Gəncədə derbi, Zirədə mərkəzi oyun
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında III tura start veriləcək. Açılış matçında “Qəbələ” azarkeşləri önündə “Şamaxı”nı qəbul edəcək. “Şəfa” “İmişli”ni, son çempion “Sabah” isə “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Gəncə şəhər stadionunda Qərb derbisi olacaq. Konfrans Liqasına vida edən “Qarabağ” “Sumqayıt”la səfərdə üz-üzə gələcək. Turun mərkəzi görüşündə lider “Neftçi” “Zirə”nin müqavimətini qırmağa çalışacaq.
29 avqust, 18:00 Qəbələ – Şamaxı
Autsayder “Qəbələ” üçün bu matç xüsusi önəm daşıyır. Cari mövsüm qələbə qazana bilməyən “qırmızı-qaralar” bu turda da məğlub olarsa, baş məşqçi Kaxaber Sxadadze istefaya göndərilə bilər. Ardıcıl uğursuz nəticələr klub rəhbərliyi və eyni zamanda fanatların narazılığına səbəb olub. Ötən turda “Şəfa”ya məğlubiyyətdən sonra da gürcüstanlı mütəxəssis “istefa” şüarlarına məruz qalıb.
“Şamaxı” isə Azər Bağırovun rəhbərliyi altında mövsümə yaxşı başlayıb. İlk turda “Qarabağ”a məğlubiyyətdən sonra Tovuz səfərindən bir xalla dönən bölgə təmsilçisi oyun planında da pis təsir bağışlamır. Mövqelər üzrə kompakt oynayan “şirlər”də əsas çatışmazlıq hücum xətti ilə bağlıdır. Komanda irəlidə effektsizdir. Buna baxmayaraq, turlar keçdikcə “Şamaxı”nın daha yaxşı olacağına ümid var. Sərgilənən oyun müsbət siqnallar verir.
29 avqust, 20:15 Şəfa – İmişli
Debütant “Şəfa” ilk qələbəsini ötən turda qazandı. Səfərdə “Qəbələ”ni üstələyən bakılılar oyun planında da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Komanda Premyer Liqa təcrübəsinə sahib Zaur Həşimovun başçılığı altında yenidən formalaşıb. Heyətdə kifayət qədər əcnəbi var və “Şəfa” legionerlərlə liqada qalmaq uğrunda mübarizə aparacaq. “Qəbələ” səfərindəki qələbə mütləq ki, komandaya əlavə motivasiya və inam verəcək.
“İmişli” isə hələ üç xal qazana bilməyib. Birinci turda “Araz-Naxçıvan”la heç-heçə edən “pələnglər” ötən oyunda “Zirə”yə uduzdu. Fərid Namazovun rəhbərlik etdiyi komandada çatışmazlıqlar aşkardır. Heyətlə bağlı problemlər var. Xüsusilə komandanın yarımmüdafiə xətti inamsız çıxışı ilə diqqət çəkir. Namazov “Zirə” məğlubiyyətindən sonra bu məsələni qabartdı və yeni oyunçulara ehtiyaclarının olduğunu bildirdi. Transfer dövrünün bitməsinə hələ var və “İmişli”nin daha bir neçə oyunçu gətirəcəyi ehtimal edilir.
30 avqust, 18:00 Kəpəz – Turan Tovuz
Yeni təmirdən çıxan Gəncə şəhər stadionu ilk derbiyə şahidlik edəcək. Matça böyük maraq var və artıq 6 minə yaxın bilet satılıb. Mövsümə uğursuz start verən “Kəpəz” məhz ilk qələbəsini gəncəli azarkeşlərinin önündə qazanmaq arzusundadır. Yeni arena komanda üzvləri üçün əlavə motivasiyadır. “Kəpəz” uzun müddət sonra doğma stadionunda mütləq qələbə hədəfləyir. Azər Məmmədovun rəhbərliyi altında yeni heyət formalaşdırılıb və hələlik uyğunlaşma problemi hiss edilir.
“Turan Tovuz”da isə ötən tur “Şamaxı” ilə matçda xal itirilməsi düşərgədə narahatlıq yaradıb. Fanatlar Kurban Berdıyevin işindən narazıdır. İki ildir demək olar ki, eyni futbolu nümayiş etdirən mütəxəssis oyun planında dəyişikliyə ehtiyac durmur. Müdafiədə kompakt oynayan tovuzlular hücumda effekt yarada bilmir. Əsas təhlükəli silahı standart vəziyyətlər olan “Turan Tovuz” “Kəpəz” səfərindən qələbə qazanmaqla yenidən inamı qaytarmaq arzusundadır.
30 avqust, 20:15 Zirə – Neftçi
Turun mərkəzi oyunu Zirədə baş tutacaq. Bu mövsüm hər iki oyunu qazanan “Zirə” və “Neftçi” birincilərin meydanında üz-üzə gələcək. Matçın favoriti “ağ-qaralar”dır. Yuri Vernidubun rəhbərlik etdiyi komanda iki oyunda 7 qol vurub və 1-ni buraxıb. Dinamik oyun sərgiləyən və sürətli hücumlar təşkil edən “ağ-qaralar” üçün “Zirə” ilə matç mövsümün ilk əsas sınağı olacaq. Komandaların bu arenadakı matçları daim gərgin keçir və “Neftçi” neçə ildir, liqada Zirə səfərində qələbəyə həsrətdir. Bakılılar bu turda sindromu qırmaq arzusundadır.
“Zirə”də isə heyətlə bağlı qeyri-müəyyənlik var. Bir çox aparıcı futbolçusu ilə vidalaşan “qartallar” transferdə də fəallıq göstərmir. Rəşad Sadıqov bir neçə yeni oyunçunun gələcəyini elan etsə də, hələlik düşərgədən bununla bağlı xəbər yoxdur. Kompakt futbol oynayan və əsasən uzun ötürmələrlə hücumlar quran “Zirə”nin “Neftçi”yə qarşı “bir”, yoxsa “ikinci nömrə”dən oynayacağı maraqla gözlənilir. Görüş iki komanda üçün də güclərinin müəyyən dərəcədə bilinməsi baxımından yaxşı sınaq olacaq.
31 avqust, 18:00 Araz-Naxçıvan – Sabah
Tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanmaqla böyük uğura imza atan “Sabah” liqa matçının da favoritidir. “Bayquşlar”ın düşərgəsində atmosfer yüksək səviyyədədir. Çempionlar Liqasında qazanılan uğur kollektivdə böyük inam və sevinc yaradıb. İlk turda “Kəpəz”lə matçda rotasiyalara gedən baş məşqçi Valdas Dambrauskasın bu turda da bəzi dəyişikliklər edəcəyi gözlənilir.
“Araz-Naxçıvan” isə Cavid Hüseynovun rəhbərliyi altında hələ qələbə qazana bilməyib. Ötən tur “Neftçi”yə böyük hesabla uduzan naxçıvanlılar “Sabah”la matçda da eyni aqibətlə üzləşə bilər. Komandanın müdafiə xəttində ciddi problemlər var və arxa zona boşluqlar verməyə açıqdır. “Sabah”ın heyətində bu fürsətlərdən maksimum yararlana biləcək kifayət qədər oyunçu var. “Araz-Naxçıvan”ın “futuristlər”ə qarşı məhz kompakt müdafiə olunacağı və əks-hücumlara bel bağlayacağı gözlənilir.
31 avqust, 20:15 Sumqayıt – Qarabağ
“Qarabağ” Konfrans Liqasında “Tvente” ilə matçda acı məğlubiyyət yaşadı. Avrokuboklara vida düşərgədə atmosferi pozub. Komandanın “Sumqayıt”la oyuna necə köklənməsi əsas sual yaradan məqamdır. “Kimyaçılar” ötən tur “Sabah”ın avrokubok matçına görə istirahət edib və meydana daha gümrah çıxacaq. “Qarabağ” isə “Tvente” ilə görüşdə böyük güc sərf etdiyi üçün Qurban Qurbanovun rotasiyalara gedəcəyi gözlənilir. Bu məqam “Sumqayıt” üçün üstünlükdür. Qurbanovun səfər matçında az şans qazanan oyunçuları startda meydana buraxacağı ehtimal edilir.
Kandidonun “Sumqayıt”ı ilk turda “Neftçi”yə qarşı inamsız təsir bağışladı. Xəttlərarası əlaqə yox, yeni futbolçular bir-birini anlamır. Hücum qurmaqda belə çətinlik çəkən “Kimyaçılar”ın bir həftəlik fasilədən necə yararlandığı bu matçda aydın olacaq.
Şahin Cəfərov
Baxış sayı:76
Bu xəbər 29 Avqust 2026 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















