərilən Fridrix Eduard Şultsun əsas vəzifələrindən biri Van gölü ətrafındakı “qədim erməni şəhərlərinin” izlərini tapmaq idi. O, bir çox Urartu abidələrini, o cümlədən Van qalasındakı Urartu məzarlarını qeydiyyata alıb və 42 ədəd mixiyazılı kitabənin üzünü köçürərək Parisə göndərib. Lakin yazıların dilini bilmədiyi üçün onları tərcümə edə bilməyib. İlk dəfə Urartu mədəniyyətinə aid tapıntıların Aşşur mənbələrində bəhs edilən urartululara aid olduğu fikrini 1847–1870-ci illərdə Luvr Muzeyinin Antik dövr şöbəsinin rəhbəri olmuş fransız arxeoloqu Adrian Prevost de Longperier irəli sürüb.

Beləliklə, XIX əsrin 20-ci illərində Osmanlı dövlətinin şərq torpaqlarında ilk Urartu abidələrinin öyrənilməsinə dair təşəbbüs Fransa tərəfindən göstərilib. Fransa bu vasitə ilə Osmanlı torpaqlarında yaşayan etnik azlıqlara, xüsusilə ermənilərə aid qədim tarix hazırlamağa cəhd edib. Bu fakt göstərir ki, həmin dövrdə elmi araşdırmalar siyasi və ideoloji məqsədlərə xidmət edib. Fransanın “Urartu layihəsi” erməni xalqı içərisində şovinist meyillərin, antitürk ünsürlərinin və terrorizmin inkişafına zəmin yaradıb.

Müsahibimiz əlavə etdi ki, Urartu mixiyazılı mənbələrində İrbuni şəhəri konkret olaraq Aza xalqının ölkəsində salınmış qədim qala-şəhər kimi təqdim olunur:

– Aza çayı (bugünkü “Azat” çayı) və Göyçə gölü ətrafı bu toponimlə bağlıdır. Hazırda Azərbaycanın Naxçıvan bölgəsində yerləşən Aza kəndi də bu tarixi toponimin davamı kimi qiymətləndirilir. Lakin erməni tədqiqatçılar, o cümlədən N.V.Arutyunyan, bu adları təhrif edərək “Uaza” və ya “Vaza” formasında oxumağa cəhd göstərib və Urartu irsini erməni tarixi ilə əlaqələndirmək niyyətində olub.

Eyni zamanda, İrbuni adı da məqsədyönlü şəkildə “Erebuni” formasına salınıb. Bu təhriflər nəticəsində Yerevanın adının guya Urartu mənşəli olduğu iddia edilir. Halbuki müstəqil tədqiqatçılar, məsələn, G.A.Melikişvili və M.V.Nikolski bu adı düzgün şəkildə “İrbuni” və ya “İrpuni” kimi oxuyub və onun tarixini yalnız Urartu dövrü ilə məhdudlaşdırıb. Nikolski həmçinin bölgədə saxta mixiyazılı kitabələrin yerləşdirilməsi faktlarını araşdıraraq, erməni məskunlarının saxta tarix yaratmaq cəhdlərini ifşa edib. (“Фальшивая клинообразная надпись из Эриванской губернии”, Археологические Известия и Заметки, № 4, Москва, 1896). Bu saxta kitabələrdən biri hazırda Gürcüstan Tarix muzeyində saxlanılır. Həmin kitabə yaşayış evlərindən birinin ana divarına bərkidilmiş vəziyyətdə aşkar olunub.

Tədqiqatçı vurğuladı ki, Urartu irsinə dair ən geniş və əhəmiyyətli mənbə Horhor kitabəsidir. Bu kitabədə I Argişti tərəfindən İrbuni şəhərinin qurulması, məqsədləri və bu əraziyə yerləşdirilən əhali haqqında ətraflı məlumat verilir:

– Yazılarda qeyd olunur ki, İrbuni şəhəri boş ərazidə salınıb və buraya müxtəlif bölgələrdən gətirilmiş 6 min 600 nəfərlik hərbi qüvvə yerləşdirilib. Bu fakt Urartu şəhərinin etnik tərkibinin sonrakı dövrlərdə məqsədyönlü şəkildə dəyişdirildiyini göstərir. İrəvan şəhəri XIX əsrin sonlarınadək bu adla tanınmış və yerli əhali tərəfindən “İrəvan” kimi adlandırılıb. Yalnız 1918-ci ildən sonra bu ad dəyişdirilərək erməniləşdirilib, 1936-cı ildə isə SSRİ rəhbərliyinin qərarı ilə rəsmi şəkildə “Yerevan” formasını alıb. Bu dəyişikliklər Urartu irsinin siyasi kontekstdə mənimsənilməsinin birbaşa nəticəsi kimi qiymətləndirilə bilər.

Ramin Əlizadənin sözlərinə görə, Urartu irsi, xüsusilə də İrbuni şəhər-qalası ilə bağlı aparılan araşdırmalar göstərir ki, bu mədəniyyət Qafqaz və Şərqi Anadoluda tarixi gerçəkliklərin təhrif olunması meyillərinin mərkəzində dayanır. XIX əsrdə Fransa və digər Avropa dövlətləri tərəfindən həyata keçirilən “elmi ekspedisiyalar” yalnız tədqiqat məqsədi daşımamış, bölgədəki etnoslar üçün siyasi baxımdan əlverişli “qədim tarix” formalaşdırmağa yönəlibdir. İrbuni adının “Erebuni” formasında təqdim olunması, Aza toponiminin saxtalaşdırılması və bölgədə saxta kitabələrin yerləşdirilməsi bu siyasətin konkret təzahür formalarıdır. Müasir elmi yanaşmanın əsas vəzifəsi bu cür təhrifləri ifşa etmək və Urartu irsinin gerçək tarixi kontekstini ortaya çıxarmaq olmalıdır.

İrbuni toponiminin mənşəyi uzun illərdir müxtəlif versiyalarla izah edilməyə çalışılsa da, arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələri bu adın mənşəyi ilə bağlı daha dolğun və elmi əsaslandırılmış yanaşmalar təqdim edir. Urartu memarlığına xas olan xüsusiyyətlərdən biri də məbəd divarlarında tanrı və tanrıça təsvirləridir. İrbuni şəhərində aparılan qazıntılar zamanı belə təsvirlərdən biri — Urartunun baş tanrısı Haldinin şir üzərində təsviri — tapılmışdır. Tanrı Haldinin həyat yoldaşı isə Urartu panteonunun mühüm qadın ilahəsi olan Arubani hesab olunur.

Teyşebaini (Qırmızı təpə) şəhərindən çıxarılan Arubaninin təsviri olan gümüş medalyon, Van gölü hövzəsindəki Torpaqqaladan (Rusahinili) tapılmış qızıl medalyon, eləcə də Ermənistan Dövlət Tarix Muzeyində saxlanılan oturmuş formada tunc Arubani heykəli göstərir ki, İrbuni toponimi bu qadın ilahənin adı ilə bağlı ola bilər. Buradan belə nəticəyə gəlmək mümkündür ki, “İrbuni” toponimi “Arubani” teonimi ilə eyni kökə sahib olmuş və Urartu dini dünyagörüşü ilə bağlı olaraq formalaşıb.

R.Əlizadə daha sonra dedi ki, Urartu hökmdarlarının Orta Araz hövzəsində və Göyçə gölü ətrafında inşa etdikləri qala və şəhərlər Assuriya kimi hərbi-siyasi təhdidlərdən uzaqda yerləşdiyindən bu bölgədəki abidələr daha uzunömürlü olub:

– Lakin eramızdan əvvəl VII əsrin əvvəllərində Urartu dövlətinə son qoyan qüvvələr şimaldan gələn kimmerlər və iskitlər olub. İrəvanın cənub-qərbində yerləşən Teyşebaini şəhər-qalasında aparılan arxeoloji qazıntılar zamanı iskit mədəniyyətinə aid ox ucluqları, at ləvazimatları və müxtəlif silahların tapılması bu süqutun maddi sübutu kimi dəyərləndirilir.

1963-cü ildə İrəvanın cənub-şərqində, Gərni (indiki “Garni”) yaxınlığında, I Argiştinin hakimiyyəti dövrünə aid Urartu kitabəsi aşkar olunub. Bu kitabədə ərazi Giarniani ölkəsi kimi qeyd olunur və burada hakimiyyətin Siluni adlı bir hökmdara məxsus olduğu bildirilir. “Giarniani” toponiminin müasir “Gərni” formasında qorunması, qədim coğrafi adların bölgənin azərbaycanlı yerli əhalisi tərəfindən uzun müddət saxlandığını göstərən mühüm sübutlardan biridir.

Alimin sözlərinə görə, Urartu xalqının etnik və mədəni mənsubiyyəti uzun müddət elmi müzakirə mövzusu olub:

– Tanınmış türk arxeoloqu Afif Erzen öz tədqiqatlarında Urartu dilinin semitik və hind-avropa dillərindən fərqli olaraq Asiatik bir dil ailəsinə, xüsusilə Hurri dilinə yaxın olduğunu qeyd edibr. Bu nəticə yalnız arxeoloji materiallara deyil, həm də Assur mənbələri və dilçilik analizlərinə əsaslanır. Erzen həmçinin Urartu və Hurri tayfalarının Kür-Araz mədəniyyətinin davamçıları olduğunu vurğulayıb.

Alman şərqşünası və diplomat Andreas David Mordtmann isə hələ XIX əsrdə yazdığı elmi əsərlərdə Urartu və erməni dilləri arasında heç bir qohumluğun mövcud olmadığını sübut edib. O, Urartu toponimlərini Azərbaycan türkcəsindəki yer adları ilə müqayisə edərək bu mirasın bölgənin türk-müsəlman əhalisinə daha yaxın olduğunu göstərib. Mordtmann “İskiqulu” və “Açıqqala” (Adçuk Qala) kimi toponimləri buna misal kimi təqdim edir.

Linqvistik baxımdan Urartu dili morfoloji və sintaktik quruluşuna görə aqlütinativ (iltisaqi) sistemə malik olub. Bu xüsusiyyət onu Hurri dili ilə qohumlaşdırır. Əksinə, erməni dili flektiv (çəpli) quruluşdadır və Hind-Avropa dil ailəsinə daxildir. Bu fakt, hər iki xalqın dil mənsubiyyəti baxımından tamam fərqli etnoslara məxsus olduğunu göstərir. Antik yazılı mənbələr də bu fərqliliyi təsdiq edir. Qədim yunan tarixçisi Herodot öz əsərində ermənilərin Friqiyadan gələn köçkünlər olduğunu yazır:

“Ἀρμένιοι δὲ κατά περ Φρύγες ἐσεσάχατο, ἐόντες Φρυγῶν ἄποικοι.”

("Ermənilər friqlər kimi silahlanmışdılar, çünki onlar friqlərin köçkünləridir." – Herodot, Tarix, VII.73)

Bu məlumat sübut edir ki, ermənilər Urartu dövləti mövcud olduğu dövrdə bu ərazidə yaşamayıb, bölgəyə sonradan gəliblər. Bütün bu faktlar əsasında belə nəticəyə gəlmək olar ki, Urartu mədəniyyəti nə etnik, nə də dil baxımından müasir erməni xalqı ilə əlaqəli deyil. Urartulular Hurri mənşəli, Kür-Araz mədəniyyətinin varisləri olmuşlar və onların mədəniyyəti coğrafi baxımdan da indiki Ermənistanla məhdudlaşmır, daha geniş şəkildə Qafqaz və Azərbaycan torpaqlarını əhatə edirdi. Ermənilərin Urartu irsini özününküləşdirməyə çalışması və bu qədim mədəniyyəti “erməni sivilizasiyası” kimi təqdim etməsi isə yalnız siyasi motivlərlə izah oluna bilər. Tarixi və dilçilik dəlilləri göstərir ki, müasir Ermənistan Respublikasının yerləşdiyi ərazidə Urartu abidələri mövcud olsa da, bu abidələrin bugünkü erməni xalqı ilə nə etnik, nə də mədəni bağlılığı yoxdur.

Tarixçi alim sonda bildirdi:

– Urartu mədəniyyəti bütövlükdə bəşəriyyətə məxsus olan qədim sivilizasiya nümunəsidir və bu irs üzərində siyasi, etnik və ideoloji iddiaların qurulması, tarix elminin siyasiləşdirilməsi və şovinist məqsədlərə xidmət etməsi yolverilməzdir. Tarix elmi obyektiv yanaşmanı, mənbələrə əsaslanan təhlili və elmi dürüstlüyü tələb edir. Bu prinsiplərə sadiq qalmaq, Urartu irsini də məhz bu şəkildə dəyərləndirmək ən doğru yanaşmadır.

Söhbəti hazırladı:
Ə.PÜNHAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see583

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see262

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see251

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see146

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see142

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see140

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see139

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see139

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see133

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see132

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see132

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see131

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see131

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see128

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see126

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see124

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see124

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see120

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see119

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri