Gecə növbəsi qanunvericilikdə necə tənzimlənir?
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Müasir iş həyatında bir çox sahələr səhiyyə, nəqliyyat, sənaye, xidmət və media sektoru fasiləsiz fəaliyyət tələb edir. Bu isə yüzlərlə əməkdaşın gündüz deyil, gecə saatlarında işləməsi deməkdir.
Modern.az Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələri əsasında əsas məqamları nəzərdən keçirib.
Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, saat 22:00-dan səhər saat 06:00-dək olan müddət gecə vaxtı sayılır. Qanunvericilik bəzi kateqoriya işlər üçün gecə saatlarında əlavə güzəşt də nəzərdə tutur: əmək şəraiti ağır və zərərli olan iş yerlərində, eləcə də xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Bu qayda həm işçinin sağlamlığının qorunmasına, həm də gecə yükünün balanslaşdırılmasına xidmət edir.
Gecə və ya növbəli rejimdə çalışanlar üçün ən həssas məqamlardan biri iş növbələri arasındakı bərpa müddətidir. 103-cü maddənin 4-cü hissəsinə görə, işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı ən azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində isə işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.
98-ci maddə gecə vaxtı yerinə yetirilən işlərə cəlb etmə zamanı xüsusi sosial və tibbi təminatları müəyyənləşdirir:
18 yaşdan aşağı işçilər: Gecə vaxtı yerinə yetirilən işlərə yaşı 18-dən az olan işçilərin cəlb edilməsinə qəti yol verilmir.
Əlilliyi olan işçilər: Bu kateqoriyadan olan şəxslər gecə işinə yalnız öz yazılı razılıqları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
Ailə və sağlamlıq vəziyyəti ilə bağlı həssas qruplar: Hamilə qadınlar, 14 yaşınadək uşağı olan və ya əlilliyi olan uşağı tərbiyə edən qadınlar (Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), həmçinin üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı görülən işlərə yalnız yazılı razılıqları əsasında cəlb oluna bilərlər.
Qanunvericilik təkcə qadağa və məhdudiyyətlərlə kifayətlənmir, həm də işin təşkilində çeviklik və sosial yanaşma tələb edir. 98-ci maddənin 4-cü hissəsinə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və işçi gecə növbəsinə təyin olunarkən onun xüsusi ehtiyacları, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə bağlı hallar əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.
Nəticə etibarilə, gecə növbəsi həm işəgötürəndən dəqiq qrafik və qanuni prosedurlara əməl etməyi, həm də işçidən öz hüquq və təminatlarını bilməyi tələb edir. Aydın qaydalar və düzgün qurulmuş növbə cədvəli həm əmək məhsuldarlığını artırır, həm də mümkün əmək mübahisələrinin qarşısını alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 24 Noyabr 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















