Icma.az
close
up
RU
Gənc tədqiqatçı ilə Azərbaycan arxeologiyasının izində Prezident mükafatçısı ilə müsahibə

Gənc tədqiqatçı ilə Azərbaycan arxeologiyasının izində Prezident mükafatçısı ilə müsahibə

Bakı, 5 fevral, AZƏRTAC

Tarixin dərin qatlarına enmək, torpağın altında əsrlərlə susmuş sirləri üzə çıxarmaq, daşların, keramika parçalarının, qədim tikililərin dilini çözmək... Arxeologiya yalnız qazıntılar və artefaktlarla məhdudlaşan bir elm deyil. Bu, keçmişi anlamaq, itmiş dünyaları dirçəltmək və tariximizin unudulmuş səhifələrini yenidən yazmaq missiyasıdır.

Bu missiyanın fədakar daşıyıcılarından biri də istedadlı gənc arxeoloq Mircavid Ağalarovdur. O, illərdən bəri torpağın altına həkk olunmuş tariximizin sirrini açmaq üçün elmi araşdırmalar aparır, beynəlxalq ekspedisiyalarda iştirak edir və Azərbaycan arxeologiyasını dünya miqyasında təmsil edir. Onun zəhməti və elmi nailiyyətləri bu gün ən yüksək səviyyədə qiymətləndirilib – ötən həftə AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Mircavid Ağalarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Gənclər üçün Prezident mükafatına layiq görülüb.

AZƏRTAC Prezident mükafatçısı, AMEA Arxeologiya və Antropologiya İnstitutunun doktorantı Mircavid Ağalarovla müsahibəni təqdim edir.

- Elmə, arxeologiyaya olan marağınız nə zaman və necə formalaşıb? Bu sahəyə gəlməyinizdə xüsusi rol oynayan bir hadisə və ya şəxs olubmu?

- Arxeologiya ilə ilk tanışlığım Tarix fakültəsində bakalavr təhsili aldığım dövrlərə gedib çıxır. O zaman biz arxeologiyaya giriş fənnini keçirdik. İlk dəfə nəzəri şəkildə arxeologiya ilə o fənn vasitəsilə tanış oldum. Təsadüfən elə həmin dövrdə arxeoloji qazıntılarda iştirak etmək şansı qazandım. Bu da Oksford Universiteti ilə Moskva Dövlət Universitetinin Bakı filialının birgə reallaşdırdığı “Bərdənin arxeoloji tədqiqi” layihəsi idi. Həmin qazıntılarda 2017-ci ildə bakalavr tələbəsi olaraq iştirak etmişdim. O zaman təsəvvür belə etməzdim ki, mən karyerama arxeologiya elmi ilə davam edəcəyəm. Arxeologiyanın nəzəri istiqamətini sevmişdim və praktikasını sevəndən sonra əmin oldum ki, mən arxeoloq olmalıyam, bu elmin sirlərinə yiyələnməyə davam etməliyəm.

- Qeyd etdiniz ki, tələbə olduğunuz illərdə Oksford Universiteti və Moskva Dövlət Universitetinin birgə layihələrində iştirak etmisiniz. Bu layihələr sizin üçün hansı yeni üfüqləri açdı?

- “Bərdənin arxeoloji tədqiqi” layihəsi dördillik layihə idi və 2015-2018-ci illəri əhatə edirdi. Mən 2017-ci və 2018-ci illərdə aparılmış çoxsaylı tədqiqat işlərində iştirak etmişəm. Həmin layihədə 20-dən çox mütəxəssis tədqiqatda iştirak edirdi və həmin böyük komandanın təkcə üç üzvü azərbaycanlı idi, onlardan da biri tələbə olaraq mən idim. Avropalı mütəxəssislərlə işləmək mənə böyük bir təcrübə qazandırdı. İlk olaraq Avropa Arxeologiya Məktəbinin konsepsiyaları, arxeoloji yanaşmaları ilə tanış oldum. Həm tələbə olduğum dövrdə, həm də məhz bu qazıntılar sayəsində mən ilk dəfə arxeoloji tədqiqatda iştirak etdim və tam əmin oldum ki, gələcək karyeramı arxeoloji qazıntılarla, arxeologiya elmi ilə davam etdirəcəyəm. Onu da deyim ki, həmin qazıntıların nəticələri ilə bağlı 2020-ci ildə İngiltərənin Oksford şəhərində böyük bir konfrans təşkil edilmişdi və mən də həmin qazıntıların iştirakçısı olduğumdan bu böyük konfransa dəvət almışdım. Beləliklə, 2020-ci ilin fevral ayında Oksford Universitetindəki həmin konfransda iştirak etmək hüququ qazandım.

- Siz Azərbaycan ərazisində Səlcuq dövrünə aid fayans məmulatlarını tədqiq edirsiniz. Bu araşdırmanın Azərbaycan tarixi üçün əhəmiyyəti nədən ibarətdir?

- Qeyd edim ki, fayans Orta əsr İslam Şərqində silikat əsaslı, gildən hazırlanmış keramika məmulatıdır. Azərbaycan ərazisində də Orta əsr dövrünə aid abidələrdən xeyli fayans məmulatı əldə edilib. Amma bu fayans məmulatları heç vaxt vahid bir formada, vahid bir tədqiqat işinin obyekti olmayıb. Düzdür, bəzi monoqrafiyalarda onlarla bağlı qısaca məlumat verilib, spesifik fayans növləri haqqında bir neçə məqalə yazılsa da, məhz Səlcuq dövrünə aid fayanslar kompleks halda heç vaxt bir tədqiqatın mövzusu olmayıb. Bunu nəzərə alsaq, araşdırmanın əhəmiyyəti böyükdür. Digər tərəfdən isə Səlcuq dövrü fayanslarının mənşəyi Azərbaycan arxeologiyasında çox əhatəli bir problemdir. Bir qrup tədqiqatçı onların yerli istehsal olduğu fikrindədir, digər qrup tədqiqatçı isə onların gətirilmə olduğunu iddia edir. Bu problem sovet dövrü Azərbaycan arxeologiyasının ən böyük mübahisəli məsələlərindən biridir və bu günümüzə qədər açıq bir sual olaraq qalır. Mən həmin problemi tədqiqatımda kompleks şəkildə, texnoloji xüsusiyyətlər əsasında, həmçinin müasir elmin bizə verdiyi imkanlardan istifadə edərək kimyəvi analizlər vasitəsilə onların mənşəyi barədə daha aydın bir fikir əldə etməyə çalışıram.

- 11 fərqli çöl tədqiqatında iştirak etmisiniz. Bunlardan hansı sizin üçün ən maraqlı və yaddaqalan idi? Arxeoloji qazıntılar zamanı sizi ən çox həyəcanlandıran tapıntı nə olub?

- Mən, doğrusu, Azərbaycanın regionlarında müxtəlif dövrlərə aid abidələrdə tədqiqat işlərində iştirak etmişəm. Neolit dövründən son orta əsrlərə qədər olan dövrləri əhatə edən abidələrdə arxeoloji tədqiqatlarda olmuşam. Şəmkir, Bərdə, Ağcabədi, Ağdam, Zəngilan, Şəki və Qobustanda aparılmış tədqiqatlarda iştirak etmişəm. Doğrusu, hər hansı tədqiqatı və ya arxeoloji qazıntını digərindən fərqləndirmək çətindir. Hər birinin özünəməxsus tərəfləri olub. Çünki arxeoloqun işi çöldə olur və çöl həyatı həmişə kabinet həyatından daha maraqlı keçir. Əgər böyük təəssürat doğuran tədqiqatlardan birini seçməli olsam, mən məhz ilk iştirak etdiyim qazıntını qeyd edərdim, çünki o vaxt heç təcrübəm yox idi, çox şey insana qəribə və maraqlı gəlirdi. Hər şeyə təəccüblənirsən və hər an yeni bir məlumat əldə edirsən. Tapıntılara gəldikdə isə mən şəxsən indiyə qədər aşkar etdiyim bütün tapıntıları çox sevirəm. Hər bir tapıntı, hətta iş prosesinin ən kiçik bir anının belə elmi, tarixi əhəmiyyəti var. Amma ən maraqlı tapıntı kimi 2018-ci ildə Bərdə ərazisində aparılan tədqiqatlarda aşkar etdiyimiz bir baş bəzəyini göstərə bilərəm. Bu baş bəzəyi, baş sancağı toyuq formasında idi və gözəl şəkildə işlənmiş sümükdən hazırlanmışdı. Azərbaycan tarixində belə bir baş bəzəyinə rast gəlinməyib. Bu səbəbdən də elmi baxımdan bu tapıntını ən maraqlı saymaq olar.

- Azad olunmuş ərazilərdə Qarabağın arxeoloji xəzinəsini araşdırarkən tədqiqatların nəticələri elmi hansı yeni tarixi bilgilərlə zənginləşdirir?

- Qarabağ və Şərqi Zəngəzur ərazilərinin Vətən müharibəsi nəticəsində işğaldan azad edilməsi Azərbaycan tarixinin ən əhəmiyyətli hadisəsidir. Qarabağ ərazisi həm təbii sərvətlər, həm də tarixi-arxeoloji irs baxımından çox zəngin bir ərazidir. Mən Qarabağ və Şərqi Zəngəzur ərazilərində iki abidədə aparılan arxeoloji tədqiqatlarda iştirak etmişəm. Zəngilan rayonunda yerləşən Şəhri-Şərifan şəhər yerində və Ağdam rayonunda yerləşən Çinartəpə təhlükəli (minalanmış) yaşayış yerində olmuşam. Bu abidələr unikal və əhəmiyyətlidir. Hər iki abidə müxtəlif dövrlərə aiddir, həmçinin xarakteristik xüsusiyyətlərinə görə fərqlənir. Şəhri-Şərifan şəhər yeri XIII-XVI əsrlər dövrünə işıq tutur. Bu dövr Azərbaycan arxeologiyasının çox az araşdırılmış dövrüdür, xüsusən də monqol dövrü və postmonqol dövrü ilə əlaqədar çox az məlumat əldə edilib. Çinartəpə isə IX-X əsr İslam dövrünə aid yaşayış yerini araşdırmaq üçün mühüm bir abidədir.

- Siz ABŞ, İngiltərə, Fransa və digər ölkələrdə keçirilən konfranslarda Azərbaycanı təmsil etmisiniz. Beynəlxalq elmi platformalarda ölkəmizin arxeoloji irsi necə qarşılanır?

- Həm Avropa, həm də Amerika elmi ictimaiyyəti Azərbaycan arxeologiyası haqqında məlumatlara böyük maraq göstərir. Çünki sovet dövründə Azərbaycan elmi, Azərbaycan arxeologiyası haqqında çox az informasiya olub və Avropa elmi ictimaiyyəti üçün Azərbaycan haqqında hər bir yeni məlumat çox qiymətlidir. Lakin bəzən mütəxəssislər arasında konseptual fikir ayrılıqları yaranır. Bunun da səbəbi bəzən avropalı mütəxəssislərin Azərbaycanın maddi mədəniyyəti ilə yaxından tanış olmamalarıdır. Bizim məqsədimiz isə onların qərəzli fikirlərinə qarşı elmi əsaslara söykənən doğru məlumatları təqdim etməkdir.

- UNESCO-nun İpək Yolu layihəsində iştirak etmisiniz. Gəncənin IX-XV əsrlərə aid keramikası barədə araşdırmalarınız hansı yeni elmi nəticələri ortaya qoydu?

- “Gəncənin IX-XV əsrlərə aid şirli keramikası” layihəsi kifayət qədər genişmiqyaslı və əhəmiyyətli bir elmi tədqiqat idi. Bu layihəyə Azərbaycan tərəfindən akademik Şahin Mustafayev və akademik Nailə Vəlixanlı rəhbərlik edirdi. Tarix elmləri doktoru Tarix Dostiyev burada mühüm elmi araşdırmalar aparmışdı. Layihədə, həmçinin Özbəkistandan olan tarix üzrə fəlsəfə doktoru Ayçılı İskəndiyarova iştirak edirdi.

Bu çərçivədə birgə çox fundamental bir elmi-tədqiqat işi ortaya qoyuldu. “Gəncənin şirli keramikası” adlı elmi nəşr hazırlandı və 2024-cü ilin dekabr ayında bu nəşrin geniş təqdimat mərasimi keçirildi. Layihənin elmi əhəmiyyəti ondan ibarət idi ki, Gəncə keramikası, xüsusilə Gəncənin şirli keramikası ilk dəfə genişmiqyaslı arxeoloji tədqiqatlara cəlb olundu. Bundan başqa, Azərbaycan arxeologiyası tarixində ilk dəfə 1500-ə yaxın keramika nümunəsinin kataloqu yaradıldı. Bu nümunələr dövrlərə və tipoloji xüsusiyyətlərə uyğun olaraq təsnifləşdirildi. Həmin kataloqun formalaşdırılmasında mən də yaxından iştirak etdim.

- Gənclər üçün Prezident mükafatına layiq görülmək sizə görə nə deməkdir? Bu mükafat gələcək fəaliyyətinizdə sizə hansı stimulu verir?

- Azərbaycan Respublikasının gəncləri üçün nəzərdə tutulan Prezident mükafatına layiq görülmək mənim üçün qürur mənbəyidir. Bu mükafat təkcə sevinc hissi deyil, eyni zamanda, böyük məsuliyyətdir. Gələcək fəaliyyətimdə və elmi tədqiqatlarımda daha məsuliyyətlli olmaqla bu mükafatın mənə bəxş etdiyi etimadı doğrultmağa çalışacağam.

Bundan əlavə, indiyə qədər olan fəaliyyətimin yüksək qiymətləndirilməsi və elmi nailiyyətlərimin dövlət səviyyəsində dəyərləndirilməsi mənim üçün böyük bir stimul və motivasiya mənbəyidir. Bu mükafatı yalnız uğurlarımın qiymətləndirilməsi kimi deyil, eyni zamanda, gələcəkdə daha genişmiqyaslı araşdırmalara və yeni elmi kəşflərə töhfə verməyə bir təşviq və məsuliyyət kimi qəbul edirəm.

- Arxeologiya və Antropologiya İnstitutundakı elmi fəaliyyətinizdə gələcək üçün planlarınız var? Azərbaycan arxeologiyasının inkişafına hansı töhfələri verməyi hədəfləyirsiniz?

- Planım arxeologiya sahəsində ciddi və dərin araşdırmaları davam etdirməkdir. Çünki arxeologiya mənim üçün sadəcə bir elmi sahə deyil, həm də böyük bir maraq və ehtirasdır. Mən əsasən orta əsrlər dövrü, xüsusilə də İslam dövrü arxeologiyası ilə məşğul oluram. Baxmayaraq ki, bu sahədə artıq 100 ilə yaxındır tədqiqatlar aparılır, amma hələ də cavabsız qalan çoxlu suallar və həllini gözləyən elmi problemlər mövcuddur. Gələcək elmi fəaliyyətimdə bu açıq qalan suallara cavab tapmaq və mövcud problemləri həll etmək mənim əsas hədəfimdir. Bununla yanaşı, Azərbaycan arxeologiyasını beynəlxalq elmi arenada daha geniş tanıtmaq və yeni tədqiqat metodlarının tətbiqini həyata keçirmək istəyirəm.

- Elm yolunda irəliləmək istəyən gənclərə nə tövsiyə edərdiniz? Arxeoloq olmaq üçün hansı xüsusiyyətlər və yanaşma vacibdir?

- Fikrimcə, arxeoloq olmaq üçün ən vacib xüsusiyyət bu sahəyə dərin maraq və sevgi bəsləməkdir. Arxeologiya son dərəcə maraqlı, eyni zamanda, çətin və fədakarlıq tələb edən bir sahədir. Biz səhərdən axşama qədər çöl tədqiqatlarında çalışır, bəzən ekstremal şəraitlərdə araşdırmalar aparırıq. Belə intizamlı və intensiv iş rejimində ən böyük motivasiya isə arxeologiyaya olan sevgidir.

Arxeologiyanı sevən insan üçün bu yorucu işlər, əksinə, zövqverici və maraqlı bir prosesə çevrilir. Elmi yolda irəliləmək istəyən gənclərə isə tövsiyəm budur ki, elmin çətinliklərindən qorxmasınlar, hər an yeni biliklərə açıq olsunlar, səbir və əzmlə çalışsınlar. Həqiqi uğur və elmi kəşflər yalnız biliklərə sevgi və fədakarlıqla yanaşanların qapısını döyür.

- Arxeologiya və Antropologiya İnstitutu son illərdə beynəlxalq əməkdaşlıq və multidisiplinar yanaşmalarla müxtəlif əhəmiyyətli tədqiqatlara imza atır. Beynəlxalq ekspedisiyalar və müasir tədqiqat metodlarının gənc arxeoloqların peşəkar inkişafına və arxeologiyanın gələcəyinə necə təsir edir?

- Qeyd edim ki, bu tədqiqatların nəticələri yalnız arxeologiyanın inkişafına töhfə deyil, həm də elmi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyət daşıyır. Bu tədqiqatlar sayəsində tarixi abidələrin sənədləşdirilməsi, bərpası və mühafizəsi sistemli şəkildə həyata keçirilir, eləcə də milli kimliyimizin, mədəni irsimizin dərinliklərinə işıq salınır. Beləliklə, əldə edilən elmi nəticələr təkcə akademik dairələr üçün deyil, həm də cəmiyyət üçün əvəzsiz bilik mənbəyi rolunu oynayır və gələcək nəsillərə zəngin tarixi mirasın ötürülməsini təmin edir.

İnstitutun son vaxtlar həyata keçirdiyi tədqiqatlar həm elmi biliklərin genişlənməsinə, həm də gənc arxeoloqların peşəkar inkişafına ciddi təsir göstərir.

Son illərdə institut müasir tədqiqat metodlarını tətbiq etməklə arxeologiya elmini yeni mərhələyə yüksəldib. Lazer skanerləri, geofiziki tədqiqatlar, radiokarbon analizi və digər innovativ üsullar sayəsində tədqiqatlar daha dəqiq və informativ olur. Bu yanaşma gənc mütəxəssislərə təkcə sahə işlərini deyil, həm də interdisiplinar araşdırmaları dərindən mənimsəməyə imkan yaradır.

Həm AMEA rəhbərliyinin strateji dəstəyi, eləcə də institutun direktoru Fərhad müəllimin peşəkar və yenilikçi rəhbərliyi sayəsində aparılan elmi tədqiqatlar yeni keyfiyyət mərhələsinə qədəm qoyub. AMEA rəhbərliyi tərəfindən elmin inkişafına yönəlmiş xüsusi proqramlar, layihələr və beynəlxalq əməkdaşlığa verilən önəm sayəsində institutun fəaliyyət dairəsi genişlənib, tədqiqatların miqyası əhəmiyyətli dərəcədə artıb. Bu dəstək yalnız institutun daxili resurslarını gücləndirməklə kifayətlənməyib, həm də Azərbaycan arxeologiyasının qlobal səviyyədə tanınmasına və elmi müəssisə kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradıb.

Bu gün beynəlxalq ekspedisiyalar vasitəsilə təkcə Azərbaycanın deyil, ümumilikdə regionun arxeoloji irsinin öyrənilməsi prosesi sürətlənir. Müxtəlif ölkələrin tanınmış alimləri ilə qurulan elmi tərəfdaşlıq, yeni metodologiyaların tətbiqi və müasir texnologiyaların istifadəsi institutun dünya elmi arenasında nüfuzunu daha da artırır. Bu yanaşma arxeologiya sahəsində inqilabi nailiyyətlərə yol açmağa xidmət edir.

seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri