Icma.az
close
up
RU
Gəncədə əbədiyyətə qovuşmuş ispan təyyarəçilər

Gəncədə əbədiyyətə qovuşmuş ispan təyyarəçilər

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Faşizmə qarşı mübarizə xalqları birləşdirmişdi

Bayaqdan eyni ölçüdə, eyni rəngdə, yığcam, sadə forma verilmiş, o qədər də hündür, böyük olmayan ağ mərmərdən məzar daşlarının arasını, bəlkə də, 10 dəfə dolaşmışam...Bu 19 qəbir arasında kimi axtarıram, nəyi axtarıram, heç özüm də bilmirəm. Bax bu, Xuan Baustistadır. 1916-cı ildə doğulub, 1938-ci ildə həlak olub. Cəmi 22 il ömür sürüb. Bu, Fransisko Fernandes Fonzdur. Xuandan 1 il çox yaşayıb, 23 yaşında bu dünya ilə vidalaşıb. Bu isə Fyodr Qaqarindir. Görünür, rusdur.

Beləcə, beynimdə müxtəlif qarışıq fikirlər gah o illərə gedib çıxır, gah da bu illərə qayıdıram. Yaxşı, rusları, digər slavyan xalqları bildik, onlar keçmiş ittifaq respublikalarının hamısında olub, indi də var, bircə Ermənistandan başqa. Bəs, bu ispanlar necə gəlib çıxıb bura? Yaxın keçmişə qayıdaq.

2016-cı ilin noyabrında Gəncəyə səs yayıldı ki, qohumlarının məzarlarını ziyarət etməyə İspaniyadan qonaqlar gəliblər. O vaxta kimi, yerli sakinlərin hamısı bilməsə də, əksəriyyət bir qrup ispanın və digər millətlərdən olan 19 təlimatçı-pilotun Gəncədə dəfn olunduqlarından xəbərdar idi. Onlar şəhərin çıxışında, “Daş körpü” adlanan qəbiristanlığın ərazisində dəfn olunmuşdular və təbii ki, indiki vəziyyətdə deyildi. Hazırda bu yerlər abadlaşdırılıb və “Yeni Səbiskar” qəbirstanlığındakı Fəxri xiyabanın ərazisidir. Akademik Fuad Əliyev qardaşlıq qəbiristanlığının abadlaşdırılmasında yaxından iştirak edib, öz təkliflərini verib və burada maraqlı bir kompozisiya qurulub, yol çəkilib, ətraf abadlaşdırılıb, gül-çiçək əkilib, yaşıllıqlar salınıb. Fuad müəllim deyir ki, bu, Gəncənin bir tarixidir, tolerantlıq nümunəsidir. Biz onu qoruyub saxlamalıyıq.

...Deməli, İspaniya Təyyarəçilər Assosiasiyasının üzvləri, bu ölkədə 1936–1939-cu illərdə vətəndaş müharibəsi iştirakçılarının və Böyük Vətən müharibəsi illərində sovet ordusu sıralarında faşizmə qarşı döyüşən ispan əsilli təyyarəçilərin ailə üzvlərindən və yaxın qohumlarından ibarət nümayəndə heyəti yuxarıda qeyd etdiyimiz ildə Gəncəyə gəldi. O zaman qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdilər, önünə gül dəstələri düzdülər. Sonra isə şəhərdəki 30 saylı tam orta məktəbə gəldilər və elə hər şey də bundan sonra başlandı. Qonaqlar gördüklərindən donub qalmışdılar. Onlar inana bilmirdilər ki, gəncəlilər 1936–1939-cu illərdə bu şəhərdə hərbi təyyarəçilik məktəbində təhsil alan ispan əsilli pilotların belə bir xatirə muzeyini yaratsınlar.

Tarix elmləri doktoru, professor Həsənbala Sadıqovla söhbət edirəm. Deyir ki, 1936-cı ildə İspaniyada başlayan vətəndaş müharibəsi zamanı sovet hökuməti tərəfdarlarına xeyli silah-sursat, təyyarə və hərbçi yollayıb və həmçinin gənc ispan kursantlarının SSRİ-dəki aviasiya məktəbində təlim keçməsinə qərar verilib:

– Elə o vaxtlar Gəncədəki hərbi hava məktəbinin qərargahında 193 gənc ispan kursantı təlim keçib. Ümumiyyətlə, 2 il müddətində məktəbi 410-dan çox məzun bitirib. Sonuncu 185 nəfərdən ibarət qrupun təlimləri 1939-cu ildə yekunlaşıb. Lakin o vaxt İspaniyada general Frankonun rəhbərliyi ilə diktatura rejimi qurulduğundan pilotlar geri qayıda bilməyiblər. Həmin pilotlardan 84-ü Meksikaya gedib, 101-i SSRİ-də qalıb. Sonralar onların 44-ü İkinci Dünya müharibəsi zamanı sovet ordu sıralarında xidmətə qəbul olunub, Moskva, Odessa, Stalinqrad və Bakının hava hücumundan müdafiəsində iştirak ediblər. 1937–1939-cu illərdə hərbi təlimlərdə həyatını itirən ispan kursantlar Gəncədə, İkinci Dünya müharibəsində həlak olan pilotlar isə Bakıda dəfn olunub...

Yadımdadır, qonaqlara tədbirin açılışından əvvəl məlumat veriləndə ki, 30 saylı məktəbdə indi görəcəyiniz muzey müəllim və şagirdlərin yaxından iştirakı ilə yaradılıb, sevinclərini gizlədə bilmədilər, məktəblilərlə, bir-birləri ilə qucaqlaşdılar. Buradakı müxtəlif eksponatlar, o cümlədən fotosənədlər, kursantların və təlimatçıların xatirələri, onların təlimlərdə istifadə etdiyi hərbi geyimlər və təyyarə modelləri, qəzet yazıları, sənədlərin surətləri və kitablar qonaqları heyrətə gətirdi, hərə öz qohumu, tanışı haqqında məlumatlar axtarmağa başladı. İspaniya Təyyarəçilər Assosiasiyasının prezidenti Aquilıno Mata Mier və assosiasiyanın üzvləri, vaxtilə Gəncədəki hərbi aviasiya məktəbində təlim keçmiş pilotların ailə üzvləri və qohumları yaxınlarının xatirəsinin əziz tutulmasına görə necə minnətdarlıq edirdilər, gərək onları öz gözlərinizlə görəydiniz. Ağlayan kim, gülən kim...

1936–1939-cu illərdə Gəncədəki hərbi təyyarəçilik məktəbində hərbi təlimlər zamanı həlak olan ispan pilotların və onların təlimçilərinin şəhərin Fəxri xiyabanındakı xatirə kompleksinin ziyarət edilməsi də, özlərinin dediyi kimi, sanki bir yuxu idi. Yaşlı bir ispan başdaşını qucaqlayıb hönkür-hönkür ağlayırdı. Elə bildik ki, atasının qəbridir. Sən demə, atasının dostunun qəbri imiş. Adını soruşduğumuz Luis Mantaxano dedi ki, bu, təkcə kədər göz yaşları deyil, həm də sevinc göz yaşlarıdır. “Atamın dostu, Françesko Fernandes Fonzun qəbridir. Atamın hazırda 97 yaşı var. Gedib ona deyəcəyəm ki, dostunun qəbrini tapmışam. O, əlbəttə, çox sevinəcək və kövrələcək”.

Məlumat üçün bildirək ki, İkinci Dünya müharibəsi zamanı Sovet Ordusunda xidmət edən ispan pilotlar Moskva, Odessa, Stalinqrad ilə yanaşı, Bakının hava hücumundan müdafiəsində də iştirak edib və onlardan 25 nəfəri döyüş şəraitində həlak olub.

İspaniya Respublikaçı Təyyarəçilər Assosiasiyasının sədri Agelino Montaniya deyirdi ki, xalqınız çox qonaqpərvər və açıqürəklidir. Biz bu münasibəti hər addımda gördük.

İspan təyyarəçinin Mersedes adlı qızı isə deyirdi ki, “mən arzu edirdim atamın – kapitan Xuan Karlos Kaldeviyanın döyüşçü kimi hazırlıq gördüyü yerlərdə olum. Bu gün arzum gerçəkləşir. Burda bizi bir ailənin üzləri kimi, qardaş-bacı kimi qarşılayırlar. Bu doğmalıq bizi çox ruhlandırdı”.

...9 may Qələbə günündən bir gün qabaq ispanların və digər millətlərdən olan təyyarəçi kursantların qəbirlərini ziyarət etmək məni xeyli yüngülləşdirdi. Bilirsiniz niyə? Çünki bir anlığa mənə elə gəldi ki, bizim xalqın başqa ölkələrdə dəfn olunmuş döyüşçülərinin qərib məzarlarını da bu gün başqa millətlərin nümayəndələri ziyarət edəcək, ruhlarına dualar oxuyacaqlar...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see354

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see315

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see276

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see257

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see225

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see223

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see222

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see215

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see214

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see211

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see211

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see203

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri