Gənclərin vətənpərvərlik tərbiyəsi
Müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət, onun müvafiq orqanları, təşkilatlar və hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Bəzən vətənpərvərliyi millətçilik hisslərinə yaxın bir anlayış kimi qəbul edirlər. Əslində isə, vətənpərvərlik heç vaxt millətçiliyi təbliğ edən bir anlayış olmayıb.
XIX əsrdə vətənpərvərlik anlayışı millətçiliklə eyni mənada işlənmişdir. XVIII əsr vətənpərvərliyi Avropada dövlətlə yanaşı kilsəyə bağlılığı bildirən amil kimi qəbul edilmişdi. Kilsə adamları əsasən vətənpərvərliyi dini mənsubiyyətlə bağlayırdılar. Bununla isə onlar insanların dövlətə olan bağlılığını qoparmağa çalışırdılar.Azərbaycanda XX əsrin sonlarında -SSRİ-nin parçalanmasından sonra Azərbaycan dövlətinin müasirləşməsi ilə vətənpərvərlik müxtəlif cərəyanların içərisində özünü göstərdi. Orta əsrlərdə Azərbaycan ziyalılarının yaradıcılığında da vətənpərvərlik hislərinin tərənnümünü tapmaq mümkündür. Beləliklə, bu anlayış millətçi zəmində qarşıdurma yaradan amil kimi yox, xalqın, dövlətin milli maraqlarının müdafiəsi yönündə birləşməsini təmin edən bir sistem kimi özünü göstərir.
Vətənpərvərlik - vətəni sevmək və vətən üçün hər cür fədakarlığı etmək hissidir. Tarixin bütün dönəmində Azərbaycan ərazisində ilkin dövlətlərin yaranmasından bu günə qədər bu ənənə yaşayır.
Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş dövlətçilik durur. Azərbaycan xalqının yaxın və uzaq keçmişi, elm, mədəniyyət, dövlətçilik, siyasət sahəsində əldə etdiyi nailiyyətləri, qəhramanlıq tarixi, dövlətin müasir inkişaf göstəriciləri gənclərdə vətənpərvərliyi formalaşdıran əsas amillərdir. Hər bir dövlətin varlığı və gələcəyi, həm də gənclərin tərbiyəsindən aslıdır. Gənclərin ideoloji baxımdan hazırlığı, düşünülmüş ardıcıl gənclər siyasətinin nəticəsidir.
Ümummilli lider Heydər Əliyev tərəfindən 2002- ci il mayın 6-da imzalanmış “Gənclər siyasəti haqqında” qanunda deyilir ki, bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə birbaşa bağlıdır. Bu qanundan göründüyü kimi, milli vətənpərvərliyin məzmunu təkcə öz vətəninə məhəbbət hissi ilə məhdudlaşmayıb, milli ruhda tərbiyəni təşkil edir. Azərbaycan xalqı daim gənc nəslin vətənə sədaqət, xalqa hörmət, soykökünə, öz ata-babalarının adət-ənənələrinə bağlılıq ruhunda tərbiyə olunmasına xüsusi diqqət göstərib və göstərir. Gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin mühüm istiqamətlərdən biri də ayrı-ayrı şəxsiyyətlərin, milli qəhrəmanların şəxsi nümunələrindən istifadədir. Böyük pedaqoqlar tərbiyədə şəxsi nümunənin rolunu hər zaman yüksək qiymətləndirmişlər. Tariximizdə, eləcə də müasir dövrümüzdə həyatı gənclərə vətənpərvərlik nümunəsi olan şəxsiyyətlər çoxdur. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin zəngin, mənalı, xalqına və vətəninə həsr olunmuş həyat yolu gənclərimiz üçün bir örnəkdir. Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi istiqamətində son dövrlərdə Elm və Təhsil Nazirliyi tərəfindən atılan addımlar çox dəyərlidir və gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
“Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”. Bu sözləri Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika toplantısında Prezident İlham Əliyev söyləyib. Bu da onun gəncliyə verdiyi dəyərin bariz nümunələrindən biridir.
Dövlət başçısının söylədiyi fikirlər həqiqətən də gənclər adına çox qürurvericidir. Bu gün qürur hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, gözəl adət-ənənələrimizi qoruyub yaşadır.Bunlardan əlavə, 2022-ci il Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu Forumda iştirak etdi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı, məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak etdilər. Həmçinin, dövlətimizin başçısı Forumda çıxış etdi. Cənab Prezident forumda gənclərin vətənpərvərliyi haqqında bu fikirləri diqqətə çatdırdı: “Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı, müharibənin nəticələri necə ola bilərdi.
Əlbəttə, müharibədə əldə edilmiş qələbənin bir çox səbəbləri var: həm ölkədaxili səbəblər, həm də bizim xarici müstəvidəki fəaliyyətimiz, əlbəttə ki, güclü iqtisadiyyatımız, ordumuzun müasirləşdirilməsi. Ancaq əsas amil vətənpərvərlikdir. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz”.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş və aidiyyatı nazirlik, komitə və təşkilatlarlarla razılaşdırılmış ”Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi” Proqramı təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 17 fevral tarixli 28 saylı sərəncamı ilə təsdiq edilmişdir. Proqramda nəzərdə tutulur ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və vətənin azadlığı uğurunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Proqramın əsas məqsədi gənclərdə vətənə dərin məhəbbət, vətənin tərəqqisi üçün çalışmaq, onu müdafiə etmək hissləri aşılamaqdır.
Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar məktəblərimizdə tərbiyə alır və formalaşır. Danılmaz faktdır ki, məktəblərimizdə təbliğ edilən vətənpərvərlik ideyaları gənclərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzli- lik kimi ən ülvi hissləri aşılayır. Məktəbdə müəllimin vəzifəsi təkcə bilik verməklə məhdudlaşmır, bu, eləcə də vətənə layiqli şəxsiyyət yetişdirməkdir.
Ölkəmizdə vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar var. Çünki Azərbaycanı dünyaya tanıdan dövlət xadimlərinin, ziyalılarının nümunələri də gənc nəsl üçün bir tərbiyə məktəbidir. Bu bir həqiqətdir ki, biz şanlı tariximizdə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik. Şah İsmayıl Xətai, Babək, Mehdi Hüseyinzadə, Həzi Aslanov və yüzlərlə belə igid sərkərdələrimizin şəxsi nümunəsi əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq minlərlə qəhrəman,vətənpərvər yetişdirib.
İnsanın ən ali hissi olan vətənpərvərlik anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir. Yeniyetmə və gənclərimizin bu ruhda tərbiyəsi həmişə təlim-tərbiyə işinin, istər ailədə, istərsə də təhsil ocaqlarında ən mühüm istiqamətlərdən biri olmuş və olmalıdır.
Ulu Öndər Heydər Əliyev vətənpərvərlik hisslərini yüksək qiymətləndirərək demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq,inkişaf etdirmək və təbliğ etməkdir”.
Gənc nəslin vətənpərvər ruhda tərbiyəsi təhsildə prioritet tələbdir və bu şəkildə də müəyyənləşdirilməlidir. Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində Qarabağ müharibəsi çox əhəmiyyətli və xüsusi yer tutur. 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində xüsusi bir hadisədir. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu itirdiyimiz torpaqları özümüzə qaytardı. Burada Azərbaycan igidləri yalnız silah və texnika gücü ilə deyil,eyni zamanda, şəxsi şücaətləri ilə yadda qaldı. Qəlbi vətən eşqi ilə yanan mərd oğullarımız şanlı tariximizə öz qanları ilə yeni qələbə yazdılar.
Gənclərimizdə vənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərdəndir. Şübhəsiz ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir.
Onu da qeyd etmək istəyirəm ki, vətənpərvərlik tərbiyəsi təkcə tərbiyə və təhsil müəssisələrində aparılmır. Vətənpərvərlik tərbiyəsində hər bir gəncin doğulub, boya-başa çatdığı ailənin də böyük rolu vardır. Gənclərin bir vətəndaş kimi yetişməsində ailənin, cəmiyyətin, ümumilikdə, mühitin rolu böyükdür. Vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir. Gənclər bir insan, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Təcrübə göstərir ki, ailədə vətənpərvərlik tərbiyəsi yalnız özbaşına, kör-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqlara vətən sevgisi aşılamaq üçün ilk növbədə valideynlər o ruhda olmalıdırlar.
Son dövrlərdə gənclərimizin vətənpərvərlik tərbiyəsinə diqqət daha da artırılmışdır. Təhsil müəssisələrinin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması üçün müəyyən vəzifələr qoyulmuşdur. Bu məqsədə çatmaq üçün məktəb və ailə uşaqlarda vətənə, xalqa məhəbbət hissi tərbiyə etməklə yanaşı, onlarda vətən qarşısında şərəf və borc hissini də qüvvətləndirilməlidir.
Fəaliyyət göstərdiyim qocaman təhsil müəssisəsində - Azərbaycan Dövlət Pedoqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində də gəncələrin vətənpərvər ruhda böyüməsi, təhsil alması həmişə diqqət mərkəzində olmuşdur. Gənclərin vətənpərvər ruhda böyüməsi, tərbiyə alması üçün müxtəlif mədəni - kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri aparılır. Bu isə yetişməkdə olan gənc nəslin mənəvi, psixoloji hazırlığının təmin edilməsinə kömək edir. Eyni zamanda, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına kömək edir.
Aidə Musayeva
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi